Qeyd etmək lazımdır ki, tarixi ədəbiyyatda «milli şef dövrü(1938-1945-ci illər)» adlanan zamanın hökumətləri Türkiyənin qarşılaşdığı problemlərin öhdəsindən gəlmək üçün bu gün də tarixçilər tərəfindən müxtəlif şəkildə dəyərləndirilən tədbirlər görə bildilər və ədalət naminə demək istərdik ki, ölkəni daha az itkilərlə dünya müharibəsinin sonuna gətirdilər.
Bəlli olduğu kimi, Atatürkün ölümündən sonra 1938-ci ilin 11 noyabrından prezident seçilən İsmət İnönü sələfinin son baş naziri C.Bayarı 1939-cu ilin yanvarına qədər öz vəzifəsində saxladı. Ancaq həmin dövrdə aralarında ciddi fikir fərqi olduğuna görə C.Bayar istefa etdi. 25 yanvardan baş nazir vəzifəsinə başlayan Rəfik Saydam hökumətinin ömrü 1942-ci ilin iyuluna qədər olmuşdur.
Həmin tarixdə R.Saydamın ölümü səbəbindən ayın 9-da baş nazir vəzifəsinə Ş.Saracoğlu təyin olundu. Beləliklə də, ikinci dünya müharibəsi illərində Türkiyədə iki hökumət iqtidarda olmuşdur və onların daxili siyasət kursu bir-birindən xeyli fərqlidir. Belə ki, yuxarıda sadaladığımız problemlərin qarşısını almaq üçün R.Saydam hökuməti daha çox dövlətin nəzarət və tənzimləyici rolunu gücləndirmək yolunu tutmuşdusa, Ş.Saracoğlu özəl təşəbbüslərə və özəl fəaliyyətə, başqa sözlə, az da olsa, ölkə həyatında liberal dəyərlərin yer alması kursuna üstünlük vermişdir. Bu baxımdan bəzi tədbirləri xatırlatmaq istərdik.
Dünya müharibəsinin başlanması səbəbi ilə Türkiyənin qarşısına çıxan çətinlikləri həll etmək yolunda atılan ən mühüm addımlardan birisi 1940-cı ilin ilk günlərində Milli Qorunma qanununun qəbul edilməsi oldu. Qanuna görə iqtisadiyyatı yenidən təşkil etmək məqsədilə hökumətə geniş səlahiyyət və hüquqlar verildi. Dövlətin iqtisadiyyata müdaxiləsi haqları artırıldı, özəl bölmə tamamilə dövlətin nəzarəti altına alındı. Qiymətlərin artmasının, inflyasiyanın yüksəlməsinin, qara bazarın inkişaf etməsinin və s. qarşısının zor gücünə saxlanılması hökumətin daxili siyasətinin məzmununa çevrildi. Lakin bütün bunlar istənilən nəticələri vermirdi.
Odur ki, Ş.Saracoğlu hökuməti dövründə bu siyasətdən imtina edildi. İqtisadiyyat və qiymətlər üzərindəki dövlət nəzarəti müəyyən qədər götürüldü. Bu, qiymətlərin artmasına səbəb olsa da, istehsal səviyyəsini yüksəltməyə maraq yaratdı. Məsələn, dövlət planlaşdırmasının və qiymət nəzarətinin güclü olduğu dövrdə kəndlinin istehsala marağının ölməsi üzündən müharibənin ilk illərində buğda istehsalının səviyyəsi 50% aşağı enmişdi. Yeni siyasətə görə, birincisi, taxılın dövlət tərəfindən satınalma qiyməti qaldırıldı; ikincisi, kəndliyə icazə verilirdi ki, istehsal etdiyi məhsulun 25%-ni (iri istehsalçılara daha çox miqdarda) bazarda və bazar qiymətləri ilə satsın. Bunun da nəticəsində həm istehsalçının, həm də ticarətçilərin vəziyyəti yaxşılaşdı, onların istehsala olan marağı yüksəldi. Kənd təsərrüfatı məhsullarının istehsalını daha da artırmaq üçün əvvəllərdə tətbiq olunan torpaq islahatına yenidən önəm verildi. Ümumiyyətlə, müharibə illərində dövlətin siyasətində kənd və kənd təsərrüfatı mühüm yer tuturdu. Bu da təsadüfi deyildi. Həmin dövrdə ölkə əhalisinin 81%-i kənddə yaşayırdı. Hökumət kəndin təkcə iqtisadi problemlərinə deyil, həm də kəndlinin bir vətəndaş olaraq nüfuzunun yüksəlməsinə maraq göstərirdi. Bu baxımdan «Köy institutları» adlanan və 1940-cı ildən fəaliyyətə başlayan ali məktəblərin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Əsas məqsədi kəndlər üçün müəllim hazırlamaq olan «Köy institutları», tarixçilərin fikrincə, Türkiyənin dünya təhsil tarixinə gətirdiyi ən orijinal modellərdən biridir.
Qeyd etmək lazımdır ki, bu dövrdə müharibəyə hazırlıqla əlaqədar olaraq bir sıra hərbi istehsal sahələrinin inkişafına və yaradılmasına böyük ehtiyac yaranmışdı. Təbiidir ki, bundan xeyli miqdarda yararlananlar olmuşdur və o dövrün təbirincə desək, çoxsaylı «savaş zənginləri» yaranmışdı. Həmin «savaş zənginləri»ndən lazımi miqdarda vergi toplamaq və ümumi milli gəliri ədalətli bölüşdürmək məqsədi ilə varlıq vergisi, əkinçilik sahəsinin «savaş zənginləri»dən isə torpaq məhsulları vergisi alınmağa başlanıldı. Bu sistem müharibənin başlanmasından keçən müddətdə qazanılmış sərvət və qazanclardan vergi alınmasını nəzərdə tuturdu və gəliri gizlədənlərə gəlirin müsadirəsindən tutmuş həbsə qədər ciddi cəzalar verilirdi.
Bunu da qeyd etmək istərdik ki, ölkə iqtisadiyyatı, demək olar ki, bütün sahələrdə ciddi çətinliklərə məruz qalsa da, xarici valyuta ehtiyatlarının çox böyük miqdarda artımı baş vermişdir. Bu da onunla bağlıydı ki, Türkiyə müharibə aparan ölkələrə hərb sənayesi üçün lazımlı olan xrom satırdı və bundan böyük ölçüdə valyuta əldə edirdi. Yeri gəlmişkən bunu da qeyd etmək istərdik ki, müharibə illərində Türkiyənin xarici ticarətində ABŞ-ın rolu xeyli artmışdır. ABŞ şirkətləri ingilislərlə birlikdə bu ölkədə alman şirkətlərinə qarşı ticarət müharibəsi aparırdı və Türkiyənin əsas ixrac məhsullarının alıcısına çevrilmişdi. Fikrimizin təsdiqi üçün təkcə bu fakt kifayət edər: 1941-1944-cü illərdə Türkiyə ixracatında ABŞ-ın payı 14-24% arasında hərəkət edirdisə, 1945-ci ildə bu rəqəm 44%-i keçirdi. Ümumiyyətlə bu əməkdaşlıq müharibə başa çatdıqdan sonra Türkiyə-ABŞ yaxınlaşmasının zəmininə çevrildi.
Təbiidir ki, haqqında müəyyən qədər bəhs etdiyimiz tədbirlər Türkiyənin daxili iqtisadi həyatına dünya müharibəsinin gətirdiyi çətinliklərin qarşısının az-çox dərəcədə alınması ilə məhdudlaşıb qalmadı. Onlar həm də ölkənin sosial və siyasi həyatında müəyyən dəyişikliklərə gətirdi, dərin izlər buraxdı. Liberal dəyərlərin iqtisadiyyatda yer alması, özəl bölmənin və özəl kapitalın öz mövqelərini kifayət qədər möhkəmlətməsi, «savaş zənginləri»nin meydana gəlməsi türk ictimai həyatında yeni mühitin formalaşmasına zəmin yaradırdı. Təsadüfi deyildir ki, 1938-ci ilin 26 dekabrında Cümhuriyyət Xalq Partiyasının (CXP) fövqəladə qurultayında M.K.Atatürkə "Əbədi şef" fəxri adı verilərkən, «Milli şef» və «Dəyişməz genel başqan» adlandırılan prezident İ.İnönü bütün müharibə illərində Türkiyəni dövrün şərtlərinə əsaslanaraq daha çox avtoritar qaydada idarə edirdi. Bu idarəçilik forması xeyli müddət istər CXP daxilində, istərsə də kənardan əsaslı bir tənqidə məruz qalmamışdı. Siyasi həyatda yeni dəyişikliyə ehtiyac olmuşdursa, bu barədə sözü də «Milli şef» özü söyləmişdir. CXP-dən kənarda başqa bir siyasi qüvvənin mövcudluğuna ehtiyac duyulmamışdır. İ.İnönü 1939-cu il martın 2-də İstanbul Universitetində CXP-nin bütün yurddaşları qucaqlayan bir hala gətirilməsini, xalqçı bir iqtidarın lazım bildiyi bütün tədbirlərin həyata keçirilə biləcəyini söyləmişdir. Lakin bununla yanaşı CXP-nin 1939-cu ilin mayında keçirilən növbəti qurultayında hökumətin fəaliyyətinə nəzarət etmək üçün CXP millət vəkilləri sırasından parlamentdə 21 nəfərlik müstəqil bir qrupun yaradılmasına qərar verildi. Kazım Qarabəkir, Fəthi Okuyar, Hüseyn Cahit Yalçın kimi siyasi həyatdan uzaqlaşdırılmış şəxslərin növbəti parlament seçkilərində iştirakı və millət vəkili olmaları də həmin dövrdə diqqəti çəkən hadisələrdəndir. Bütün bunların, təbiidir ki, siyasi həyatdakı gərginliyin yumşaldılması üçün edildiyi şübhə doğurmur. Hərçənd ki, müşahidəçilərin fikrincə, parlamentdəki müstəqil qrup daha CXP-çi rolunu oynamışdır. Lakin 1944-cü ilin büdcə layihəsi müzakirə edilərkən TBMM-də ilk ciddi tənqidlər eşidildi. Bu işə uzun müddət idi ki, İ.İnönü ilə aralarında müəyyən fikir ayrılığı olan C.Bayar start verdi. Artıq «tək partiyalı milli şeflik» iqtidarı öz partiyadaşlarının müxalifəti ilə qarşılaşırdı. Bu, türk siyasi həyatında yeni bir ənənənin başlanmasından xəbər verirdi və onun da mayasında demokratiyaya yönələn meyl dayanırdı. Az keçmədi ki, demokratiyaya meylin reallaşmasının zəruriliyi baxımından bəyanatlar rəsmi dairələrdən eşidilməyə başlandı və ilk ciddi açıqlamanı Birləşmiş Millətlər Təşkilatının qurulması üçün San-Fransisko konfransında iştirak edən türk nümayəndə heyəti verdi. Onlar Türkiyədə demokratiyanın bərqərar olacağını rəsmi şəkildə beynəlxalq ictimaiyyətə elan etdilər.
Prezident İ.İnönü 1945-ci il mayın 19-da Avropada müharibənin başa çatması ilə bağlı etdiyi çıxışında demokratik rejimə keçiləcəyini bildirdi və bu, ölkədə çoxpartiyalı sistem yaradılması yolunda ciddi canlanmaya səbəb oldu. Bu baxımdan mühüm hadisələrin başında C.Bayar, R. Koraltan, F.Köprülü və Ə.Menderes tərəfindən imzalanan bir təklifin CXP Məclis qrupu başqanlığına təqdim edilməsi durur. Həmin təklifdə ölkədə çoxpartiyalı sistemin yaradılması zərurəti bir daha qeyd olunur və bu işin reallaşmasına CXP üzvlərinin fəal iştirakı və dəstəyi istənilirdi. Artıq 1945-ci il iyunun 18-də Milli Dirçəliş (Kalkınma) partiyası yaradıldı. İ.İnönü demokratiya məsələsində qərarlılığını 1945-ci il noyabr ayının 1-də TBMM-dəki çıxışında bir daha dilə gətirdi. 1946-cı il yanvar ayının 7-də CXP-dən ayrılmış C.Bayar, R.Koraltan və F.Köprülünün rəhbərliyi altında Demokrat Partiyasının qurulması demokratiyaya keçid prosesini geri dönməz bir səviyyəyə çatdırdı.
Təbiidir ki, demokratikləşmə prosesinin belə tez vüsət almasının başlıca səbəbi türk cəmiyyətinin bu işə hazır olması, xeyli vaxtdan bəri daxili həyatda lazımi şərtlərin yaranması və mühitin mövcudluğu idi. Bununla yanaşı beynəlxalq amilin də bu məsələdə kifayət qədər təsirli olduğunu qeyd etmək lazımdır. Bəlli olduğu kimi II dünya müharibəsinin sona çatması ilə dünya iki super gücün — ABŞ və Sovet İttifaqının liderliyi altında Qərb-Şərq bloklarına -demokratiya və kommunist cəbhələrinə bölünmüşdü və Türkiyə öz yerini demokratik cəbhədə müəyyənləşdirmişdi. Bu səbəbdən də özünü həmin cəbhənin ölkələrinin sahib olduğu dəyərlər səviyyəsinə qaldırmağın zəruriliyini dərk etmişdi və, deyildiyi kimi, lazım olan daha dərin demokratik dəyişikliklər həyata keçirməkdə israrlı idi. Bəzi tarixçilərin dediyi kimi, bu dəyişikliklər zəminində «Tək partiyalı Milli şeflik rejimi» (1938-1945-ci illər) öz yerini «Milli şefli çoxpartiyalı rejim»ə verdi. Sonuncu rejim 1945-1950-ci illərdə mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, həmin dövrdə ölkə həyatının müxtəlif sahələrində bir «demokratik partlayış» baş verməyə başlamışdır və o, bu gün də davam etməkdədir.
Müxtəlif yönümlü partiyaların yaradılması siyasi həyatın normasına çevrildi. Yeni partiyalar sırasına, Milli Dirçəliş Partiyası və Demokrat Partiyadan əlavə,
Sosial Ədalət Partiyası, Türkiyə Fəhlə Partiyası, Türkiyə Sosialist Fəhlə Partiyası və daha radikal solçu Türkiyə Zəhmətkeşlərinin və Kəndlilərinin Sosialist Partiyası və s. də qoşuldu. Müxtəlif partiyaların yaranmasına icazə verilməsi ilə yanaşı seçki sistemində dəyişikliklər aparıldı. 1946-cı ilin avqustunda parlamentə iki pilləli seçki bir dərəcəli ilə əvəz olundu. Sinfi mənsubiyyət əsasında təşkilat və partiyaların yaranmasına icazə verildi. Bu da bir sıra həmkarlar təşkilatının meydana gəlməsinə imkan yaratdı. Mətbuat haqqında qanunun hökumətə qəzet və jurnalları bağlamaq səlahiyyəti verən maddəsi götürüldü, hər hansı mətbu orqanının təsisi üçün müxtəlif idarələrdən icazə alınması qaydasına son verildi. Ali məktəblərin həqiqi muxtariyyətə malik olmaları yeni universitetlər qanunu ilə təsdiqləndi və s.
Nəhayət, 1946-cı il iyulun 21-də TBMM-ə seçkilər keçirildi. Bir sıra tədqiqatçılar tərəfindən heç də bir mənalı qiymətləndirilməyən bu seçkilərdə ilk dəfə idi ki, çoxlu partiyalar iştirak etdi. Hətta Demokrat Partiyanın bəzi etirazlarına baxmayaraq bu seçkilər nəticəsində Türkiyə tarixində parlamentin müxtəlif siyasi qüvvələrdən təşəkkül tapmasının başlanğıcı qoyuldu. 465 mandatdan 395-ni CXP, 66-nı DP qazandı, 4-ü isə müstəqillərə çatdı.
Həmin dövrün ən mühüm hadisələrindən biri də iqtisadi həyata xüsusi diqqətin artırılmasıdır. Hələ 1945-ci ildə aqrar islahat haqqında qanun qəbul olundu. Qanuna görə torpaqsız kəndlilərə dövlət fondundan və ya da iri sahibkarlardan torpaq almaq hüququ verilirdi. Alınan torpaqların dəyərinin kreditlə ödənilməsi üçün 20 il vaxt ayrılırdı. 1946-cı ildə beşillik sənaye planının hazırlanması, 1947-ci ildə liberal görüşlü iqtisadçıların hazırladığı özəl təşəbbüsün rolunun artmasına və kənd təsərrüfatı, kommunikasiya, energetika sahələrinin inkişafı və genişləndirilməsinə önəm verən «Türkiyənin dirçəliş planı»nda, eləcə də 1948-ci ildə keçirilən Türkiyə iqtisad konfransında müxtəlif düşüncəli mütəxəssislər tərəfindən irəli sürülən ideya və təkliflər cəmiyyətin ölkə iqtisadiyyatının demokratik dünyada formalaşmış iqtisadi modellərə uyğunlaşdırılması uğrunda mübarizəsinə və istəyinə dəlalət edirdi.
CXP iqtidarı isə «bir tərəfdən yarı müstəmləkə şəraiti içinə düşməmək, digər tərəfdən də milli təkamülün gedişinə əngəl ola biləcək hər türlü təzyiq və təsirlərdən qorunmaq və bunun üçün həm sənayeni, həm ziraəti (kənd təsərrüfatını-müəl.) və kommunikasiya işlərini bir küll halına qoyacaq çarələr tapmaq»da israrlı olacağını bəyan edirdi.Müharibə dövründə tətbiq olunan bütün məhdudiyyətlər və fövqəladə qanunlar aradan qaldırıldı və hətta İ.İnönünün «dəyişməz genel başqan» tituluna son verildi.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu cür görüşlər və ideyalar ayrı-ayrı partiyaların proqram və digər sənədlərində də öz əksini tapırdı. Bu baxımdan əsas müxalifət olan Demokrat Partiyanı göstərə bilərik. Doğrudur, DP-nin də siyasi proqramı bir çox cəhətlərdən CXP-nin müvafiq sənədləri ilə eyni idi. Lakin demokratlar "özəl təşəbbüs və kapital"ın imkanlarını genişləndirməyi və inkişafının zəruriliyini xüsusi olaraq önə çəkirdilər. Sonrakı dövrdə DP-ni qələbəyə gətirən əsas amillərdən birisi, bəlkə də ən başlıcası məhz elə bu istək olmuşdur. Təbiidir ki, türk cəmiyyətində yeniliyə can atan çoxlu siyasi və iqtisadi qüvvələrin mövcudluğu, o biri tərəfdən uzun illər iqtidarda olmuş CXP-nin yürütdüyü siyasətdən narazılıqların artmaqda olması da DP tərəfdarlarının dairəsini genişləndirirdi.
Lakin xarici siyasət sahəsində hər iki partiya liderlərinin görüşləri kifayət qədər yaxın idi. Həm CXP, həm də DP xarici siyasət kursunun dəyişdirilməsi, dünya dövlətləri ilə münasibətlərin dəyişən dünya şərtləri əsasında qurulmasında eyni cür çıxış edir və bunun zəruriliyini israrla təkrar-təkrar söyləyirdilər. Bu baxımdan da müharibədən sonrakı dövrdə Türkiyənin xarici siyasət kursunun formalaşması və inkişafı kifayət qədər rəvan yolla getmişdir və bu məsələdə xüsusi çətinliklər baş verməmişdir.
Bir qədər irəlidə də deyildiyi kimi, müharibənin sonlarına yaxın Sovet İttifaqı tərəfindən müxtəlif formalı təhdid və təzyiqlər, ərazi iddiaları ilə qarşılaşan Türkiyə əsasən Böyük Britaniyaya meyl göstərirdi. Lakin sonralar Türkiyə ABŞ ilə yaxınlaşmağa başladı. Bu, bir tərəfdən ölkə iqtisadiyyatının dirçəldilməsi üçün lazım olan maddi-maliyyə yardımları almaq baxımından edilirdisə, o biri tərəfdən faktik olaraq hər an baş verəcək xarici təhlükələrdən qorunmağın hərbi -siyasi təməlini yaratmaq arzusundan irəli gəlirdi. Belə ki, hələ Potsdam konfransında da Sovet İttifaqı Türkiyə ilə bağlı bəzi iddialarını yenidən dilə gətirdi, boğazlara aid olan istəklərini xüsusi vurğuladı. Sovet tərəfi həm də təkid edirdi ki, boğazlar məsələsi Türkiyə ilə onun arasında olan məsələdir və o, boğazların qorunmasında hərbi qüvvə ilə iştirak etməlidir. Potsdam konfransından bir il sonra Sovet İttifaqı boğazlar məsələsini növbəti dəfə gündəliyə çıxardı və 1946-cı il avqustun 3-də Türkiyə tərəfinə bu barədə öz görüşlərini əhatə edən bir nota verdi. Bu notada Sovet İttifaqı II dünya müharibəsi dövründə baş verən hadisələri xatırladır və Montrö sazişinin Qara dəniz dövlətlərin təhlükəsizliyini qorumaqda yetərsiz olduğunu iddia edərək bildirirdi ki, boğazlardan keçid rejimini qaydaya salmaq səlahiyyəti Türkiyə ilə Qara dəniz ölkələrinə aid olmalıdır və boğazlar Türkiyə ilə Sovet İttifaqı tərəfindən birlikdə qorunmalıdır. Təbiidir ki, Türkiyə öz torpaqlarında sovet hərbi qüvvələrinin yerləşdirilməsinə heç vaxt razı ola bilməzdi. Sovet notasının yaratdığı vəziyyəti Türkiyə ABŞ və Böyük Britaniya ilə müzakirə etdikdən sonra Sovet İttifaqının iddialarına rədd cavabı verdi. Bundan sonra sentyabrın 24-də Sovet İttifaqı ikinci bir nota ilə öz iddialarını təkrar irəli sürdükdə Türkiyə milli təhlükəsizliyin təmini yolunu ABŞ və Böyük Britaniyanın dəstəyini qazanmaqda gördü. Sovet İttifaqının perspektiv planlarından əl çəkməmək fikri artıq hamını rahatsız edirdi. Həm də bu plan təkcə Türkiyə yox, eyni zamanda Yunanıstan üzərində Sovet İttifaqının nüfuz sahibi olmaq iddialarını ehtiva etdiyindən Böyük Britaniya hər iki dövlətə iqtisadi və hərbi yardım göstərilməsinin vacibliyi haqqında ABŞ-a memorandum təqdim etdi. Memorandumda Böyük Britaniyanın bu işi etməyə imkanı olmadığı bildirilir və onun ABŞ tərəfindən həyata keçirilməsinin zəruriliyi vurğulanırdı.
Belə bir məqamda ABŞ qəti qərarını verdi. 1947-ci il martın 12-də konqres prezident Trumenin Türkiyə və Yunanıstana 400 mln dollarlıq hərbi yardım etmək haqqında müraciətini qəbul etdi. Bu müraciətdə Türkiyənin ərazi bütövlüyünün qorunmasının Orta Şərqdə stabilliyin ən başlıca amili olduğu göstərilir, Türkiyədə və Yunanıstandakı vəziyyətin bir-biri ilə bağlılığı belə ifadə edilirdi: "Əgər Yunanıstan silahlı bir azlığın nəzarəti altına düşərsə, bunun Türkiyə üçün nəticələri çox ciddi olacaqdır. Belə bir halda qarışıqlıq və qeyri-sabitlik bütün Orta Şərqə yayıla bilər". Odur ki, konqres mayın 22-də Yunanıstana 300 mln və Türkiyəyə də 100 mln dollarlıq hərbi yardım göstərilməsinə qərar verdi. Bu doktrinanın sayəsində 1947-1949-cu illərdə Türkiyəyə ABŞ-dan kredit və borc şəklində 175 mln dollar daxil oldu. İrəlidə də dediyimiz kimi, Trumen doktrinası əsas etibarilə hərbi yardımı nəzərdə tuturdu və verilən borclar bu məqsədə xərclənirdi. Lakin həmin dövrdə təkcə Türkiyənin deyil, bütün Avropa ölkələrinin iqtisadiyyatı müharibə nəticəsində böyük sarsıntılara və dağıntılara məruz qalmışdı, vəziyyət son dərəcə pisləşmiş, yaşayış şərtləri xeyli çətinləşmişdi. Doğrudur, ABŞ 1945-ci ilin ortalarından 1946-cı ilin sonlarına qədər Qərbi Avropaya 15 mld dollar məbləğində yardım etmişdi, ancaq yardımın çox hissəsi qeyri-zəruri sahələrə xərclənmişdi. Gələcəkdə verilən yardımın məqsədyönlü istifadə edilməsi üçün ABŞ dövlət katibi C.Marşall 1947-ci il iyunun 5-də belə bir təkliflə çıxış etdi ki, Qərbi Avropa ölkələri hər şeydən əvvəl öz aralarında bir əməkdaşlığa başlamalı və biri-birilərinin çatışmazlıqlarını özləri təmin etməlidirlər. Bu ümumi əməkdaşlığın sonunda bir ehtiyac meydana çıxarsa, ABŞ bu ehtiyacın ödənilməsi üçün lazım olan köməyi etməlidir. Bunun üçün əvvəlcədən bir əməkdaşlıq proqramı müəyyənləşdirilməlidir.
Tarixi ədəbiyyatda Marşall planı adı ilə tanınan bu təklifi müzakirə etmək üçün bir sıra Qərbi Avropa dövlətləri iyunun 27-də Parisdə toplaşdı. Türkiyə də həmin dövlətlərin sırasında oldu. İyulun 12-də Böyük Britaniya, Fransa, Belçika, İtaliya, Portuqaliya, İrlandiya, Yunanıstan, Türkiyə, Hollandiya, Lüksemburq, İsveçrə, İslandiya, Avstriya, Norveç, Danimarka və İsveçin iştirakı ilə 16 dövlətin qatıldığı konfransda ABŞ-a təqdim edilmək üçün bir inkişaf proqramı hazırlandı. ABŞ da, öz növbəsində, Xarici yardım haqqında qanun qəbul etdi və qanuna görə ilk ildə həmin 16 dövlətə 6 mld dollar məbləğində yardım edildi. Yardımın sonrakı illərdə də davam etdiriləcəyi nəzərdə tutulurdu. Bunun ardınca Avropanın həmin 16 dövləti 1948-ci il aprelin 3-də Avropa İqtisadi Təşkilatını yaratdılar və təşkilatın təsisçilərindən olan Türkiyə həm də iqtisadi baxımdan Qərbi Avropa və ABŞ-la bağlanmış oldu. Marşall planı və AİT Sovet İttifaqının Qərbi Avropada, xüsusilə Fransa və İtaliyada kommunistləri hakimiyyətə gətirmək cəhdlərinin də qarşısını kəsdi. Bundan sonra Sovet İttifaqının Avropada ən böyük uğurlarından biri 1948-ci ilin fevralında Çexoslavakiyada kommunist rejimi yaratması olmuşdur. Təbiidir ki, həmin hadisə Avropa dövlətlərinin regionda Sovet İttifaqının yürütdüyü siyasətin mahiyyətini dərk etməsi baxımından fövqəladə əhəmiyyət kəsb etdi. 1948-ci il martın 4-də Brüsseldə Böyük Britaniya və Fransa ilə BeNeLüks qrupu dövlətləri Belçika, Hollandiya və Lüksemburq arasında başlayan danışıqların martın 17-də Qərbi Avropa İttifaqının yaradılması haqqında sazişin imzalanması ilə başa çatması məhz Çexoslovakiyada Sovet İttifaqının törətdiyi hadisələrə bir cavab idi. Həmin sazişə görə bu beş dövlət öz aralarında hər cür əməkdaşlıq qurmaqla yanaşı, tərəflərdən biri Avropada hər hansı silahlı təcavüzə məruz qalarsa, digərləri hər cür vasitələrlə onun yardımına gəlməli idi. Tarixçilər bu ittifaqı Qərbi Avropanın məhz sovet təhlükəsindən qorunması səbəbindən irəli gəldiyi xüsusi ilə vurğulayırlar.
Bəlli olduğu kimi, ABŞ, Böyük Britaniya və Fransa işğal zonası olan Qərbi Almaniyada Federativ Respublika və 1949-cu ilin oktyabrında sovet işğalı zonası olan Almaniyada Demokratik Respublika yaranması ilə təkcə Almaniyanın yox, bütünlüklə Avropanın, ümumiyyətlə isə dünyanın iki bloka — Qərb və Şərq bloklarına bölünməsi prosesi başa çatdı. Almaniyada baş verən hadisələr bir daha təsdiqlədi ki, dünyada təməlində sülh dayanan bir qayda-qanun yaratmaq məqsədi ilə Qərblilərlə Sovetlər arasında ümumi və müştərək bir əməkdaşlıq qurmaq cəhdləri boş və mənasız bir məcradadır. Məhz bu tarixi gerçəklik də ABŞ başda olmaqla Qərb dövlətlərini Sovet Ittifaqının Avropada mümkün olduğu qədər daha çox əraziləri öz nəzarəti altına almaq planlarının qarşısını dayandırmaq siyasəti yürütməyə gətirdi. O biri tərəfdən də aydın olurdu ki, Qərbi Avropa İttifaqı Sovet İttifaqının cəhdlərinə mane olmaq gücündə deyildir və bu təşkilatın üzvləri ilk gündən etibarən ABŞ-a arxalanmağa, ABŞ-ın da bu təşkilata qoşulmasına çalışırdılar. Bütün bunlar 1949-cu il aprelin 4-də Şimali Atlantika İttifaqının -NATO-nun yaranması ilə başa çatdı.
NATO-nun yaradılması ərəfəsində Türkiyə bu ittifaqa daxil olmağa çalışsa da, bir nəticə alınmamışdır. Ancaq 1949-cu il avqustun 8-də Türkiyənin Avropa Şurası üzvlüyünə qəbul olunması türk dövlət adamlarını NATO-ya girmək məsələsini gündəliyə gətirməyə cəsarətləndirdi. Lakin Türkiyənin istəyi Avropa ölkələrinin etirazı ilə qarşılandı. Böyük Britaniya fərqli mövqe göstərdi və təklif etdi ki, Orta Şərqdə NATO ölkələrinin maraqlarını qorumaq üçün Türkiyə və Yunanıstan Yaxın Şərq Müdafiə planında yer almalıdırlar.
Bəs haqqında danışdığımız dövrdə daxili həyatda nələr baş verirdi? Vəd edilmiş demokratik inkişaf yolunda nələr həyata keçirilirdi?
İrəlidə haqqında danışılan 1946-cı il parlament seçkilərindən sonra prezident İ.İnönü Ş.Saracoğlunun yerinə Rəcəb Pekəri baş nazirliyə gətirdi.Bu dəyişiklik siyasi həyatda müəyyən bir stabillik yaradılması məqsədi ilə edilsə də, ancaq nəticə əksinə oldu. Onun çoxpartiyalı sistemə dözümsüzlüyü ilk gündən parlamentdə ciddi münaqişələr yaratdı. Hökumətin türk lirəsi ilə bağlı «7 sentyabr qərarları» adlı tədbiri nəticəsində bir ABŞ dollarının qiymətinin 1,40 türk lirəsindən 2,80 türk lirəsinə qaldırılması müxalifət tərəfindən kəskin tənqidlə qarşılandı. Onlar lirənin iki dəfə həcmində devalvasiyasını yol verilməz hesab etdikdə R.Pekər Ə.Menderesin sözlərini «psixopat bir ruhun ifadəsi» adlandırmış və C.Bayarı «xalqı üsyana çağırmaqda» ittiham etmişdir. Etiraz olaraq DP təmsilçiləri parlamenti tərk etdilər. Prezident İ.İnönü məsələyə qarışdı, C.Bayarla görüşüb aranı sakitləşdirdi.
Demokrat Partiyanın 1947-ci ilin yanvar ayında çağırılan qurultayında «Hürriyyət misaqı» adlanan bir bəyanat qəbul olundu. Burada bildirilirdi ki, TBMM-də DP-nin siyasi tələbləri qəbul edilməyəcəyi təqdirdə DP-dən olan millət vəkilləri parlamentdən çıxacaqlar. Həmin tələblər isə aşağıdakılardan ibarət idi: 1) konstitusiyaya uyğun gəlməyən qanunların seçilib çıxarılması; 2) düzgün seçkilər keçirilməsini təmin edən seçki qanununun qəbul olunması; 3) prezident vəzifəsi ilə partiya sədrinin bir əldə cəmlənməməsi.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, həmin dövrdə DP nə qədər sərt müxalifət mövqeyi tuturdusa, R.Pekər də həmin sərtlik və qərəzlə cavab verirdi. DP-dən olan millət vəkillərinin məclisi tərk etmə təhdidlərini hökumət bir «kommunist taktikası» adlandırırdı. Vəziyyət getdikcə gərginləşirdi və bunun çoxpartiyalı sistem üçün təhlükəyə çevrildiyini görən İ.İnönü bir prezident kimi böhrandan çıxmaq yolları axtarırdı. Nəhayət, onun tərəfindən 12 iyul bəyannaməsi elan olundu. Tərəfləri uzlaşmaya çağıran bu sənəddən sonra münasibətlərdə bir yumşalma yarandı. Lakin getdikcə R.Pekərin çoxpartiyalı sistemlə razılaşmağa meyli olmadığı daha çox üzə çıxdığından İ.İnönü CXP-nin daxilində ona qarşı bir müxalifət yaratdı. Millət vəkili Nihat Erimin başçılığı altında bir qrup gənc millət vəkili R.Pekərin əleyhinə səs verdi. CXP tarixində 35-lər hərəkatı adı ilə tanınan bu hadisə İ.İnönü R.Pekər münaqişəsinə gətirdi. Tərəfdarları ilə birlikdə R.Pekər müəyyən müddət İ.İnönü ilə mübarizə etdi və ən sonda geri çəkilməyə məcbur oldu. R.Pekər istefa verdi. 1947-ci il sentyabrın 9-da Həsən Saka baş nazir oldu.
Qeyd etmək lazımdır ki, CXP daxilində mövcud olan durum, yəni sərtlik və uzlaşma tərəfdarlarının mövcudluğu eyni ilə DP daxilində də hakim idi. Həm də sərtlik tərəfdarları daha çox saylı idi. Onlar partiya rəhbərliyini mülayimlikdə ittiham edirdilər. Partiyadaxili münasibətlər gündən-günə gərgin xarakter alırdı və bu, 1948-ci ilin martında bir sıra millət vəkili və onların tərəfdarlarının partiya üzvlüyündən çıxarılması ilə nəticələndi. Həmin şəxslər əvvəlcə məclisdə müstəqil demokratik qrup yaratdılar, sonra isə 1948-ci il iyulun 20-də Millət Partiyasını təsis etdilər. Partiyanın təsisçiləri arasında marşal Fövzi Çakmak, Hikmət Bayur, Kənan Önər, Osman Bölükbaşı, Sadiq Aldoğan kimi tanınmış şəxslər var idi. Fövzi Çakmak partiyanın sədri seçildi. Millət Partiyası rəhbərliyi öz sabiq partiyadaşlarını sazişçi bir müxalifət adlandırırdı.
Həmin arada H.Saka hökuməti də istefaya məcbur edildi. Belə ki, H.Saka özü sərtlik tərəfdarı olmasa da, artıq cəmiyyətdə dönməz xarakter almış demokratikləşmə siyasətini həyata keçirməkdə iradə göstərə bilmirdi. 1948-ci ildə hökumətin seçkilər haqqında çıxardığı qanunda nəzarət mexanizminin yoxluğuna görə DP yerli və parlament seçkilərini boykot etdi. Bu da 1949-cu il yanvarın 15-də hökumətin istefasına gətirdi. Yeni baş nazir Şəmsəddin Günaltayın demokratikləşmə və uzlaşma sahələrində cəhdləri və səyləri də yetərincə olmadı.
Artıq 1949-cu il iyunun 20-də keçirilən DP-nin II qurultayında Milli Təminat Andı adlanan bir bəyanat qəbul edildi. Bəyanatda bildirilirdi ki, əgər seçkilərdə səsvermənin nəticələrini dəyişdirməyə hər hansı bir cəhd göstərilərsə, xalq öz qanunu haqqını müdafiə etmək məcburiyyəti qarşısında qalacaqdır. Aparılan mübarizə qanuni yollarla olacaqdır, lakin saxtakarlıq edən iqtidar xalqın düşməni sayılacaqdır.
DP-nin və ictimaiyyətin müxtəlif qüvvələrinin təzyiqi ilə, nəhayət, 1950-ci ilin fevralında parlament seçkiləri haqqında xeyli dəyişdirilmiş, müxalifəti də razı salan və daha demokratik ruhlu qanun qəbul edildi. 15 may 1950-ci ildə keçirilən seçkilərdə DP çox böyük qələbə qazandı. Parlamentdə yerlərin 85%-i (408 mandat) DP-yə, 15%-i (69 mandat) CXP-yə çatdı.
Bu qələbə nə qədər DP-yə aid idisə, bir elə də ölkədə demokratik bir rejimin yaradılması uğrunda çalışan bütün qüvvələrə də şamil olunurdu, cəmiyyətin belə bir dəyişikliyə böyük ehtiyac duyduğundan xəbər verirdi. 1945-ci ildə son qoyulan təkpartiyalılıq sisteminin arxasınca ikinci seçkilərdə hətta iqtidarın dəyişməsi söylənilən fikrin təsdiqi kimi qəbul oluna bilər.
Beləliklə də, Türkiyə Cümhuriyyəti öz tarixində ilk dəfə idi ki, yeni bir partiyanın hakimiyyəti dövrünə girmiş oldu.