İmam Malik

İmam Malik

İmam Malik Mədinədə doğulmuşdur. Onun doğum tarixi haqqında Hicri 90-dan 98-ə qədər dəyişən fərqli rəvayətlər var. Daha çox üzərində ittifaq edilən tarix isə 93-cü (711-712) ildir.  İmam Malikin ailəsi əslən Yəmənli olub. Babası Zu Asbah qəbiləsinə mənsub olan Malik b. Əbu Amir əl-Asbani Yəmən valisinin zülmündən qaçaraq Mədinədə məskunlaşmışdır. Anası da Yəmənli Əzd qəbiləsindən Aliyə binti Şüreyk əl-Əzdir.  İmam Malikin babası Mədinədə məskunlaşdıqdan sonra Qureyşə mənsub Bəni Teym b. Murra qəbiləsi ilə qohumluq əlaqələri qurmuş, o qəbiləyə mənsub olanlarla dostluq və yoldaşlıq etmişdir. Bir çətinliyi olduğu zaman da qəbilə mənsubları ona yardım etmişdilər. 

İmam Malikin ailəsi Mədinədə məskunlaşdıqdan sonra elmlə məşğul olmuş, xüsusi ilə hədis toplamağa və Əshabın fətvalarını öyrənməyə böyük əhəmiyyət vermişdilər. Babası Malik b. Əbu Amir, Tabiinin öndərlərindən olub Hz. Ömər (r.a), Osman (r.a), Talha (r.a) və Aişədən (r.anh) hədis rəvayət etmişdir. 
İmam Malik atasından cəmi bir hədis rəvayət etmişdir ki, bu da atasının hədislə bir o qədər də məşğul olmadığını göstərir. Əmisi Suheyl isə hədis alimlərindən olub, İsmail b. Cəfərin, əz-Zuhrinin müəllimidir. Onun Nadir adlı qardaşı da hədislə məşğul olmuşdur. İmam Malik hədis dərslərinə başladığı zaman ona bu qardaşının şərəfinə Ahun-Nadir (Nadirin qardaşı) deyirdilər. Daha sonralar İmam Malik hədis elmində qardaşını keçmiş və qardaşını ona nisbətə anmağa başlamışlar. 

Xəlifəi-Rəşidin dövründə Mədinə Əshabın öndə gələn alimlərinin toplandığı və elm, təhsilinin zirvəsinə çatdığı bir mərkəz idi. Əməvilər döründə isə Mədinə çoxalan fitnələrdən və iqtidarın zülmündən qaçan bir çox alimlərin sığınacağı bir yer olmağa başlanmışdır. Bundan başqa da Tabiinin çoxu Mədinədə yaşayır, Əshabın rəvayət və fıqhını onları əhatə edən, elmə susamış tələbələrə öyrədirdilər.  İmam Malik özünü tamamən elmə vermiş bir ailədə böyümüş və elmin çox böyük çoşqu ilə yaşandığı Mədinədə elm öyrənməyə başlamışdır. Belə bir mühitdə olması ona dövrünün ən böyük alimlərindən dərs almaq imkanını vermişdir. 

O əvvəlcə Qurani Kərimi hifz etmiş, sonra da hədisləri əzbərləməyə başlamışdır. Anasının təkid və təşviqi ilə Mədinənin böyük və məşhur alimlərindən Rabia b. Abdurrahmanın dərs halqalarına qatılmışdı. (Muhəmməd Əbu Zəhra, İmam Malik, tərc. Osman Kesikoğlu, Ankara 1984, 30)
Daha sonra o, bir şeylər öyrənə biləcəyi bütün alimlərin yanına getməyə başlamış və onlardan hədis, səhabələrin fətvaları və fıqh mövzularında bir çox şey öyrənmişdir. Yüzə yaxın alimdən elm alan İmam Malikin yetişməsində, fikri və elminin formalaşmasında başda Abdurrahman İbn Hürmüz, Rabia, Şihab əz-Zuhru, Əbu Zinad, Yəhya b. Said əl-Ənsari və Hz. Abdullahın azad etdiyi köləsi Nafinin böyük rolu olmuşdur.

İbn Hürmüz, hədis və şəri elmlərdə söz sahibi bir alim olub, zamanının bütün fikri, siyasi dəyişikliklərini təqib edən və onların iç dünyalarına, daxili həqiqətlərinə nüfuz edə bilən bir elmə sahib idi. O, İmam Malikə çox şey öyrətmiş, lakin məsləhət bilmədiyi üçün onlardan yalnız bir qismini açıqlamasına izin vermişdir. İbn Hürmüz məsuliyyətdən qorxduğu üçün Malikdən hədislərin sənədində onun adını zikr etməməsini tələb etmişdir.
İmam Malik Hz. Ömər ilə Abdullah b. Ömərin fıqhını və fətvalarını Nafidən öyrənmişdir. Əbu Davud, Malikin Nafidən, onun da İbn Ömərdən rəvayətini sənəd yönü ilə sağlam olduğunu söyləyir. 

İmam Malik elmdə kamilləşdikdən sonra fıqhdə müəllimi olan Rabianın bəzi fikirlərini tənqid etməyə başladı. Bundan sonra o Rabianın dərslərini buraxıb Zuhrinin hədis dərslərinə davam etdi. Lakin onun fiqhi fikirlərində Rabianın böyük təsiri var idi. Bundan başqa İmam Malik Cəfəri Sadiqin dərslərini heç bir zaman qaçırmaz, onun elminə, təqvasına heyran olduğunu söyləyərdi. İmam Malik onun haqqında: "Dəstəmazsız heç bir hədis rəvayət etməz, Hz. Peyğəmbərin adı çəkiləndə rəngi saralardı" deyir. 

O, Mədinənin elmini tamamən mənimsədiyinə əmin olmadan kimsəyə dərs öyrətmədi. Mədinədə olan alimlərin çoxu onu dərs demək barədə yetərli gördüklərini açıqladıqdan sonra güvənilən ravilərdən aldığı hədisləri insanlara öyrətməyə, fətva istəyənlərin problemlərini həll etməyə və ətrafında toplanan tələbələrə dərs deməyə başlamışdır. O bu barədə bunları söyləyib: "Hər insan Məsciddə oturub dərs deyə bilməz. Alimlərdən yetmiş nəfərin məni bu barədə yetərli hesab etmələrinə qədər mən dərs deməkdən və fətva verməkdən çəkindim". İmam Malik müəllimlərində Zuhri və Rabianın da müsbət rəyindən sonra bu işə başlamışdır.

İmam Malikin dərsləri hədis və fiqhı məsələlərə verdiyi fətvalar şəklində cərəyan edirdi. O baş vermiş hadisələr haqqında fətva verir və onları dəyərləndirirdi. Baş verməmiş, təxmin edilən fərziyyələr barədə heç bir fikir söyləməzdi. Bu da İslam hüququnun ən vacib özəlliyidir. 
İmam Malik elimdə kamilləşdikdən və dərslər verməyə başladıqdan sonra da biliyini artırmaq və fərqli fiqhi fikirləri xırdalıqlarına qədər anlaya bilmək üçün alimlərlə daima görüşmüşdü. Onun Əbu Hənifə ilə də maraqlı görüşləri olmuş, hər biri digərini fıqhda daha üstün hesab etmişdir. 

İmam Malikin güclü zəkası və hafizəsi var idi. Bu da onun dinlədiyi hədisləri daha tez əzbərləməyinə və fıqhı mövzularda fikir söyləməyinə imkan yaradırdı. Hədisləri güvəndiyi ravilərdən öyrənsə də məsləhət olmadığı hallarda rəvayət etməzdi. Hədis danışmağın məsuliyyətini dərk etdiyi üçün yerli-yersiz hədis söyləməzdi. Sadəcə Allahın rizasını qazanmaq üçün elm öyrənmiş, həyatı boyunca heç bir zaman təqva yolunu tərk etməmişdir. Onun fikrincə "elm bir nurdur, yalnız təqva və huşu sahibinin qəlbində yerləşə bilər". Dini mövzularda heç kəslə mübahisəyə girişməz, insanlar arasında kin toxumları əkməyi pis bir davranış olaraq dəyərləndirirdi.
 
İmam Malikin yaşadığı dönəm fikri və siyasi fitnələrin zirvəyə çıxdığı bir dönəmdir. O, həm Əməvilər, həm də Abbasilər dönəmində yaşamışdır. Ömər b. Abduləzizi təqdir edir, onu ümmətin işlərini haqqı ilə yerinə yetirməyə çalışan bir xəlifə olaraq dəyərləndirirdi. Lakin o heç bir zaman nə taxtını qorumaq istəyən hökmdarlara tərəf olmuş, nə də üsyançı qrupları dəstəkləmişdir. Hər zaman həqiqəti təbliğ etməyə çalışmaqla yanaşı, anarxiyanın müsəlman kütlələri pərişan edərək fitnə və fəsadın yayğınlaşmasına səbəb olacağını düşündüyü üçün üsyanları heç bir zaman dəstəkləməmişdir. Bununla yanaşı qeyri-qanuni yollarla hakimiyyətə gələnləri də tənqid etmiş, onlara biət etməmişdir. Buna görə də təqib olunmuş və Abbasilərin ikinci xəlifəsi Əbu Cəfər əl-Mənsurun Mədinə valisi tərəfindən işgəncəyə məruz qalmışdır. Buna səbəb insanlardan məcburi olaraq alınan biətlərin keçərsiz olmasına dair verdiyi fətva idi. Bu işgəncələr zamanı şallaqlanmış, qolundan zərbə aldığı üçün şikəst qalmışdır. Lakin daha sonra Mənsur bu işdən xəbərsiz olduğunu və bunu edən valisini cəzalandırdığını bildirərək ondan üzr istəmişdir və İmam Malik də onu bağışlamışdır. 

Xəlifə və valilər Həcc əsnasında Mədinəyə gəldikləri zaman onlarla görüşmüş, nəsihətlər vermiş, görüşə bilmədiklərinə isə məktub yazaraq haqqı tövsiyə etmişdir. Bununla yanaşı o əmir və hökmdarlardan da daima uzaq dayanmışdır. Lakin səmimiyyətinə inandığı rəhbərlərə də izin vermişdir ki onun dərslərində iştirak etsinlər. Onlardan biri Harun ər-Rəşiddir. Harun ər-Rəşid İmam Malikin evindəki dərslərdə sultanlar kimi davranmaq istədiyi zaman İmam Malik ona elmin hər cür dünya məqamından üstün olduğunu və böyüklüyün yalnız elmə hörmətlə ola biləcəyini anlatdıqda taxtından enmiş və digər gənclərin arasında əyləşərək onun dərslərini dinləməyə davam etmişdir. (İbnu'l-İmad əl-Hanbəli).

İmam Malik hicri 179-cu ildə Rabiuləvvəl ayının 14 vəfat etmişdir. Səfər ayında öldüyünə dair rəvayətlər də mövcuddur. Cənnətul-Bakı qəbiristanlığında dəfn edilmişdir. (Ömər Rza Kəhhalə, Mu'cəmu'l-Müəllifin, Beyrut, VIII, 168).

Mənbə: azerislam.com-a istinadən hazırlamışdır.

P.S. Dini yazıları paylaşmaq mənim fikrimcə faydalıdır çünki əgər kimsə oxuyursa və ona hansisa müsbət təsiri olursa demək bunun özü bir uğurdur.
Top