14 məsum (14)

14 məsum (14)

ON DÖRDÜNCÜ MӘSUM
Adı: Məhəmməd

Ləqəbi: Hadi, Mehdi və Qaim

Künyəsi: Әbülqasim

Atası: Həzrət imam Həsən Әskəri (ə)

Anası: Nərcis Xatun

Təvəllüdü: 256-cı Hicri ili

TӘVӘLLÜDÜ

On ikinci imamın pak vücudunun mübarək günəşi 255-ci Hicri-qəməri ilinin Şə᾽ban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı.

Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu eləcə də onların sonuncusu olan imam Həsən Әskərinin oğlunun uzun qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdilər.

Bundan qorxuya düşən zalım hökmdarlar bu işin qarşısını almaq istəyirdilər, lakin bilmirdilər ki, Fir᾽on o qədər güc və iqtidarına hətta körpə uşaqları belə vəhşicəsinə öldürməsinə baxmayaraq Allahın iradəsinin qarşısını ala bilmədi. O, Musanı tapmaq üçün bütün evləri bir-bir axtarırdı, lakin eyni zamanda axtardığı uşağı öz qucağında bəsləyirdi. Zəmanənin Fir᾽onu sayılan Abbasi xəlifəsi Mö᾽təmid imamın evini nəzarət altında saxlayırdı və zəhərlənmiş xəstə imamı zindandan evinə göndərdikdə saray adamlarından beş nəfəri də ona qoşdu ki, imamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə bir neçə mamaçanı da imamın evinə göndərdi ki, o həzrətin həyat yoldaşının yanında dursunlar.

Imamın şəhadətindən sonra bütün Samirra matəmə qərq oldu və hamı tə᾽til edərək imamın evinə sarı axışırdılar. Xalq dəfn mərasimini yerinə yetirmək üçün cənazəni əlləri üstündə aparırdılar. Abbasi xəlifəsi cəmiyyətin axınından dəhşətə gələrək çalışırdı ki, bu cinayəti ört-basdır edib imamın öz əcəlilə öldüyünü bildirsin. Mö᾽təmidin özü də dəfn mərasimində iştirak etmək üçün öz qardaşını ora göndərdi. Qardaşına bunu da tapşırmışdı ki, camaatdan imamı kimsənin öldürmədiyinə dair şahidlik etmələrini istəsin. Digər tərəfdən isə, imamın ölü namazını qılacaq və onun var-dövlətinə varis olacaq bir övladı olmadığını xalqa inandırmaqdan ötrü həzrətin bütün var-dövlətini paylamağa başladı.

Lakin göstərdiyi bütün bu təşəbbüslərə baxmayaraq Allahın iradəsi artıq həyata keçmişdi. Imamın oğlu atasının şəhid olduğu zaman beş yaşında idi, məhz elə bu yaşında da imamlığa çatdı. Necə ki, Isa (ə) da hələ beşikdə ikən peyğəmbərliyə yetişmişdi.

O, hələ yaşının az olmasına baxmayaraq atasının cənazəsinə meyid namazı qılmaq istəyən və camaatın içində pis adam sayılan əmisi Cə᾽fəri kənara itələyərək özü atasının namazını qıldı. Namazı qılandan sonra da gözlərdən qeyb oldu. Imam Həsən Әskərinin zamanından şiələr onu, atasının evində görmüş və atasının onun haqqında tapşırıqlarını eşitmişdilər. Bundan əlavə atasının şəhadətindən sonra da müddətlərlə gizli şəkildə o həzrətlə əlaqə saxlamışdılar.
IMAM ZAMAN (Ә.F.) NECӘ DÜNYAYA GӘLDI

Imam Həsən Әskəri əleyhissalamın bibisi Həkimə belə demişdir: Şə᾽ban ayının on beşi cüməaxşamı günündə qardaşım oğlu imam Həsən Әskərinin evinə getmişdim. Xudahafizləşib qayıtmaq istəyirdim ki, imam belə buyurdu: Ey əziz bibi, bu gecə bizim yanımızda qal. Çünki uşağımız dünyaya gələcək. Mən sevinib Nərcisin yanına getdim, lakin onda boyluluqdan heç bir nişanə görmədim. Heyrətlənib öz-özümə «mən ki, uşağın dünyaya gəlməsindən heç bir əsər-əlamət görmürəm» - deyirdim ki, elə bu vaxt imam bu vaxt yanıma gəlib buyurdu: «Ey bibi narahat olma. Nərcis Musanın anası kimidir. Uşaq da Musa kimidir! Gizlincə və əsər-əlamətsiz dünyaya gələcək. Uşaq sübh azanı deyiləndə dünyaya gələcəkdir. Nərcisin yanına get». Mən sevinib Nərcisin yanında qaldım və imamın dediyi kimi hələ fəcr doğmamışdan qabaq təvəllüdün nişanələri aşkar oldu və mənimlə onun arasında işıqdan bir halə meydana gəldi, belə ki, mən daha Nərcisi görə bilmirdim. Mən qorxub otaqdan eşiyə çıxdım və imamın hüzuruna gedib vəziyyəti ona izah etdim. Həzrət gülümsəyərək buyurdu: «Bir azdan otağa qayıt, onu görəcəksən». Mən otağa qayıdıb təzə doğulmuş balanı gördüm ki, səcdəyə gedib barmağını göyə qaldırmış və Allahın böyüklüyü və birliyinə şəhadət verərək ona sitayiş edir.»
ANASI NӘRCISIN ӘHVALATI

Həzrət Hadi əleyhissalamın xidmətçilərindən biri Büşr Әnsari bu haqda belə deyir:

Bir gün həzrət Hadi (ə) məni çağırıb belə buyurdu: «Yerinə yetirilməsi sənin üçün xeyirli olacaq bir iş öhdənə qoymaq istəyirəm». Daha sonra Həzrət (ə) bir məktubla içində 220 dinar olan bir kisəni mənə verib buyurdu: «Bunları alıb, Bağdadda Fürat çayının sahilində gözlə. Sübh açılanda ora bir gəmi gələcək. Gəmidə satmaq üçün gətrilmiş çoxlu kəniz vardır. Müştərilərin çoxu Bəni Abbasdan və bə᾽zi başqa cavanlardan ibarət olacaq. Həmin gəmidə özünü müştərilərə göstərmək istəməyən bir qız vardır. Cavanlardan birisi qabağa gəlib qızın yiyəsinə «mən onu 200 dinara alıram» - deyəcək. Lakin həmin qız razı olmayacaqdır. Sonra onun yiyəsi «səni satmaqdan başqa çarəmiz yoxdur. Təslim olmalısan» - deyəcək. Lakin o «bir az döz, mənim müşdərim indi gələcək» — deyəcək. Elə bu vaxt sən qabağa gedib məktubu ona ver və de: Әgər xanım bu məktubun sahibinə meyl edirsə, onu alıram. O, məktubu oxuyandan sonra sevinəcək. Sonra sən onu yiyəsindən alıb gətirərsən.

Büşr belə davam edir: Imamın buyurduqlarını yerinə yetirdim və onu yiyəsindən aldım. Yolda gələrkən özü haqqında maraqlı bir hekayə danışıb dedi: Mən Rum padşahının qızıyam. Mənim cəddim Isa əleyhissalamın yaxınlarından olub. Atam məni öz qadaşı oğluna vermək istəyirdi. Bir gün sarayda təntənəli bir yığıncaq təşkil edib qardaşı oğlu ilə məni birlikdə taxtda oturtmuşdu. Xristanların böyükləri məni ona ərə vermək üçün yığışmışdılar. Birdən saray titrədi və hər şey bir-birinə dəydi, gözümün qabağında əmi oğlum taxtdan yıxıldı. Yenə də bir dəfə yığıncaq təşkil etdilər, lakin yenə eyni hadisə baş verdi. Xristianların böyükləri bu işin nəhs olduğunu söyləyib saraydan çıxıb getdilər. O gecə mən narahat və ruhdan düşmüş bir halda yatmışdım. Yuxuda gördüm ki, nurani kişilər saraya gəliblər. Onlardan birini həzrət Isa (ə), o birisini də islam Peyğəmbəri olduğunu söyləyirdilər. Islam Peyğəmbəri (s) həzrət Isaya belə buyurdu: «Mən öz oğlum üçün sizin övladınıza eçiliyə gəlmişəm. Isa sevinib qəbul etdi. Mən bu yuxu barədə heç kəslə danışmadım. Bir gün xəstələndim və atam bütün həkimləri çağırdı, amma heç biri məni sağalda bilmədi. Mən atamdan yaxşılaşmağım üçün zindanda olan bütün müsəlmanları azat etməsini xahiş etdikdə isətiymi qəbul edib onları azad etdi və mənim halım bir az düzəldi. Həmin gecə nurani qadınları yuxuda gördüm. Onlardan birisini Isanın anası, digərinin isə Fatimeyi Zəhra olduğunu söyləyirdilər. Peyğəmbərin qızı irəli gəlib belə dedi: Әgər sən mənim övladımın həyat yoldaşı olmaq istəyirsənsə, müsəlman olmalısan. Mən yuxuda ikən onun əlilə müsəlman oldum. Sonra o, məni özü ilə imam Həsən Әskərinin yanına gətirdi. Onun məhəbbəti ürəyimə düşdü və daha dözə bilmədim. Nəhayət bir gecə imam Həsən Әskərini yuxuda gördüb ondan necə həyat yoldaşı ola biləcəyimi soruşdum. O, belə buyurdu: «Atan yaxın gələcəkdə bir ordu ilə müsəlmanlarla döyüşməyə gələcəkdir. Siz ordunun arxa hissəsində olacaqsınız. Müsəlmanlar qələbə çalıb sizi əsi götürərək satmaq üçün Bağdada gətirəcəklər. Gəmi Fürat sahilində dayanacaq və səni satmaq üçün gəmidən çıxaracaqlar. Səni almaq üçün bir neçə müştəri gələcək, amma sən döz, atam tərəfindən bir məktubla səni alacaq bir şəxs gələcək». Mən yuxudan ayıldıqda çox sevindim. Bir müddət keçdikdən sonra imamın buyurduğu kimi oldu. Ey Büşr, indiyə kimi heç kəs bu sirri bilmir və məni tanımırdı. Sənə danışdığım bu əhvalatı heç kimə demə və bu sirri gizli saxla.

Büşr deyir: O, yolda öz hekayəsini mənim üçün danışarkən mən tir-tir titrəyirdim. Məhz həmin andan e᾽tibarən ona çox hörmət bəsləməyə başladım və bir qulluqçu kimi daima yanında oldum. Sonra onu mövlam imam Hadi əleyhissalamın hüzuruna apardım. Həzrət (ə) ondan «necə müsəlman oldun?» - deyə soruşduqda, belə cavab verdi: «Özünüzün daha yaxşı bildiyiniz bir şeyi məndən soruşursunuz». Sonra isə imam (ə) ona belə buyurdu: «Sənə muştuluq verirəm ki, dünyanı ədalətlə dolduracaq uşaq səndən dünyaya gələcək.» Sonra bacısı Həkiməyə xitabən belə buyurdu: «Bacı, gözlədiyin xanım budur. Onu apar və islam əhkamını ona öyrət». Həkimə onu mehribanlıqla qucaqlayaraq hörmətlə öz yanında apardı.
IMAMIN HӘYATININ DÖVRLӘRI

Imamın həyatın üç dövrə bölmək mümkündür:

a) Təvəllüdündən atasının şəhadətinə qədər olan beş illik dövr. Bu qısa müddət ərzində əshabından və dünyanın hər tərəfindən alimlər və fəqihlər imam Həsən Әskəri əleyhissalamın görüşünə gəldikdə bu balaca uşaqla da görüşərək ondan bə᾽zi mövzular haqqında suallar soruşmuşdular. Imam Həsən Әskəri (ə) öz oğlunu onlara təqdim edərək onun barəsində əshabına müxtəlif tövsiyələr edirdi.

b) Imamın altı yaşından başlayaraq 74 yaşına qədər davam edən qeybəti-süğrası (yə᾽ni kiçik qeybət): Bu dövrdə hökumət adamları onu görməkdən məhrum idilər. Amma imamın əshabı və həqiqi şiələr onun yanına gedib istədikləri sualları ona verirdilər. Bu dövrdə imam (ə.f.) ilə xalq arasında vasitəçi olan, eləcə də camaatın istək və məktublarını imama gətirib cavabını onlara aparan dörd nəfər və idi:

1. Osman ibni Sə᾽id;

2. Məhəmməd ibni Osman;

3. Hüseyn ibni Ruh;

4. Әli ibni Məhəmməd Səymuri.

Bunlar həzrətin e᾽tibarlı əshablarından sayılırdılar və hər biri, o birisindən sonra, öz öhdəliyini yerinə yetirirdi.

v) Üçüncü dövr 329-cu Hicri-qəməri ilindən başlayaraq bu günə qədər davam edən qeybəti-kübra (yə᾽ni böyük qeybət) dövrüdür. Bu dövrün nə qədər davam edəcəyini Allahdan başqa heç kim bilmir. Həzrət (ə.f.) bu dövrdə xalq arasında gizli və kimsənin onu tanımayacağı bir şəkildə hərəkət və rəftar edir. Onu görən olsa da tanıya bilməz. Yalnız o, gedəndən sonra həzrətdə gördükləri əlamətlərdən onun imam (ə.f.) olduğunu başa düşərlər.
INTIZAR

Imamın özünü xalqa tanıtmadığı qeybəti-kübra dövründə islam məsələləri barədə dərin biliyə malik olan ləyaqətli fəqihlər xalqın və islam cəmiyyətinin məsələlərini həll edir, xalqın din və dünyasını nəzərə alaraq mə᾽sum imamın zühuru üçün zəmin yaradırlar. Bu dördə xalqın hamısı intizardadır, lakin bu, o demək deyildir ki, imamın zühuruna imkan yaratmaq üçün çalışmayıb hərəkətsiz qalsınlar. Gözləyən insan ümidvar, hərəkətli, bilikli, mö᾽min, imama et᾽tiqad bəsləyən və nəhayət imamın zühuru üçün zəmin hazırlayan bir insandır. Belə bir insan eynilə dağın zirvəsinə çıxmaq üçün çalışan və bu yolda zəruri olan hər bir şeyi qabaqcadan hazırlayan bir alpinistə bənzəyir. Dağın zirvəsinə çatmaq istəyən bir insan xəyallarla və əli-qolu oturmaqla hədəfinə yetişməz. Bu intizarın nəticəsində insan hərəkət, çalışmaq, güc, düşüncə və yeniliklər əldə edir. Әgər bu əhəmiyyətli prinsip cəmiyytədə mövcud olmasa, insanlar hərəkətsiz, ümidsiz olaraq parlaq bir gələcəyi gözləməzlər.

Islamda intizar üsulu din və məzhəbin ayrılmaz bir hissəsidir. Bu üsul parlaq bir gələcəyin, ictimai ədalətin tam şəklidə həyata keçirələcəyi müjdəsini verir. Bu məqsədə çatmaq üçün öz ardıcıllarını elə yetişdirir ki, qaranlıqlarla, zülmlə, dəccallarla, süfyanlarla döyüşüb öz daimi hərəkətlərilə vahid dünya hökumətini tə᾽sis etmək üçün zəmin yaratsınlar və nəhayət Allahın və᾽d etdiyi bu şəxs olan imam Mehdi (ə.f.) islamın bütün hədəflərini həyata keçirəcəkdir, inşaallah.
IMAM ZAMANIN MÖ᾽CÜZӘLӘRI

Imamın mö᾽cüzələri çoxdur. Biz burada onlardan ikisini qısaca olaraq nəql edirik:

1. Şeyx Tusi, Abbasi xəlifəsi Mö᾽təzidin mə᾽murlarından olan Rəşiqdən bu hadisəni belə nəql etmişdir:

Rəşiq belə deyir: Bir gün Abbasi xəlifəsi Mö᾽təzid məni çağırıb «eşitdiyimə görə imam Həsən Әskərinin evində bir uşaq vardır» - dedi və mə᾽murlarından iki nəfəri mənə qoşub belə əmr etdi: Tezliklə Samirraya, imam Həsən Әskərinin evinə gedib həmin uşağı öldürün və başını mənə gətirin. Biz sür᾽ətlə gəlib imamın evinin qapısına çatdıq. Qapıda bir qul oturmuşdu. Ona əhəmiyyət verməyib evə girdik. Çox gözəl bir ev idi. Bir bucaqda bir pərdə asılmışdı. Pərdəni qaldırıb su ilə dolu bir böyük otaq gördük. Suyun üstündə bir xalça var idi, xalçanın üstündə də bir oğlan uşağı namaz qılırdı. Mə᾽murlardan biri otağa girdi və dərhal suya batdı. Biz onu çətinliklə qurtardıq, amma özündən gedib bihuş oldu. O biri mə᾽mur da otağa girən kimi suya batdı. Onu da çıxartdıq və bihuş oldu. Bir müddətdən sonra ikisi də huşa gəldi. Qorxudan titrəyərək atlarımıza minib xələfinin sarayına doğru hərəkət etdik. Gecə yarısı oraya çatdıq. Xəlifə  yatmayıb bizi gözləyirdi. Әhvalatı olduğu kimi onun üçün danışdıq. O da bizim kimi qorxudan titrəyib «heç kim bunda xəbərdar olmasın və bu sirri heç kimə deməyin, yoxsa sizi öldürərəm» - dedi. Abbasi xəlifəsi Mö᾽təzid nə qədər ki, sağ idi bu məcaranı bir kəsə danışmamışdım.

2. Әli ibni Sinanın qeyd etdiyinə görə, Qum əhalisindən bir dəstə imam Həsən Әskərinin xidmətinə yetişmək üçün bir miqdar pul ilə birlikdə Samirraya doğru yola düşmüşdülər. Ora yetişəndə həzrətin şəhid olduğunu eşitdilər. Nə edəcəklərini bilmirdilər. Nəhayət onları imam Həsən Әskərinin qardaşı Cə᾽fərə tanıtdılar. Onlar Samirraya gəlməklərinin səbəbini Cə᾽fər üçün danışdılar. Cə᾽fər də onlara «pulu mənə verin, onun xəlifəsi mənəm» - dedi. Amma onlar «imamın yanımızdakı pulların miqdarını və hər bir kisənin kimin olduğunu bilməsi lazımdır. Әvvəllər də biz belə edərdik» - dedilər. Cə᾽fər hirslənib belə dedi: Qardaşım da bunları bilmirdi. Siz yalan deyirsiniz. Bu qeybi bir məsələdir. Allahdan başqa heç kim qeybdən xəbər verə bilməz. Amma onlar sözlərindən dönmədilər. Nəhayət Cə᾽fər onlardan xəlifəyə şikayət etdi. Xəlifə də onlara əmr etdi ki, pulu Cə᾽fərə versinlər. Amma onlar «bu pul bizim yanımızda əmanətdir. Imamın xəlifəsi varsa, pulu ona verməliyik, yoxsa sahiblərinə qaytarmaqdan başqa heç bir çarəmiz yoxdur» - dedilər. Xəlifə onların sözünü təstdiq edib onları sərbəst buraxdı.

Onlar Quma qayıtmaq istədikləri vaxt bir cavan oğlan onlara yaxınlaşıb «imam sizi çağırır» - dedi. Hamısı sevinib onunla birlikdə imam Həsən Әskərinin evinə getdilər. Orada üzündə imamlıq nişanəsi aşkar olan gənc imamı gördülər.

Onlar Cə᾽fərə dedikləri sözü həzrət imam Zamana da söylədikdə, həzrət (ə.f.) gülərək onlara belə buyurdu: «Oturun, sizə bu kisələrin sahiblərinin kimlər olduğunu söyləyim». Sonra pul kisələrinin sahiblərini və içində nə qədər pul olduğunu bir-bir bəyan etdi. Onlar axtardıqları şəxsi tapdıqlarına görə sevinib kisələri həzrətə verdilər və məsələlərini soruşdular. Həzrət (ə) məsələlərinin hamısının cavabını verdi, sonra isə əmr etdi ki, bundan sonra oraya pul gətirməyib, Bağdadda tə᾽yin etdiyi vəkilinə aparsınlar. Sualları olduqda da həmin vəkilə müraciət edib onun vasitəsilə cavabları öyrənsinlər. Onlar imamla xudahafizləşib evdən çıxdılar və Allaha bu ne᾽mətinə görə şükr etdilər.
IMAMLA GÖRÜŞӘNLӘR

Qeybəti-kübra dövründə imam Zaman (ə.f.) özünü kimsəyə göstərmədiyi və xalqın o həzrətlə görüşməkdən məhrum olduğu bir halda, bir sıra aşiq və pakürəkli adamlar bə᾽zən imamı görüb onunla danışıblar. O cümlədən:

1. Şəmsəddin ibni Ismail Herqeli atası haqqında belə demişdir:

Atamın budundan bir yara izi var idi. Bir gün atam həmin yara barədə belə dedi: Cavanlığımda budum yaralanmışdı və mənə çox əziyyət edirdi. Bir gün Hillə şəhərində dostum Seyid Rəziyəddin Tavusun yanına getdim. O, həkimləri çağırdı ki, budumun infeksiyalı yarasını müalicə etsinlər. Onlar belə nəzər verdilər ki, əgər budum üzərində cərrahiyə əməliyyatı aparılsa, damarım kəsilər və ölərəm. Gələn il də Seyid məni Bağdada apardı. Bağdadın həkimləri də Hillə həkimlərinin sözünü təkrar etdilər. Bir gün ümidsiz bir halda Samirraya imamları ziyarət etmək üçün getdim. Gecəni orada qaldım və imam Zamanı (ə.f.) köməyə çağırdım. Səhərçağı Dəcəl sahilinə gedib paltarımı yudum və qüsl etdim ki, yenidən ziyarətə qayıdım. Yolda dəvəyə minmiş iki nəfərlə qarşılaşdım. Onların çöldə yaşayan ərəblər olduğunu güman etdim. Onlar mənə salam verdilər. Onlardan biri mənə «yaxın gəl» - dedi. Mən paltarımı təmizlədiyim və çöl ərəblərini pak bilmədiyim üçün yaxın getmədim. Çünki paltarım hələ yaş idi və qorxudurm ki, onların əli paltarıma toxunduqda paltarım və bədənim yenidən murdar olsun. Elə bu fikirdə idim ki, birdən onlardan biri məni özünə tərəf çəkərək əlini budumun yarasının üstünə qoyub basdı və «ey Ismail, rahat oldun. Artıq ağrı çəkməyəcəksən» - dedi. Mən təəccüblənib onun mənim adımı haradan bildiyini düşünürdüm ki, xudahafizləşib getdi. Mən öz-özümə «bəlkə imamımdır» - deyə düşünüb dalınca getdim və yalvardım ki, dayansın. Birdən qayıdıb «ey Ismail, qayıt get» - dedi. Mən qulaq asmadım və yenə də onun dalınca getdim. Imamla birlikdə olan kişi dedi: «Ey Ismail, imamın əmrinə tabe olmadığından utanmırsan?» Bu vaxt mən yəqin etdim ki, o, bu ümmətin başçısı və imamıdır. Dayanıb ona baxdım və bir azdan sonra daha onları görmədim.

Şəmsəddin belə deyir: O gündən sonra atam ardıcıl olaraq hər il Samirraya gedirdi ki, bəlkə bir daha imamı görsün. Lakin daha imamı görmədi və onu görmək həsrətilə də dünyadan getdi.

2. Seyid Məhəmməd Cəbəlamili dostlarından biri üçün etdiyi səfəri belə nəql etmişdir: Məşhədə getmişdim. Kifayət qədər pulum olmadığımdan çox çətinliklə keçinirdim. Bir gün karvanın hərəkət etməyə hazırlaşdığını eşitdim. Mən qarnımı doyurmaq üçün bir tikə çörəyim də olmadığına görə hərəmə gedib ağladım. Sonra özümü karvana yetirmək qərarına gəldim. Çünki əgər qalsaydım, qışın soyuğunda ölərdim. Ac-acına yola düşdüm və qup-quru qızmar bir biyabana çatdım. Suszluqdan hərəkət etməyə qadir deyildim. Yemək üçün ot-ələf də tapılmırdı. Hava qaranlıqlaşandan sonra yırtıcı heyvanların nə᾽rəsi məni dəhşətə gətirmişdi. Mən ağlayıb ölümə təslim oldum. Çox keçməmişdi ki, ay çıxdı və heyvanlar susdular. Bu zaman bir yüksəklik görüb ona tərəf getdim. Orada bir bulaq gördüm. Çox sevindim, dəstəmaz alıb namaz qıldım. Aclıqdan daha hərəkət edə bilmirdim. Orada yatıb ölümə təslim oldum. Birdən mənə tərəf gələn bir atlını gördüm. Öz-özümə «oğrudur, amma heç bir şeyim olmadığına görə hirsindən məni öldürəcək» - deyə düşündüm. Lakin mənim yanıma çatanda salam verdi. Salamını aldım. Bildim ki, oğru deyildir. Sonra mənə burada nə edirsən? dedi. Çətinliklə cavabını verdim: Çox acam və yolumu azmışam. Dedi: «Yanında neçə dənə qovun vardır, niyə acsan?» Mən hər yeri axtarıb heç bir şey tapa bilmədiyim üçün zarafat etdiyini sandım. Ona dedim: Məni lağa qoyma. Burax elə burada ölüm. Dedi: «Zarafat etmirəm. Arxana bax.» Arxama baxdıqda üç dənə qovun gördüm. Dedi: «Onlardan birini ye, ikisini də saxla. Bu yoldan düz get, axşamüstü bir çadıra çatacaqsan. Onlar səni karvana yetirərlər.» Sonra gözümdən qeyb oldu. Tez özümə gəlib başa düşdüm ki, imam Zaman (ə.f.) imiş. Әmrə uyğun olaraq qovunlardan birini yedim, ikisini də götürüb yola düşdüm. Sabahsı gün nahar vaxtı qovunlardan birini də yedim və buyurduğu kimi axşamüstü bir çadıra çatdım. Onlar məni çadırın içinə aparıb doyunca yedirtdikdən sonra məni karvana yetirdilər.
INSAN BU QӘDӘR YAŞYAYA BILӘRMI?

Fiziologiya elminə görə insanın bədəni milyonlarla hüceyrədən ibarətdir. Zaman keçdikcə qocalmış hüceyrələr ölür, nəticədə isə cavan hüceyrələr onların yerini tutur. Beləliklə həyat və yaşayış davam edir.

Insanı qocaldan, hüceyrələrin fəaliyyətini dayandıran və insanı ölümə tərəf sövq etdirən şey, müxtəlif yollarla insanın bədəninə girən və hüceyrələrə hücum edərək onları məğlub edən mikroblardır.

Tibb elmi sübut etmişdir ki, öz cismi vəziyyətini, zərərli qida və maddələri öyrənən eləcə də səhiyyə üsullarına riayət edən şəxsin ömrü daha uzun olar və tez qocalmaz.

Elə buna görə də alimlər müxtəlif təcrübələrlə müvəffəq olublar ki, bə᾽zi heyvanların ömrünü bir neçə dəfə çoxaltsınlar. Belələliklə, insanlar da geniş bilik və səhiyyə qaydalarını həyata keçirib tətbiq etməklə uzun ömrülü ola bilərlər.

Alimlər bir elmi sirri öyrənmək üçün illər boyu çalışmalıdırlar. Lakin bütün elmlər Allah tərəfindən ona əta olunmuş imam Zamanın (ə.f.) bu uzun yolu getməyə ehtiyacı yoxdur və yüz illik yolu bir anda keçib nəticəyə çata bilər.

Buna görə də onun tərəfindən bu mövzuda heç bir problem yoxdur. Onun elmi Allah tərəfindən tə᾽min olduğundan, yüz illərlə cavalığını qoruyaraq yaşaya bilir.

Digər tərəfdən isə, imam Zamanın (ə.f.) ömrünün uzunluğu odun Ibrahimə soyumasından, Musanın keçə bilməsi üçün Nilin yarılmasından, onun əsasının ilana çevrilməsindən və yüzlərlə bu kimi örnəkdən daha heyrətləndirici deyildir. Bu Allah-taalanın qüdrətindən bariz nümunədir.

Bunlardan əlavə Qur᾽an və tarix keçmiş peyğəmbərlərin və camaatdan bə᾽zilərinin uzun ömrünü açıq aydın bizə göstərməkdədir. Misal üçün həzrət Nuh (ə) 950 il, Loqman (ə) 400 il, Buxtun-nəsr 1507 il, Süleyman (ə) 712 il və Hindistan padşahı Firuzray isə 537 il yaşamışdır.

Bütün bunlar onu göstərir ki, insanın uzun ömürlü ola bilməsi elm və biliyə zidd deyildir, əksinə həmişə mümkündür.

Top