Kompüter şəbəkələri və onların təsnifatı

Kompüter şəbəkələri və onların təsnifatı

İnformasiya mübadiləsi və resurslardan birgə istifadə məqsədilə rabitə kanalları ilə birləşdirilmiş kompüterlər və (və ya) başqa qurğular qrupuna şəbəkə deyilir. Təsəvvür edin ki, şəbəkədə birləşdirilməmiş bir neçə kompüteriniz var. Belə bir muxtar mühitdə eyni bir verilənlərlə işləmək üçün bir kompüterdən faylları hansısa daşıyıcıya (məsələn, diskə) köçürmək, sonra həmin faylları başqa kompüterlərə yazmaq gərəkdir. Sənədləri tez çap etmək üçünsə kompüterlərin hər birini ayrıca printerlə təchiz etmək lazım gələcək. Belə bir şəraitdə bir neçə istifadəçinin eyni bir sənəd üzərində eyni zamanda işləməsi isə, sadəcə, mümkün deyil. İndi bu kompüterləri bir şəbəkədə birləşdirək və onların ümumi resurslara çıxışını təmin edək. Bu halda daha sizə disk lazım olmayacaq, printerlərin isə yalnız biri kifayət edəcək. sadə şəbəkə
Şəbəkədəki proqramlar, fayllar, eləcə də printerlər və birgə istifadə olunan başqa periferiya qurğuları resurs adlanır.
Beləliklə, kompüter şəbəkələri bir çox cəhətdən faydalıdır:
  • İnformasiyanın bölüşdürülməsi. İstifadəçi şəbəkədə olan başqa kompüterlərə qoşula və həmin kompüterlərdəki verilənlərdən (resurslardan) birgə istifadə edə bilər. Bu resurslar xüsusi layihələr, verilənlər bazaları və s. ola bilər.
  • Avadanlıqların bölüşdürülməsi. Hər kompüter üçün ayrıca printer, skaner, yaxud tez-tez istifadə olunan periferiya qurğusu almağa gərək yoxdur. Əvəzində şəbəkəyə qoşulmuş bir qurğudan çoxlu sayda istifadəçi yararlana bilər.
  • Proqramların bölüşdürülməsi. Hər bir ayrıca kompüter üçün proqram təminatı alıb quraşdırmaq əvəzinə, həmin proqramı serverdə quraşdırmaq olar. Bundan sonra hər bir istifadəçi həmin proqrama bir mərkəzi yerdən girəcək. Bu üsul həm də təşkilatın pul vəsaitlərinə qənaət baxımından faydalıdır.
  • Əməkdaşlıq mühiti. Bir layihə üzərində istifadəçilərin qrup şəklində birgə işləməsi həm onların qüvvələrini, həm də avadanlıqların imkanlarını birləşdirməyi mümkün edir.
Kompüter şəbəkələrinin bir neçə növü mövcuddur ki, onları da müxtəlif cür təsnif etmək olar.
1. Miqyasına, yəni bəndlər arasındakı məsafəyə görə: yerli (lokal), regional və genişmiqyaslı (qlobal).
Lokal şəbəkə bir-biri ilə birləşdirilmiş və adətən, bir qurum və ya bir bina çərçivəsində yerləşmiş kompüterlər qrupudur.şəbəkələrRegional şəbəkə bir rayon, şəhər və ya bölgə çərçivəsindəki çoxlu sayda lokal şəbəkələrin birləşdirilməsindən əmələ gələn şəbəkədir.
Qlobal şəbəkə müxtəlif şəhər, bölgə və ölkələrin kompüterlərini birləşdirən şəbəkədir.
Qlobal, regional və lokal şəbəkələrin birləşməsi çoxsəviyyəli iyerarxiya yaratmağa imkan verir. Lokal şəbəkələr hansısa regional şəbəkəyə daxil ola bilər; regional şəbəkələr qlobal şəbəkədə birləşə bilər; nəhayət, qlobal şəbəkələrin özləri daha böyük strukturlar təşkil edə bilər. Hazırda dünyada kompüter şəbəkələrinin ən nəhəng birləşməsi "şəbəkələr şəbəkəsi" olan İnternetdir.
Diqqət! "İnternet" termini IP protokolu ilə birləşmiş şəbəkələrdən ibarət konkret qlobal sistemə aid işlədildikdə xüsusi isim kimi qəbul edilir və böyük (baş) hərflə yazılır. Ümumi istifadədə və kütləvi informasiya vasitələrində tez-tez kiçik hərflə yazılır (the internet ). Bəzi sorğu kitablarında göstərilir ki, bu söz isim kimi işlədildikdə böyük, sifət kimi işlədildikdə isə kiçik hərflə yazılmalıdır. İnterneti bəzən, sadəcə, Şəbəkə (the Net ) də adlandırırlar.
Lokal və qlobal şəbəkələrin əlaqəsinə maraqlı örnəklərdən biri virtual özəl şəbəkədir (Virtual Private Network, VPN). Belə şəbəkə hər hansı təşkilatın müxtəlif ərazilərdə yerləşən iki və ya daha çox lokal şəbəkəsinin qlobal şəbəkələrin ümumi istifadəli kanalları vasitəsilə (məsələn: İnternet üzərindən) birləşdirilməsi nəticəsində alınır.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK
Top