İslamı qəbul etmiş ilk insan

İslamı qəbul etmiş ilk insan

Əli əleyhissəlamın bu dövrdəki ilk iftixarı onun ilk növbədə İslamı qəbul etməsidir. Daha dəqiq desək, Əli (əleyhissəlam) bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir. Əli (əleyhissəlam) əvvəldən təkallahlığa inanmış və əsla bütpərəst olmamışdır. Yə'ni, Əli əleyhissəlamın İslamı qəbul etməsi bu mə'naya deyil ki, o, bütpərəstlikdən əl çəkmiş və İslamı qəbul etmişdir. (Ancaq peyğəmbərlərin digər səhabələrinin İslamı qəbul etmələri bu mə'nayadır.)

İslamı qəbul etməkdə irəli düşmək elə bir dəyər, fəzilətdir ki, Qur'an açıq-aşkar ona işarə edərək buyurmuşdur: «Bir də öndə olanlar, öndə olanlar! Bunlar [Allahın dərgahına, Allahın lütfünə və mərhəmətinə] yaxın olanlardır.»

Qur'anın İslamı qəbul etməkdə irəli düşməyə xüsusi diqqəti o qədərdir ki, hətta Məkkənin fəthindən qabaq müsəlman olanlar Məkkə fəthində sonra müsəlman olanlardan üstün sayılır. Gör indi hicrətdən qabaq müsəlman olanlar nə dərəcədədirlər? «Sizlərdən [mal-dövlətini] fəthdən [Məkkənin fəthindən] əvvəl [Allah yolunda] sərf edənlər və [müşriklərə qarşı] vuruşanlar [başqaları ilə] eyni deyillər. Onlar [mallarını Allah yolunda] fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə e'tibarı ilə daha üstündürlər. Bununla belə, Allah-taala onların hamısına [həm birincilərə, həm də ikincilərə] ən gözəl mükafat [Cənnət] və'd buyurmuşdur.»
Məkkənin fəthindən (hicrətin səkkizinci ilindən) qabaq müsəlman olanların dərəcələrinin üstün olması ona görədir ki, onlar İslamı qəbul edəndə İslam dini hələ Ərəbistan yarımadasına tam yayılmamışdı, müşriklərin qərargahı olan Məkkə şəhəri İslamın düşməni olaraq qalırdı. Müsəlmanlar hələ qorxu içərisində yaşayırdılar. Düzdür, müsəlmanlar Mədinəyə hicrət etdikdən və Mədinənin böyük qəbilələri Ovs və Xəzrəcin və bir çox başqa qəbilələrin İslama gəlməsindən sonra müsəlmanlar bir qədər gücləndilər və bir çox müharibələrdə meydandan qalib kimi çıxdılar. Belə bir zamanda İslamı qəbul etmək böyük üstünlüyə malikdirsə, şübhəsiz ki, İslamın ilkin çağlarında (hicrətdən qabaq) Qüreyşin və bütpərəstlərin camaata meydan oxuduqları bir dövrdə İslamı qəbul etmək daha çox üstünlüyə malik olmalıdır. Buna əsasən də, peyğəmbərin səhabələri arasında İslamı qəbul etməkdə irəli düşmək (və hətta birinci olmaq) böyük bir şərəfdir.
Beləliklə də, Əli əleyhissəlamın İslamı birinci qəbul etməsinin də nə dərəcədə üstün olması mə'lum olur.

Əli əleyhissəlamın ilk müsəlman olması haqda sübutlar
Əli əleyhissəlamın birinci şəxs olaraq İslamı qəbul etməsi haqda kitablarda o qədər sübutlar qeyd etmişlər ki, onların hamısını bu kitabda qeyd etmək mümkün deyil. Ancaq nümunə üçün onların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
a) Hamıdan əvvəl Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü Əli əleyhissəlamın İslamı birinci qəbul etməsini təsdiqləmiş və camaat arasında buyurmuşdur: «Qiyamət günü Kövsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibn Əbutalib olacaqdır.»
b) Alimlər və rəvayətçilər söyləmişlər:
«Həftənin birinci günü Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçildi və Əli (əleyhissəlam) səhərisi gün onunla birgə namaz qıldı.»
v) Həzrət Əli (əleyhissəlam) özü «Qasiə» xütbəsində buyurur: "O vaxt (İslamın təzəcə vaxtı) İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nübüvvət iyini duyur və görürdüm.»
q) Həzrət Əli (əleyhissəlam) başqa bir hədisdə özünün İslamı qəbul etməkdə irəli düşməsi barədə belə buyurmuşdur: «İlahi! Mən Sənin yoluna gəlmiş ilk şəxsəm. İlk dəfə olaraq mən Sənin xəbərini eşitdim və Peyğəmbərin (səlləllahu əleyhi və alih) də'vətini qəbul etdim. O vaxt məndən başqa ancaq Peyğəmbər namaz qılırdı.»
d) Əli (əleyhissəlam) buyurardı: «Mən Allah bəndəsi, peyğəmbərin qardaşı və çox doğru danışan bir şəxsəm. Bu sözü məndən başqa kim deyərsə, bilin ki, o yalançıdır. Mən camaatdan yeddi il qabaq Peyğəmbərlə birgə namaz qılmışam.»
e) Üfeyr ibn Qeys Kendi deyir: «Mən cahiliyyət dövründə ətriyyat satıcısı idim. Ticarət səfərlərimin birində Məkkəyə getdim və (Məkkə tacirlərindən biri olan) Abbasın qonağı oldum. Günlərin birində Məscidül-həramda Abbasla birgə oturmuşduq. Günəş göyün ortasına çatanda, sifəti parlaq ay parçasına bənzər bir cavan kişi məscidə gəldi. Göyə baxdı və sonra üzünü Kə'bəyə çevirərək namaz qılmağa başladı. Bir az keçməmiş gözəl bir gənc oğlan da gəlib ona qoşularaq onun sağında durdu. Sonra çadraya bürünmüş bir qadın gəlib o iki nəfərin arxasında durdu. Beləliklə, üçü də namaz qılmağa başladı.
Mən (bütpərəstliyin mərkəzi olan Məkkədə üç nəfərin ayrı dinə sitayiş etməsindən) çox təəccübləndim. Üzümü Abbasa tutub dedim: "Bu çox böyük hadisədir!" O da mənə dedi: "Bu üç nəfəri tanıyırsan?" Dedim ki, xeyr. Abbas dedi: "Birinci gəlib hamıdan qabaqda duran mənim qardaşım oğlu Məhəmməd ibn Abdullahdır. İkinci gələn başqa bir qardaşımın oğlu Əli ibn Əbutalibdir. Üçüncü gələn də, Məhəmmədin (səlləllahu əleyhi və alih) həyat yoldaşıdır. Məhəmməd (səlləllahu əleyhi və alih) iddia edir ki, onun dini Allah-taala tərəfindən nazil olub. İndi yer üzündə bu üç nəfərdən başqa heç kim bu dinə qulluq etmir.»
Bu hadisədən çox gözəl mə'lum olur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) də'vətini əvvəllər həyat yoldaşı Xədicədən başqa ancaq Əli (əleyhissalam)
Peyğəmbərin (səlləllahu əleyhi və alih) hamisi və canişini
İslam peyğəmbəri öz də'vətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə də'vətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama də'vət edirdi.
Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, Peyğəmbər də'vətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.
Bu barədə Allah-taala Qur'anda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan mö'minləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar, onlara belə de: «Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!»
Ümumi və aşkar də'vətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki, əgər bir nəfərin də'vətini onun öz qohum-əqrabası qəbul etməsə, onun sözü başqalarına əsla tə'sir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi, peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə, qohum-əqraba onun də'vətini qəbul etmədikdə bu, iddianın düzgün olmadığını bildirir. Buna görə də, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama tapşırdı ki, Bəni-Haşim qəbiləsinin qırx beş nəfər böyük şəxsiyyətlərini nahara qonaq çağırıb onlar üçün ət yeməyi bişirsin. Süfrəyə süd qoymağı da unutmasın.
Qonaqlar hamı bir nəfər kimi tə'yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi Əbu-Ləhəb öz yersiz söhbətlərilə məclisi bir-birinə vurub məclisin hazırlığını aradan apardı. Beləliklə də, məclis heç bir nəticə vermədən başa çatdı. Qonaqlar da durub hərə öz evinə getdi.
Peyğəmbər (səlləllahu əleyhi və alih) qərara gəldi ki, səhəri gün yenə qohumlarını nahara də'vət etsin və Əbu-Ləhəbdən başqa dünən gələnlərin hamısını bir daha evə çağırsın. Yenə Əli (əleyhissəlam) qonaqlar üçün yemək və süd hazırlayaraq qohumları nahara və peyğəmbərin söhbətinə qulaq asmaq üçün evə çağırdı. Qonaqlar yenə də tə'yin olunmuş vaxtda gəlib çıxdılar. Yemək yeyildikdən sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) söhbətə başlayaraq buyurdu: «Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı bir şey heç kim öz qohumları üçün gətirməyib. Mən sizin üçün dünya və Axirət xeyrini gətirmişəm. Allahım mənə əmr edib ki, sizi tövhidə, təkallahlığa və öz nübüvvətimə də'vət edim. Bu işdə kim mənə kömək etməklə mənim qardaşım, varisim və sizin aranızdakı nümayəndəm olar?»
Peyğəmbər (səlləllahu əleyhi və alih) bunu deyib bir az sükut etdi. İstəyirdi görsün kim onun sualına müsbət cavab verəcək. Ancaq bütün məclisi sükut bürümüşdü. Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi. Bu zaman on dörd yaşlı Əli ibn Əbutalib məclisin sükutunu pozaraq ayağa qalxdı, üzünü Peyğəmbərə (səlləllahu əleyhi və alih) tutub buyurdu: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm!» Bunu deyib peyğəmbərlə bey'ət etmək üçün (razılıq əlaməti olaraq) əlini ona tərəf uzatdı. Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama əmr etdi ki, yerində əyləşsin.
İkinci dəfə Peyğəmbər (səlləllahu əleyhi və alih) öz sözlərini yenə təkrar etdi. Yenə də Əli (əleyhissəlam) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər (səlləllahu əleyhi və alih) ikinci dəfə də Əli əleyhissəlama oturmasını əmr etdi.
Üçüncü dəfə də Əli əleyhissəlamdan başqa peyğəmbərə cavab verən olmadı. Təkcə Əli (əleyhissəlam) ayağa qalxıb Peyğəmbərin (səlləllahu əleyhi və alih) müqəddəs fikrini dəstəklədi. Bu vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih) əlini Əli əleyhissəlamın əlinin üzərinə qoyaraq Bəni-Haşim qəbiləsinin böyükləri arasında Əli (əleyhissəlam) barədə öz tarixi cümləsini buyurdu: «Ey mənim qohum-əqrəbam! Əli mənim qardaşım, varisim və sizin aranızda xəlifəmdir (canişinimdir).»
Beləliklə, sonuncu peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövrdə tə'yin olundu.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyini Əli əleyhissəlamın İmaməti ilə bir gündə qeyd etməsi, yə'ni, Peyğəmbər camaata (qohum-əqrəbasına) «mən sizin peyğəmbərinizəm» buyurduğunu «Əli mənim canişinimdir» buyurduğu ilə birgə qeyd etməsi İslam dinində İmamət məqamının nə dərəcədə yüksək olduğunu sübut edir. Bundan mə'lum olur ki, bu iki məqam (nübüvvət və İmamət məqamı) bir-birindən ayrı deyil və İmamət məqamı nübüvvətin təkmil edicisidir.

 

istifade olundu......

Əxtəb Əl-Mənaqibi Xarəzm, səh.18.
"Vaqiə" surəsi, ayə 10-11.
"Hədid" surəsi, ayə 10.
Əl-İstiab fi mə'rifətil əshab, c.3, səh.28. və buna oxşar çoxlu sayda hədislər.
İbn Əbil Hədid, Şərhi Nəhcül-bəlağə, c.13, səh.229.
Tarixül-üməm vəl-mülük, c.2, səh.57.
Tarixül-üməm vəl-mülük, c.2, səh.212.
"Şüəra" surəsi, ayə 214-216.
Əli (ə)-ın müsəlman olduğu, həmçinin Peyğəmbər (s)-i himayət edəcəyini e'lan etdiyi vaxt yaşının neçə olduğu barədə əlavə mə'lumat almaq üçün "Şər'i Nəhcül-Bəlağə", c. 13, səh. 234-235; "Rövzətül-kafi", səh. 339-a müraciət edin.
Tarixül-üməm vəl-mülük, c.2, səh.217; Əl-Kamilu fit-tarix, c.2, səh.63; Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.13, səh.211.

Top