Kibercinayətkarlıq dedikdə İnternet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər nəzərdə tutulur. Kibercinayətkarların hücum obyektləri, əsasən, banklar, birjalar, İnternet-mağazalar olur. Cinayətin həyata keçirilməsində kompüterlər, yaxud şəbəkələrdən aşağıdakı kimi istifadə oluna bilər:
- Kompüter, yaxud şəbəkə cinayət aləti ola bilər, başqa sözlə, cinayətin həyata keçirilməsində onlardan istifadə oluna bilər.
- Kompüter, yaxud şəbəkə cinayətin hədəfi (“qurbanı”) ola bilər.
- Kompüter, yaxud şəbəkə cinayət məqsədlərinə çatmaq üçün yardımçı vasitə ola bilər.
Hakerlər — çapqınçılar. «Haker» termini ötən əsrin 50-ci illərində Massaçusets Texnologiya İnstitutunda (ABŞ) meydana çıxmışdır. Həmin dövrün gəncləri arasında hətta müəyyən haker mədəniyyəti də yaranmışdı. Bu mədəniyyət dostlar arasında proqramların açıq mübadiləsi prinsipinə əsaslanırdı. O zamanlar bu söz hörmətlə çəkilirdi. Əməliyyat sisteminin daha yaxşı işləməsi üçün onun nüvəsinin bir hissəsini yenidən yazan, yaxud hamının unutduğu inzibatçı parolunu “ləğv edən” kompüter dahilərini belə adlandırırdılar. Qeyri-standart düşünmə qabiliyyətlərinə və ən mürəkkəb problemlərin ağıllı həllini tapdıqlarına görə bu onlara hörmət əlaməti idi.
1980-ci illərdə fərdi kompüterlərin yaranması və kompüter şəbəkələrinin genişlənməsi ilə bu termin mənfi çalar qazandı: özgəsinin kompüterinə və şəbəkəsinə gizli girərək orada saxlanılan proqramlara və verilənlərə baxan, hətta onların “içinə girən” şəxslər haker adlandırıldı (yeri gəlmişkən, belə insanları “ev yaran oğru” adlandırmaq daha doğru olardı). Təkcə proqramlaşdırma ilə kifayətlənməyən, həm də əməliyyat sistemlərinin və proqramların necə işlədiyini öyrənmək üçün onları “hissə-hissə sökən” həvəskarlara da haker deyilir.
“Haker” termininin öz mənasını itirdiyini görən kompüter ictimaiyyəti əlavə terminlər (məsələn: “script kiddie” və “cracker”) daxil etdilər. “Ssenari uşağı” (ingiliscə: script kiddie) termini ilə hakerlik sahəsində o qədər də biliyi olmayan və “sındırmaq” üçün digər hakerlərin utilitlərindən istifadə edən adamları adlandırırlar. Kreker (ingiliscə: cracker) isə bilik səviyyəsinə görə “script kiddie” ilə haker arasında olan şəxsə deyilir. O, proqramların üzünün çıxarılmaması üçün qoyulmuş müdafiəni “sındıra” bilir, ancaq proqramda yeni zəif yerlər tapmaq, yaxud haker utilitləri yazmaq üçün onun biliyi kifayət etmir.
Proqram məhsulunun alıcısı, əslində, yalnız həmin proqramın istifadə hüququnu əldə edir. Proqramın özu isə onun mülkiyyətinə keçmir. Ona görə də proqram məhsulunun üzünün çıxarılıb yayılması qanun pozuntusu hesab olunur. Belə hərəkətlərə kompüter piratçılığı, yaxud proqram təminatı piratçılığı deyilir.
Kompüter piratçılığı proqram təminatı bazarı üçün çox böyük problemdir. İstifadədə olan hər bir lisenziyalı (qanuni yolla əldə olunmuş) proqrama ən azı bir lisenziyasız, yaxud “pirat” nüsxə düşür. Bəzi ölkələrdə isə bu göstərici 1:9 nisbətinə çatır. Piratçılıq proqram təminatı istehsalına çox mənfi təsir göstərir, yeniliyin qarşısını alır, proqram məhsulunu hazırlayanları və istehsalçıları planlaşdırdıqları gəlirdən məhrum edir.
Proqramların üzünün icazəsiz köçürülməsinin qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə oluna bilər. Lisenziyalı proqramın distributiv dəstinə daxil olan bəzi verilənlər proqramın özünə daxil olmur. Belə proqramın üzü çıxarılarkən həmin verilənlər itə bilər ki, bu da mühafizə üsullarından biridir.
Müəlliflik hüququ. İnformasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı və kompüterlərin çox sürətlə insanların həyatına daxil olması ilk çağlar qanunvericilərin buna hazır olmadığını göstərdi. Bir müddət kompüter proqramlarının hüquqi müdafiəsi məsələsi açıq qaldı, ancaq getdikcə bu boşluqlar doldurulmağa başlandı. Belə ki, hazırda kompüter proqramları (kompilyatorlar, redaktorlar, verilənlər bazası və s.) əmtəə məhsulu statusu almışdır və onlar da intellektual mülkiyyət kimi qorunur.
Kompüter proqramlarının müəlliflik hüququnun tanınması üçün onların hər hansı qurumda qeydiyyatdan keçirilməsi vacib deyil. Proqrama müəlliflik hüququ avtomatik olaraq onun yaradılması zamanı meydana çıxır. Proqramın yaradıcısı öz hüquqlarını elan etmək üçün proqramın ilk buraxılışında üç elementdən ibarət olan müəlliflik hüququnun qorunması işarəsindən istifadə edə bilər:
çevrənin içərisində, yaxud mötərizədə “C” hərfi — ©, ©;
hüquq sahibinin adı;
proqramın ilk buraxılış ili.
Məsələn, Word mətn redaktoruna müəlliflik hüququnun qorunması işarəsi belə göstərilir:
© 1983-2017 Microsoft Corporation
Proqramın müəllifi öz proqramını istənilən yolla çoxaltmaq və yaymaq, eləcə də dəyişdirmək üçün müstəsna hüquqa malikdir. Proqramın nüsxəsinə qanuni yolla sahib olmuş qurum, yaxud istifadəçi proqramın işləməsi üçün istənilən hərəkəti edə, o cümlədən onu kompüterin yaddaşına yaza və saxlaya bilər. Bununla belə, lisenziyalı proqram təminatının gizli olaraq üzünün çıxarılması və istifadəsini qadağan edən qanunları bilmək və onlara əməl etmək lazımdır. Proqramın sahibi onun müəlliflik hüququnu pozan qurumlara, yaxud istifadəçilərə qarşı məhkəmə iddiası qaldıra və ona dəymiş ziyanın ödənilməsini tələb edə bilər.
Müəlliflik hüququ baxımından proqram təminatını bir neçə kateqoriyaya ayırırlar:
- İctimaiyyətə məxsus proqram təminatı (ingiliscə: public-domain software) — müəlliflik hüququ ilə qorunmayan və sərbəst olaraq üzü köçürülə bilən proqram təminatı. Bu termin bəzən yanlış olaraq üzü sərbəst köçürülə bilən başqa növ proqram təminatına da (məsələn: ödənişsiz proqram təminatı) aid edilir.
- Şərti ödənişsiz proqram təminatı (ingiliscə: shareware) — müəlliflik hüququ qorunan və pulsuz yayılan, ancaq, adətən, qeydiyyatdan keçmək və sənədləri, proqramı yeniləməyə gərəkli olan məsrəflərin yerini doldurmaq üçün məhsuldan razı qalan istifadəçilər tərəfindən dəyəri ödənilən proqram təminatı.
- Ödənişsiz proqram təminatı (ingiliscə: freeware) — ilkin kodu da daxil olmaqla ödənişsiz yayılan proqram təminatı; çox zaman onlar informasiya sistemləri və ya istifadəçi qrupları tərəfindən yayılır. Azad proqram gəlişdiricisi öz məhsulunu ya mənəvi məmnunluq üçün, ya da maraqlı müştərilər arasında məhsulun hansı uğurla istifadə olunduğunu aydınlaşdırmaq üçün ödənişsiz təklif edə bilər. Belə proqramların istifadəsinə, dəyişdirilməsinə və yayılmasına heç bir məhdudiyyət qoyulmur, yeganə tələb ondan ibarətdir ki, bütün dəyişikliklər aydın qeyd olunsun, müəllifin adı və müəlliflik hüququ haqqında bildiriş isə heç bir halda silinməsin və ya dəyişdirilməsin.
- Özəl proqram təminatı (ingiliscə: proprietary software) — müəlliflərin, yaxud qanuni sahibinin xüsusi mülkiyyəti olan və sərbəst proqram təminatı meyarlarına uyğun gəlməyən (proqram kodunun açıq olması yetərli deyil) proqram təminatı. Özəl proqram təminatının hüquqi sahibi onu istifadə edə, üzünü köçürdə və tam, yaxud qismən dəyişdirə bilər. Adətən, sərbəst olmayan istənilən proqram təminatını, o cümlədən yarım sərbəst proqram təminatını özəl adlandırırlar. Özəl proqram təminatı ticari proqram təminatı ilə bağlı deyil.
- Ticari proqram təminatı (ingiliscə: commercial software) — gəlir əldə etmək məqsədilə yaradılmış proqram təminatı. İnsanların çoxu ticari və ödənişsiz proqram təminatını bir-birinin əksi hesab edir. Ancaq ödənişsiz proqram təminatı müəyyən şəraitdə həm də ticari məhsula çevrilə bilər. Belə ki, ödənişsiz proqram təminatının sahibi başqalarına onun məhsulunu dəyişdirməyə, yaymağa və gəlir əldə etməyə icazə verir. Ödənişsiz proqram təminatının əksi özəl proqram təminatıdır. Bu proqram təminatı da həm ticari, həm də ödənişsiz proqram təminatı ola bilər. Proqramların yazılması üçün işlərin dəyəri sifarişçi tərəfindən ödənilən ticari proqramlar da vardır. Ticari məhsullara xas olan bütün üstünlüklər çox zaman belə proqramlarda olmur, çünki onların məhdud büdcəsi olur, ancaq sifarişçinin tələbləri daha yaxşı ödənilir.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK