Müaviyənin hakimiyyəti

Müaviyənin hakimiyyəti

Müaviyənin hakimiyyəti

Müaviyə Nuxeylədə bir xütbə oxuyaraq qəlbində gizlətdiyi sözlərin hamısını aşkar edib dedi: Mən sizinlə namaz, oruc, zəkat, həcc və bu kimi işlərə görə vuruşmadım, siz onsuz da bu işləri yerinə yetirirsiniz. Mən hakimiyyət uğrunda və sizə hakim olmaq üçün vuruşdum.
İmam Həsən (ə) Mədinəyə dönmək qərarına gələn zaman Müaviyə onun yanına adam göndərib Hosərə (xarici) ilə döyüşməyini istəyir. Bu şəxs Əli (ə)-ın şəhadətindən sonra Nuxeyləni özü üçün mərkəz seçib xəvaricləri başına toplamışdı. İmam Həsən (ə) cavab verdi ki, mən müsəlmanların qanı tökülməsin deyə səninlə sülh müqaviləsi bağladım. Müaviyə məcbur olub qoşun toplayaraq (onların əksəriyyətini Kufəlilər təşkil edirdi) Hosərə ilə döyüşə yola saldı. Sonra Hosərinin atasını onun yanına göndərərək dedi: Get, oğlunun şərrini bizdən uzaq et! O, oğlunun yanına gedib nə qədər çalışdısa oğlunu Müaviyə ilə müharibədən çəkindirə bilməyib dedi: Mən gedib oğlunu sənin yanına gətirəcəm, bəlkə ona ürəyin yana və müharibədən əl çəkəsən. Hosərə dedi: Ata! And olsun Allaha, iti nizələr ucuna sancılmağı oğlumu görməkdən daha artıq sevirəm. Kufə əhalisinin onunla vuruşmağa hazır olduqlarını görərək dedi: Ey Allahın düşmənləri, dünənə qədər Müaviyəni qüdrət taxtından salmaq uğrunda vuruşduğunuz halda, bu gün hakimiyyətini möhkəmləndirmək üçün onun kənarında durub vuruşursunuz. Müharibənin qızğın vaxtında Teyy qəbiləsindən olan bir nəfər hücum edib onu öldürdükdən sonra səcdədən qabarmış alnını görüb peşiman olur. Bu əhvalat iraqlıların necə də dəyişkən əhali olmalarına gözəl bir nümunə sayıldığından onu burada söyləmək məcburiyyətindəyik. Elə bu tərəddüd, sür’ətli dəyişkənlik daha dəqiq desək ikitirəlik imam Həsən (ə) qarşısında çətinlik yaratdı. İraqlılar həmişə – həzrət Əlinin hakimiyyət dövründə, oğlanları imam Həsən və Hüseynin zamanında, Muxtar və Müs’əbin, qiyamçılardan Süleyman ibni Sərdin, həm də Zeydin dövründə də bu minvalla hərəkət etmişlər. Fürsət düşdükdə birinin ətrafına toplaşmış ona yardım edəcəklərini və’d etmişlər, lakin rəqibin müqavimətinə rast gəldikdə onu öz azadlıqlarına qurban vermişlər.

MÜAVİYƏ VƏ İRAQLILAR

Səbirli olması ilə şöhrət tapmış Müaviyə, İraq əhalisindən çox narazı idi, ürəyində bəslədiyi kini üzə çıxarmasa da hərdən öz e’tirazını bildirirdi. Çünki Süffeyn müharibəsində ona ağır zərbələr endirən Əli (ə)-ın ətrafına toplaşmış iraqlılar idi.

41-ci ildə (hicri-qəməri) İraq rəsmi surətdə Şamın hakimiyyəti altına keçdi. Elə həmin il Müaviyə Kufəyə gələrək öz hakimiyyətini e’lan etdi.

Qeyd etdiyimiz kimi, Müaviyə elə ilk başlanğıcdan hakimiyyət iddiasında idi, bu arzusuna çatmaq üçün Osmanın intiqamını, sonra isə islam xilafəti məsələsini əldə bəhanə tutmuşdu. Hakimiyyətin Əbu Süfyan ailəsinin əlinə keçməsi ilə, bu məqamtələb tayfanın üzvləri öz istəklərinə çatdılar. Müaviyənin şəxsi həyat tərzi, Şam əhalisi, həmçinin bütövlükdə islam hakimiyyəti altında yaşayan xalqlara qarşı olan münasibəti və rəftarı, Əbu Bəkrin, Ömərin, hətta Osmanın dövründəki rəftardan artıq dərəcədə fərqli idi.

Müaviyə Ömər tərəfindən Şama hakim tə’yin olunan gündən, dövlət quruluşunda Rum imperatorlarının üslubundan istifadə etmiş, öz şəxsi həyatını da onların həyat tərzinə oxşatmışdır. Sadə islam hakimiyyətini kənara qoyub özü üçün cah-cəlallı bir idarə üsulu yaratmışdı. Ömərlə Əbdürrhəman ibni Ouf Şama səfər edən zaman onlar hər ikisi ulaqla yol gedərkən Müaviyə böyük bir təntənə ilə xəlifəni tanımadan onun yanından gəlib keçir. O, ulağa minən şəxsin xəlifə olduğunu bildikdən sonra tez geri dönüb atdan düşür, lakin Ömər ona əhəmiyyət vermir. Müaviyə onun yanıyla piyada yol gedir. Nəhayət Əbdürrəhman dedi: Müaviyəni yordun! Bu vaxt Ömər üzünü çevirib dedi: Böyük təntənə, nökər və qulluqçularla yol gedirsən? Eşitmişəm camaatı sarayın qapısında gözlətdirirsən və sən rüxsət verməyincə heç kəs içəri daxil olmur?

-Bəli, ya əmirəl-mö’minin, belədir!

-Nəyə görə?

-Biz elə bir ölkədə yaşayırıq ki, düşmənin casusları bizə daim nəzarət edir. Gərək elə davranaq ki, onlar bizdən qorxsunlar. Əgər sən istəsən, mən belə davranmaqdan əl çəkərəm.

Ömər dedi: Əgər düz desən ağıllı cavabdır, yox əgər yalan desən ağıllı fırıldaqdır.

O, təkcə Şamda hakim olanda belə rəftar edirdisə, İraq, Misir, İran, Afrika və digər fəth olunmuş ölkələr də onun hakimiyyəti altına keçdikdən sonra hansı üslubda rəftar edəcəyi mə’lum idi.

Müaviyə və atası Əbu Süfyan hər ikisi vəzifəpərəst, təntənə və cah-cəlal aşiqi idilər. Qeyd etdiyimiz kimi, Əbu Süfyan çıxılmaz vəziyyətdə qalıb müsəlman olmuşdu. Bildiyiniz kimi, o, Peyğəmbərin əmisi Abbasın vasitəçiliyi ilə özünə imtiyaz qazandı. Hətta Hüneyn müharibəsinin qənimətlərindən ona da pay düşdü. Lakin onun gözü hakimiyyətdə idi. Mə’lumata əsasən, Peyğəmbər (s) onu Nəcrana hakim tə’yin etmiş, həmçinin Taifin gəlirini toplamağı ona tapşırmışdı. Ömər Müaviyəni Şama hakim tə’yin edən gün o, anası Hindin yanına gedir və Hind ona deyir: Bu kişi (Ömər) sənə vəzifə veribsə, çalış o deyən kimi rəftar et, öz istədiyin kimi davranma. Aldığı vəzifə barədə Əbu Süfyana xəbər verdikdə o, dedi. Mühacirlər bizdən əvvəl müsəlman olublar, biz isə onlardan sonra dini qəbul etmişik. İndi onlar öz mükafatlarını alırlar, onlar rəis, biz isə adi adamlarıq. Sənə mühüm olan bir iş veriblər. Çalış onların əleyhinə bir iş görməyəsən, çünki heç bir şeyin sonunu bilmək olmaz.

Bu söhbətlər göstərir ki, ata və oğul mal-dövlət və hakimiyyət əldə etmək üçün müsəlmanlıqdan bir vasitə kimi istifadə etmişlər.

ÖLKƏNİ İDARƏ ETMƏKDƏ MÜAVİYƏNİN SİYASƏTİ

Müaviyənin silahlı keşikçiləri var idi ki, məscidə gedəndə onu qoruyurdular. Belə ki, namazda ayağından yaralandıqdan sonra (vurulan zərbədən), ona bir qəfəs düzəldirlər ki, namazı onun içində qılsın. Rəsmi görüşlərdə əskərlər onun canını qoruyurdular. Özündən əvvəlki hakimlərin dövründə belə üslubdan istifadə edilməmişdi. Onlar məscidə tək gedər, digər müsəlmanlarla birgə əyləşər, şikayətçilərə qulaq asıb onların suallarına cavab verərdilər. Hökumət məmurları ilə xalq arasında ayrılıq demək olar ki, Müaviyənin dövründə baş verdi. Müaviyə öz əzəmət və böyüklüyünü xalqa göstərməkdən ötrü təmtəraqlı qəbul salonu, çox baha başa gələn qiymətli xalçalar və başqa ziynət əşyaları ilə bəzənmiş saraylar tikdirdi. Belə saraylar tikdirdiyinə görə Əbuzərin e’tiraz səsi ucalmışdı.
Müaviyə 20 illik hökmranlıq dövründə öz hakimiyyət dairəsini genişləndirməyə çalışırdı. O, bununla xəzinənin gəlirini artırmaq və qüdrət sahibi olmaqla bu ölkələrin idarə edilməsinin öhdəsindən gəlmək, qonşu ölkələri qorxutmaq, həmçinin ona tabe olmayanların üsyan və iğtişaş salmalarının qarşısını almaq istəyirdi.
Geniş əraziyə malik ölkələri Şam, Hicaz, Misir, İraq və onlarla bağlı əyalətləri (İran) idarə etmək üçün işbacaran adamlardan istifadə etməli idi. Buna görə də hər kəsdə ləyaqət görsəydi onu iş başına qoyar, müxalifləri isə özünə tərəf çəkərdi. Şamdan nigaran deyildi, çünki müsəlman olduqları gündən onun kimi hakim görmüş və onun əhali ilə rəftarı islamdan əvvəlki hökumətlərin rəftarından yaxşı olmuşdu. Təəccüblü deyil ki, Abbasi hakimiyyətinin ilk dövründə Abdullah ibni Əli Şam şeyxlərindən bir dəstəsini Səffahın yanına göndərir ki, bunlar bu ölkənin ağıllı və bilikli adamları hesab olunurdular. Onlar and içdilər ki, siz əmir olmamışdan qabaq Peyğəmbər (s)-ın bəni Üməyyədən savayı qohumları olması haqda bizim xəbərimiz olmamışdı.
Hicazdan da arxayın idi, çünki orada Muzərilər əksəriyyət təşkil edirdilər. Onlar da Müaviyənin tərəfini saxlayırdılar. Ancaq Misir, İraq və şərq nahiyəsinə elə adamlar seçməli idi ki, həm özləri ona tabe olsun, həm də əhalini ona tabe etsinlər. Bu hakimlər cəsarətli, rəhmsiz, həmçinin mənsəbpərəst və bir də xalqı bütün xüsusiyyətlərinə görə yaxşı tanıyan şəxslər olmalı idilər. Misiri Əmr ibni Asa, Kufəni isə Muğəyrə ibni Şö’bəyə tapşırdı. Müaviyə Ömər tərəfindən Şamda vali olarkən Əmr onun rüxsəti ilə xəlifənin göstərişi olmadan Misirə gedərək oranı ələ keçirmişdi. Müaviyə ilə Əli (ə)-ın arasında münaqişə bşa verən zaman Əmr Misirin hakimiyyətinin ona verilməsi şərti ilə onun yanında dayanmışdı. Hicri tarixinin 38-ci ilində Müaviyə bu vəzifəni ona tapşırdı. Əmrin hiyləgər, işbilən, tədbirli olmasını keçən bəhslərdə söyləmişdik. Hicrətin yeddinci ili Hüdeybiyyə sülhünə əsasən Peyğəmbər (s) müsəlmanlarla Məkkəyə ümrə ziyarətinə gedən zaman o həzrətin əzəmətini və müsəlmanların ona qarşı ehtiramını gördükdən sonra Əmrin müsəlman olması onun uzaqgörənliyinə bariz sübutdur. Qüreyşin ağalığının və qəbilə hökmranlığının sona çatdığını başa düşüb Məkkə fəth olunmamışdan əvvəl Xalid ibni Vəlidlə birgə Mədinəyə gələrək müsəlman olmuşdu. Süffeyn döyüşündə məhz onun tədbirilə Müaviyənin qoşunu Qur’anları nizələrin ucuna taxaraq İraq qoşununu Qur’ana tərəf çağırdıqda onlar arasında ixtilaf düşmüşdü. Əmrin uzaqgörənliyi o həddə qədər idi ki, fikirləşdiyi planlar Müaviyə üçün zərərli özü üçün isə faydalı olsun. Hər halda Əmrin Misirdəki hakimiyyəti çox uzun sürmədi və hicrətin 43-cü ilində öldü.
Əmrdən sonra Müaviyənin qardaşı Utbə ibni Əbu Süfyan Misirin hakimi oldu. Sonradan digər 30 nəfər də Əməvilər xilafətinin ayrı-ayrı yerlərində hakim oldular. Müaviyənin hakimiyyəti dövrü Uqbə ibni Nafe’ qərb istiqamətindəki şəhərləri fəth edirdi və 50-ci ildə Müaviyə Tunisi (İfriqiyyə, Afrika) rəsmi surətdə ona tapşırdı. Uqbə Qeyrəvanda əskərlər üçün xüsusi yer tikib Tunisdəki imperiya qoşunlarını, həmçinin bərbərilərlə vuruşaraq şimali Afrikada islamı rövnəqləndirdi. Nəhayət yürüşlərin birində bərbər əskərlərinin sui-qəsdilə öldürüldü. Uqbə imanlı və cəsur bir şəxs idi, şəhərləri fəth etməkdən ancaq Allah razılığı və dinin yayılması məqsədini güdürdü. Deyilənlərə görə o, Atlantik okeanına qədər irəliləyərək qılıncını siyirib belə dedi: And olsun Allaha, əgər o tayda əhali yaşadığını bilsəydim, təkallahlığı yaymaq üçün onlarla vuruşardım. 41-ci ildə Müaviyə Kufənin hakimiyyətini Əmr ibni Asın oğlu Abdullaha tapşırsa da bir müddətdən sonra Muğeyrə ibni Şö’bəni oraya hakim tə’yin etdi. Muğeyrə hicrətin 21-24 illərində Ömər və Osman tərəfindən Kufədə hakim olmuşdu. O, islamın ilk çağlarında zirəkliklə məşhurlaşmış dörd nəfərdən biridir, o biri üç nəfər isə Müaviyə, Əmr və Ziyad hesab olunurlar. Ziyadın kimliyi haqda sonra danışacağıq.
Mühüm əyalətlərdən olan Bəsrədə də vəziyyət qarşıq idi. Xəvaric yenidən dirçələrək bu şəhəri özləri üçün müqavimət mərkəzinə çevirmişdilər. Müaviyə öz nəzərində Ziyadı Bəsrəyə hakim tə’yin etməyi planlaşdırsa da, o, bu vaxtlar onun sərt müxalifi idi. Muğeyrə hələ Bəsrədə hakim olan zaman Ziyad onun yanında yaşayırdı, çünki başına gələn hadisədə onun da haqqı var idi. Nəticəsi əvvəldən müəyyən edilmiş bu hadisə islamın əvvəllərində baş vermiş heyrət doğurucu hadisələrdəndir. Əhvalatın xülasəsi belədir: Muğeyrənin zina (qeyri-qanuni şəkildə cinsi əlaqədə olmaq) etdiyi iddia edildikdən və üç nəfər açıq-aydın şəhadət verdikdən sonra növbə Ziyada yetişəndə Ömər dedi: Mən qarşımda elə bir şəxsi görürəm ki, ümidvaram onun vasitəsilə Peyğəmbər səhabəsi olan bir şəxs daşqalaq olunmaqdan qurtulsun (Əğaninin yazdığına görə mühacirlərdən olan bir nəfər, yə’ni) Ziyad onun əleyhinə şahidlik verməyəndə Muğeyrə qəti ölüm cəzasından yaxa qurtardı və Ömər o biri üç şahidə şallaq vurdu.
Əli (ə)-ın xilafəti zamanı Ziyadın işi daha da rövnəq tapdı. Belə ki, İmam onu Fars əyalətinə hakim, sonra isə ibni Abbas Bəsrə hakimiyyətindən əl çəkəndən sonra oraya vali tə’yin olundu. Ziyadın Bəsrədə törətdiyi əhvalatı (Əzdi ilə Təmimi arasında olan ixtilaf) başqa yerdə yazmışam. Əli (ə) Kufə məscidində yaralanan zaman Ziyad Fars əyalətində idi. Müaviyə imam Həsən (ə)-la sülh sazişini imzalayaraq özünü müsəlmanların xəlifəsi e’lan etdikdən sonra Ziyad minbərdə xütbə oxuyub Müaviyəni tənqid etdi. Müaviyə qorxdu ki, o, Peyğəmbər ailəsinə tərəf yönəlib əhalini onlardan birinin xəlifə olmasına tə’rəf də’vət edə. Muğeyrəni yanına çağıraraq əhvalatı ona danışdı. Muğeyrə Ziyadın yanına gedib ona, hər ikisinə tanış olan bir tərzdə başa saldı ki, onun düşündüyü islam hökuməti artıq aradan getmiş, ərəb və Qüreyş hakimiyyətinin yeni dövrü başlanmışdır. Müaviyənin tərəfinə keçməsi onun üçün də xeyirli olardı və nəhayət o, bu işə öz razılığını bildirdi. Müaviyə Ziyadı özünə hərtərəfli yoldaş etmək üçün islamda misli görünməmiş bir işə əl atdı.

Mənbə:
www.Islam-azeri.az

Top