Qayınanın evdən qovduğu Sevda

Qayınanın evdən qovduğu Sevda

Azərbaycanda 15-ə yaxın ekran əsərində müxtəlif səpkili obrazlar yaratmış Tanilə Əhmərovanı çoxları «Qayınana» filmindən Sevda kimi tanıyır… Cənnət xalanın gəlini, diş həkimi Sevda… O, bu obrazla tamaşaçıların sevimlisinə çevrilmişdi… Deyilənə görə, özü də bu rolunu çox sevirmiş… Və elə bu obrazı ilə də Azərbaycan kinosunda öz imzasını qoydu...Tanilə Əhmərova ad-soyadını eşidən hər kəsə yəqin ki, onun hansı milliyətdən olması maraqlıdı… Çünki azərbaycanlılarda belə ad-soyad olmur… O, milliyyətcə tatar idi...
Tanilə Əhmərova
Tanila Aisa qızı Əhmərova 1950-ci ildə iyunun 1-də Bakının Sabunçu qəsəbəsində anadan olub. Uşaq yaşlarından təhsil aldığı 78 nömrəli məktəbdəki teatr dərnəyinə göstərdiyi maraq sonradan onun aktrisalığa aparıb.
Orta təhsilini başa vurduqdan sonra bir müddət 1967-1972-ci illərdə hesablayıçı və dispetçer işləyib.
Amma özü üçün həyat yolu kimi müəyyən etdiyi məqsədinə — aktrisa olmaq istəyinə doğru addımlamaqda davam edib. Və 1972-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutuna qəbul olunub. Burada  o dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrənib.
Tələbə olduğu müddətdə həm də işləyib. 1975-1977-ci illərdə Bakıdakı Mədəniyyət saraylarından birində müdir vəzifəsində çalışıb. Nəhayət 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. 1978-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olub. O, "Üzeyir ömrü" filmində Üzeyirin anası, «Qaynana» filmində Sevda, "Şir evdən getdi" filmində Şəfiqə müəllimə, Sevinc buxtası”nda Leyla kimi yaddaqalan obrazlar oynayıb.
«Tələ», «Təhminə», «Arşın malçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam”, “Portağal” (Ukrayna), “Hər şeydən əvvəl düzlü” (Özbəkistan) filmlərində də müxtəlif rollar oynayıb.
Tanilə Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb. Daha sonra Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Həmkarları onu həyatda və sənətdə bəxti gətirməyən aktrisalar sırasına aid edirlər. Deyirlər ki, həm aktrisa kimi, həm də insan kimi çox dəyərli idi. Amma həyatda da, sənətdə də onunku gətirməyib...
Tanilə Əhmərova Sevda obrazı ilə yaddaşlarda qalsa da, potensialı tam açılmadı. O, bəzi filmlərdə çəkildiyi epizodik rollar üçün bütün bacarıq və istedadını nümayiş etdirməkdən çəkinməmişdi. Aktrisa ona verilən hər obrazı sevə-sevə oynamışdı. Di gəl ki, rejissorların gözü niyə onu tutmurdu, bəlli deyil...
Maraqlıdır ki, çox sayda filmlərin sınaq çəkilişində iştirak edib. Amma sonradan onun əvəzinə başqasını çəkiblər. Sənət yoldaşları deyirlər ki, Tanilə Əhmərova daha böyük rollara layiq aktrisa idi… Ömrü boyu kinoya çəkiləcəyini gözləyən sənətkar 1990-cı illərdən sonra xəyal qırıqlığına uğramışdı...
Bu da onun kinodan küsməsilə nəticələnmişdi.
Tanilə Əhmərova
O, sonuncu dəfə 1993-cü ildə “Təhminə” filmində epizodik rola çəkilmişdi...
Filmlərə çəkilməmək aktrisanın maddi durumuna pis təsir etmişdi. Maddi və mənəvi sıxıntılar üzündən uzun müddət evinə qapanıb, heç kəslə görüşməyib, əziyyət çəkib.
90-cı illərin ortalarından ömrünün sonlarınadək sənət aləmindən təcrid olub… Ona Əməkdar artist adını da çox gec vermişdilər...2014-cü ildə mətbuat Tanilə Əhmərovanın baxımsızlıqdan əziyyət çəkdiyini yazırdı.  Hələ o zaman 147 manat pensiya aldığını deyən aktrisa bu pulun nə dərmanına, nə yeməyinə, nə də digər ehtiyaclarının ödənməsinə bəs etdiyini bildirirdi.
2015-ci ilin yanvarında o, ikinci dəfə insult keçirmişdi… Həmin vaxtlar həmkarları sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda Tanilə Əhmərovanın vəziyyətinin ağır olduğunu, yeriyə bilmədiyini bildirir, müvafiq qurumları ona kömək etməyə çağırırdılar. Amma bu çağırışlara səs verən olmamışdı...
Onun özü isə harasa şikayət etməyi xoşlamırdı, hətta xəstəliyini belə gizlətmişdi… Bəzi həmkarları fəxri ad, ev, təqaüd, pul mükafatları istəyəndə, o, öz haqqını tələb etmədi...
Heç kimə yalvarmadı, xahiş etmədi...
Onu heç yerə çağırmırdılar, tədbirlərə dəvət etmirdilər. Özünə qarşı biganəlik onu hamıdan üz döndərməyə məcbur etmişdi. Qapısını nəinki həmkarlarının, hətta jurnalistlərin də üzünə bağlamışdı. Mətbuata müsahibə vermədi… Ölüm gününədək heç kimlə görüşmək istəmədi...
Tanilə Əhmərova
Tanilə Əhmərova ilə birlikdə “Qayınana” filmində oynamış Xalq artisti İlham Namiq Kamal:
“Tanilə xanım çox bacarıqlı, istedadlı aktrisa idi. Təəssüf ki, Azərbaycan kinosunda onun potensialından kifayət qədər istifadə edilmədi. Onun kinodan kənar düşməsinin günahkarı sözsüz ki, rejissorlardır. Tanilə Əhmərovanın kinodan kənar düşməsi ilə Azərbaycan filmləri bir çox maraqlı obrazlar itirib”...
Tanilə Əhmərova iki dəfə ailə qurmuşdu… İlk evliliyindən bir qızı doğulub, nəvəsi də var...
İkinci dəfə 1997-ci ilə Vahid Yusifoğlu adlı şəxsə ərə getmişdi… Amma bu nikahdan övladı doğulmayıb.
Aktrisanın səhhətindəki problemlər 2011-ci ildə başlamışdı. Əvvəlcə əsəbləri pozulur, sonra başqa xəstəliklər tapır və sonrakı 4 ildə yataq xəstəsi olur… Sənət yoldaşlarının dediyinə görə,  həmin dövrdə qızı ilə münasibətləri də pozulubmuş… Ona baxan, əziyyətini çəkən yalnız həmişə yanında olan həyat yoldaşı imiş...
Ömrünün son illərində heç kimlə danışmaq, heç kimi görmək istəmirmiş. İstəmirmiş ki, onu yataq xəstəsi kimi görsünlər. Bədəni şişsə də, ağrı-acıdan əziyyət çəksə də, həyat yoldaşının təkidlərinə baxmayaraq, heç həkimə də getmirmiş...
Aktrisa uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci il tarixində Bakıda vəfat edib. Onu Zabrat qəsəbəsindəki qəbiristanlıqda dəfn ediblər...
Tanilə Əhmərova sənətdən də, həyatdan küskün getdi...
 

Mənbə: modern.az
Top