Türkiyə II Dünya Müharibəsi və ondan sonrakı dövrdə-1

Türkiyə II Dünya Müharibəsi və ondan sonrakı dövrdə-1

Türkiyənin II dünya müharibəsindən sonrakı tarixindən bəhs edərkən qeyd etmək lazımdır ki, bu ölkə qonşu müsəlman dövlətləri ilə müqayisədə fərqli bir inkişaf yolu seçdi. Bu seçim imkan verdi ki, Türkiyə kapitalizm yolu ilə inamla irəliləsin və inkişaf etsin. Bu gün ölkədə mövcud olan inkişaf prosesinin dinamikası ona dəlalət edir ki, Türkiyə həyatın bütün sahələrinin modernləşdirilməsində və dəyişən dünyanın şərtlərinə uyğunlaşmaqda yetkin bir səviyyəyə çatmışdır, iqtisadi həyatda liberalizm, siyasi həyatda parlamentarizm prinsipləri dönməzdir və yalnız irəliyə yönəlidir. Türkiyə artıq zaman-zaman baş vermiş sabitsizlik bəlasından xeyli uzaqlaşmışdır və inamlı mövqe sahibi olan bir dövlətə çevrilmək prosesini başa çatdırmaqdadır. Bəs Türkiyə belə bir yüksəlişə necə nail ola bilmişdir?

II Dünya Müharibəsi başlanan ərəfədə Türkiyə Cümhuriyyətinin yaranmasından cəmi 15 il keçmişdi və bu zaman ərzində də o, Qərbin Osmanlı imperatorluğunu çökdürmək üçün törətdiyi iqtisadi, siyasi və hərbi bəlaların nəticələrini aradan qaldırmaqla məşğul idi. O, bir dövlət olaraq təzə-təzə dirçəlirdi. Həmin səbəbdən də müharibəyə hazırlaşan tərəflərdən heç biri Türkiyəyə sırf hərbi güc sahibi baxımından ciddi maraq göstərmirdi. Lakin ölkənin geo-strateji mövqeyinin misilsiz əhəmiyyəti onların diqqət mərkəzində idi. Elə bu baxımdan da Türkiyənin II Dünya Müharibəsi ərəfəsi və dövründəki tarixinin əsas məzmunu müharibə aparan tərəflərin bu ölkəni öz yanlarında görmək və öz yanlarında müharibəyə cəlb etmək üçün çalışmalarından, məqsədə çatmaq üçün müxtəlif təzyiq və təhdid vasitələrinə əl atmaqdan, bunun müqabilində isə Türkiyənin M.K.Atatürkün "Yurdda sülh, cahanda sülh!" prinsipindən dönməyərək müharibədən kənarda qalmaq sahəsində davamlı və dönməz xarakterli siyasətindən ibarətdir, söyləsək, səhv etməmiş olarıq. Əlavə etmək istərdik ki, Türkiyənin o zamankı rəhbərliyi bu siyasətin gerçəkləşməsi yolunda kifayət qədər bacarıq və mətanət göstərə bilmişdir.

İlk dəfə 1940-cı ilin mayında Almaniyanın Fransaya hücumu və İtaliyanın da müharibə elan etməsi səbəbindən Türkiyə ciddi sınaq qarşısında qaldı. Belə ki, Böyük Britaniya və Fransa ilə müttəfiqlik haqqında 1939-cu il Ankara müqaviləsinin 1-ci maddəsinə görə bu şəraitdə o, müharibəyə girməli idi. Ancaq girmədi, daha doğrusu, girə bilmədi. Çünki, 1925-ci ilə türk-sovet paktına əsasən məsələ Sovet İttifaqına çatdırılanda o, Türkiyəni təhdid etdi. Bu səbəbdən Böyük Britaniya və Fransa da Türkiyənin müharibəyə girməsində çox qərarlı olmadılar.

İkinci sınaq 1940-cı ilin 28 oktyabrında İtaliyanın Yunanıstana hücum etməsi zəminində baş verdi. Çünki, yenə də Ankara müqaviləsinin şərtlərinə görə Türkiyə hadisələrə müdaxilə etməli idi. Böyük Britaniya da tələb edirdi ki, Türkiyə "mümkün olan ən qısa zamanda" müharibəyə qatılmalıdır. Bu dəfə Türkiyəyə Almaniyadan təhdid gəldi. Lakin Türkiyə İtaliyanın Yunanıstanda torpaqlar ələ keçirməsi, Bolqarıstanı da bu işə sövq edə biləcəyindən narahatlığını və hərəkətsiz qalmayacağını bildirdi. Bu fikir eyni zamanda İtaliyanın Saloniki tutacağı halına da şamil edilirdi. Türkiyə öz planını Böyük Britaniya və Yunanıstana da bildirdi. Hər iki ehtimal reallaşmadı və bu zəmində Türkiyənin müharibəyə girməsi növbəti dəfə danışıq obyekti olmadı.
Ən çətin günlər isə 1940-cı ilin sonları-1941-ci ilin əvvəllərindən başlamışdır. Belə ki, Almaniyanın Balkanlarda, xüsusi ilə isə Bolqarıstan və Rumıniyadakı fəaliyyəti təkcə Türkiyə üçün yox, həm də Böyük Britaniya və Sovet İttifaqı üçün ciddi narahatlıq yaratdı. Artıq yavaş-yavaş pozulmağa başlayan alman-sovet münasibətləri zəminində Sovet İttifaqı Türkiyə ilə yaxınlaşmağa meyl göstərirdi. Böyük Britaniya isə Almaniyanın Balkanlarda möhkəmlənməsini özünün Orta Şərq ölkələri, xüsusilə də İran və İraq neft mədənlərinə və Süveyşə gedən yollar üzərindəki nəzarətini itirəcəyi ilə nəticələnəcəyindən qorxurdu. Odur ki, Britaniyanın baş naziri Çörçill Türkiyənin prezidenti İsmət İnönüyə məktub yazaraq Türkiyənin savaşa girməsini istədi. Lakin Türkiyə iki səbəbdən buna getmədi: birincisi, Sovet İttifaqının məsələyə müsbət münasibətindən əmin deyildi; ikincisi, Türkiyənin üzərində güclü bir alman təsiri vardı və Almaniya onun müharibəyə qoşulmasına heç cür yol vermək istəmirdi.

Vəziyyət belə olduqda Böyük Britaniya başqa bir ideya irəli sürdü: Türkiyə, Yunanıstan, Yuqoslaviya, hətta Bolqarıstanı da birləşdirən Balkan bloku yaratmaq. Türkiyə bu ideyanı dəstəklədi. Ancaq Almaniyanın qəzəblənəcəyindən qorxan Yuqoslaviya bu işdən çəkindi. Türkiyə təklif etdi ki, bloka Sovet İttifaqı da qoşulsun və ABŞ da bu ideyanı dəstəkləsin. Çünki, o, Böyük Britaniyanın lazım olan miqdarda silah və sursata malik olmasından əmin deyildi. ABŞ Türkiyənin təklifini maraqla qarşıladı, öz nümayəndəsini Ankaraya göndərdi. Lakin ABŞ Türkiyənin silaha, xüsusi ilə hərbi təyyarələrə böyük ehtiyacı olduğunu söylədi və edilən təkliflərin reallaşması ləngidi. Həm də dünya savaşının gedişində mövcud olan dövlətlərarası münasibətlər get-gedə daha artıq ölçüdə pozulur və tərəflərin qütbləşməsi, maraqların üzə çıxması prosesi sürətlənirdi. Belə ki, qısa bir zaman kəsiyində Fransa almanlara məğlub olmuşdu. 1940-cı ilin yazında Sovet İttifaqı Bessarabiyanı tutmuş, Macarıstan Transilvaniyanı və Bolqarıstan da Dobrucanı Rumıniyadan qoparmışdı. Buna cavab olaraq Almaniya Rumıniyaya qarantiya verdi ki, tutulan torpaqları ona qaytaracaqdır. Yaranmış vəziyyətdən daha çox yararlanmaq istəyi 1940-cı ilin noyabrında Berlində gedən sovet-alman danışıqlarında tərəflər arasında fikir birliyinə gətirmədi və üstəlik Almaniya Balkanlarda fəaliyyətini daha da gücləndirdi. Bütün bunların nəticəsində alman-sovet münasibətləri çat verdi və 1941-ci ilin əvvəlindən etibarən pozulmağa başladı. Martın 1-də Bolqarıstanın üçlər paktına1 qoşulması Sovet İttifaqını hərəkətə gətirdi.O, martın 25-də Türkiyə hökumətinə müraciət etdi və tərəflər 1925-ci ilin bitərəflik və bir-birinə hücum etməmək haqqındakı müqaviləsini bir daha təsdiqlədilər. Sovet İttifaqı bildirdi ki, Türkiyə Almaniyaya qarşı müharibə edəcəyi təqdirdə o, tam bitərəf qalacaqdır. Təbiidir ki, Sovet İttifaqının bu mövqeyi Balkanların alman işğalına məruz qalması halında Türkiyənin savaşa qatılmasının nə qədər əhəmiyyətli olacağını dərk etməsindən irəli gəlirdi. Hər halda Sovet İttifaqının bu hərəkəti ilə 1939-cu ildən ciddi şəkildə pozulmağa başlayan sovet-türk münasibətlərinin yenidən normal bir məcraya gəlməsinə ümid yaranırdı. Lakin bu, türk-alman münasibətlərinə gərginlik gətirdi. Almaniya Türkiyəyə qarşı təzyiqlərini artırdı. Belə ki, 1941-ci ilin aprelində qonşu İraqda almanpərəst Raşid Əli Ceylani dövlət çevrilişi etdi və hakimiyyəti ələ keçirdi. İngilislər Raşid Əli Ceylaniyə qarşı çıxdılar. O da kömək üçün Almaniyaya müraciət etdi. Almaniya razı oldu. Çünki, R.Ə. Ceylaninin hakimiyyətdə qalması Almaniyanın bütün Orta Şərq neftini ələ keçirməsinə yol aça bilərdi. Odur ki, Almaniya tez bir zamanda İraqa lazım olan canlı qüvvə və hərbi ləvazimat göndərmək qərarına gəldi və bunların Türkiyə üzərindən İraqa keçirilməsi üçün ona müxtəlif təzyiqlər etdi. Hətta Türkiyəni razı salmaq üçün Qərbi Frakiya və Egey dənizindəki adalardan torpaq vəd edildi. Türkiyə Almaniyanın bütün təhdid və təkliflərinə rədd cavabı verdi. Həm də bu elə bir zamanda edilirdi ki, Almaniya Sovet İttifaqına qarşı müharibəyə hazırlanmışdı və tezliklə bu işə başlamaq istəyirdi. Türkiyənin müqavimətini qıra bilməyəcəyini görən Almaniya geri çəkildi və 1941-ci ilin 18 iyununda Türkiyə ilə bir-birinə hücum etməmək haqqında saziş bağladı, üç gündən sonra isə Sovet İttifaqı ilə müharibəyə başladı.

Təbiidir ki, hücum etməmək haqqında bağlanan alman-türk sazişi müharibə cəbhəsinin sağ cinahında almanlarda bir əminlik yaradırdı və onların müəyyən qüvvələrdən sovetlərə qarşı digər cəbhələrdə istifadəsinə imkan verirdi. Bu səbəbdən saziş istər Böyük Britaniya, istərsə də ABŞ tərəfindən kəskin narazılıqla qarşılandı. ABŞ hətta Türkiyəyə yardımları kəsdi. Türkiyənin itiriləcəyindən qorxan Böyük Britaniya özünün aldığı yardımların bir hissəsini ona verməli oldu. Xatırlatmaq istərdik ki, Almaniyanın Balkanlarda güclənməsinə qarşı nə ABŞ, nə də Böyük Britaniyanın heç bir əsaslı tədbir görməməsi ilə müqayisədə Türkiyənin İraqda almanların möhkəmlənməsinə müqavimət göstərməsi bütün tərəflər üçün daha önəmli idi. Türkiyə bununla Sovet İttifaqının cənubunun bir təhlükə qarşısında qalmasının qabağını alırdı.

Bütün bunlara baxmayaraq Almaniya yenə də Türkiyəni özünə tərəf çəkmək üçün bütün vasitələrə əl atmaqda davam edirdi. O, Sovet İttifaqından gələ biləcək hər hansı bir bəlanın nə vaxtsa reallaşacağı ehtimalı zəminində Türkiyənin həmişə rahatsız olması faktından yararlanmağa çalışmaqla yanaşı Molotov-Hitler görüşməsində sovetlərin Türkiyə və boğazlar haqqında irəli sürdüyü təklifləri açıqlamadan belə çəkinmədi. Almaniya həm də təklif edirdi ki, Türkiyə boğazların qorunması üçün əhəmiyyət kəsb edən Egey dənizindəki adaları da tuta bilər.

Doğrudan da Türkiyə həmişə Sovet İttifaqının ona olan münasibəti yönümündən bir rahatsızlıq hiss edirdi və bunu heç Almaniyadan gizlətmirdi də. O, Almaniyanın məğlub olacağı və sovetlərin qələbə çalacağı təqdirdə özünün başına bəlalar gələcəyi ehtimalını da yaxşı anlayırdı. Ən azı 1939-41-ci illərdə bu iki dövlət arasında olan münasibətlərin səviyyəsi və xarakteri belə ehtimala əsas verirdi. Lakin bunlara baxmayaraq Türkiyə bitərəflik kursunda davamlı oldu. Bu səbəbdən idi ki, Türkiyənin baş naziri Şükrü Saracoğlu Almaniyanın səfiri fon Papen ilə 1942-ci ilin 27 avqustunda olmuş söhbətində bir türk olaraq Rusiyanın məğlubiyyətini hərarətlə arzu etdiyini və belə bir fürsətin min ildə bir dəfə ələ düşəcəyini, lakin bir baş nazir kimi və ölkənin maraqları baxımından Türkiyənin qəti bitərəflik siyasəti yürütməsinin zəruri olduğuna inandığını bildirmişdir.

Almaniyanın təzyiqləri 1942-ci ilin sonlarına qədər davam etmişdir. Türkiyənin öz yolundan döndərməyin mümkünsüzlüyünə inanan Almaniya sonda öz cəhd və təzyiqlərindən əl çəkdi. Lakin Türkiyə heç də təzyiqlərdən qurtulmadı. Bu dəfə isə həmin işi müttəfiq ölkələr görürdülər və Sovet İttifaqının Stalinqrad döyüşlərində çaldığı qələbədən sonra bu yönümdə onlar xüsusilə fəallaşmışdılar. Ümumiyyətlə, həmin vaxtdan türk-sovet münasibətləri yenidən korlanmağa başlamışdır. 1943-cü ildən etibarən Sovet İttifaqı Türkiyəyə qarşı kifayət qədər sərt mövqe göstərirdi. Müharibə başa çatdıqdan sonra isə Türkiyənin başı üzərində artıq bir sovet təhdidi dayanmaqda idi.

Qeyd etmək lazımdır ki, hələ müharibənin getdiyi dövrlərdə də müttəfiq dövlətlərin toplaşdığı elə bil konfrans olmamışdır ki, orada Türkiyənin hərbi əməliyyatlara qatılması müzakirə edilməsin.

Hələ 1943-cü ildə Kasablanka konfransında T.Ruzvelt ilə U. Çörçill arasında Türkiyənin də müharibəyə qoşulması şərti ilə Balkan cəbhəsinin açılması haqqında razılaşma əldə olunmuşdu. U.Çörçill vəziyyəti Türkiyə rəhbərliyinə açıqlamaq üçün 30 yanvar-fevral 1943-cü ildə Adanada prezident İ.İnönü və baş nazir Ş.Saracoğlu ilə görüşmüş və Türkiyənin ən geci 1943-cü ilin sonunda müharibəyə qoşulmasının istənildiyini onlara bildirmişdir. Buna cavab olaraq türk rəhbərliyi iki məqam üzərində xüsusilə dayandı: birincisi, Türkiyə Sovet İttifaqından əmin deyildir və ondan ehtiyat etməkdədir. Almaniyanın məğlubiyyətdən sonra Sovet İttifaqı Avropada hegemon olacaqdır; ikincisi, Türkiyənin müharibəyə qoşulması üçün türk ordusunun silah və sursat baxımından qüvvətləndirilməsinə böyük ehtiyac vardır.

U.Çörçill bildirdi ki, kommunizm artıq müəyyən bir ölçüdə dəyişmişdir. Müharibədən sonra Sovet İttifaqı Türkiyəyə hücum etsə belə qurulacaq beynəlxalq təşkilat (Birləşmiş Millətlər Təşkilatı nəzərdə tutulur - müəl.) lazım olan tədbirləri görəcəkdir. O biri tərəfdən də ABŞ və Böyük Britaniya Türkiyənin ehtiyac duyduğu qədər ona silah və sursat verəcəkdir.Bütün şərhlərə və təkliflərə baxmayaraq Türkiyə rəhbərliyi əsaslı bir qarantiya verilməsini təkid etdi.

Qeyd etmək lazımdır ki, dünya müharibəsinin gedişində ikinci cəbhənin açılması məsələsi daha aktual şəkil aldığından Türkiyənin müharibəyə qoşulması məsələsi arxa plana keçdi. Bununla da Sovet İttifaqının Türkiyəyə olan münasibətlərində qeyri-səmimi hallar üzə çıxdı. O, Türkiyənin yürütdüyü bitərəflik siyasətinin müttəfiq dövlətlərin deyil, Almaniyanın xeyrinə olduğunu bəyan etməyə başlamışdı. Bu səbəbdən də 1943-cü ilin oktyabrında Moskvada müttəfiq dövlətlərin xarici işlər nazirlərinin konfransında sovet tərəfi Türkiyənin müharibəyə qoşulmasında israr etdi və bildirdi ki, bu niyyət Türkiyəyə inandırmaq formasında yox, əmr formasında çatdırılmalıdır. ABŞ və Böyük Britaniya nümayəndələrinin fikrincə belə olacağı təqdirdə Türkiyəyə veriləcək silah və sursat ikinci cəbhənin açılmasını gecikdirə bilərdi. Moskva konfransında 1943-cü ilin sonunadək Türkiyənin müharibəyə qoşulması istənildi.

Türkiyə və Böyük Britaniya xarici işlər nazirləri Qahirədə görüşdülər və Türkiyə tərəfi qəti olaraq bildirdi ki, hərbi yardım almayınca müharibəyə qoşulmayacaqdır.

Bəlli olduğu kimi, 1943-cü ilin noyabrında dövlət başçılarının Tehran konfransında da sovet tərəfi Türkiyənin müharibəyə qoşulmasında israrlı oldu. Hətta sovet dövlət rəhbəri İ.V.Stalin təhqiramiz formada bildirdi ki, "lazımdırsa, Türkiyənin peysərindən tutaraq onu müharibəyə soxmalıyıq." ABŞ və Böyük Britaniya da Türkiyənin müharibəyə girməsini istədiklərini bir daha bəyan etdilər. 1943-cü ilin 4-6 dekabrında U.Çörçill və İ.İnönü Qahirədə bir araya gəldilər. Türkiyə bu dəfə müttəfiq dövlətlərin təzyiqinin qarşısında geri çəkilməli oldu və İ.İnönü müharibəyə başlamaq qərarını "prinsip olaraq" qəbul etdiyini bildirdi. Eyni zamanda o belə bir şərt də qoydu ki, Türkiyə müdafiə üçün lazım olan silahı və hərbi sursatı almayınca müharibəyə girməyəcəkdir. U.Çörçill də bu şərti qəbul etdi və 1944-cü ilin yanvar-fevral aylarında türk və ingilis hərbi heyətləri Ankarada görüşdülər. Ancaq görüşlər fevralın sonunda kəsildi və ingilislər bunu belə əsaslandırdılar ki, Türkiyənin istəyi çox böyükdür. Bu qədər silah və sursatı hazırlamaq müharibənin sonunadək zorla mümkündür. Bu da faktik olaraq Türkiyənin müharibədən kənarda qalması deməkdir. Görüşlərin yarımçıq kəsilməsi ABŞ və Böyük Britaniyanın Türkiyə ilə münasibətlərini gərginləşdirdi. U.Çörçill hətta hədələdi ki, sülh konfransında Türkiyənin mövqeyi heç də möhkəm olmayacaqdır.

Təbiidir ki, bu vəziyyət Türkiyəni rahatsız etməyə bilməzdi. Odur ki, o, 1944-cü ilin may və iyun aylarında Sovet İttifaqı ilə yaxınlaşmağa müəyyən təşəbbüslər etmək istədi. Lakin Sovet İttifaqı da hər hansı bir yaxınlaşmanın ilkin şərtinin Türkiyənin müharibəyə girməsi olduğunu söylədi.

1944-cü ilin yayında Almaniyanın hərbi vəziyyətinin son dərəcə ağır olduğunu qətiləşdirən Türkiyə müttəfiq dövlətlərlə münasibətlərini düzəltmək üçün avqustun 2-də Almaniyaya ilə diplomatik münasibətlərini kəsdi. Həm də bunu edərkən sülh konfransında tam hüquqlu müttəfiq dövlət statusunda çıxış edəcəyi haqqında ABŞ və Böyük Britaniyanın qarantiyasını da aldı.

Lakin sovet-türk münasibətlərində soyuqluq qalmaqda idi və Türkiyə başı üzərində sovet təhlükəsinin varlığını daha yaxından duymağa başlayırdı. Odur ki, 1944-cü ilin payızında ingilislər Yunanıstana daxil olduqda, Türkiyə bundan çox məmnun qaldı. Eyni zamanda Balkanlarda Yunanıstanla bir əməkdaşlıq yaratmaq üçün 1944-cü ilin noyabrında mübahisəli on iki ada üzərində heç bir tələb və iddiası olmadığını yunan hökumətinə bildirdi.

Bütün bunlara baxmayaraq Türkiyə 1945-ci ilə türk-sovet münasibətlərinin gərginləşməsi qayğıları ilə daxil oldu. Çünki, zamanında baş nazir Saracoğlunun dedikləri düz çıxmışdı: bütün Orta Avropa və Balkanlar sovet işğalı altına düşmüşdü. Elə buna görə idi ki, Sovet İttifaqı artıq Türkiyə ilə bağlı iddialarını diktə etməyə başlamışdı. Bu baxımdan 1945-ci ilin 4-11 fevralında keçirilmiş Yalta konfransında sovet dövlət rəhbəri İ.V.Stalinin bir sıra iddialar irəli sürdüyünü xatırlatmaq istərdik. Belə ki, Birləşmiş Millətlər Təşkilatı və boğazlar məsələsi ilə bağlı Türkiyə ilə münasibətlər yenə də müzakirə obyekti oldu. İ.V.Stalin boğazlar haqqında Montrö sazişinin Sovet İttifaqı üçün olduqca əlverişsiz şərtlərlə bağlandığını və dünyada qüvvələr nisbətinin dəyişdiyi bir zamanda ümumiyyətlə o sazişin köhnəlmiş olduğunu, "Türkiyənin boğazlar vasitəsilə Sovet İttifaqının boğazına sarılmasına artıq dözülə bilməyəciyini" bəyan etdi.

ABŞ və Böyük Britaniya da boğazlarda Sovet İttifaqına geniş bir keçid hüququ verilməsi tələbini qəbul etdilər. Bununla yanaşı ABŞ boğazlar üzərində Türkiyənin hakimiyyətinə xələl gətirəcək heç bir statusa tərəfdar deyildi. Böyük Britaniya da müstəqilliyi baxımından Türkiyəyə qarantiya verilməsinin zəruri olduğunu açıqladı.

Konfrans boğazlar məsələsinin xarici işlər nazirlərinin müzakirəsinə verilməsi və bu işdən Türkiyənin xəbərdar edilməsi haqqında qərar qəbul etdi. Birləşmiş Millətlər Təşkilatının qurulması ilə bağlı məsələləri müzakirə etmək üçün San-Fransiskoda konfrans çağırılmasına da qərar verildi. 1945-ci ilin 25 aprel-26 iyununda keçirilən bu konfransın işində Türkiyə də iştirak etdi. Konfransda iştirakın və BMT üzvü olmağın şərti Almaniya və Yaponiyaya müharibə elan etmək idi. Türkiyə də bu şərti artıq 1945-ci ilin 23 fevralında yerinə yetirmişdi.

Qeyd etmək lazımdır ki, Yalta konfransından sonra Sovet İttifaqı Türkiyə ilə münasibətləri baxımından daha iddialı addımlar da atdı. İlk olaraq 1945-ci ilin 19 martında bitərəflik və bir-birinə hücum etməmək haqqında 1925-ci il türk-sovet müqaviləsi ləğv olundu. Türkiyəyə verilən notada Sovet İttifaqı bu hərəkətini yenə də dünyada yaranmış əsaslı dəyişikliklərlə əlaqələndirir və müqavilənin bu zəmində yeniləşməsinə ciddi ehtiyac olduğunu bildirirdi.

Təbidir ki, Türkiyə Sovet İttifaqının bu hərəkətini müqavilənin əsas məqsədi olan bir-birinə hücum etməmək öhdəliyindən imtina kimi dəyərləndirirdi. Heç təsadüfi deyildir ki, 1945-ci ilin 4 aprelində verilən cavab notasında Türkiyə müqavilənin yeniləşməsini "diqqətlə və xeyirxahlıqla" qarşıladığını bildirdikdə, Sovet İttifaqı bunun şərtinin boğazlarda ona tam üstünlük verilməsi, Qars və Ərdahanın geri qaytarılması olduğunu söylədi.

Türk-sovet münasibətlərinin gərgin olduğu bir dövrdə Potsdam konfransı başlandı və ilk günlərdən Sovet İttifaqı İtaliyanın keçmiş müstəmləkələrindən birinə sahib olmaq iddiasını bildirdi. Təbiidir ki, bu iddianın arxasında Sovet İttifaqının Aralıq dənizinə çıxmaq istəyi dayanırdı. Böyük Britaniya Sovet İttifaqının bu istəyini, Bolqarıstana öz hərbi qüvvələrini cəmləşdirməsini, sovet mətbuatının Türkiyəyə qarşı apardığı təbliğatı və nəticədə Türkiyənin bir qorxu içərisində qalmasını, boğazlar məsələsini təkbaşına həll etməyə çalışmasını bəyənmədiyini bildirdi və Türkiyəyə sovet təkliflərinin qəbulu üçün təzyiq və zor göstərməyəcəyini söylədi. Əslində Sovet Ittifaqının boğazlarda üstün mövqe qazanmasını nə ABŞ, nə də Böyük Britaniyanın özü qəbul edirdi. Bu səbəbdən də qərara alındı ki, hər üç dövlət boğazlar haqqında fikirlərini ayrı-ayrılıqda Türkiyəyə çatdırsın.

Bütün bu deyilənlər sübut edir ki, Türkiyə ikinci dünya müharibəsinin bütün gedişi boyunca gərginliklər içində yaşamışdır və özünün bitərəflik siyasətini qoruyub saxlamaq üçün böyük qüvvə və əmək sərf etmişdir. Amma məhz bu siyasət də imkan verdi ki, ölkə çoxlu canlı qüvvə itkisindən xilas olsun, maddi məsrəflərin səviyyəsi az yüksəlsin və müharibənin yaratmış olduğu problemlərdən imkan daxilində yan keçə bilsin. Lakin hər hansı müharibə ehtimalı dövlətin başı üzərində əksik olmadığından hərbi qüvvələrin möhkəmləndirilməsi, zəruri xammal və digər ehtiyatların yaradılması istiqamətində görülən tədbirlər istər ölkə iqtisadiyyatına, istərsə də əhalinin yaşayış səviyyəsinə təsirsiz ötüşməmişdir. Əkin sahələrinin azalması, kənd təsərrüfatı məhsulları istehsalı səviyyəsinin aşağı enməsi, inflyasiyanı yüksəlməsi, əsas istehlak və ərzaq mallarına ehtiyacın artması zaman-zaman Türkiyə daxili siyasətinin həllə ehtiyacı olan problemlərinə çevrilmişdi.

Top