Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından olan aktrisa Sona xanım Hacıyeva yaradıcılığı az tədqiq olunan sənətkarlarımızdandır. O, elə bir ağır zamanda səhnə fəaliyyətinə başlamışdı ki, həmin illərdə nəinki qadınların, hətta kişilərin də səhnəyə gəlməsi xoş qarşılanmır, sənət ustaları cəhalət və nadanlıq dünyası insanlarının qurbanlarına çevrilir, qətlə yetirilirdilər.
Belə bir çətin dövrdə ilk dəfə teatr aləminə qədəm qoyan Sona Hacıyeva heç nədən çəkinməmiş, xalqın savadlanması və maarifləməsi üçün əlindən gələni etmişdir.
Onun anası Əzizə xanım Məmmədova da Azərbaycan teatrının ilk milli professional aktrisalarandan olub. Bu istedadların hardan qaynaqlandığını bilmək üçün onların şəcərəsinə nəzər salmaq kifayətdir. Əzizə xanımın atası Azərbaycanın ilk Bülbülü olan məşhur Şuşa xanəndəsi Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov idi. Əbdülbaqi öz məlahətli səsi, şaqraq zəngulələri ilə elə bir şöhrət qazanmışdı ki, onu Qarabağda öz adı ilə yox, məhz Bülbülcan kimi tanıyırdılar. Onun qardaşı oğlanları Əli və Qəmbər Zülalovlar da məşhur opera artistləri olmuşlar. Görkəmli musiqişünas F.Şuşinskinin qeyd etdiyi kimi, Zülalovlar ailəsi Azərbaycan incəsənət tarixində “istedadlar ailəsi” kimi tanınmışdı.
Bülbülcan Tiflisdə yaşayarkən 1892-ci ildə bu ailədə dünyaya gələn Əzizə Əbdülbaqi qızı, yəni Sona xanım Hacıyevanın anası da uşaqlıqdan musiqiyə, sənətə bağlı olub. 1919-cu ildə ailə Bakıya köçdükdən sonra musiqiyə və ümumiyyətlə incəsənətə olan böyük marağı Əzizə xanımı Əbilov, sonra da Əli Bayramov adına qadın klublarına gətirir. O, səhnə fəaliyyətinə də elə bu klubun dram kollektivlərində başlayır. Qızı Sona ilə səhnəyə çıxaraq ana-bala “Axşam səbri xeyir olar” tamaşasında Gülcamal və Çimnaz rolunda çıxış edirlər. O, iştirak etdiyi tamaşalarda müxtəlif səciyyəli, xarakterli səhnə obrazları yaradır. Əzizə Məmmədova həm də ilk azərbaycanlı kinoaktrisalardan biri idi. Bir çox filmlərdə çəkilən aktrisanı çağdaş Azərbaycan tamaşaçısı daha çox 1955-ci ildə “Azərbaycanfilm”də istehsal olunan “Görüş” filmindəki Əzizə obrazı ilə xatırlayır. Oğlu tənbəl Kamili hər vəchlə müdafiə edən, onu ətrafdakıların tənəsindən qorumağa çalışan Əzizə ana rolunu məharətlə ifa edən Əzizə Məmmədova filmdə milli koloritli qadın obrazı yarada bilmişdir.
Yuxarıda qeyd etdimiz kimi, Əzizə xanımın qızı Sona Hacıyeva da anası ilə eyni vaxtda teatr aləminə qədəm qoymuşdur. Bu ana-bala elə bir çətin zamanda belə cəsarətli addımı atırlar ki, məhz həmin illərdə milli teatr səhnəsində Azərbaycan qadının nəfəsinə ehtiyac böyük idi. Onların teatr aləminə qoşa gəlməyi mədəniyyət tariximizin işıqlı səhifələrindəndir.
Sona Hacıyeva 1907-ci ildə Şəkidə anadan olub. Bir yaşında ikən atası vəfat etdiyindən onu və qardaşını babası Bülbülcan saxlamalı olub. Anası Əzizə Məmmədovanın teatra bağlılığı qızına da sirayət edib. Anası ilə eyni ildə, eyni tamaşada səhnəyə gələn Sona Hacıyeva öz xatirələrində yazırdı: “Bir gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl səni ora aparım, oturub tamaşa edərsən. Mən çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi: “Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan”.
Onun sözlərindən təəccüblənib dedim ki, mənim adım Çimnaz deyil, Sonadır, özüm də Əzizə xanımın qızıyam”. Balaca Sona bir də görüb ki, ona paltar geyindirirlər. Sonra da tapşırırlar ki, çıxarsan səhnəyə, suflyorlar nə desələr, təkrar edərsən. Balaca qız bu sözləri təəccüblə qarşılasa da, anasının səhnədə bülbül kimi ötməsi onu ürəkləndirib. Səhnəyə daxil olanda ayaqları əsib, dili tutulub, nə edəcəyini bilməyib. Birtəhər dili dolaşa-dolaşa suflyordan eşitdiklərini təkrar edib. Bu, onun səhnədə ilk rolu – 13 yaşlı Sonanın teatr aləmində debütü idi.
1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edir. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-Cadu” əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlir. Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında müxtəlif obrazlar yaradır. Sonralar Sona Hacıyevanı Opera və Balet Teatrına da dəvət edirlər. Bu elə bir dövr idi ki, Sona xanım hər iki teatrda çalışmağa məcbur idi. Çünki aktrisa tapılmırdı. Hüseynqulu Sarabski Sona xanımın səsini o qədər bəyənmişdi ki, daim onun istedadından istifadə etmək istəyirdi. Sona Hacıyevanın yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm maraqla qarşılanırdı. Sona Hacıyevaya qədər operada qadın rollarını ancaq kişilər oynamışdılar. O dövrdə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan teatr tarixinin bütövlükdə inkişafı Sona xanımın həm opera, həm də dram teatrının səhnələrində müntəzəm çıxışını zərurətə çevirmişdi. Sona Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə dramatik obraz yaradırdı və yaxud komik surətə çevrilirdi.
Sona Hacıyeva Azərbaycan səhnəsinə adi bir aktrisa kimi gəlməmişdi. O, həm də müxtəlif qadağalara, təzyiqlərə, təqiblərə məruz qalan Azərbaycan qadınının bağrından qopan bir üsyana dönmüşdü. Onun yaratdığı obrazlar Azərbaycan qadınının ağır taleyini, çəkdiyi əzabları güclü və emosional bir şəkildə tamaşaçılara çatdırırdı.
Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafına öz töhfəsini vermişdir. “Bəxtiyar”, “Sevimli mahnı”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Səhər” filmlərinə çəkilən Sona Hacıyeva milli kinomuzun tarixində diqqətəlayiq xidmətlərin sahibidir.
Onun ən çox sevilən rolu isə “Bəxtiyar” filmində yaratdığı Zəhra obrazıdır. Zəhra klub müdiri Ağabalanın xalasıdır. Bacısı oğlu kimi saxtakar və müftəxordur. Uzun illər Ağabalanın sayəsində pul qazandığı üçün özünü ona borclu bilir. “Hüseynova bacıları”ndan biri olan Zəhranın kluba yoxlama gələrkən düşdüyü gülünc vəziyyət tamaşaçıda gülüş doğurur.
Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər.
Tamaşaçıların sevimlisi olan aktrisanın əməyi hələ o dövrdə yüksək qiymətləndirilmiş, Sona Hacıyeva 1949-cu ildə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və başqa medallarla təltif edilmişdi. Aktrisa 4 dekabr 1979-cu ildə 72 yaşında vəfat edib.
Öz dövrünün reallıqlarını müxtəlif tamaşalarda rolları ilə əks etdirən, həm teatrda, həm də kinoda dolğun surətlər yaradan Sona Hacıyeva Azərbaycanın sənət üfüqlərində parlayan bir ulduz idi. Aradan uzun illər keçməsinə baxmayaraq, bu ulduzun parlaqlığı və hərarəti azalmır.
Müəllif: Xatirə Qədirova S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin aparıcı arxeoqrafı