Azərbaycan daş plastikası - qədim tarixi abidələr

Azərbaycan daş plastikası - qədim tarixi abidələr

Daş insanların məişətində ən qədim və təbii sərvətlərdən biri sayılır. İbtidai insanlar daş alətlər vasitəsilə özlərinə yemək əldə etmiş, ondan müxtəlif əşyalar düzəltmişlər. İbtidai insanların ilk yaşayış məskənləri (mağaralar və s.) daşdan tikilmiş, qadınların ilk bəzəyi, ilk qələm və lövhə də daşdan hazırlanmışdır. O, insanların estetik zövqünün inkişaf etdirilməsində böyük rol oynamışdır. Əbəs deyildir ki, alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elə buna görə də xalqımız uzun keçmişlərdən tutmuş bu günə qədər daşı həmişə müqəddəs saymışlar. Alimlərimizin fikirincə Azərbaycan ərazisində ilahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Dağa , qayaya, mağaralara sitayiş , daşdan müalicə vasitələri kimi istifadə etmək Azərbaycanda geniş surətdə yayılmışdır. Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişlərdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltmək onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir. Keçmişin yadigarı sayılan bu abidələr daha çox bizi bədii və estetik xüsusiyyətləri ilə maraqlandırır. Onlar xalqımızın müxtəlif dövrlərdə əl qabiliyyəti , dünya görüşü və zövqü haqda geniş məlumat verir.
Yurdumuzda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Oyma , yonma , cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərin ən qədim nümunələrinə alimlərimiz hələlik Ordubad(Gəmi qaya), Abşeron(Mərdəkan , Şüvəlan kəndlərində) və Bakı şəhərindən 60 kilometr cənubda Xəzər dənizindən bir qədər aralı Qobustan qayaları üzərində rast gəlmişlər.

Təxminən eramızdan əvvəl dördüncü minillikdən tutmuş əsrimizin əvvəllərinədək müxtəlif dövrlərdə yaradılmış bu sənət əsərləri öz məzmunu bədiliyi ilə diqqəti cəlb edir.Daşı oyma, yonma , cızma üsulu ilə bəzəməkdən  Azərbaycanda orta əsrlərdə də geniş istifadə edilmişdir. Əldə olan materiallar göstərir ki, orta əsrlərdə daş üzərində oyma , yonma , cızma üsulu ilə bəzək açmaq və ya fiqur həkk etməklə bərabər xalq ustaları daşdan müxtəlif məzmunlu heykəllər də düzəldirdilər. Orta əsrlərə aid edilən plastik sənət nümunələrimizin içərisində daş insan fiqurları əsas yer tutur. Son illərdə əsasən Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış bumonumental plastik sənət nümunələri alimlər arasında böyük maraq oyatmışdır.
Şamaxının Dərə-Xınıslı və DağKolanı kəndləri yaxınlığından tapılmış heykəllər üslub etibarı ilə bir-birinə bənzəsə də , ayrı-ayrı vəziyyətdə və ölçüdə düzəldilmiş müxtəlif tipli kişi fiqurlarını əks etdirirlər. Şamaxıdan tapılmış fiqurların ən böyüyünün hündürlüyü 2.23 metr ən kiçiyinin isə 1.35 metrdir. 1946-cı ildə  Dərə-Xınıslı kəndindən tapılmış daş heykəl xüsusilə maraqlıdır. Yerli əhəng daşından yonulub düzəldilmiş bu heykəl uca boylu naməlum bir şəxsi təsvir edir. Haqqında bəhs etdiyimiz fiqur bu il ərzində aşkar edilmiş başqa heykəllər kimi başsızdır. Baş yerinin formasından aydın olur ki, fiqurun başı sonrlar hansı səbəbdənsə sındırılmışdır. Fiqurun əllərinin vəziyyəti də bu ərazidə tapılan əksər heykəllər kimidir. Onların əksəriyyətində sol əl ürək , sağ əl isə bel tərəfdə təsvir edilmişdir. Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri görünür. Kürəyinin yuxarı hissəsində bu ərazilərdə tapılan o biri heykəllərdə olduğu kimi dalğavari xətlər vardır ki, bu da təsvir olunan şəxsin uzun saç saxladığını göstərir.
Insan fiqurunu təsvir edən heykəllər içərisində 1973-cü ildə Ağdam rayonu Böyəhmədli kəndi yaxınlığından tapılmış abidələr də diqqəti cəlb edir. Cürətlə demək olar ki, insan fiqurlarını təsvir edən bu heykəllər indiyə qədər Azərbaycan ərazisində tapılan orijinal plastik sənət örnəklərindəndir. Sxematik, real proporsiyalardan xeyli kənar bir tərzdə yonulub düzəldilməsinə baxmayaraq bu plastik sənət nümunələri öz əzəmətli görünüşü ilə insanı heyran edir. İndi təsəvvür etmək olar ki, azı min , min beş yüz il bundan əvvəl yol ayrıcına və ya hündür təpə üzərinə qoyulmuş bu heykəllər öz dövrünün adamlarına necə təsir edirmiş.Mənbələr göstərir ki, türkdilli xalqlar islam dinini qəbul etməmişdən qabaq hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyarmışlar.
İlk orta əsrlərə aid çin, ərəb, Orta Asiya mənbələrində bu tipli heykəllərin müqəddəs sayıldığı və onlara sitayiş edildiyi qeyd olunur. VII əsrdə yaşamış alban  tarixçisi Moisey Kaqankatvasi öz əsərində Azərbaycan ərazisində yaşayan tayfaların daşdan heykəllər yonub ona sitayiş etdiklərini, hətta onların şərəfinə at, qoç, sığır qurbanları verdiklərini xüsusi qeyd edir. Moisey Kanqankatvasinin bu tayfaların uzun saç saxlayıb, mahir ox atan olduğları haqqında verdiyi məlumat qiymətlidir. Keçmiş dövrün mütərəqqi ənənələrinə sadiq qalmış oyma işlərinə bir çox ərazilərdə əsasən də Şamaxı, Quba, Şəki, Qax, Qazax, Ağdam və Naxçıvanın daş abidələri üzərində rast gəlirik. Nəzərdən keçirdiyimiz sənət nümunələrimiz ilk baxışda dilsiz-ağızsız sükutlara dalmış abidələr olsa da, gördüyümüz kimi onların hər birinə tarix öz əbədi möhürünü basmışdır.
Top