Yığıcılıq və ovçuluq. Ən qədim insan məskənləri

Yığıcılıq və ovçuluq. Ən qədim insan məskənləri

İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü əhatə edir. İnsan cəmiyyəti ilk dəfə Avropa, Asiya və Afrikanın isti iqlim sahələrində əmələ gəlmiş və təşəkkül tapmağa başlamışdı. İbtidai icma quruluşunun tarixi insanın heyvanlar aləmindən ayrılması ilə başlanır. Müasir insana oxşar olan ən qədim insan tipi «Cənub meymunları» (Avstrolopitek) olmuşdur. Bu tipə aid insan qalıqları Afrikada (Keniyada) Rudolf gölü ətrafında tapılmışdır. Gürcüstan və Azərbaycan respublikalarının sərhədində olan Udabno kəndi yaxınlığında da insanabənzər meymun qalıqları aşkar edilmişdir. İbtidai icma quruluşu Daş, Tunc və Dəmir dövrlərinə bölünür.
Daş dövrü aşağıdakı dövrlərə bölünür:
1. Paleolit (Qədim daş) dövrü;
2. Mezolit (Orta daş) dövrü;
3. Neolit (Yeni daş) dövrü.

PALEOLIT (Qədim daş) dövrü e.ə.l2-ci minillikdə başa çatmışdır. İnsanın əmələ gəlməsi və insan cəmiyyətinin təşəkkülü 2,6-3 milyon il bundan əvvəl başlanmışdır.
Ən qədim insanlar xarici görkəmlərinə görə insanabənzər meymuna oxşar idi. İnsan müasir görkəmə düşənə qədər üç böyük tarixi inkişaf mərhələsi keçmişdir. I mərhələyə ən qədim insanlar (arxantroplar), ikinci mərhələyə ibtidai insanlar (paleantroplar) və üçüncü mərhələyə isə müasir insanlar aiddir.
Ən qədim insanlar insanabənzər meymundan aşağıdakı xüsusiyyətlərinə görə fərqlənirdilər:
1) ayaqlarının pəncələri üzərində hərəkət etməklə nisbətən düz yerişli olmuşlar;
2) asta hərəkət edən və bəzi sadə əməliyyatları yerinə yetirən əl barmaqlarına malik olmuşlar;
3) beyinləri nisbətən yüksək inkişaf etmişdi.
Alimlər ən qədim insanların sümüklərinin qalıqlarına əsasən onların xarici görkəmini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna oxşayırdılar. Onların beyinləri meymun beynindən böyük, müasir insan beynindən kiçik idi, əlləri dizə qədər uzanır, ayaq üstə gəzir, əlləri ilə sadə işlər görür, ov edir, yem toplayır, müdafiə olunurdular; alınları ensiz və arxaya maili idi.
Paleolit dövrünə aid ən qədim insan məskəni və insan qalığı 1931-ci ildə Liki tərəfindən Şərqi Afrikada (Tanzaniya) Oldovay dərəsində aşkar edilmişdir. İndoneziyada Yava adasında Trinil şəhəri yaxınlığında Pitekantrop, Çində Sinantrop, Almaniyada Heydenberq və Neandertal vadisində Neandertal, Azərbaycan Respublikasının Füzuli şəhəri yaxınlığında Azıx mağarasında Azıxantrop adamın qalıqları aşkar edilmişdir.
Ən qədim insanların məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. İnsanlar meyvə və bitki köklərini, toxumlarını, quş yumurtalarını toplamaqla məşğul olurdular. Yığıcılıqla əsasən qadınlar məşğul olurdu. Qədim insanların yaşayışını təmin edən əsas vasitələrdən biri də ovçuluq idi. Ovçuluqla kişilər məşğul olur, əsasən, quş, ayı, maral, keçi, ceyran və s. ovlayırdılar.
Ən qədim əmək alətlərini insanlar daşdan hazırlayırdılar. Buna görə də tarixin ilk dövrü daş dövrü adlanır. Daş dövrü 2 milyon il davam etmişdir. İnsanların ən qədim və ilk əmək aləti sivri daş, dəyənək və yerqazan çubuq olmuşdur. Əmək alətinin hazırlanması insanın əmək fəaliyyəti ilə məşğul olmağa başlamasının nəticəsi idi. İnsanın ardıcıl əmək fəaliyyəti onun bütün orqanizminin tədricən inkişaf edib, dəyişməsinə səbəb oldu. İnsanın ən çox əli və beyni inkişaf etdi. Alimlər əmək alətləri hazırlamaq bacarığı olan insanları «bacarıqlı insan» adlandırırlar. Daş əmək alətləri, əsasən, vulkanik süxur parçalan ola şüşə, dəvəgözü, çaxmaqdaşı, tuf və əhəngdaşından hazırlanırdı Çaxmaqdaşı tez sındığı və ondan iti qəlpələr əmələ gəldiyi üçü ondan düzəldilən əmək alətləri geniş yayılmışdı.
İbtidai insan sürüsü (ulu icma) insanın tarixi birliyinin ilk formasıdır. İbtidai insanlar vəhşi heyvandan qorunmaq və qida əldə etmək üçün birgə yaşayır, ümumi tonqala malik olurdular. Yalnız bitkilərlə zəngin olan isti ölkələrdə yaşayırdılar. İbtidai insan ların sərbəst danışmağa imkan verən nitq qabiliyyəti yox idi, onlar qırıq-qırıq səslər çıxarmaqla bir-biri ilə ünsiyyət saxlayırdılar
Hər dəstədə onlarla adam olurdu. Çox adamın bir yerdə qida əldə etməsi və yeyib-dolanması çətin idi. Böyük insan dəstələri parçalanıb nisbətən kiçik insan dəstələrinə çevrilirdi. İbtidai insan sürüsü sabit deyildi. Onlar bir-birinə qarışır və ayrılırdılar, qan qohumluğu ilə bir-birinə bağlı deyildilər.

Oddan istifadə.
İbtidai insanlar odla ilk dəfə alt Paleolitdə (qədim daş dövründə) təbii hadisələr zamanı tanış olmuşlar. İnsanlar təbii odu ildırımm düşməsi, vulkan püskürməsi, üzvi maddələrin qızışması nəticəsində baş verən yanğınlardan əldə edirdilər. Azıx mağarasında 700 min il bundan əvvələ aid ocaq yerinin izi aşkar edilmişdir.
İnsanlar əmək fəaliyyəti nəticəsində süni od əldə etməyi öyrəndilər. İnsan daşı daşa vuranda qığılcımın baş verməsini, ağacı deşəndə istilik yaranmasını müşahidə etmişlər. Nəticədə qədim daş dövrünün orta mərhələsində insanlar süni od əldə etdilər. Oddan istifadə və süni od əldə etməyi öyrənmək bəşər tarixində ən qədim nailiyyətlərdən biridir, bundan sonra insanın heyvanlar aləmindən ayrılması sürətləndi.
Daş alətlərin təkmilləşməsi. İnsanlar əmək prosesində topladıqları təcrübəni təkmilləşdirərək, nəsildən-nəslə ötürmüşlər. Onlar əsrlər keçdikcə daha təkmil əmək alətləri hazırlayırdılar. Bir neçə yüz min il bundan əvvəl «bacarıqlı insan» daşdan əl çapacağı, qaşov, bıçaq, sümükdən biz, iynə hazırlayır, 20-30 min il bundan əvvəl isə balıq ovu üçün sümük və buynuzdan harpun düzəldirdi.
Ovçuluğun inkişafı. «Ağıllı insan». Qəbilə (nəsil). Mükəmməl əmək alətlərinə və oda malik olan insanlar daha geniş ərazilərə yayılmağa başladılar. Onlar əvvəlcə Afrika, Asiya və Avropada məskən salmış, sonralar isə Amerika və Avstraliyaya keçərək bu qitələrdə yayılmışlar.
Təqribən 100 min il bundan əvvəl yer üzündə kəskin soyuqlar düşdü və axırıncı buzlaşma başlandı. Qalınlığı 2 km-ə qədər olan buzlaqlar cənuba irəliləyirdi. Heyvanların bir qismi cənuba çəkildi, bir qismi yeni iqlimə uyğunlaşdı, bir qismi isə məhv oldu. insanlar tundranın və soyuq çöllərin iqliminə uyğunlaşdılar. Bu dövrün insanları pusquda durur, vəhşi heyvanları (keçi, mamont, maral, bizon və s.) ya üstü ağac budaqları ilə örtülmüş çuxura, ya da uçuruma salaraq ovlayırdılar.
Insanın ilk paltarı dəridən, onun daldalandığı yurdlar isə təbii mağaralar olmuşdu. Düzən yerlərdəki insanlar mamont sümüyündən və dəridən yurd tikirdilər. Milyon illər ərzində insanın şüuru və nitqi inkişaf etdi. Paleolit dövrünün sonunda, təqribən 40 min il bundan əvvəl neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar. Alimlər bu insan tipini «ağıllı insan» (Homo Sapiens) adlandırdılar. «Ağıllı insan»ın beyni «bacarıqlı insan»ın beynindən iki dəfə böyük idi, nitqi aydın idi, məntiqi düşünməyi bacarırdı, qaməti düz, boyu hündür idi.
Təbii şəraitdən asılı olaraq, yəni isti, sərt küləklər, şaxtaların təsiri ilə «ağıllı insan»ın zahiri görünüşündə fərqlər yarandı: ağ irq (avropoid), qara irq (neqroid), sarı irq (monqoloid) meydana gəldi.
Ibtidai insan sürüləri tədricən qəbilə (nəsil) icmasına çevrildi. Təqribən 30 min il bundan əvvəl nəsli icma və ya qəbilə meydana gəldi. Qan qohumluğu ilə bir-birinə bağlı olan, əmlakı ümumi olan, birgə yaşayan və birgə fəaliyyət göstərən insan kollektivinə qəbilə deyilir. Qəbilə ibtidai insan sürüsünə nisbətən sabit idi. Qəbilədə kişilər ov edir, balıq tutur, əmək aləti düzəldirdilər. Qadınlar uşaq saxlayır, yeməli bitki yığır, dəridən paltar tikir, yemək hazırlayır və s. işlər görürdülər. Qəbilədə əsas işləri qadınlar yerinə yetirirdi. Qohumluq ana xətti ilə müəyyən edilirdi. Qəbilənin ilk dövründə ana nəsli (anaxaqanlıq) hökmran idi. Qəbiləni ağsaqqallar idarə edirdi. Onlar əmək alətləri hazırlanmasına, qidanın toplanması və bölüşdürülməsinə, gənclərə ovçuluq məharəti öyrədilməsinə rəhbərlik edirdilər.
Qədim insanların birlikdə çalışdıqları və ümumi əmlaka birlikdə sahib olduqları bu cür yaşayış tərzi ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunda qədim insanlar kiçik kollektivlərdə yaşayırdılar, birgə işləyir, ümumi əmlaka malik idilər. Bu quruluşda istismar yox idi, əmək məhsulu bərabər bölüşdürülürdü. Həmin quruluşda yaşayanlar ibtidai insanlar adlanırdı.

MEZOLİT (Orta Daş) dövrü e.ə. 12-8-ci minillikləri əhatə edir. Bu dövrdə havalar istiləşdi, buzlaqlar əridi və şimala çəkildi, buzlar əriyən yerlərdə kolluqlar, meşələr əmələ gəldi. Heyvanlar da şimala tərəf yayıldı. İnsanlar heyvanların ardınca ge­dir, Avropanın şimalında çayların və göllərin kənarında məskunlaşırdılar. Bu dövrdə ox, kaman, ox ucluğu və s. kəşf edildi. Kaman e.ə. 9-cu minillikdə kəşf edilmişdi. Kamandan çıxan ox daha sürətlə uçur və hədəfi dəqiq vururdu. Ox və kamanın ixtira olunmasının insanların həyatında əhəmiyyəti o idi ki, insanların heyvanları uzaqdan ovlamalarına, qida ehtiyatını artırmalarına, ibtidai heyvandarlıqla məşğul olmalarına imkan verdi. Qədim insanlar çaylardan və göllərdən keçmək üçün ağacdan sal, ağacın gövdəsini oyub qayıq düzəltməyi öyrəndilər. Onların əhliləşdirdiyi ilk heyvan it olmuşdu. Onlar qaramal, qoyun və digər heyvanların balaların ərzaq ehtiyatı kimi saxlayırdılar. İbtidai əkinçilik, ibtidai maldarlıq, ibtidai istehsal vərdişləri mezolit dövründə meydana gəlmişdi.
Paleolitin sonunda və Mezolit dövründə bir neçə qəbilə birləşib tayfa əmələ gətirirdi. Tayfa üzvləri eyni ərazidə yaşayır, bir dildə danışırdılar. Tayfaya daxil olanların ümumi adətləri var idi. Tayfanın işini ağsaqqallar şurası idarə edirdi.

 

Top