Hindistanlı aktrisa Ayşvariya Ray hamının ürəyində taxt quran gözəllərdəndir. Azərbaycanda belə bir çox maşınları, avtobusları bəzəyən fotoları əldən ələ keçərək evlərdə yerini tapıb. O, “Bollivud”un ilk aktrisasıdır ki, Hollivudda da təqdir qazanmışdı. Pakistanın Baş Naziri Yusuf Reza Gilani belə, avtobioqrafik romanında qeyd etmişdi ki, altı il həbsdə olarkən Ayşvariya ilə nəfəs alıb.
Hindistanlı Krişnaray və Vrinda Rayın gözəl qızları 1 noyabr 1973-cü ildə dünyaya gəlib. Bu sevimli cütlük bir-birinə pərəstiş edirdi. Övladları da bu sevgidə üzürdü. Oğlanları Aditya və qızları Ayşvariya xoşbəxt ailədə böyüdülər. Ayşvariyanın atası hərbçi olduğu üçün ailə tez-tez müxtəlif yerlərə köçməli olurdu. Son dəfə onlar qızlarının 3 yaşı olanda Mumbaya köçdülər və həmişəlik orada qaldılar. Aktrisa uşaqlığı barədə həmişə xoş danışıb. Yadına salır ki, uşaq olarkən yaşıdlarından qaçırmış, adətən böyüklərlə otururmuş. Valideynləri isə qızlarının arzuları ilə oturub-dururdular. Onlar Avropa ruhunu sevirdilər və övladlarını da bu ruhda böyüdürdülər.
Ayşvariya kollecdə təhsil alıb. Özü də uğurlu şagird olub. 14 yaşlı Ayşvariya o qədər gözəl olub ki, hər kəsin diqqətini üzərinə çəkə bilib. Beləcə, “Camlin İndustries” şirkətinin modeli kimi çalışmağa başlayıb. Baxmayaraq ki, həkim olmağı arzulayırdı. Lakin valideynlərinin arzusu ilə o Bombeydə inşaat kollecinə daxil olur. 1994-cü ildə isə gözəl qız “Miss Hindistan” müsabiqəsinə dəvət alır. Sonradan ikinci yeri tutub, dünya gözəli olur. Beləcə, inşaat planları arxa plana düşür. 21 yaşlı Ayşvariya “Pepsi” şirkəti ilə çalışır, dünyanın ən məşhur jurnallarının üz qabığına çəkilir. Və sonda filmə dəvət alır. Çəkildiyi ilk iki film tənqidçilərin qəzəbinə tuş gəlir. Hər kəs təkrarlayır ki, gözəl olmaq heç də istedadlı olmaq deyil. Lakin Ayşvariyanın 1997-ci ildə çəkildiyi “Saxta aşiq” filmi onun nəinki aktrisalıq karyerasında, həm də şəxsi həyatında dönüş yaradır. Çəkilişlərdə “Bollivud”un seks-simvolu Salman Xanla tanış olur. Beləcə, Ayşvariya aşiq olur. Onların sevgisi gün-gündən irəliləyir. Hindistanın ən gözəl cütlüyü tez-tez qırmızı xalı üzərində görünür. Hər şey çox gözəl görünürdü. Salman Ayşvariyanın əlindən tutur, onlar gülümsəyirlər, xoşbəxt görünürlər. Amma Ayşvariya yeganə şəxs idi ki, bu təbəssümün ağırlığını hiss edirdi.
Salman həyatda çox çətin adam idi. Bir dəfə qazinoda qumarda uduzan Salman evə qayıdıb qəzəbini gözəl sevgilisinin üstünə tökür. İlk dəfə Ayşvariya başa düşür ki, bu yaraşıqlı kişinin əslində çox qəzəbli ruhu var. Amma Salmanın ona əl qaldırmasını bağışlayır. Sonralar da çox bağışlayır. Hər keçən gün Salman dəyişir və özünü Ayşvariyanın sahibi kimi aparır. Hər keçən an üçün sevgilisindən hesab istəyir. Kiminlə görüşüb, kiminlə oturub, haralarda olub. Hər an Salman elə hesab edirdi ki, Ayşvariya onu aldadır. İllər sonra da bu gözəl aktrisa anlamırdı ki, niyə Salmandan ayrılmayıb. Yalnız bir dəfə dedi: “O sanki məni hipnoz edirdi. Ondan ayrıla bilmirdim”.
Elə bu qəliz münasibətin davam etdiyi müddətdə Ayşvariya nəinki Salmandan ayrılır, hətta onunla evlənmək qərarına gəlir. Düşünür ki, bəlkə nikah onların sevgisini xilas edər. Valideynləri bu nikahı qəti şəkildə qəbul etmirlər. Hindistan kimi valideyn xeyir-duasının vacib olduğu ölkədə bu evlilik əsl qalmaqal olur.
Amma yalanı nə qədər gizlədirsən gizlət, bir gün mütləq ortaya çıxır. Tezliklə Hindistan mətbuatı Salmanı “pis adam” adlandırmağa başladı. Məlum olur ki, içkili aktyor bir nəfəri günahsız yerə ölənə qədər döyüb, lakin sonradan bu iş ört-basdır edilib. Bir dəfə isə Salman Ayşvariyanı o qədər pis döyür ki, gözəllik ilahəsinin üzündə qaraltı və göylər qalır. Aktrisanın şəkilləri çəkilir. Ondan izahat istəniləndə isə sadəcə yıxıldığını deyir. Artıq hər şeydən bezən aktrisa böyük sevgisinə baxmayaraq, 2002-ci ildə münasibətlərə son qoyur. Belə ki, həddindən artıq sərxoş Salman qəfil evə girərək, hər şeyi sındırır. Elə bilir ki, arvadı onu aldadır. Ayşvariya polisə müraciət edir. Sonra isə boşanır. Özünü işə verərək acı günləri unutmağa çalışır. Və “Devdas” filminə çəkilir. Film Amerikada çox məşhur olur. Qırmızı xalı üzərinə çıxan Hindistanlı gözəlçə isə hər kəsi məftun edir. Aktrisa zəngin olur. Ən böyük rolları ən böyük qonorarı alır. Hətta gərgin iş qrafiki olmasa, məşhur “Mister və Miss Smit” filmində Ancelina Colinin yerində ola bilərdi. Salman isə ondan əl çəkmir. Hər gün zəng edib, geri qayıtmasını tələb edir. Ayşvariya aktyor Vivek Oberoyla görüşəndə isə Salman ümumiyyətlə özünü idarə edə bilmir. Salman Xan Viveki rol oğurlamaqda ittiham edir. Vivek də ittihamları cavabsız qoymur və Salmana qarşılıqlı ittihamlar irəli sürür. Bütün bunlardan bezən Ayşvariya Vivekdən də imtina edir, baxmayaraq ki, sonuncu müsahibə verərək hər şeyi sevgisindən etdiyini deyir.
Uzun müddət aktrisa təkbaşına bütün vaxtını işinə ayırır. Diqqətlə və canla başla çalışır. Rejissorlar bu gözəl aktrisanı çalışqan olduğu üçün sevirlər. 2006-cı ildə isə o, çoxdan tanıdığı aktyor Abxişeklə görüşür. Və 2007-ci ildə onlar evlənməyə qərar verirlər. Lakin bu dəfə də tale Ayşvariyaya qarşı çıxır. Ailələr bir-birini qəbul etmək istəmirlər. Buna baxmayaraq, cütlük etirazlara fikir vermədən evlənir. Taitidə möhtəşəm bal ayından sonra aktrisa deyir: “Valideynlərimi dəlicəsinə sevirəm. Amma indi mənim ailəm ərimdir”.