Türkiyənin son 70 ildə tarixi

Türkiyənin son 70 ildə tarixi

İkinci Dünya müharibəsində hər iki tərəfin cəhdlərinə baxmayaraq, Türkiyə bitərəf qaldı. 1945-ci ilin fevralında Türkiyə Almaniya və Yaponiyaya müharibə elan etdi. Yaranması nəzərdə tutulan BMT-yə üzv qəbul edilmək üçün bu addımın atılması əsas şərt idi. Lakin bu dövrdə Türkiyənin beynəlxalq vəziyyəti çətin idi. Belə ki 1945-ci ilin martında SSRİ Türkiyəyə ərazi iddiaları irəli sürmüşdü. Ona görə də Türkiyə SSRİ-nin təcavüz təhlükəsinə qarşı ABŞ-la yaxınlaşmağa məcbur idi. Trumen doktrinası və Marşall planına əsasən, ABŞ Türkiyəyə hərbi-iqtisadi yardım göstərdi.

Müharibə dövründə həyata keçirilən iqtisadi siyasət – əmlak və torpaq vergisi böyük torpaq və sənaye müəssisələri sahiblərinin narazılığına səbəb olmuşdu. 1945-ci ildə qəbul edilən aqrar qanuna görə, dövlət torpaqlarının torpaqsız kəndlilərə paylanması və böyük torpaq sahiblərinin mülklərinin bir hissəsinin milliləşdirilməsi nəzərdə tutulurdu. Qanun torpaq sahiblərinin narazılığı ilə nəticələndi. Ona görə də onlar torpaq sahibləri olan millət vəkillərinin təzyiqi ilə yumşaldıldı.

Türkiyəni İkinci Dünya müharibəsinə daxil olmasına imkan verməyən prezident İsmət İnönü müharibədən sonra ölkədə demokratiyanın genişlənməsini təmin etdi. O, ölkənin qarşılaşdığı sosial-iqtisadi problemlərin xarici iqtisadi əlaqələr genişləndirilmədən həll edilməyəcəyini anlayırdı. Ona görə də bu dövrdə siyasi, iqtisadi və sosial sahələrdə islahatlar keçirildi.

1940-cı illərin ikinci yarısı – 1950-ci illərdən başlayaraq Türkiyədə dövlətin iqtisadiyyata nəzarəti nisbətən zəiflədi. İqtisadiyyatda xarici ticarətə imkan verən liberal siyasət həyata keçirilməyə başlandı.

İkinci Dünya müharibəsindən sonra yaranmış beynəlxalq siyasi və iqtisadi sistem Türkiyənin daxili siyasi durumuna da təsir göstərdi. BMT-yə üzv olan Türkiyə daxili siyasətində demokratikləşmə tədbirləri həyata keçirdi. İlk növbədə, siyasi partiyaların yaradılmasına icazə verildi. Müharibədən sonra iqtidarda olan Cümhuriyyət Xalq Partiyasının bir qrup üzvü ayrılaraq Demokrat Partiyasını qurdu. Onlar iqtisadi siyasətdə milliləşdirmənin əleyhinə çıxırdılar.1950-ci il seçkilərində Demokrat Partiyasının qalib gəlməsi Türkiyə tarixində dönüş nöqtəsi oldu. Partiyanın liderləri Cəlal Bayar prezident, Adnan Menderes isə Baş nazir oldu. Bu dövrdə Türkiyənin xarici siyasətində ABŞ-a meyil gücləndi. Türkiyə NATO-ya daxil olmaq üçün Koreya müharibəsində ABŞ-ın və Cənubi Koreyanın müttəfiqi kimi fəal iştirak etdi. Nəticədə 1952-ci ildə NATO-ya daxil oldu. Onun ərazisində ABŞ hərbi bazasının yaradılmasına icazə verildi. 1950-ci illərin ortalarından başlayan iqtisadi zəifləmə və böhran əlamətləri daxili vəziyyəti gərginləşdirdi. Türkiyə iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı məhsullarına xarici tələbatın azalması ölkənin gəlirlərini aşağı saldı. İnflyasiya sabit gəlirli əhalinin – məmurların, müəllimlərin, fəhlələrin və hərbçilərin vəziyyətinə mənfi təsir göstərirdi. Tezliklə iqtisadi və siyasi səbəblər üzündən Demokrat Partiyasına qarşı narazılıq artdı. Mətbuat, məhkəmə və ali məktəblərə təzyiqin çoxalması bunun səbəblərindən biri idi. Ölkədə siyasi qütbləşmə və gərginlik tədricən yüksəlirdi. Baş nazir Menderes mətbuatda və çıxışlarında iqtisadi rifahın mövcud olduğunu iddia etsə də, əslində, iqtisadiyyat pozulmuş, yoxsulluq artmışdı. Nəticədə tələbə nümayişləri baş qaldırdı. 1960-cı ildə hərbi çevriliş baş verdi və ordu hakimiyyəti ələ keçirdi. Beləliklə, Türkiyə tarixində hərbi çevrilişlər dövrünün başlanğıcı qoyuldu.

Türkiyə 1960–1980-ci illərdə. 1961-ci ildə yeni Konstitusiya qəbul edildi. Onun önəmli cəhəti hakimiyyət bölgüsü prinsipinin güclənməsi və icra hakimiyyətinin səlahiyyətlərinin məhdudlaşdırılması idi. Hökumətə nəzarəti artırmaq üçün Konstitusiya Məhkəməsi yaradıldı. Məhkəmə müstəqilliyi əsas hüquq və azadlıqların təminatı hesab edilirdi. Məhkəmə ilk dəfə olaraq qanunverici və icraedici hakimiyyət qolları ilə bərabər, “üçüncü hakimiyyət” qurumu kimi tanındı. İcraedici hakimiyyətin səlahiyyətləri məhdudlaşdırıldı və ona nəzarət gücləndirildi. Mətbuat azadlığı genişləndi. 1961-ci il Konstitusiyasının təmin etdiyi siyasi azadlıqlar həmkarlar ittifaqı və sol təmayüllü təşkilatların (Kommunist və s.) yaranmasına səbəb oldu. Lakin 1969-cu ildən genişlənən siyasi sabitsizlik və qütbləşmə ordunun yenidən siyasətə müdaxiləsinə gətirib çıxardı. 1971-ci ildə yaranan yarıhərbi rejim dövründə Konstitusiya dəyişikliyi edildi. Nəticədə əsas hüquq və azadlıqlar, TRT (dövlət televiziyası) və universitetlərin muxtariyyəti məhdudlaşdırıldı. İcraedici hakimiyyətin səlahiyyətləri gücləndirildi və ona məhkəmə nəzarəti zəiflədi.

1950-ci illərdən başlayaraq Kipr məsələsi Türkiyənin xarici siyasətinin əsas problemlərindən birinə çevrilmişdi. Adanın yunan və türk icması arasında fikir ayrılığı var idi. Yunanlar Kiprin Yunanıstana ilhaq edilməsini (enosis), türklər isə iki tərəf arasında bölünməsini təklif edirdilər.

1960-cı illərdə Kiprdə (Kıbrıs) vəziyyət gərginləşdi. Yunan millətçiləri Kiprin türk əhalisinə qarşı soyqırımı və terror siyasəti həyata keçirdi. 1974-cü ildə Yunanıstanın Kipri enosis (birləşdirmə) cəhdinə cavab olaraq Türkiyə “Kıbrıs (Kipr) sülh hərəkatı” adı ilə adaya qoşun çıxardı.

Türk əhalisinin soyqırımına göz yuman ABŞ, İngiltərə və SSRİ bu hadisəni işğal kimi qiymətləndirdi. Türkiyəyə qarşı siyasi təzyiq və iqtisadi embarqo tətbiq edildi. Lakin Türkiyənin Baş naziriBülənt Ecevit qətiyyət göstərərək geri addım atmadı. Kiprin şimalında türk dövlətinin yaradılması ilə ada iki hissəyə bölündü.

1970-ci illər Türkiyədə siyasi qeyri-sabitlik və tez-tez baş verən hökumət dəyişiklikləri ilə səciyyəvidir. Sağ (mühafizəkar və millətçi) və sol (sosialist və kommunist) təmayüllü təşkilatlar arasında siyasi mübarizə artıq silahlı mübarizəyə çevrilirdi. Terror və müxtəlif siyasi qruplar arasında silahlı münaqişələr artmışdı. Bu isə cəmiyyətdə xaos yaradırdı. Həmkarlar ittifaqlarının təşkil etdikləri tətil hərəkatı genişlənirdi. Belə bir siyasi şəraitdə 1980-ci ildə yeni hərbi çevriliş baş verdi. Kənan Evrenin başçılığı ilə hərbi rejim yaradıldı. Siyasi ziddiyyətləri aradan qaldırmaq üçün bir çox siyasi liderlərə siyasi fəaliyyət qadağası qoyuldu. 1983-cü ildə fövqəladə vəziyyət ləğv edildi və seçkilər nəticəsində hakimiyyətə Turqut Özal gəldi. 

Turqut Özalın inkişaf planı
İnkişaf üçün zəruri ünsürlərin başında ixracat və görünməyən gəlirlər (turizm, xidmət və s.) dayanır. … Sabit inkişafın ən önəmli şərti budur. Mənbələrdən ən əhəmiyyətlisi vətəndaşların qənaətidir. … Xarici borc ağıllı edilərsə, valyuta gətirə biləcək layihələrdən istifadə olunarsa, Türkiyə təkrar sıxıntıya düşmədən bu mənbələri istifadə edə bilər. Məsələn, 1 milyard dollar borcla etdiyimiz yatırım bir neçə il ərzində 1 milyardlıq ixracat həyata keçirirsə, bu, ağıllı borclanmadır. Beləliklə, həm borclar rahat ödənər, həm də başqasının pulundan istifadə etməklə daha sürətlə inkişaf baş verər. Keçmişdə borclanma sahəsində edilən səhv alınan borcların valyuta qazandırmayan yatırımlara sərf edilməsi idi. … Həmçinin xarici kapital ağıllı bir siyasətlə Türkiyəyə gətirilə bilərsə, həm texnoloji inkişaf sürəti artar, həm də işsizliyi qısa zamanda həll edə bilərik.
“Turqut Özalın görüşləri”
Tariх. İstanbul, 2002, səh. 355

Turqut Özal iqtisadiyyatda liberal islahatlar həyata keçirdi. Onun hakimiyyəti illərində azad bazar iqtisadiyyatı tətbiq edildi. Xarici ticarət sərbəstləşdirildi. Xarici kapital təşviq edildi. İstehsal, nəqliyyat və rabitənin inkişafına şərait yaradıldı.

1989-cu ildə prezident seçilən T.Özal 1993- cü ildə vəfat etdi. Həmin il Süleyman Dəmirəl prezident, Tansu Çillər isə Türkiyənin ilk qadın Baş naziri oldu.

1990-cı illərdə siyasi sabitsizlik tədricən ölkənin iqtisadi vəziyyətinə mənfi təsir göstərdi. Əhalinin yüksək artımı və kəndlərdən şəhərlərə axını demoqrafik tarazlığı pozmuşdu. İşsizlik və inflyasiya sürətlə çoxalırdı. Gəlirlərin bölüşdürülməsində ədalətsizlik və korrupsiya bu dövrdə ölkənin əsas sosial problemlərindən biri oldu. Xarici dövlətlərin Türkiyəyə təsir vasitəsinə çevrilən separatçı PKK (Kürdistan İşçi partiyası) təşkilatı terrorçuluq fəaliyyətini genişləndirdi. 2002-ci il seçkilərində qalib gələn Ədalət və İnkişaf Partiyası hələ də hakimiyyətdədir. Bu partiyanın lideri Rəcəb Tayyib Ərdoğan əvvəl Baş nazir, sonralar isə prezident seçildi.

Top