Aşurə günü

Aşurə günü

Aşura günü - lüğətdə hərfi mənası "onuncu gün" deməkdir. Hicri təqviminin ilk ayı - məhhərm ayının onuncu günüdür. Bu günə "aşura" adının verilməsi Uca Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır:

1. Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (a.s) firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
2. Hz. Nuhun (a.s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
3. Hz. Yunus (a.s) balığın qarından bu gün xilas olmuşdur.
4. Hz. Adəmin (a.s) tövbəsi həmin gün qəbul edilmişdir.
5. Hz. Yusuf (a.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
6. Hz. İsa (a.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.
7. Hz. Davudun (a.s) tövbəsi həmin gün qəbul edilmişdir.
8. Hz. İbrahimin (a.s) oğlu Hz. İsmail (a.s) aşura günü doğulmuşdur.
9. Hz. Yaqubun (a.s) oğlu Hz. Yusufun (a.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri Aşura günü işığına qovuşmuşdur.
10. Hz. Əyyub (a.s) bu gün xəstəliyindən şəfa tapmışdır.

Ancaq ürək ağrısı ilə qeyd etməliyik ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi İmam Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində aşura günü Kərbəlada şəhid edilmişdir.

Peyğəmbərimiz Muhəmməd (s. a. v.) Məhərrəm ayının 9-cu və 10-cu günlərində, yəni, Aşurə günlərində oruc tutmağı məsləhət görüb. Bunlardan başqa Məhərrəm ayına xas olan bir ibadət yoxdur. Başqa vaxtlardakı ibadətlər bu ayda da qüvvədədir. Misal üçün, adi vaxtlarda qılınan müstəhəb namazları qılmaq, sünnət olan bazar ertəsi və cümə axşamı oruclarını tutmaq və dua etmək kimi. Bir daha qeyd edək ki, yuxarıda haqqında danışdığımız orucdan başqa ancaq Məhərrəm ayına məxsus olan bir ibadət yoxdur.

Aşurə günü oruc tutmaqla əlaqədar hədislər aşağıdakı kimidir:

Aişə (r. a.) demişdir:

“Aşurə günü cahiliyyə dövründə Qureyş qəbiləsindən olanların oruc tutduqları bir gün idi. Həmin gün peyğəmbər də oruc saxlayırdı. Peyğəmbər Mədinə şəhərinə gələndə də Aşurə günü oruc tutdu və o günün orucunu tutmağı buyurdu. Ramazan orucu fərz (vacib) edildiyi vaxt isə Aşurə orucu tərk edildi. Bundan sonra kim istəsə, həmin gün oruc tutdu, kim də istəməsə, tutmadı”.

Abdulla ibn Ömər deyib ki, Aşurə günü cahiliyyə dövründə oruc tutduğumuz bir gün idi. Ramazan vacib ediləndə peyğəmbər (s. a. v.) belə buyurdu:

“Bu (gün) Allahın günlərindən bir gündür. İstəyən bu gündə oruc tutar, istəməyən də tutmaz”.

Abdulla ibn Abbas (r. a.) demişdir:

“Peyğəmbər (s. a. v.) Mədinə şəhərinə gəldiyi vaxt gördü ki, yəhudilər Aşurə günü oruc tuturlar. Bunun səbəbini soruşduqda yəhudilər: “Bu gün (Aşurə) Allahın Musaya firona qarşı kömək etdiyi gündür. Biz də ona təzim etmək üçün bu gün oruc tuturuq”, – deyə cavab verdilər. Bunun üstündən Muhəmməd peyğəmbər (s. a. v.): “Biz Musaya sizdən yaxınıq”, - dedi və Aşurə orucunu əmr buyurdu”.

Yuxarıdakı iki hədisdə bildirilir ki, peyğəmbərimiz Məkkədə olduğu vaxtlarda da Aşurə günü oruc tutub. Ancaq axırıncı hədisdə qeyd olunur ki, bu oruc Mədinədə başlayıb. Bu hal arada hansısa bir ziddiyyətin olması demək deyil. Ərəblər həzrəti İbrahimin dinindən (hənif dini, monoteizm, təkallahlılıq, tövhid dini, müsəlmanlıq) qalma bir ibadət kimi, yəhudilər də Musa əleyhissəlama tabe olaraq bu orucu tutmuş ola bilərlər. Görünür ki, peyğəmbərimiz yəhudilərin bu orucu hansı səbəbə görə tutduqlarını öyrənmək üçün həmin sualı (yəhudilərin nəyə əsasən oruc tutduqlarına dair sualı) soruşub.

Qaynaq: Riyazus Salehin (İmam Nənəvi)

Top