Quranı Kərimin cəmi iki ayəsində Zülkiflin adı keçir. Bunlardan biri Ənbiya 85, digəri isə Sad surəsi 48-dir. Hər iki ayədə də bu ad digər peyğəmbərlərlə birlikdə anılmış və onların bəzi özəllikləri zikr olunmuşdur. Klassik müfəssirlər ayədə keçən "Zu'l-kifl" kəlməsini ad olaraq qəbul etmiş və bu adı daşıyan şəxsin peyğəmbər olub olmadığı haqqında müxtəlif fikirlər söyləmişdilər. Bu barədə güvənilən bir hədis və qüvvətli bir rəvayətin olmadığını nəzəzrə alan Məhəmməd Əsəd bunun xüsusi bir isim deyil, bir sifət olduğu fikrini irəli sürmüşdür. Onun qənaətinə görə "sahib" mənasında bağlayıcı olaraq istifadə edilən "zu" kəlməsi ilə, bir şeyi etməyi boynuna götürdü, yükləndi mənalarına gələn təkəffələ felinin məstərindən düzəlmiş olan" bu ifadə bir ad deyil, özünü əhdlə Allaha bağlayan insan və ya insanlar mənasında ayədə adları zikr olunan peyğəmbərlərin müştərək bir sifətidir.
Bu cür düşünüən başqa müfəssirlərimiz də olmuşdur. Həm Ənbiya surəsində, həm də Sad surəsində sözü gedən şəxsin kimliyi barəsində Həzrəti Peyğəmbərdən heç bir səhih açıqlama gəlmədiyi kimi, həm İslami, həm də İslami olmayan heç bir qaynaqda da haqqında müfəssəl bir məlumat yoxdur. Buna görə də bu adın sahibi haqqında müxtəlif fərziyələr mövcuddur. Əbu Musa əl-Əşari, İbn Abbas, Mücahid onun peyğəmbər olmadığını səxavətli, comərd bir rəhbər olduğunu söyləmişdilər [Tabəri və Razi]. Mukatil, Fərra və Əbu Ubeydə kimi müfəssirlər isə bu barədə heç bir şərh söyləməyiblər. Yuxarıda da söylədiyimiz kimi Muhamməd Əsəd bunu bir xüsusiyyət olaraq qəbul edir və "peyğəmbərlərin hər biri üçün istifadə olunan ortaq bir kəlmə" kimi "özünü Allaha bağlayan hər kəsi an..." şəklində tərcümə edir. Mustafa İslamoğlu isə bu fikirlə razılaşmayaq fikirlərinə açıqlıq gətirir: "Fəqət mətn kəlmə və məna olaraq bu tərcüməni dəstəkləmir. Çünki zu'l-kifl ifadəsi, bir insana aid olan bir xüsusiyyət olaraq istifadə edilir. Bu zaman bu xüsusiyyətin müstəqil bir ad deyil, məlum peyğəmbərlərdən birinin sifəti/ikinci adı olduğu ehtimalını düşünmək olar.
Bu ləqəbin kimə məxsus olması fərziyələrinin içində Həzrəti İlyas və Həzəkiəl Peyğəmbərin adı daha çox çəkilir. Sad 49-da iki ad da yan-yana zikir edildiyi üçün, Həzrəti İlyas ola bilməz. Əlimizdə əsaslı bir dəlil olmasa da, yeganə ehtimal İslami qaynaqlarda İbnul-Acuz [qoca qadının oğlu] deyə tanınan Həzəkiəldir. Həzəkiəl, Qüdsü işğal edən Nabukandnazar tərəfindən əsir alınan İbranilər arasında Anadolunun Şərqində Habur tərəflərə gətirilmiş və orada da ona peygəmbərlik verilmişdir. Həzəkiəl kitabında onun "səbirli" və "sadiq biri" olduğu yazılıb. Quranda biri adı diğəri ləqəbi olan və hər iki ismi ilə də zikr olunan başqa peyğəmbərlər də var. Məsələn, Həzrəti Yaqub "İsrail" olaraq, Həzrəti İsa "Məsih" olaraq, Həzrəti Yunus "Zu'n-nun" olaraq, Həzrəti Məhəmməd "Əhməd" olaraq... Bəzi müfəssirlər isə bu kişinin Eyyub peyəmbərin oğlu olan və Şamlılara göndərilən Şərəf olduğunu söyləyirlər."
Zulkfl haqqında bu qədər fərqli rəvayətlərlə yanaşı başqa rəvayətlər də mövcuddur. Onun peyəmbər deyil, işlədiyi günaha tövbə edib, tövbəsi qəbul olunan bir gənc olduğunu da söyləyənlər var. Lakin onların heç bir səhih qaynağı olmadığını nəzərə alaraq burada bu rəvayətlədən danışmaq istəmədik.
Nəticə olaraq onu qeyd edək ki, Zulkifl istər xüsusi bir ad, istərsə də hər hansısa bir peyğəmbərin ləqəbi olsun, Allah bizim onu anmamızı tövsiyyə edir. Bu adın yanında zikr olunan saleh və səbrli olma xüsusiyyəti bizə verilən ən əsas mesajdır.
Doğrusunu Allah bilir.