Kompüterlərin ilbəil gücləndiyini və onların məhsuldarlığının (hesablama gücünün) yüksəldiyini, yəqin ki, bilirsiniz. Bu yüksəliş, ilk növbədə, kompüter sistemini təşkil edən əsas qurğuların göstəricilərindən asılı olur. Bu qurğuların məhsuldarlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.
Kompüterin başlıca hissəsi mәrkәzi prosessor və ya, sadəcə, prosessordur və onun sürəti kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun sürəti olaraq bir saniyәdә yerinә yetirilәn әmәliyyatların sayı götürülüb. Belə qiymətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olunması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə əsaslanıb. Çağdaş kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliliyi müxtəlif olan komandaların yerinə yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, proqramların işləmə sürəti təkcə prosessora görə deyil, kompüter sisteminin başqa komponentlərinə (məsələn, videosistemin məhsuldarlığına) görə də müəyyən olunur.