Yaranmış problemin ən yaxşı həlli xüsusi proqramlardan — kompüterin uzaqdan idarə edilməsi proqramlarından istifadə etməkdir. Bu proqramlar İnternetdən və ya lokal şəbəkədən istifadə etməklə başqa kompüteri məsafədən idarə etməyə imkan verir. Belə proqramlar bir tərəfdən, yuxanda təsvir olunmuş hal üçün, yəni təcrübəsiz kompüter istifadəçisinə onun yanma getmədən və ya uzun-uzadı telefon danışıqlarına vaxt itirmədən kömək etmək lazım gəldikdə çox əlverişli olur.
Digər tərəfdən evdə oturub işdəki kompüterinizdə işləmək, yaxud şəbəkə administratoru kimi serverləri və başqa kompüterləri idarə etmək zərurəti yarandıqda bu proqramlar əvəzsiz olur.TeamViewer («tim-vyuə» kimi tələffüz olunur) belə proqramlardan biridir. Bu gün oxşar funksiyanı yerinə yetirən sərbəst yayılan və ya ticari məhsul olan çoxlu sayda proqramlar mövcuddur: AeroAdmin, LiteManager, Radmin, RemotePC, Splashtop və s.
Kompüterlər və mobil qurğular TeamViewer tərəfindən bənzərsiz tanınma koduna (ID) görə identifikasiya olunur. Bu tanınma kodu TeamViewer birinci dəfə başladılan zaman avtomatik generasiya olunur, avadanlığın xarakteristikalarına əsaslanır və sonradan dəyişmir. Bütün TeamViewer bağlantıları şifrlənir və üçüncü şəxslərin müdaxiləsindən qorunur.
Hər dəfə başladılanda TeamViewer təhlükəsizlik məqsədilə yeni müvəqqəti parol generasiya edir. Əgər uzaqdan idarəetməni yalnız özünüz edirsinizsə və bu iş tez-tez təkrarlanırsa, hər dəfə yeni parolu yadda saxlamaq rahatsızlıq yaradır.
Məhz bu hallar üçün TeamViewer-də fərdi parol quraşdırmaq funksiyası gerçəkləşdirilib. Bu daimi parolla işləmək rahatdır, çünki yalnız özünüzün bildiyiniz bu parol kompüter yenidən yükləndikdə dəyişmir.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 11 Ümumtəhsil məktəblərinin 11 ci sinfi üçün İnformatika fənni üzrə Dərslik