Türkiyə dövləti XX əsrin ikinci yarısında

Türkiyə dövləti XX əsrin ikinci yarısında

Müharibədən sonrakı ilk illərdə Türkiyədə ən vacib problem iqtisadiyyatın sağlamlaşdırılması idi. Türkiyənin ixrac etdiyi kənd təsərrüfatı malları Avropa bazarında rəqabətə dözə bilmirdi. Buna görə də Türkiyə hökuməti bir sıra islahatlar keçirmək qərarına gəldi. Əhalinin əmək münasibətlərini qaydaya salmaq üçün Əmək nazirliyi yaradıldı. Ərzaq vergisi ləğv edildi. 1945-ci ildə Türkiyə Böyük Millət Məclisi Torpaq islahatı haqqında qanunu təsdiq etdi. Qanunda ehtiyacı olan hər bir kəndliyə torpaq verilməsi nəzərdə tutulurdu. Torpaq islahatı 1947-ci ildən həyata keçirilməyə başladı. Şəxsi torpaq sahələrinə toxunulmadı Hakim dairələr “qapalı” iqtisadi siyasətdən imtina etdilər. Onlar respublika döründə ilk dəfə olaraq ölkənin kapitalını xarici kapital üçün açıq elan etdilər. 1947-ci il iyulun 12-də Ankarada ABŞ ilə Türkiyə arasında “Trumen doktrinası” çərçivəsində Türkiyəyə maddi yardım göstərilməsi haqqında müqavilə imzalandı.
“Marşall planı” əsasında ABŞ və Türkiyə arasında 1948-ci il iyulun 4-də bağlanan müqavilə ilə ABŞ kapitalının ölkəyə axını daha geniş miqyas aldı. Bu addım ölkədə iqtisadiyyatın liberallaşmasına və azad bazar iqtisadiyyatının inkişafına təkan verdi. 1950-ci il seçkilərində Demokratik partiya qələbə çalaraq hakimiyyətə gəldi. Cəlal Bayar respublikanın prezidenti seçildi. Hökumət xüsusi və xarici kapitala geniş imkan yaradaraqetatizm siyasətini məhdudlaşdırdı. Türkiyə NATO-ya və “Bağdad paktı”na daxil oldu. 1960-cı il aprelin 27-də İstanbul Universitetinin tələbələri demokratiyanın məhdudlaşdırılmasına qarşı etiraz mitinqi təşkil etdilər. 1960-cı il mayın 27-də Ankara və İstanbul qarnizonları hökumət idarələrini ələ keçirərək hərbi çevriliş etdilər. Hakimiyyət Milli Birlik Komitəsinin (MBK) əlinə keçdi. 1924-cü il konstitusiyası ləğv olundu, Böyük Millət Məclisi buraxıldı və siyasi partiyaların fəaliyyəti qadağan olundu. Bununla da, Birinci respublika sona yetdi. 1961-ci ilin yazında İsmət İnönünün rəhbərliyi ilə fəaliyyətə başlamış hökumət Türkiyə tarixində ikinci respublika adlandırılır. Lakin yeni məclis və ilk koalisiyalı hökumət təxirəsalınmaz sosial-iqtisadi problemləri həll edə bilmədi. İ.İnönü istefa verdi. İyun ayında ikinci koalisiyalı hökumət təşkil edildi.
Turkiye regionlari
1963-1966-cı illərdə ölkədə fasiləsiz olaraq hökumət böhranları baş verdi. Hökumət kabinetləri bir-birini əvəz edirdi. Yalnız 1966-cı ildə ordu generalı Cövdət Sunayın prezident seçilməsi ilə ölkədəki siyasi gərginlik bir qədər zəiflədi. 1973-cü ilin aprelində Fəxri Korutürk prezident seçildi. Yeni hökumət aqrar islahat haqqında qanunu Məclisdən keçirdi. Bu islahat mülkədar torpaqlarının bir hissəsinin əvəzi ödənilməklə alınıb kəndlilərə satılmasını nəzərdə tuturdu. Kəndlilər torpağın pulunu 15 il müddətinə ödəyə bilərdilər. Yunanıstanın enozis yolu ilə Kipri (Kıbrısı) ilhaq etmək siyasəti Türkiyənin kəskin müqavimətinə səbəb oldu. 1974-cü il iyulun 20-də Kipr (Kıbrıs) Resppublikasının müstəqilliyini və buradakı türk əhalisinin təhlükəsizliyini təmin etmək üçün Türkiyə adaya qoşun çıxardı. “Kipr (Kıbrıs) böhranı” Türkiyənin beynəlxalq vəziyyətini xeyli ağırlaşdırdı. Yeni hökumət böhranı baş verdi. 1975-ci ilin aprel ayında S.Dəmirəlin başçılığı ilə “Milliyətçi cəbhə” koalisiyalı hökumət formalaşdı. 1979-cu ilin oktyabrında keçirilən parlament seçkilərində hakimiyyətə Dəmirəlin başçılığı ilə Ədalət partiyası gəldi. 1980-ci il sentyabrın 12-də general Kənan Evren hərbi çevriliş etdi. Bu çevriliş nəticəsində İkinci respublikaya son qoyuldu. 1983-cü ilin noyabrında keçirilən parlament seçkilərində Ana Vətən partiyası (AVP) qələbə qazandı. Onun lideri Turqut Özal təkpartiyalı hökumət təşkil etdi. Bu, Türkiyə tarixində Üçüncü respublika adlandırılır. T.Özal Türkiyəni iqtisadi böhrandan çıxarmağa müvəffəq oldu. Onun proqramında orta təbəqənin sosial müdafiəsinə xüsusi diqqət verilirdi.
Bunun üçün isə üç qrup tədbirlər sistemi hazırlanmışdı:
1) inflyasiyanı cilovlamaq;
2) orta təbəqənin milli gəlirdən aldığı payı artırmaq;
3) onların əlavə gəlirini çoxaltmaq.
Beynəlxalq aləmdə T.Özal Türkiyədə baş verən “iqtisadi möcüzələrin atası” adlandırılır. O, özəl bölməni iqtisadi sistemin fəaliyyət göstərməsində əsas vasitə hesab edirdi. Onun fikrincə, idxalın liberallaşdırılması bazarın qapılarını xarici mallar üçün geniş açmaqla yanaşı, ölkə daxilində rəqabət mübarizəsi üçün eyni şərait yaratmalı, yerli istehsalçıların məhsullarının istər daxili, istərsə də xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına kömək etməli idi. 1989-cu ilin noyabrında T.Özal Türkiyə Respublikasının Prezidenti seçildi. 1993-cü ildə T.Özal qəflətən vəfat etdi. Həmin il növbədənkənar prezident seçkiləri keçirildi. Süleyman Dəmirəl Prezident seçildi. S.Dəmirəl fəal daxili və xarici siyasət yeridirdi. Türkiyədə son on ildə tez-tez hökumət kabinetləri dəyişmiş, koalisiyalı hökumətlər yaradılmışdır. 2000-ci ilin mayında S.Dəmirəlin prezidentlik müddəti başa çatdı. Onu bu vəzifədə Əhməd Nejdət Sezər əvəz etdi. Hazırda Türkiyə hökumətinə “Ədalət və İnkişaf” partiyasının lideri Rəcəb Taib Ərdoğan başçılıq edir.
Top