Əli(ə) nurdur,Əli(ə) məhəbbətdir,Əli(ə) varlıq aləminin mənasıdır,Əli(ə) insanları yoxluq aləmindən xilas edəndir,Əli(ə) bənzərsiz yol göstərəndir,Allahın böyük vəlisi,Peyğəmbərin(s) vəsisi,cahanın həqiqəti,Allahın sevimlisidir!Elə isə ola bilərmi ki,Allah öz sevdiyi insan haqqında heç nə deməsin?Ola bilərmi ki,varlığın mənası və cahanın həqiqəti sayılan bir şəxs barədə sussun?Yox,ola bilməz.
Biz burada İmam Əli(ə) barədə nazil olmuş bəzi ayələr haqqında danışacağıq,lakin bununla iş bitmir;bu,ancaq dəryadan bir damladır.
Xətib Bağdadi(Əbu Bəkr ibn Əli)sənədlərə istinad edən ravi İsmayıl ibn Cəfərdən,o da İbn Abbasdan nəql edir ki,Quranda Əli ibn Əbutalib(ə) barəsində üç yüzdən çox ayə nazil olmuşdur.(Tarixe-Bağdad,c.6,s.22)Həmçinin,ibn Həcər və Şəblənci Əli(ə) barədə üç yüz ayə məsələsini İbn Əsakerdən və İbn Abbasdan nəql etmişlər.Təbəri və Əbu Nəim kimi bəzi qədimi alimlər də "Ma nəzl minəl-Quran fi Əli(ə)" adlı əsərlər yazmışlar.
Həqiqətən də,Əli(ə) barəsində nazil olmuş ayələr inkar edilməzdir.Mən burada həmin ayələrin bəzilərinə toxunacağam.
1)İmam Əlinin(ə) adı Adəmə(ə) nicat verəndir.
Bəqərə surəsinin 37-ci ayəsində buyurur:
"Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrəndi".
İbn ən-Nəcar ibn Abbasdan nəql edir: "Bu kəlmələr Məhəmməd(s),Əli(ə),Fatimə(s.ə),Həsən(ə) və Hüseynin(ə) adlarından ibarətdir".
Allahın şahidliyi ilə,Əli(ə),həyat yoldaşı və onların hər bir övladları çirkinliklərdən pak və təmizdirlər.
Əhzab surəsinin 33-cü ayəsində buyurur:
"Siz ey (Peyğəmbərin) ev əhli!Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz(pak)etmək istər"
Burada Əhli-beyt dedikdə Əli(ə),Fatimə(s.ə),Həsən(ə),Hüseyn(ə) nəzərdə tutulmuşdur.(Siyuti,Durərud-dürrül-mənsur,c.5,s.199 və Fəxr Razi,Təfafe-Kubra,c.6,s.783)
2)İmam Əlinin(ə) nəfsi Peyğəmbərin(s) nəfsi məqamındadır.
Ali-İmran surəsinin 61-ci ayəsində buyurur:
"(İsanın(ə) Allahın qulu və Peyğəmbəri(s) olması barədə) sənə göndərilən bilikdən sonra buna(İsanın əhvalatına) dair səninlə mübahisə edənlər olsa,onlara de: "Gəlin,biz də oğlanlarımızı,siz də oğlanlarınızı;biz də qadınlarımızı,siz də qadınlarınızı;biz də özümüzü,siz də özünüzü(bura) çağıraq.Sonra (Allaha) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək".
Bu əhvalatda Peyğəmbəri-Əkrəm(s) öz nəfsini Əmirəlmöminin Əlinin(ə) nəfsinə bərabər tutmuşdur.
13 mənbə bu məsələni qeyd edir ki,mən onları sadalamıram.(Bax:Məhəmməd Təqi Cəfərinin "Nəhcül-Bəlağə"yə yazdığı şərh,c.1.,s.197)
3).İmam Əli(ə) vəliyullahdır.
Maidə surəsinin 55-ci ayəsi buyurur:
"Sizin haminiz ancaq Allah,Onun Peyğəmbəri(s) və iman gətirənlərdir.O kəslər ki,(Allaha)boyun əyərək namaz qılır və zəkat verirlər".
Bu ayə Həzrət Əli(ə) barədə nazil olmuşdur,çünki namaz qılan vaxt zəkat vermiş şəxs Həzrət Əlidir(ə).Bu barədə müfəssəl bir əhvalat var ki,o barədə burada danışmaq imkanımız yoxdur.
Bu dörd ayənin şərhində Məhəmməd Təqi Cəfərinin "Nəhcül-Bəlağə"yə yazdığı şərhindən istifadə etmişik.
4)İmam Əlinin(ə) imaməti Allah tərəfindən verilmişdir.
Maidə surəsinin 67-ci ayəsi buyurur:
"Ya Peyğəmbər(s)!Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et!Əgər (bunu) etməsən,(Allahın) risalətini yerinə yetirmiş olmazsan".
Bu ayə Əli(ə) barədə nazil olmuşdu ki,Peyğəmbəri-Əkrəm(s) Əlinin(ə) əlindən tutdu və buyurdu:
"Mən kimin mövlasıyam,Əli(ə) də onun mövlasıdır".Bu,dediyimizə sübutdur.Bu ayə İmam Əlinin(ə) imamlığının Allah tərəfindən verildiyini təsdiq edir.
5)Allah Quranda Əlini(ə) sevməyi əmr edir.
Şura surəsinin 23-cü ayəsində buyurur:
(Ya Peyğəmbər!) De: "Mən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarımı (Əhli-Beytimi) sevməkdən başqa heç bir şey istəmirəm".
Zəməxşəri "Təfsiri-Kəffaş"ında,Gənci Şafei "Kifatətüt-Talib"ində və s.
yazırlar ki,bu ayə nazil olan kimi Peyğəmbərdən(s) soruşdular: "Sizin, sevməyimiz vacib sayılan yaxınlarınız kimlərdir?"Peyğəmbər(s) buyurdu: "Əli,Fatimə və oğulları."
6)İmam Əli(ə) Quran elminin sahibidir.
Rəd surəsinin 43-cü ayəsində buyurur:
"De: (Mənim öz risalətim üçün iki ilahi şahid vardır:biri)Allahdır ki,mənim və sizin aranızda şahidlik etməyə kifayətdir və ikincisi,Quran elminin sahibi olan şəxsdir."
Əbu Səid Xodri deyir: "Rəsulallahdan(s) xəbər aldım: "Quran elminin sahibi olan şəxs kimdir?"Buyurdu: "O şəxs qardaşım Əli ibn Əbutalibdir."
7)İmam Əli(ə) Peyğəmbərin özünün dəlilidir.
Hud surəsinin 17-ci ayəsi buyurur:
"Məgər Rəbbinin açıq-aydın bir dəlilə istinad edən,ardınca Allahdan bir şahid gələn..."
Bütün tarixçilər yazırlar ki,bu ayədə "dəlil" və "şahid" ifadələrində Həzrət Əli(ə) nəzərdə tutulmuşdur.
8)İlahi mükafat İmam Əli(ə) üçündür.
Bəqərə surəsinin 274-cü ayəsi buyurur:
"Mallarını gecə və gündüz,gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır.Onların(axirətdə) heç bir qorxusu yoxdur."
Xarəzmi,Səalibi,Maliki,Əbu Nəim və b. İbn Abbasdan nəql etmişlər ki,Əlinin(ə) hər gün yanında 4 dirhəmi olardı;onlardan birini gecə(Allah yolunda),birini gündüz,birini gizli və birini də aşkar surətdə sədəqə verərdi.Ona görə bu ayə Əli(ə) barədə nazil oldu.
9)İmam Əli(ə) Allah rizası üçün canını fəda edər.
Bəqərə surəsinin 207-ci ayəsində buyurur:
"İnsanların elələri də vardır ki,Allahın razılığını qazanmaq yolunda(Allah rizası üçün) canını fəda edər."
Səalibi öz təfsirində İbn Abbasdan rəvayət edir ki,Peyğəmbərin(s) hicrət gecəsi Əli(ə) onun yatağında yatdı ki,Peyğəmbəri(s) təhlükədən xilas etsin.Bu ayə də o Həzrətin(ə) şəninə nazil oldu.(Yənəbiül-müvəddət,s.92,Kifayətüt-talib,s.239)
10)İmam Əli(ə) yaradılmışların ən yaxşısıdır.
Bəyyinə surəsinin 7-ci ayəsi buyurur:
"İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşısıdır."
Müqatil ibn Səlman Məhakdan,o da İbn Abbasdan nəql etmişdir ki,bu ayə Əlinin(ə) və onun Əhli-Beytinin şəninə nazil olmuşdur.
11)Qiyamət günü Əlinin(ə) vilayəti barəsində soruşacaqlar.
Saffat surəsinin 24-cü ayəsi buyurur:
"Onları yubadıb saxlayın,çünki sorğu-sual olunacaqlar."
Əbu Səid Xodri Peyğəmbərdən(s) nəql edir ki,sorğu-sual olunacaq şey Əlinin(ə) vilayətidir.(Şəvahidüt-tənzil,c.1,səh.107,Səvayeqül-məhqərə,s.89)
12)İmam Əli(ə) "Allahın ipi"dir.
Ali-İmran surəsinin 103-cü ayəsi buyurur:
"Hamınız bir yerdə Allahın ipinə möhkəm sarılın və ayrılmayın!"
"Mənaqibül-faxirət" kitabının müəllifi Abdullah, ibn Abbasdan rəvayət edir ki,bir ərəb Peyğəmbərdən(s): "Allahın ipi kimdir?" deyə soruşdu.Peyğəmbər(s) üzünü Əliyə(ə) tutub buyurdu: "Bu şəxsdən yapışın ki,o,möhkəm ipdir."(Kifayətül-xisan,s.343)
13)İmam Əli(ə) hər tayfanın yol göstərənidir.
Rəd surəsinin 17-ci ayəsi buyurur:
("Sən ancaq insanları Allahın əzabı ilə)qorxudansan.Hər tayfanın(doğru yol göstərən) bir rəhbəri vardır".
Sünni əhli tərəfindən 7 hədis nəql olunmuşdur ki,bu ayədə "munzir" sözü ilə Peyğəmbər(s) və "hadi" sözü ilə Əli(ə) nəzərdə tutulmuşdur.Maliki də "Füsulül-mühimmə"də yazır ki,bu ayə nazil olan kimi,Peyğəmbər(s) buyurdu: "Mən qorxudanam və Əli(ə) doğru yol göstərəndir:Ya Əli(ə),sənin vasitənlə doğru yol tapanlar hidayət olunurlar."(s.122)
14)İmam Əli(ə) möminlərin salehi və Peyğəmbərin(s) yavəridir.
Təhrim surəsinin 4-cü ayəsi buyurur:
"Onun mövlası Allah,yardım göstərənləri isə Cəbrail(ə),əməlisaleh möminlər və bundan sonra da bütün mələklərdir."
Müfəssirlər və sünni əhlinin böyük alimləri yazmışlar ki,Peyğəmbər(s) buyurmuşdur: "Bu ayədə
"əməlisaleh möminlər" ifadəsi Əlini(ə) nəzərdə tutur.
Bu ayənin izahında Fəzlullah Kompaninin "Əli(ə) kimdir?" kitabından istifadə olunmuşdur.Bunlardan başqa digər ayələr də vardır ki,onlar haqqında danışmaq imkanımız yoxdur.Biz burada onların yalnız bir neçəsinə ötəri işarə edəcəyik:
1.Bəqərə surəsi,ayə 43;
"Rüku edənlərlə birlikdə rüku edin."
Bu ayə Peyğəmbər(s) və Əli(ə) haqqıda nazil olmuşdur.Onlar namaz qılan və rüku edən ilk müsəlmanlar idilər.(Müvəffəq ibn Əhməd və Əbu Nəim ibn Abbasdan nəqlən)
2.İnsan surəsi,ayə 1;
"İnsanın elə dövrü olub keçmişdir ki..."
Bu ayə Əli(ə),Fatimə(ə),Həsən(ə),Hüseyn(ə) haqqında nazil olmuşdur.
3.Vaqiə surəsi,ayə 10;
"Və bir də öndə olanlar,onlar Allaha yaxındırlar."
Burada Əli(ə) və onu sevənlər nəzərdə tutulmuşdur.
4.Furqan surəsi,ayə 54;
"İnsanları sudan(nütfədən) yaradan,onları (bir-biri ilə)
əsl qohum(qan qohumu) və sonradan qohum edən Odur."
Bu ayədə Əli(ə) və Fatimə(ə) nəzərdə tutulmuşdur.
5.Zumər surəsi,ayə 33;
"Haqqı gərilənlər və onu təsdiq edənlər isə əsl müttəqilərdir."
Bu ayədəki "onu təsdiq edənlər" ifadəsi Əliyə(ə) aiddir.