NEOLİT (Yeni Daş) dövrü e.ə. VIII-VI minilliyi əhatə edir. Daş əmək aləti daha da təkmilləşdirildi. Ağacdan sapı olan cilalanmış daş baltalar əvvəlki əmək alətlərindən daha məhsuldar idi. Belə əmək alətləri ilə ağac kəsmək və təmizləmək daha asan olurdu. İnsanlar toxumun yerə düşməsini, onun cücərməsini, inkişafını və məhsul verməsini dəfələrlə müşahidə etmişdilər. Onlar sahələri kolluq və meşəlikdən təmizlədilər, əkinçiliklə məşğul olmağa başladılar. Qadınlar ağaca buynuzdan, yaxud daşdan ucluq düzəldib toxa adlanan əkinçilik aləti ilə yeri şumlayır və taxıl əkirdilər. Ən qədim əkinçilərin əmək aləti toxa idi. Bu dövrün əkinçiliyinə
toxa əkinçiliyi deyilir. Sünbülü iti daş qəlpələri taxılmış buynuz və sümükdən düzəldilmiş oraqla biçirdilər. Toxa əkinçiliyi yığıcılığa nisbətən qəbiləni daha çox qida ilə təmin edirdi. Beləliklə, yığıcılıqdan
əkinçilik meydana gəldi. Ən qədim əkinçilik məskəni on min il bundan əvvəl Ön Asiyada (Zaqroş dağları və Anadoluda) yaranmışdı. Arpa və buğdanın vətəni bu ərazidir və dünyanın digər ərazilərinə buradan yayılmışdır.
Əhliləşdirilmiş itin iştirakı və oxla heyvan ovlamaq daha uğurlu olurdu. İt ovu axtarıb tapır, insan ovu uzaqdan oxla vura bilirdi. Bunun sayəsində qəbilədə qida bolluğu yaranırdı. İnsanlar qoyun, keçi, donuz, inək və digər heyvanların balalarını kəsməyib, xüsusi düzəldilmiş küzdə (ağac çubuqlarında, qamışdan hörülərək düzəldilən yer) saxlamağı və əhilləşdirməyi də öyrəndilər. Beləliklə, ovçuluqdan maldarlıq meydana gəldi. Bundan əvvəl isə insanlar yalnız təbiətdə olan heyvanları ovlayır, balıq tutur, bitki toplayırdılar. Əkinçilik və maldarlıq yaranandan sonra insanlar özləri əkir, taxıl toplayır, heyvan saxlayır, öz tələbatlarını ödəyirdilər. Bununla da istehsal təsərrüfatı yarandı.
Neolit dövründə insanlar cilalı daş baltalardan, balıqçılıqda tordan, harpundan, qarmaqdan istifadə etmiş, əkinçiliyin inkişafı ilə oturaq həyat tərzinə keçmiş, gil (saxsı) qablar istehsalı, əyiricilik, toxuculuq meydana gəlmişdir. Onlar kətan və yun liflərindən sap əyirir, sapdan parça toxuyur, parçalardan dəriyə nisbətən yüngül və rahat paltar tikirdilər. Bütün bu yeniliklər elmdə «neolit inqilabı» adlanır.
ENEOLİT (mis-daş) dövrü e.ə. VI-IV minilliyi əhatə edir. Daş dövrünün sonu, metal dövrünün başlandığı, tunc dövrünə keçid mərhələsidir. Bəşər tarixində metal əsri mis dövrü ilə başlayır. İnsanın istifadə etdiyi ilk metal mis olmuşdur. Mis emalının qədim izləri Ön Asiyada təqribən 7 min il bundan əvvəl Anadoludakı Çayönü,Çatal Hüyük məskənlərində və Mesopotamiyada tapılmışdır. İnsanlar misdən balta, xəncər, nizə, bəzək əşyaları, evdə işlənən əşyalar düzəltməyə başladılar. Mis yumşaq metal olduğuna görə daşı sıxışdıra bilmədi, mis alətlərlə yanaşı, daş alətlər də işlədilirdi. Elə buna görə də, bu dövrə mis-daş dövrü deyilir. Bu dövrdə toxa əkinçiliyi üstünlük təşkil edirdi, çiy kərpicdən evlər tikilir, gildən qadın fiqurları düzəldilir, boyalı qab istehsalı genişlənirdi.