İlk müsəlmanlar

İlk müsəlmanlar

Peyğəmbərdən sonra ilk müsəlmanlığı qəbul edən şəxsin kişiliyi barədə müxtəlif mülahizələr vardır. Bə’zi mənbələrdə ilk müsəlmanlığı qəbul edən şəxsin Xədicə, bə’zilərində isə Əli(ə) olduğu göstərilir. Lakin həzrət Mühəmməd (s)-in aşağıdakı kəlamını xatırlatsaq, həmin şəxsin kim olduğu sadə bir məntiqlə aydınlaşar: “Bu, yə’ni Əli(ə) mənə iman gətirən, məni təsdiqləyən və mənimlə namaz qılan ilk şəxsdir.” Həmçinin Əli(ə)-ın özü belə söyləmişdir: “Mən haqqa yetişən, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın rəsulundan başqa heç kəs məndən əvvəl namaz qılmamışdır.” Buradan belə mə’lum olur ki, ilk iman gətirən Əli (ə), sonra Xədicə olmuşdur. Onlardan sonra isə Zeyd ibn Harisə müsəlmanlığı qəbul etmişdir. Əfif Kəndi Peyğəmbər (s) zamanında belə bir hadisənin şahidi olmuşdu: O, parça və ətir almaq üçün Məkkəyə gəlir.

Sonra isə tacir Abbas ibn Əbdülmüttəliblə görüşür. Onun yanında olan zaman birdən bir gözəl cavan gəlir. Səmaya üz tutduqdan sonra Kə’bə ilə üzbəüz durur. Kiçik fasilədən sonra bir yeniyetmə oğlan gəlib onun sağ tərəfində dayanır. Çox keçmir ki, bir qadın da gəlib onun arxasında durur. Sonra həmin cavan rüku edir, onlar da rüku edirlər. Cavan rükudan qalxır, onlar da qalxırlar. Sonra isə həmin cavanın arxasınca o iki nəfər səcdə edir. Gördüklərindən heç bir şey anlamayan Əfif Kəndi Abbasdan onların kim olduğunu soruşduqda ondan belə bir cavab alır ki, həmin cavan onun qardaşı oğlu Mühəmməd ibn Abdullahdır. Yanındakı yeniyetmə digər qardaşının oğlu Əli ibn Əbu Talibdir. O qadın isə Xüvəylidin qızı, Mühəmməd (s)-in həyat yoldaşı Xədicədir. Sonra əlavə etdi ki, qardaşı oğlu Mühəmməd (s) yeni dinin banisidir və o, Tanrı tərəfindən bütün insanların peyğəmbəri seçilmişdir. Abbas hal-hazırda yalnız bu üç nəfərin həmin dində olduğunu qeyd etmişdir.1

Əvvəldə söylədiyimiz kimi, Əli (ə) və Xədicədən sonra Peyğəmbərin nökəri Zeyd ibn Harisə müsəlman olmuşdur. Burada Əmr ibn Səlminin Peyğəmbərlə söhbətini xatırlamaq yerinə düşərdi. Bir gün o, Mühəmməd (s)-dən dini, onun dində yeri, vəzifəsi haqqında soruşub Rəsuli-Əkrəmdən cavab aldıqdan sonra həmin dinin Peyğəmbərdən başqa daha hansı daşıyıcıları olduğunu öyrənmək istədikdə o Həzrət belə buyurmuşdu: “Əbu Talibin oğlu Əli (ə), yoldaşım Xədicə və nökərim Zeyd ibn Harisə”.

Top