50 il sonrakı etiraf və üzrxahlıq
2008-ci ilin iyulunda 82 yaşında Nona Mardukova həyata vida etdi. 2009-cu ilin dekabrında 83 yaşında Vyaçeslav Tixonov dünyasını dəyişdi. Bütün SSR-nin qibtə etdiyi cütlük ayrı-ayrı evlərdə uzun müddət xəstə yatıb, ayrılıqda dünyadan köçdülər. Hər ikisi SSR-in xalq artisti, milyonların kumiri. Əslində isə çox faciəvi tale yaşamış kumirlər.
Slavanın uşaqlığı
Vyaçeslav Tixonov 1928-ci ildə fevralın 8-də Moskva ətrafında “Pavloski posad” kəndində dünyaya gəlib. Adi fəhlə ailəsində böyüyüb. Özü kimi fəhlə ailəsindən çıxmış həmyaşıdları ilə birgə küçədə qaçıb-oynayarmış. Elə ki, müharibə başlayır, başqa uşaqlar kimi o, da birdən-birə böyüyür. Atası Vyaçeslavı zavoda fəhlə işləməyə göndərir. Hərbi zavodda qaynaqçı işləyən Slava hər gün işdən sonra kinoteatra filmlərə baxmağa gedir. Kinoya marağı gün-gündən birə-beş artır.
Ata-anası fəhlə adamlar, incəsənətdən uzaq idilər. Oğullarının kinoya belə maraq göstərməsi onlarda avaralığa meyl göstərməsi təsəvvürü yaradırdı. Vyaçeslav aktyor olmaq istədiyini deyəndə isə ata qəti etiraz edir. O, oğlunu Kənd Təsərrüfatı İnstitutuna göndərmək istəyirdi. Oxuyub gəlib kənddə vəzifə sahibi olsun, bəlkə onlar da bir ağ gün görələr. Bu məsələdə Vyaçeslavın nənəsi ona kömək edir. Oğluna deyir ki, əgər sən öz oğlunun istəyinin qarşısına sədd çəksən, o, bütün ömrü boyu hesab edəcək ki, ona həyat yolunda mane olmusan və sənə nifrət edəcək. Bu müdrik fikir atanı yumşaldır.
Moskva Dövlət Kinematoqrafiya İnstitutu Vyaçeslav Tixonova qollarını açıb qarşılamır, onu imtahandan kəsirlər. 17 yaşlı gənc dəhlizdə divara qısılıb hönkür-hönkür ağlayır. İlk addımın uğursuzluqla qarşılaşması onu çox məyus etmişdi. Həmin vaxt Tixonovu dəhlizdən keçən Boris Bibikov görür. İmtahanlar başa çatan kimi həmin professor Tixonovu çağırıb öz kursuna yazır.
Tixonov düz on il maraqlı rol ala bilmir. Onun fikrincə, rejissorları aktyor ustalığından çox aktyorların zahiri görünüşü maraqlandırır. Amma bununla belə o illəri itirilmiş də hesab etmir, çünki hər bir halda teatrda işləməyin özü şərəfdir deyir.
Gənc qvardiyaçı
Müharibədən sonrakı ilk illərdə Sergey Gerasimovun “Gənc qvardiya” filmi ekranlara çıxır. Tixonov filmdə Volodya Osmuxini oynayır. Bu film həmin illərin gənc aktyorları üçün uğurlu yolun başlanğıcı idi. İnna Makarova, Sergey Qurzo, Klara Luçko, Serqey Bondarçuk, Nona Mordukova və Vyaçeslav Tixonov “Gənc qvardiya”dakı rollarına görə Stalin mükafatına layiq görülürlər.
Bu filmdən sonra Vyaçeslav Tixonov bir müddət lirik-romantik qəhrəmanları oynayır, amma ona populyarlığı bu rollar deyil, sadə kənd oğlanı Matvey Morozovu yaratdığı “Penkovda işlər vardı” filmi gətirir. Bu traktorçu oğlan obrazını aktyor həmişə bütün digər rollarından uğurlu hesab edirdi.
60-cı illərdə aktyor lirik personajlardan bir qədər uzaqlaşır. Yaradıcılığının növbəti pilləsində onu rus ziyalısı obrazları müşayiət edir. “Bazar ertəsinə qədər yaşayarıq” filmindəki tarix müəllimi İlya Semyonoviç obrazı bu dövrdə ilk belə rolu oldu.
Tolstoy ona nə öyrətdi?
Bu sıranı “Hərb və sülh”də Andrey Bolkonski davam etdirdi. Ardınca Ştirlits – “Baharın on yeddi anı” və yazıçı- Bimin sahibi – “Qara qulaq, ağ Bim” filmi gəldi. İlk baxışda tamam fərqli obrazlardır, amma hər biri rus ziyalısının simasıdır.
Sergey Bondarçuku Bolkonski obrazını Tixonova həvalə etməsi üçün o vaxt mədəniyyət nazirliyində işləyən Ludmila Furseva razı salmışdı. O, həm Tixonovun bacarığına arxalanırdı, həm də yenicə ailə qurub maddi çətinliklə yaşayan aktyor ailəsinə dəstək olmaq istəyirdi.
Bu filmin çəkilişləri dörd il çəkdi. Tixonovun fikrincə bu dörd il ona çox böyük təcrübə və həyat dərsi verdi: “Tolstoy məni mənim qadir olmadıqlarımı etməyə məcbur etdi. Rola çəkildikcə düşünürdüm, görəsən mən də Bolkonski kimi hərəkət edə bilərəm, hər gün müharibədən atama məktub yazaram: Yox, mən fəhlə uşağıyam, məni məktəb yox, küçə tərbiyə edib.”
Film ekranlara çıxandan sonra öz rolunu bəyənməyən aktyor hətta kinodan birdəfəlik getmək istəyirmiş. Bu da yaradıcı insanın ani yaşantısıdır.
Sevimli Ştirlits
“Baharın on yeddi anı” filmində Ştirlits roluna yüzlərlə namizəd arasından rejissor Tatyana Lioznova Vyaçeslav Tixonovu seçdi. Seçim uğurlu oldu. Bu rol aktyoru ulduzluğa yüksəltdi.
“Bu mənim üçün əsil aktyor işi idi. Ştirlitsi kəşfiyyatçılar haqda olan bütün filmlərin diktə etdiyi supermenlikdən çıxardıb əsil kəşfiyyatçını oynamağa çalışdım.”
Tixonov personajının daxili xüsusiyyətlərini üzə çıxardaraq onu sevdirməyi bacardı. Film — serial 1973-cü ildə ekranlara çıxdı və bütün SSR-ni teleekranlara bağladı. O vaxt qəzetlər yazırmış ki, filmin getdiyi müddətdə ölkədə cinayətlərin də sayı azalmışdı. Deməli, oğru, quldur, qatil də öz peşəsindən əl çəkib Ştirlitsə heyran olubmuş. Moskva küçələrində film getdiyi müddət bir nəfər tapılmazmış, elə bil şəhər şükuta qərq olurmuş. Hətta Leonid İliç özü göstəriş verib ki, polkovnik İsayevi tapın, ona Sovet İttifaqı Qəhrəmanı adı verək. Ona izah ediblər ki, elə bir adam yoxdur, bu sadəcə aktyorun yaratdığı ümumiləşdirilmiş bir obrazdır. Brejnyev “Təəssüf” – deyə başını yelləyib.
Bu film ekranlara çıxmaya da bilərdi. O vaxt Mərkəzi Komitənin üzvlərindən biri M.A.Suslov filmin nümayişinin əleyhinə çıxıb ki, xalqın müharibədəki rolu filmdə yoxdur: “Müharibəni yalnız kəşfiyyatçılar udmayıb ki”. Onun fikrini Sovet hərbiçiləri də təsdiqləyiblər. Ancaq DTK-nin sədri Y.Andropov – bütün Sovet xalqı Şellenberq aparatına gedib çıxmalı deyildi — deyə çıxış etməklə filmin yolunu açıb. İllər sonra özü Mərkəzi Komitənin baş katibi olan Y.Andropov Tixonovun yaxasına Sosialist Əməyi Qəhrəmanı ordenini öz əlləri ilə taxır.
“Qara qulaq ağ Bim”
1977-ci ildə çəkilmiş “Qara qulaq, ağ Bim” filmi barədə aktyor özü deyib: “Qısa bir müddətə yekə bir itlə dostlaşmalı idim, özü də elə dostlaşmalı idim ki, tamaşaçı onun mənim itim olduğuna şübhə etməsin. İt onu il yarımlığa prokata vermiş sahibi üçün çox darıxırdı. Hamı ona yemək verirdi, Deməli, mən başqa yol tapmalı idim ki, it mənə meyl salsın. Çəkiliş meydanına gələn kimi onu gəzintiyə çıxardırdım, onunla söhbət edir, sığallayırdım. Bir müddət sonra hamı hiss etdi ki, it mənim gəlişimi gözləyir. Heyvan məhəbbətimi hiss etmişdi. Çəkilişlər başlayanda isə o bütün çəkiliş meydançasını axtarıb məni tapır və yanımdan aralanmırdı.”
Şəxsi həyatı
Şəxsi həyatında da sənət taleyində olduğu kimi uğurları fasilələrlə olub. “Gənc qvardiya” filmində tərəf müqabili olmuş Nana Mordukova ilə hər ikisinin ilk gənclik yaşlarında ailə qurublar. Hər ikisi ilk dəfə sevdiyi, ilk dəfə bir yerdə olduqları insanla talelərini bağlayıblar. Əslində Slava Nonanın bütün cəhdlərinə rəğmən ona əhəmiyyət vermirmiş, hamının gözü olan füsünkar gözəl Nona uzun “mübarizədən” sonra Slavanı özünə bənd edə bilib. “Gənc qvardiya” filmi ekranlara çıxanda cütlüyün övladı Vladimir dünyaya gəlmişdi. Bir qədər maddi çətinliklərlə yaşasalar da xoşbəxt idilər. Zamanla çətinliklər də arxada qalır. Onları Sovet kinosunun ən populyar və bəxtəvər cütlüyü adlandırırdılar.
Nona Mardukova isə xatirələrində yazırdı: “Evləndik, oğlumuz dünyaya gəldi. Az sonra nə o, nə də mən evə getmək istəmirdik. Daha çox işimizlə bağlı kənarda olmaq istəyirdik. Evdə demək olmazdı, kommunal mənzil, darkeş. Orda 10 il necə yaşadıq bilmirəm.”
Xəyanət
Bir yerdə isə cəmi 13 il yaşadılar. Nona Mardukova bir yerdə filmə çəkildiyi Vasili Şukşinə uydu. Bir müddət belə davam etdi. Şukşin ona evlənmək də təklif etdi. Nona oğlunu atmaq, ailəsini dağıtmaq istəmirdi. Bir gün qərar verib anasına dedi ki, Slavadan ayrılmaq istəyirəm. Anası Vyaçeslavı çox sevirdi, qızına razılıq vermədi, dedi ki, ayrılsan çox tənha qalacaqsan, həyat sənə əzaba dönəcək, Slava atılmalı oğlan deyil.
Slava atılmalı oğlan deyildi, ona görə də Slava özü atdı Nonanı. Şukşinə uymasına göz yuman Vyaçeslav Tixonov bir gün qastrola gedərkən sənədlərini evdə unutduğunu vağzala çatar çatmaz bilir. Sənədlərini götürmək üçün aktyor həmkarı ilə birgə evə qayıdan Slava arvadını tanımadığı Qafqaz əsilli bir kişi ilə evdə yaxalayır. Daha doğrusu qapını nə qədər döyürsə açan olmur. O, da səfərini təxirə salıb pilləkəndə oturub gözləyir. Evdən Nona ilə həmin kişinin bir yerdə çıxdığını və Nonanın onu öpərək yola saldığını görür. Heç nə demədən içəri keçib sənədlərini götürüb çıxır.
Nonanın anasının ölümündən iki gün sonra Tixonov boşanma haqda ərizə verir. O vaxt oğlu Vladimir altıncı sinifdə oxuyurdu.
Övlad itkisi
Tixonovun ikinci dəfə qurduğu ailədən bir qızı dünyaya gəlir. Anası adi peşə adamı olsa da qız atasının yolu ilə gedib aktrisa olur. Anna Tixonova atasının bir vaxtlar yaratdığı “Kino aktyorları” studiyasına rəhbərlik edir.
Nonadan olan oğlu Vladimir də aktyor idi, yaxşı müsbət qəhrəmanlar yaradırdı. Nə yazıq ki, 18 yaşından narkotik aludəçisi olmuşdu. Güclü, yaraşıqlı oğlan idi. Ata-anası onun aludəçiliyindən xəbər tutanda artıq gec idi, Volodya onlara yalan danışır, yenə narkotikadan istifadə edirdi. Cəmi 40 yaş yaşadı. 40 ildə iki dəfə infarkt oldu. Həkimlər ona üçüncüyə ürək dözməz demişdilər. Üçüncü dəfə narkotikanın dozasının artıqlığından kəskin ürək çatışmazlığı nəticəsində dünyasını dəyişdi. Ölümqabağı anasına onu atası doğulan kənddə dəfn etməyi xahiş etdi. Anası nə danışırsan oğlum, sən sağalacaqsan? — dedi. Yox ana, bu sondur, zatən burdan geri yol olmur — cavabını verdi. Onu vəsiyyətinə görə kənddə dəfn etdilər.
Son görüş
Onun ölümü hər iki böyük aktyorun həyatına və sənətinə ağır zərbə oldu. Nonadan incikliyini üzə vurmasa, heç kimlə bölüşməsə də barışa bilməyən Tixonov oğlunun dəfninə belə onunla üzləşməmək üçün gəlmədi. Bir neçə gün sonra isə evdə təkbaşına dərdi ilə qolboyun ağlayan Nona yaxınlıqdan doğma səs eşitdi:
— Salam
Slava idi, gəlmişdi, Nona indi hiss etdi ki, bu gəlişi necə də gözləyirmiş:
— Sən gəlmədin, mən gözlədim, oğlumuzu sənsiz dəfn etdim – deyir və bir-birilərinə qoşulub hönkürürlər.
Ömrünün axırına qədər Tixonov oğluna yas saxladı və onun ölümündə özünü günahlandırdı. Ailəsindən də ayrılıb şəhər kənarındakı bağında tək-tənha ömrünü başa vurdu. Getdiyi yer yalnız oğlunun məzarının üstü idi. Yeganə arzusu isə ona qovuşmaq. Özünü günahlandırırdı ki, ailənin dağılması uşaq psixologiyasına zərbə vurduğu üçün yeganə oğlu narkoman oldu.
Nona isə Slavadan ayrılandan sonra heç kimlə rəsmi ailə qurmadı. Yalnız ölümündən az əvvəl etiraf etdi ki, qəlbində həmişə Vyaçeslav Tixonov olub: “Yalnız onun mənə qarşı soyuqluğu, mənim qaynarlığıma, çılğınlığıma rəğmən sakit, etinasız rəftarı məni belə addım atmağa sövq etdi.”
Moskva Klinik Xəstəxanasının reanimasiya şöbəsində eyni vaxtda üç bir-birinə əziz və yad adamlar yatırdı. Vyaçeslav Tixonov, Nona Mardukova və Tamara Tixonova. Tixonov müalicə bölməsində, Tamara travmatologiya, Nona isə psixolojidə müalicə olunurdular.
Qarşılıqlı bağışlanma
Ona qədər, hardasa ayrılıqlarından 45 il keçəndən sonra Nona Mardukovanın 80 illiyində Vyaçeslav Tixonov efir vasitəsilə onu təbrik etdi və ondan üzr istədi: “Bağışla ki, həyatını korladım. Mən səni çox sevirəm və hər şey əslində mənasız imiş”
Nona Mardukova da onun 80 illiyində Tixonova təbrik teleqramı göndərdi: “Sən də məni bağışla Slava, sən mənim həyatımda yeganə kişi oldun və elə olaraq da qalırsan.”
Nona onu nəvələri, yəni Annanın əkizləri dünyaya gələndə də zəng edib təbrik edir.
82 yaşında ömrünün son günlərində isə özünə sığışdırıb çağırmasa da bacılarının dediyinə görə gözü qapıda qapanıb — Slavanı mənə gətirin — deyib. Onu oğlunun yanında dəfn ediblər. Hər ikisinin məzar üstü abidəsi bir-birinə birləşdirilib, ikisinin ana-bala qolboyun şəkli əks olunub.
Ondan bir il sonra 83 yaşında Vyaçeslav Tixonov dünyasını dəyişir. Onu Moskvada fəxri xiyabanda dəfn edirlər. Nona oğlunun yanında dəfn olunmasını vəsiyyət edir. Tixonov isə heç bir vəsiyyət etmir. Nonanı bacıları, Slavanı isə qızı və arvadı son mənzilə yola salırlar. Hər ikisini isə milyonlar bir yerdə.
90-cı illərdə aktyor çox az çəkilirdi. Məxsusi onun üçün yazılmış ssenarilərdən imtina edə bilmədiyi üçün çəkilməli olurdu. Əslində çəkilmək istəyirdi, amma nəyə çəkiləcəyi onun üçün çox önəmli idi. “Canavarların gözü ilə” filminin uğursuzluğundan sonra yalnız bir filmə çəkildi ki, o da Nikita Mixalkovun “Günəşdən usanmışalr -2” filmi oldu.
Hayıf ki, özü bu filmin ekranlara çıxmasını görə bilmədi. Həyatda sevgisini bircə dəfə dilə gətirib, onun da ünvanı oğlu Vladimir olub. Sevimli məşğuliyyəti isə futbol və xokkey imiş, sevə-sevə baxar, yeri gələndə özü də oynayarmış.
Belə… bu da ümumittifaq səviyyəsində kumirin, minlərlə qadının arzusu, neçələrinin ailəsinin dağılmasına səbəb olan Ştirlitsin — Vyaçeslav Tixonovun bədbəxt həyat hekayəti. Bədbəxt? Kim bilir, bəlkə də.
Qənirə BAYRAMLI
azadinform.az