Bakıda Xəlilullahın sarayında yaşamış alim və mütəfəkkir, xəlvətiliyin yaxın və orta şərqdə ən böyük təmsilçisi olan Seyyid Yəhya Şirvaninin doğum tarixi haqqında tarixi mənbələrdə məlumat verilməsə də, dövrün şərtləri, onun tələbə və müəllimlərinin yaşadığı zamanı nəzərə aldıqda təxminən 1410-cu ildə anadan olduğunu söyləmək mümkündür. Yəhya Şirvaninin doğum tarixi haqqındakı məlumatların azlığı, həmçinin onun uşaqlığının da necə keçdiyini müəyyənləşdirməyi çətinləşdirir. Əsl adı Yəhya ibn Bəhauddindir. Seyid nəslindən olub, soyu Hz. Peyğəmbərə (s.ə.s) qədər gedib çıxır. Yəhya Şirvani İmam Museyi-Kazımın nəvələrindəndir. Tarixçi Sara Aşurbəylinin verdiyi məlumata görə tam adı Seyid Yəhya ibn Seyid Bəhauddin əş-Şirvani əş-Şamaxi əl-Bakuvidir. Xəlvətiyyə təriqətinin inkişaf etməsində göstərdiyi böyük xidmətə görə ona təriqətin “piri-sani”si (ikinci piri) ləqəbi verilmişdir. İkinci ləqəbi isə mənbələrdə II Pir Seyyidul-Taifətil-Xəlvətiyyə əş-Şeyx Seyid Cəlaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şirvani əl-Bakuvidir.
O, Şirvanşahlar dövlətinin mərkəzi olan Şamaxıda, sonra da Bakıda Şah Xəlilullahın sarayında yaşamışdır. Xəlvətiliyin ikinci qurucusu olan Yəhya Şirvani bir təsəvvüf alimi kimi Orta Şərqin mühüm şəxsiyyətlərindən biri olmuşdur. Onun Bakıda qurduğu ilahiyyat-fəlsəfə məktəbinin Bərdədə, Təbrizdə və digər bölgələrdə şöbələri vardı. Beləcə, bu mütəfəkkirin düşüncələri demək olar ki, bütün vilayətin ərazisində hakim olmuş, insanlara hikmət və irfan saçan müqəddəs ocağa çevrilmişdir. Bakıda mənəvi söhbət dərslərinə qısa müddətdə minlərlə tələbə gəlməyə başlamışdı.
Şirvaninin ailəsi Şamaxının zəngin ailələrindən biri idi. Atası Bəhaəddin onun dini təhsil almasına qarşı olmuşdur. Yəhya Şirvani Şamaxıda anadan olmuş və Təbrizdə yaşamışdır. Başqa bir çox yerlərə səyahət etməsi onun həm müəllimlərinin həm də tələbələrinin sayının artmasına səbəb olmuşdur. Qısa müddət ərzində Azərbaycanın hər yerindən onun yanına minlərlə tələbələr gəlməyə başlamışdır. Bu tələbələrdən bəziləri onun yanında qalmış, bəziləri elm öyrəndikdən sonra öz vətənlərinə qayıtmışlar. Beləcə, Şirvaninin mənsub olduğu Xəlvətilik həm Osmanlının müxtəlif bölgələrində, həm İranda, həm də Azərbaycanda sürətlə yayılmağa başlamışdır.
Seyid Yəhya Bakuvi türbəsi:
Şirvaninin ən yaxın tələbələri (xəlifələri) bunlar olmuşdur:
Pir Şükrullah. Şirvani öldükdən sonra onun postnişini olmuşdu.
Şeyx Ələddin ər-Rumi. Yəhya Şirvaninin əmri ilə xəlifə kimi Ruma irşad etmək üçün göndərilmişdir.
Şeyx Həbib Qaramani. Seyid Yəhyanın əmri ilə Ruma xidmət üçün göndərilmişdir.
Şeyx Pir Məhəmməd Ərzincani. Ərzincan xalqını irşad etmək üçün icazət almışdır.
Dədə Ömər Rövşəni. Seyid Yəhyadan icazət aldıqdan sonra Gəncə, Bərdə və Qarabağda Xəlvətiliyi yaymışdır.
Əli Xəlvəti. Fateh Sultan Mehmed dövründə İstanbulda xidmət etmişdir.
Həbib Ömər Xəlvəti. Yəhya Şirvaninin yanında “əqaid şərhi” oxumuş, Aydın, Qaraman və Anadolunun digər vilayətlərində irşadla məşğul olmuşdur.
Çələbi Xəlifə. Seyid Yəhya ilə görüşmək istəmiş, səfər əsnasında onun vəfat etdiyini öyrənmiş, geri qayıdıb Piri həzrətlərinə xidmət etmiş və icazət aldıqdan sonra Ruma gedib dərvişlik etmişdir.
Kiçik yaşlardan etibarən dərin ədəbə və güclü zəkaya sahib olan Şirvaninin əsərlərini öz ana dili olan türk dili ilə yanaşı ərəb və fars dillərində yazması bu dilləri nə qədər dərindən bildiyini də göstərir. Xüsusilə təsəvvüf, təfsir və hədis sahəsindəki əsərləri elminin genişliyindən xəbər verir. Demək olar ki, bütün ömrünü elmə həsr etmiş Şirvani öz dövrünün mötəbər elm adamlarından biri olmuşdur. Ağqoyunlu və Şirvanşahlar sarayında yüksək vəzifələr tutması bu fikri təsdiqləyir. Azərbaycanın böyük maarifçisi Abbasqulu Ağa Bakıxanov onun haqqında belə deyirdi: “Seyid Yəhya Bakuvi VIII əsrdə (hicri) bu diyarın böyük din müəllimi idi. Onun adı bir çox gizli elmlərdə məşhurdur.” (Sara Aşurbəyli, Şirvanşahlar Dövləti, Azərnəşr, Bakı, 1997, s. 408.)
Yəhya Şirvaninin doğumu kimi, ölümü haqqındakı məlumatlar da ziddiyyətlidir. Bəzi Osmanlı müəllifləri onun ölüm tarixinin 1457, bəziləri də 1463 olduğunu qeyd etmişlər. Qəbri Bakıda, İçərişəhərdədir.
Mənbə-İrfan jurnalı
Dr.Rafiz Manafov