Mustafa Kamal Atatürk 1881-ci ildə Yunanıstanın Selanik şəhərində anadan olub. Atası Əlirza bəy, anası Zibeydə xanımdır. İbtidai və orta təhsilini Selanikdə almış, 1899-cu ildə Hərbiyyə məktəbinə daxil olmuş, 1902-ci ildə oranı bitirmişdir. Polkovnik rütbəsi ilə Çanaqqala savaşlarına qatılmış, 1916-cı ildə general rütbəsi ilə təltif olunmuş, Diyarbəkir Cəbhədindəki 16-cı briqadanın komandanlığına gətirilmişdir. 1918-ci il noyabrın 7-də Osmanlı padşahı tərəfindən geri çağrılmış və 1919-cu il aprelin 30-da Ərzurumda yerləşən 9-cu ordu müfəttişliyinə təyin olunmuşdur.
Türk millətinin parçalanmaq və bölünmək istəndiyi Vətəni xilas etmək məqsədi ilə 1919-cu il mayın 19-da Samsuna ayaq basmış, düşüncələri səbəbi ilə iyun ayının 8-də təkrar İstanbula çağrılsa da getməmiş, vəzifəsindən istefa vermiş və Milli Azadlıq Hərəkatını başlamışdır. Sivas və Ərzurum konfranslarını keçirmiş, 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin ilk toplantısını çağırmış, bir gün sonra onun sədri seçilmişdir. 5 avqust 1921-ci ildə Məclis bütün səlahiyyətləri ona verərək Atatürkü Baş Komandan seçmişdir. Məclis 19 sentyabr 1921-ci ildə ona Marşal rütbəsi və Qazi adı vermişdir. 26 avqust 1922-ci ildə Böyük Hücumu təşkil etmiş, 30 avqust 1922-ci ildə Baş Komandanlıq Meydan Müharibəsini qazanmışdır. Padşahlığı və xəlifəliyi ləğv etmiş, bu haqda 1 noyabr 1922-ci ildə Böyük Millət Məclisi qərar vermişdir. 9 sentyabr 1923-cü ildə özünün yaratdığı Cümhuriyyət Xalq Partiyasının sədri seçilmişdir. Lozanna müqaviləsindən sonra 11 avqust 1923-cü ildə yenidən TBMM sədri seçilmiş, 29 oktyabr 1923-cü ildə - Respublikanın elan edildiyi gün Türkiyə Respublikasının prezidenti seçilmişdir. Dörd dəfə dalbadal seçildiyi bu vəzifəni ömrünün sonuna qədər daşımış, 10 noyabr 1938-ci ildə dünyasını dəyişmişdir. Fransızca və almanca bilirdi. Övladı yox idi.
İsmət İnönü 1884-cü ildə İzmirdə anadan olub. Atası Hacı Rəşid bəy, anası Cövriyyə xanımdır. İbtidai və orta təhsilini Sivasda almış, 1903-cü ildə Hərbiyyə məktəbini bitirmişdir. 1910-cu ildə Yəmən üsyanının yatırılmasında iştirak etmiş, mayor rütbəsinə qədər yüksəlmişdir. 1914-cü ildə podpolkovnik, 1915-ci ildə polkovnik olmuşdur. 1916-cı ildə Qafqaz cəbhəsində Atatürkün əmrində fəaliyyət göstərmişdir. 1917-1918-ci illərdə Suriya cəbhəsində ingilislərlə savaşmışdır. Milli Mübarizədə Atatürkün yaxın silahdaşı olmuş, Böyük Millət Məclisinə Ədirnədən millət vəkili seçilmişdir. 1922-ci ildə Mudanya müqaviləsini imzalamış, Lozanna konfransına Türkiyə nümayəndə heyətinin rəhbəri kimi qatılmış, 1924-cü ilin iyulunda Lozanna müqaviləsini imzalamışdır. 1923-1924 və 1925-1937-ci illərdə Türkiyə Respublikasının baş naziri olmuşdur. Atatürkün ölümündən sonra TBMM tərəfindən prezident seçilmiş, 1950-c ilə qədər bu vəzifədə qalmışdır. 25 dekabr 1973-cü ildə dünyasını dəyişmişdir. İngiliscə, almanca və fransızca bilirdi. Evli və üç övlad atası idi.
Cəlal Bayar 1883-cü ildə Bursanın Umurbəy kəndində anadan olub. Atası Abdullah Fəhmi Əfəndi, anası Əminə xanımdır. 1919-cu ildə Saruhan Sancağından millət vəkili seçilmiş, 12 yanvar 1920-ci ildə İstanbulda son dəfə toplaşan Osmanlı Məclisinə qatılmışdır. Məclisdə padşah hökumətinin Milli Mübarizə hərəkatına münasibəti onu qane etməmiş, Ankaraya gəlmiş və Milli Mübarizədə Atatürkün səfində yer almışdır. TBMM-ə Bursadan millət vəkili seçilmiş, 1922-ci ildə müvəqqəti olaraq Xarici İşlər Nazirliyi vəzifəsini icra etmişdir. Eyni il Lozanna konfransına nümayəndə seçilmişdir. 1924-cü ildə Atatürkün tapşırığı ilə Türkiyə İş Bankını yaratmışdır. 1937-ci ildə Baş nazir təyin olunmuş, 25 yanvar 1939-ci ilə qədər bu vəzifəni aparmışdır. 1939 və 1943-cü illərdə İzmirdən millət vəkili seçilmişdir. 1946-cı ildə silahdaşları ilə birlikdə Demokrat Partiyasını təsis etmiş və sədri seçilmişdir. 1950-ci il seçkilərində Demokrat Partiya qalib gəlmiş və TBMM tərəfindən Türkiyənin prezidenti seçilmişdir. 1960-cı ildə 27 may çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılmışdır. 22 avqust 1986-cı ildə dünyasını dəyişmişdir. Fransızca bilirdi. Üç övlad atası idi.
Camal Gürsəl 1895-ci ildə Ərzurumda anadan olub. İbtidai təhsilini Orduda almış, daha sonra Ərzincan hərbi məktəbinə daxil olmuşdur. İstanbul Kuleli Hərbi Litseyində təhsilini davam etdirmiş, 1915-ci ildə Hərb Məktəbini bitirib Türk Sialhlı Qüvvələrinə qatılmışdır. 1917-ci ilə qədər Çanaqqala savaşlarında döyüşmüşdür. Müharibə bitdikdən sonra Fələstin cəbhəsinə təyin olunmuşdur. 1946-cı ildə general rütbəsi almış, 1957-ci ildə Ordu generalı olmuş, 1958-ci ildə Quru Qoşunları Komandanı təyin olunmuşdur. 27 may çevrilişinin lideri olmuş, o tarixdən sonra Milli Birlik Komitəsinin sədri və Türk Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsini daşımışdır. 10 oktyabr 1961-ci il tarixdə TBMM tərəfindən prezident seçilmişdir. Uzun sürən ağır xəstəlikdən sonra 14 sentyabr 1966-cı ildə dünyasını dəyişmişdir. Fransızca bilirdi. Evli idi və bir övladı vardı.
Cövdət Sunay 1899-cu ildə Trabzonda anadan olub. Atası İslam Səbri Əfəndi, anası Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurumda almış, Kərkük və Ədirnədə tamamlamışdır. 1918-ci ildə Misirdə ingilislərlə döyüşmüş və 1 ildən artıq ingilislərdə əsir qalmışdır. Sonra İstanbula qayıtmış, Milli Qurtuluş Hərəkatına qatılmış, Qəhrəmanmaraş və Qaziantepdə fransızlara qarşı vuruşmuşdur. 1927-ci ildə Hərbi Məktəbi bitirmiş, 1930-cu ildə Hərbi Akademiyadan zabit kimi məzun olmuşdur. 1933-cü ildə mayor, 1940-cı ildə podpolkovnik, 1943-cü ildə polkovnik rütbəsi almışdır. 1949-cu ildə general olmuş və 1950-ci ildə Genelkurmay Başkanlığına təyin olunmuşdur. 14 mart 1966-cı ilə qədər bu vəzifədə çalışmış, bu tarixdə senator olmuş, 28 mart 1966-cı ildə isə TBMM tərəfindən prezident deçilmişdir. 22 may 1982-ci ildə dünyasını dəyişmişdir. Fransızca bilirdi. Evli idi və üç övladı var idi.
Fəxri Korutürk 1901-ci ildə İstanbulda andan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montreux Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir. 12 oktyabr 1987-ci ildə dünyasını dəyişmişdir. Almanca, ingiliscə və italyanca bilirdi. Evli idi və üç övladı var idi.
Kənan Evrən 1918-ci ildə Manisanın Alaşəhər bölgəsində anadan olub. Atası Xeyrulla bəy, anası Naciyə xanımdır. İbtidai və orta təhsilini Alaşəhər, Manisa, Balıkəsir və İstanbulda almış, Maltəpə Hərbi Litseyindən məzun olmuşdur. 1946-cı ildə Quru Qoşunları Akademiyasına daxil olmuş, 1949-cu ildə oranı bitirmişdir. 30 avqust 1964 tarixində general, 30 avqust 1974 tarixində isə Ordu generalı rütbələrinə layiq görülmüşdür. 7 mart 1978-ci ildə Genelkurmay başqanı olmuşdur. Türk Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə hakimiyyətə əl qoymasında sonra Milli Təhlükəsizlik Konseyi və dövlət başçılığı vəzifələrini daşımışdır. 7 noyabr 1982-ci il tarixində referendum yolu ilə həm konstitusiya qəbul edilmiş, həm də prezident seçilmişdir. İngilicə bilir. Evlidir və üç övlad atasıdır.
Turqut Özal 1927-ci ildə Malatyada anadan olub. 1950-ci ildə istanbul Texnika Universitetinin Elektrik Mühəndisliyi bölümündən məzun olub. 1958-ci ildə yeni yaradılan Dövlət Planlaşdırma Komitəsinin katibliyinə sədr təyin olunub. 1960-cı ildə Orta Şərq Texniki Universitetində müəllim kimi mühazirə oxumağa başlayıb. 1966-cı ildə Baş nazirin müşaviri təyin olunub. 1971-ci ildən Dünya Bankında işləyib. 12 sentyabr 1982-ci ildən sonra Baş nazir müavini olub. 20 may 1983-cü ildə yaratdığı Ana Vətən partiyasının sədri seçilib. 6 noyabr 1983-cü ildə keçirilən seçkilərdən sonra hökuməti qurub və 1989-cu ilə qədər Baş nazir vəzifəsində çalışıb. 31 oktyabr 1989-cu ildə TBMM tərəfindən prezident seçilib. 17 aprel 1993-cü ildə dünyasını dəyişib. İngiliscə və fransızca bilirdi. Evli idi və üç övladı var idi.
Süleyman Dəmirəl 1 noyabr 1924-cü ildə İspartanın Atabəy bölgəsinin İslamköy kəndində anadan olub. İbtidai təhsilini kənddə alan Dəmirəl orta və litsey təhsilini İsparta və Afyonda tamamlayıb. 1949-cu ildə İstanbul Texnika Universitütindən məzun olub. 1954-1955-ci illərdə ABŞ-da ixtisasına uyğun kurslarda təhsil görüb. 1955-ci ildə Dövlət Su İşləri İdarəsinin müdiri təyin oluunub. Süleyman Dəmirəl siyasi yaşamına 1962-ci ildə Ədalət Partiyasının İdarə Heyyətinə üzv olmaqla başlayıb. 28 noyabr 1964-cü ildə Ədalət partiyasının 2-ci qurultayında partiyanın sədri seçilib. 10 oktyabr 1965-ci ildə keçirilən seçkilərdə sədri olduğu Ədalət partiyası 53 faiz səs toplayaraq təkbaşına iqtidara gəlib. 10 oktyabr 1969-cu ildə onun sədrlik etdiyi partiya yenidən təkbaşına iqtidar olub və Dəmirəl Türkiyə Cümhuriyyətinin 14-cü hükumətini qurub. 12 mart 1971-ci ildə hərbçilərin ultimatumundan sonra baş nazirlik vəzifəsindən ayrılıb. 1971 və 1980-ci illər arasında - 1975, 1977 və 1979-cu illərdə 3 dəfə hökumət qurub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra 7 il müddətinə siyasətlə məşğul olması qadağan olunub. 6 sentyabr 1987-ci ildə keçirilən referendumla qadağalar götürülüb və 24 sentyabr 1987-ci il tarixində Doğru Yol Partiyasının fövqəladə qurultayında partiyanın sədri seçilib. 20 oktyabr 1991-ci il seçkilərindən sonra qurulan koalisiya hökumətinin baş naziri olub. 16 may 1993-cü il tarixində TBMM tərəfindən Türkiyənin 9-cu prezidenti seçilib. Süleyman Dəmirəl Nəzmiyyə Dəmirəllə evlidir. İngiliscə bilir, övladı yoxdur.
Əhməd Necdət Sezər 13 sentyabr 1941-ci ildə Afyonda anadan olub. 1958-ci ildə Afyon litseyindən, 1962-ci ildə Ankara Universiteti Hüquq fakültəsindən məzun olub. Eyni il Ankarada hakimliyə namizəd kimi işə başlayıb. Əsgərliyini Quru Qoşunları Akademiyasında ehtiyatda olan zabit kimi tamamlayıb. Müxtəlif vəzifələrdə işləyib. Ankara Hüquq fakültəsində 1977-1978-ci illərdə mülki hüquq sahəsində magistr pilləsi üzrə təhsil alıb. 7 mart 1983-cü il tarixdə Ali Məhkəmənin üzvü seçilib. Ali Məhkəmənin - Yarqıtay - 2-ci Hüquq Dairəsinin üzvü ikən Ali Məhkəmənin Kollegiyası tərəfindən təqdim olunan üç namizəd arasından prezident tərəfindən 27 oktyabr 1988-ci il tarixdə Konstitusiya Məhkəməsinin üzvü təyin olunub. 6 yanvar 1988-ci ildə Konstitusiya Məhkəməsinin sədri seçilib. 16 may 2000-ci il tarixdə TBMM tərəfindən prezident seçilib. Evlidir. Üç övlad atasıdır.
Abdullah Gül 29 oktyabr 1950-ci ildə Qayseridə anadan olub. 1971-ci ildə İstanbul Universitetinin iqtisad fakültəsinə daxil olub. 1983-cü ildən İslam Bankında müxtəlif vəzifələrdə çalışıb. 1991-ci ildən parlamentə seçilib. Bir müddət Nəcməddin Ərbəkanınn başçılıq etdiyi Rifah partiyasında təmsil olunub. 28 avqust 2007-ci ildə Türkiyə Respublikasının 11-ci prezidenti seçilib. Atatürk və İsmət İnönüdən sonra Türkiyənin ən gənc prezidenti olan Abdullah Gül, həm də, nazir vəzifəsindən birbaşa prezidentliyə yüksələn yeganə siyasətçi kimi tarixə düşüb.
Mənbə: Xural qəzeti, 02-08 sentyabr 2007.