Kainatın sultanı Peyğəmbərimiz ( s.ə.v. ) 20 aprel 571 - ci ilin bazar ertəsi günü Məkkədə dünyaya gəldi. Atası Abdulmuttaliblə Fatimənin oğlu Abdullah, anası isə Vəhb ilə Bərrənin qızı Əminə idi. Atası Abdullah Peyğəmbərimiz ( s.ə.v. ) doğumundan təqribən iki ay əvvəl vəfat etmiş və Mədinədə dəfn edilmişdi. Peyğəmbərimizin babası Abdulmuttalib: " Arzum budur ki, Onu göydə Haqq, yerdə xalq öysün ", deyərək ona " Məhəmməd " adını verdi.
Dörd yaşına qədər süd anası Həlimənin yanında qalan Allah Rəsulu ( s.ə.v. ) daha sonra anasının yanına qayıtdı. Altı yaşında Əminə Onu həm atası Abdullahın qəbrini ziyarət etmək, həm də qohumları ilə tanış etmək üçün Mədinəyə apardı. Əminə geri qayıdarkən xəstələndi və Əbva adlı yerdə vəfat etdi, orada da dəfn edildi. Yol boyunca onlarla birlikdə olan Ümmü Eymən Peyğəmbərimizi ( s.ə.v. ) Məkkəyə gətirdi və babasına təslim etdi.
Altı yaşından səkkiz yaşına qədər babası Abdulmuttalibin yanında qalan Peyğəmbərimiz ( s.ə.v. ) o da vəfat edəndən sonra onun vəsiyyətinə görə əmisi Əbu Talibin evində məskunlaşdı. Əbu Talib və həyat yoldaşı Fatimə Ona çox gözəl baxdılar və Onu öz övladı kimi sevib-əzizlədilər.
On üç yaşından etibarən əmisi ilə birlikdə ticarətə qoşuldu. Bu sahədə doğruluğu və dürüstlüyü ilə ad çıxardı. İyirmi yaşına çatanda Məkkədə gözəl əxlaqı ilə məşhurlaşaraq " Məhəmmədül-Əmin ünvanını aldı.
İyirmi beş yaşına gələndə Qüreyşin ən varlı və ən soylu qadını Həzrəti Xədicə ilə evləndi. Həzrəti Xədicənin Peyğəmbərimizlə ( s.ə.v. ) evlənməyinin səbəblərindən biri son peyğəmbərin əlamətlərini Onda görməsi idi. Bu mübarək ailədə ikisi oğlan, dördü qız olmaqla altı övlad dünyaya gəldi. Peyğəmbərimizin oğulları Qasım və Abdullah peyğəmbərlikdən öncə kiçik yaşda Məkkədə vəfat etdi. Qızları Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm və Fatimə isə böyüyüb boya-başa çatıb ailə həyatı qurdular. Zeynəb, Ruqiyyə və Ümmü Gülsüm Peyğəmbərimizdən öncə vəfat etdilər. Peyğəmbərimizin pak nəsli Həzrəti Əli ilə ailə quran Həzrəti Fatimə ilə davam etdi.
Otuz beş yaşında Kəbəyə həkəm ( haqlı və haqsızın ayrılmasında vasitəçilik edən ) təyin olundu. Kəbənin təmiri zamanı cənnətdən gələn daş - Həcərül - Əsvəd yerində yerləşdirilərkən meydana gələn mübahisəni onu bir parçanın arasına qoyub bütün qəbilə rəislərinə daşıtmaqla həll etdi. Qəbilələr arasında labüd qarşıdurmanın qarşısını aldı.
Kəbədə həkəm təyin edildikdən bir neçə il sonra bəzi ilahi işarələr almağa başladı və bu vəziyyət üç-dörd il sürdü. Qırx yaşına gələndə cəmiyyətin qeyri-əxlaqi həyatından sıxılan Peyğəmbərimiz ( s.ə.v. ) daha çox tənha qalmağa başladı. Tez-tez Nur dağındakı Nira mağarasına gedir və oradan Kəbəni seyr edirdi.
Qırx yaşına çatan Peyğəmbərimiz ( s.ə.v. ) 610-cu ilin ramazan ayında Hirada ikən bir gecə Cəbrail əleyhissalam gəldi və onun gəlişi ilə də vəhy silsiləsinin bünövrəsi qoyuldu. Uca Allah Onu dünyaya peyğəmbər göndərmişdi.
Peyğəmbərimizə ( s.ə.v. ) ilk iman etmək şərəfinə nail olan insanlar bunlardır: Həzrəti Xədicə, Həzrəti Əli, Həzrəti Zeyd ibn Harisə və Həzrəti Əbu Bəkir. Beləliklə, üç illik gizli dəvət başlamış oldu. Bu gizli dəvət dövründə inananların sayı otuza ancaq çatdı.
Peyğəmbərliyin dördüncü ilində Allah Rəsulu qohum-əqrəbasını İslama dəvət etdi və bu dəvətdən sonra açıq təbliğ başladı. Bəzi məkkəlilər Onun peyğəmbərliyini inkar etməkdə qərarlı olsalar da, bir çox insan Onun dəvətini qəbul edib imana gəldilər.
İslamın geniş yayılması müşrikləri hövsələdən çıxardı, onlar müsəlmanlara aramsız işgəncə, əzab verirdilər. Müsəlmanlar ibadətlərini maneəsiz yerinə yetirmək üçün peyğəmbərliyin beşinci və altıncı illərində Həbəşistana köçmək məcburiyyətində qaldılar.
Peyğəmbərliyin altıncı ilində həm Həzrəti Həmzə, həm də Həzrəti Ömər İslamiyyətlə şərəfləndi. Məkkədə cəsurluğu və qorxmazlığı ilə məşhur olan bu iki şəxsin imana gəlməsi müsəlmanların gücünə güc qatmaqla yanaşı, müşrikləri hövsələdən çıxardı.
Peyğəmbərliyin yeddinci ilində üç illik boykot dövrü başladı. Allah Rəsulu ( s.ə.v. ) müsəlmanlar və onlara dəstək olan Haşimoğulları " Əbu Talib Məhəlləsi " adlanan yerdə nəzarət altına alındı. Bütün ictimai əlaqələr kəsildi. Bu dövrdə müsəlmanlar saysız-hesabsız məşəqqətlərə qatlanmalı oldular.
İslamın onuncu ilində boykotun bitməsinin sevinci kədərli hadisələrlə müşayiət olundu. Əmisi Əbu Talib və çox sevdiyi həyat yoldaşı Həzrəti Xədicənin ardıcıl vəfatı Onu çox kədərləndirdi.
Hirada ilk vəhyin gəlişindən on bir il keçmişdi ki, Peyğəmbərimiz ( s.ə.v. ) Meracda ən üstün ilahi ikrama layiq görüldü. Uca Allahın hüzuruna yüksəldi və Rəbbi ilə pərdəsiz görüşdü. Bu ilahi görüşdə fərz olan namaz da möminin meracı oldu.
İslamı təbliğ fəaliyyətləri bütün çətinliklərə rəğmən, davam edərkən bir il ara ilə birinci və ikinci Aqabə beyəti baş tutdu. Sonra da müsəlmanlar Allahın izni ilə Mədinəyə hicrət etdilər. Məkkəni ən axırıncı Peyğəmbərimiz ( s.ə.v. ) və sadiq dostu Həzrəti Əbu Bəkir tərk etdi.
Peyğəmbərimiz ( s.ə.v. ) Mədinəyə təşrif etdiyi gün müsəlmanların sevinci yerə-göyə sığmırdı. Mədinəli müsəlmanlar Rəsulullahın ( s.ə.v. ) gəlişinə sevindikləri qədər heç nəyə sevinməmişdilər.
Peyğəmbərimizin ( s.ə.v. ) Mədinəyə gəlişindən bir müddət sonra Məscidi-Nəbəvi tikildi, sonra da Rəsulullah və ailəsi üçün məscidə bitişik evlər inşa olundu. Bundan sonra İslam dini artıq böyük-kiçik hər kəsə Peyğəmbərimizin ( s.ə.v. ) məscidində öyrədildi.
Sonrakı illərdə müşriklərlə müsəlmanlar arasında Bədir, Uhud, Xəndək kimi müharibələr oldu və hicrətin altıncı ilində Hudeybiyyə müqaviləsi imzalandı. Bu müqavilənin arxasınca gələn sülh illərində Peyğəmbərimiz ( s.ə.v. ) müxtəlif dövlətlərə elçilər göndərib onları İslama dəvət etdi.
Hicrətin səkkizinci ilində müşriklər Hudeybiyyə müqaviləsini pozdular və nəticə olaraq on min nəfərlik İslam ordusu ilə Məkkə fəth edildi. Məcbur qalıb vətənini tərk edən Allah Rəsulu ( s.ə.v. ) Məkkəyə qalib kimi ümumi əvfi elan edərək girdi.
Məkkənin fəthindən sonra Peyğəmbərimiz ( s.ə.v. ) təkrar Mədinəyə qayıtdı. Ərəbistan yarımadasından heyətlər şəklində gəlib Peyğəmbərimizi ziyarət edən insanların çoxu İslamı seçdi.
Hisrətin sonuncu ilində ilk və son həccini yerinə yetirən Allah Rəsulu ( s.ə.v. ) həcc əsnasında Ərəfatda yüz mindən çox insana xütbə verdi. Son Peyğəmbərin haqq din olan İslama aid son nəsihətini özündə əks etdirən bu tarixi çıxış " Vida Xütbəsi " adlanır.
Könüllərin Sultanı 8 iyun 632 - ci ildə bazar ertəsi günü altmış üç yaşında Rəbbinə qovuşdu. Cənazə namazı qadın, kişi, uşaq olmaqla sıra ilə Hücreyi-Səadətdə qılındı və Peyğəmbərimiz ( s.ə.v. ) orada torpağa tapşırıldı.