Kompüter virusunun öz bioloji “qardaşı” ilə daha bir oxşarlığı da əvvəlcədən hər ikisinin qarşısının alınmasının (profilaktikasının), əlbəttə, yoluxmadan sonrakı müalicəyə nisbətən çox-çox asan olmasıdır.
Kompüter viruslarından qorunma üç səviyyədə təşkil oluna bilər: 1-ci səviyyədə virusların kompüterə girməsinin qarşısı alınır; 2-ci səviyyədə virus hücumlarının qarşısı alınır; 3-cü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir.
Təhlükəsizlik tədbirləri nəticəsində virusların kompüterə düşməsi təhlükəsi azaldılır. Şübhəli mənbələrdən əldə olunan proqram təminatlarından istifadədən qaçmaq lazımdır. Kompüterə kənardan, o cümlədən İnternetdən daxil olan proqram koduna çox ciddi nəzarət olunmalıdır.
Yoluxma faktını aşkarlamaq, virusların çoxalmasına mane olmaq və virus hücumlarının qarşısını almaq üçün antivirus proqramlarından istifadə olunur. Verilənlərin mübadiləsi zamanı viruslara xas olan baytların aşkar edilməsi və viruslar üçün xarakterik hərəkətlərin qeydə alınması onların axtarışının əsasını təşkil edir.
Müqayisə üçün zəruri olan verilənlər antivirus proqramının verilənlər bazasında saxlanılır. Antivirus verilənlər bazasını daim yeni viruslar haqqında məlumatlarla doldurmaq, başqa sözlə, virus bazasını yeniləmək lazımdır. Antivirus proqramlarının uğuru da məhz bundan asılı olur.
Fəaliyyətlərindən asılı olaraq antivirus proqramları bir neçə sinfə ayrılır:
Detektorlar hər hansı məlum virusa yoluxmuş faylları aşkarlamağa imkan verir.
Doktorlar (faqlar) təkcə yoluxmuş faylları aşkarlamır, həm də onları ilkin duruma qaytarmağa çalışır.
Müfəttişlər kompüter hücumları mümkün olan yerlərdəki dəyişikliklərə nəzarət edir; bu məqsədlə proqramların və disklərin sistem sahələrinin ilkin, yoluxmamış hesab olunan durumları haqqında məlumat yadda saxlanılır, sonra istifadəçinin müəyyənləşdirdiyi vaxtda onları cari vəziyyətlə müqayisə edir.
Doktor-müfəttişlər yuxarıda göstərilən iki növ proqramın imkanlarını özündə birləşdirir.
Süzgəclər virusların çoxalma və zərərvurma məqsədilə əməliyyat sisteminə etdikləri müraciətləri tutur.
Vaksinlər, yaxud immunizatolar iş qabiliyyətlərini saxlamaqla proqramları elə dəyişdirir ki, onlar viruslara yoluxmuş kimi görünsün. Belə olduqda viruslar həmin fayllara “ilişmir”.
Kompüterdə virusların axtarışı verilənlər daşıyıcılarının, yaxud axınının daranması (ingiliscə: scan) yolu ilə yerinə yetirilir. Darama prosesində operativ yaddaşda, daşıyıcılarda virusa yoluxmanın əlamətlərinin olub-olmadığı yoxlanılır. Aşkarlanmış viruslar deaktivləşdirilir və məhv edilir. Mümkün olduqda dəyişdirilmiş (yoluxmuş) faylların ilkin vəziyyəti bərpa edilir.
Bu gün Symantec Norton Antivirus, Kaspersky AntiVirus, Dr. Web, McAfee VirusScan, Panda Titanium Antivirus kimi antivirus proqramları daha çox tanınır.
Göstərilən proqramlar, əsasən, kommersiya məhsuludur, lakin fərdi kompüterdə istifadəsi ödənişsiz olan antivirus proqramları da mövcuddur. Onların içərisində Avast! daha populyardır. Bu proqramı
www.avast.com saytından əldə etmək olar.
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK