Ögey anada evi yıxılan Arif

Ögey anada evi yıxılan Arif

— Arifin evi yıxıldı!.. — Arifin evi yıxıldı!..  Məşhur “Ögey ana” filminə baxanlar həyəcanla deyilən bu sözləri şübhəsiz ki, yaxşı xatırlayırlar...
Bu yazımızda Ögey ana”ın əsas qəhrəmanlardan biri – İsmayılın atası Arif rolununun ifaçısı – aktyor Fateh Fətullayevdən söhbət açacağıq...
Uzun illər keçməsinə baxmayaraq, kiçikdən -böyüyə hər kəsin sevə-sevə izlədiyi “Ögey ana” filmi Azərbaycanın şedevr ekran əsərləri sırasına daxildir. Film bu gün də Azərbaycan telekanallarının ekranlarını bəzəyir. “Ögey ana” filmi ilə Azərbaycanın kino tarixinə damğa vurmuş görkəmli rejissor Həbib İsmayılov Arif rolunu istedadlı aktyor Fateh Fətullayevə tapşırmaqda səhv etməmişdi. Çünki Fateh Fətullayev bu rolu möhtəşəm şəkildə ifa etməklə Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz qoya bildi...
Bu filmdə aktyor seçimi, natura çəkilişləri və musiqi bir-birini mükəmməl şəkildə tamamlayır. Fateh Fətullayev, Ceyhun Mirzəyev, Nəcibə Məlikova, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Həqiqət Rzayeva kimi tanınmış aktyorlar filmin uğurlu alınmasında böyük əmək sərf edib...
Fateh Fətullayev
Kim idi Fateh Fətullayev?
O, 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açıb.
Əslən Masallının Ərkivan kəndindən olan Mirzə Möhsün Fətullazadə bir müddət Lənkəranda yaşayandan sonra, 1920-ci ildə ailəsini Bakıya köçürmüşdü.
Mirzə Möhsünün  ailəsində boya-başa  çatan dörd oğlunun və nəvələrinin adları Azərbaycanın  görkəmli simalarının cərgəsində çəkilir.
Fateh Fətullayev bu ailənin böyük oğlu idi. Onun əsl adı Fətulla olub. Ancaq görkəmli şair Hüseyn Cavidin təkidi ilə adını dəyişərək Fateh qoyub.
Fateh Fətullayev bir çox sayda teatr tamaşasında maraqlı rollarda oynayıb, 20-yə yaxın filmdə rol alıb.
Onun ən məşhur rolları "Ögey ana«da Arif, „Bir məhəlləli iki oğlan“da Əliqulu, „Qaraca qız“da bəy obrazlarıdır.
“Ögey ana” filmində İsmayılın ögey bacısı Cəmilə rolunu canlandırmış aktrisa Sevinc Axundova Fateh Fətullayevlə bağlı qısa xatirəsini Modern.az-la bölüşüb:
“Filmdə mənim atam Arifi canlandıran Fateh Fətullayev çox gözəl insan, istedadlı aktyor idi. Filmdəki atam və anam hər zaman mənə və digər uşaqlara dəstək olurdular. Düzdür, uşaqlarla əsasən rejissor özü məşğul olurdu. Amma böyük aktyorlar da öz köməklərini əsirgəmirdilər. İndiki zamanda mərhum Fateh müəllimin qızı Zemfira xanımla da münasibətlərim var. İmkan daxilində görüşür, əlaqə saxlayırıq”.
Teatr və kino aktyoru olan Fateh Fətullayev incəsənətdəki xidmətlərinə görə, respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Fateh Fətullayev
Yuxarıda qeyd etdiyimiz kimi, Fateh Fətullayevgil ailədə dörd qardaş olublar. Bu ailədə böyüyən həmin dörd oğlan və onların davamçıları Azərbaycanın tanınmış sənətkarlarına çevriliblər.
Onun özündən sonrakı qardaşı Nüsrət Fətullayev (1911-1987) tanınmış rəssam olub və Azərbaycan milli teatr rəssamlığının formalaşmasında, inkişafında böyük xidmətlər göstərib.
Sənət dünyasındakı xidmətlərinə görə respublikanın Əməkdar incəsənət xadimi və Xalq artisti fəxri adlarına layiq görülüb.
Nüsrət Fətullayevin həyat yoldaşı Hökümə Qurbanova Azərbaycanın məşhur aktrisası və SSRİ xalq artisti idi. Qızı Vəfa Fətullayeva da tanınmış aktrisa olub və cavan yaşında vəfat edib.
Digər qardaşı Şəmsəddin Fətullayev (1913-1975) konservatoriyada təhsil alıb. Bir müddət Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının musiqi hissə müdiri, Musiqili Komediya Teatrında baş dirijor işləyib. Bəstəkarlar İttifaqının üzvü idi.
Sonuncu qardaşı Nurəddin Fətullayev (1916-1973) Bəstəkarlar İttifaqının üzvü idi. Qardaşı Şəmsəddindən sonra uzun müddət Akademik Milli Teatrda musiqi hissə müdiri işləyib. Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev də aktyor və rejissor idi.
 
Mənbə: modern.az
Top