Kəbə - böyük daşlardan təxminən kub formasında tikilmiş bir formaya malikdir.
Kəbənin şimal-şərq divarı 12.63 m, şimal-qərb divarı 11.03 m, cənub-qərb divarı 13.10 m, cənub-şərq divarı 11.22 m və hündürlüyü 13.10 m-dir. Bu müqəddəs tikilinin sahəsi 128.4 m²-dir. Divarlarinda istifadə olunan daşlar Məkkə yaxınlığındakı təpələrdən gətirilmiş qranit daşlardır. Kəbə binasının küncləri düz yer kürəsinin qütblərinə - şimal, cənub, şərq ve qərb istiqamətlərinə istiqamətlənmişdir. Bu künclərin hər birinin öz xüsusi adı vardır. Kəbənin şərq küncündə Həcərul Əsvad adlanan qara daş yerləşir. Şimal küncü İraq, qerb Şam, cənub ise Yəmən küncü adlanır.
Kəbənin üzəri “kisvah” adlanan, qızıl saplarla işlənmiş ipək parça ilə örtülür. Bu örtük hər il həcc mövsümündə yenisi ilə əvəz olunur. Kisvah 658 m² bir sahəni örtür və onun toxunulmasina 670 kiloqram xalis ipək işlədilir. Onun üzərindəki naxışların vurulması üçün isə 15 kiloqram qızıl saplardan istifadə olunur. Bu naxışlarla ipəyin üzərinə şəhadət kəliməsi və Quran ayələri yazılır. Bu örtük 47 hissədən ibarətdir. Bu örtük Kəbənin üzərinə örtülür və yerə mis halqalarla bərkidilir. Onun düzəldilməsi təqribən 4.5 milyon ABŞ dollarına başa gəlir.
Kəbənin cənub-qərb divarının qabağında hündürlüyü 90 sm və eni 1.5 m olan yarım dairə şəkilli, ağ mərmərdən tikilmiş divar var. Bu ərazi “Hatim” adlanır ve Kəbənin bir parçası hesab olunduğu üçün, təvaf zamanı oraya daxil olunmasına icazə verilmir.
Kəbənin qapısı yerdən 2 m hündürlükdə şimal-şərq divarında yerləşir. Oraya qalxmaq üçün təkərler üzərində quraşdırılmış taxta pilləkandan istifadə olunur. Bu pilləkan adətən məsciddə, arka formalı Banu Şayban qapısı ilə Zəm zəm quyusunun arasında saxlanılır. Kəbənin döşəməsi qranitdəndir. Divarlar içəri üzdən yarıya qədər Quran ayələri ilə bəzədilmiş qranitdən, yarıdan yuxarı isə üzərində qızıl saplarla Quran ayələri işlənilmiş yaşıl parçadan ibarətdir.
Kəbənin içəri hissəsinin təmizlənməsi mərasimi ildə iki dəfə yerinə yetirilir. Bu mərasimlər Ramazan ayının və Həcc mövsümünün başlanılmasından 15 gün əvvəl yerinə yetirilir. Kəbənin açarları Banu Şayba qəbiləsində saxlanılır. İçərinin təmizlənməsi üçün adi süpürgələrdən istifadə olunur. Oranı Zəm-zəm suyu ilə Fars qızıl gül suyunun qarışığı ilə yuyurlar.
(Şəkildə sol tərəfdə İbrahimin (Allahın ona salamı olsun) vaxtındakı Kəbənin modeli, sağ tərəfdə isə hal hazırdakı Kəbənin modelidir.)