“Gülüşlərim – kədərimi örtməyə çalışan, gecə-gündüz işləyən fəhlələrdir”. Ç.Çaplin
Yumru şlyapa, böyük ölçülü ayaqqabılar və şalvar, dar pencək, köhnə jilet, əzik köynək və qalstuklu, əlində əsası olan balaca adam arxasını tamaşaçıya çevirərək ördək yerişi ilə yeni macəralara doğru gedir. Tamaşaçı da bir az kədərlənərək, bir az da gülümsəyərək onun arxasınca baxır, yeni sərgüzəştlərlə geri dönməyini gözləyir. “Çarli” obrazı 28 fevral 1914-cü ildə Çarlz Spenser Çaplin tərəfindən yaradılıb. Çarliyə qədər də bir çox komik obrazlar mövcud idi. Adi camaatın sevimlisinə çevrilən isə “balaca Çarli” oldu. Çünki digər komik obrazlardan fərqli olaraq, Çarli aşağı zümrədən çıxan biri idi. Onun yumorunda satira və yumor, ironiya və mərhəmət, qayğıkeşlik və qəddarlıq öz əksini tapırdı. Əslində, bu obraz Çarlzın elə özü idi.
Balaca Çarli
“Güzgü mənim ən yaxşı dostumdur. Çünki ağladığım zaman heç vaxt gülməz”. Ç.Çaplin
Çarlz Spenser Çaplin 16 aprel 1889-cu ildə Londonun Lembet və Kenninqton-rod kəsişməsində yerləşən kasıb məhəllədə dünyaya gəlib. Onun doğulduğu məhəlləni çox vaxt varlıların yaşadığı Kensinqton ilə səhv salırlar. Lakin Çarlzın yaşadağı yerdə gözəl parklar, muzeylər yox idi, ancaq aclıq, səfalət və işsizlik hökm sürürdü. Soyadının Fransa kökənli olduğunu iddia edən atası Çarlz Çaplin və yarı irland, yarı yəhudi əsilli anası Hanna Hil müzik-holl artistləri idilər. Çarlzın ölümündən sonra seyfindən tapılan bir məktubda, onun qaraçı kraliçasının alaçığında doğulduğu yazılır. Belə güman edilir ki, anası Hanna Çaplin qaraçı nəslindən olduğunu qəsdən gizlədirdi, çünki o dövrdə bu utancverici idi. Sonrakı illərdə İngiltərədə işsizlik və etirazların baş alıb getməsi onun da ailəsinə öz təsirini göstərir. Ata Çaplin müzik-hollda işlərin pis getməsindən məyus olaraq içkiyə qurşanır, eyni zamanda da əyyaşlığı ona yeni iş tapmaqda maneə olurdu. Spirtli içkini çox qəbul etdiyi üçün qısa zaman müddətində Çaplin xəstəxanaya yerləşdirilir və az keçmir ki, vəfat edir. O illərdə Hannanın da işləri yaxşı getmirdi. Qazancı get-gedə azalırdı, sonra isə ümumiyyətlə kəsildi. Bir dəfə də səhnədə mahnı oxuduğu zaman tamaşaçıların etiraz hay-küyünə dözməyib səhnəni tərk edir. Bunu görən balaca Çarlz anasının yerinə səhnəyə çıxır və mahnını oxumağa başlayır. Bu uşaq tamaşaçıların o qədər xoşuna gəlir ki, onlar səhnəyə qəpik atmağa başlayırlar. Çarlz isə o qəpikləri yığıb, sevincək səhnə arxasına qayıdır. Bu hadisə Hannanı səhnədən tamamən uzaqlaşdırır. Sonrakı illərdə isə Hannanın psixi problemləri onu bir neçə dəfə xəstəxanaya salır.
1921 və 1931-ci illərdə Çaplin doğma məhəlləsinə ziyarətə gələndə ağır günlərini xatırlayır:
“Mənim anam gecə-gündüz tikiş maşını arxasında idi. Sonra tikdiklərini şəhərə aparıb satırdı. Bunun müqabilində qəpik-quruş alırdı. Bu bizim yeməyimizə güclə çatırdı, evin kirayə haqqını isə ödəyə bilmirdik. Arabacığa iki döşək atıb yaşamaq üçün yer axtarışlarımız az olmayıb. Sonralar anamı kəskin əsəb depressiyasından müalicə etmək üçün xəstəxanaya aparanda qardaşımla mən küçədə yatırdıq və kiçik oğurluqlarla dolanırdıq. Çox ağır günlər idi”. Çaplinin xasiyyətinin, dünya görüşünün formalaşmağında 1908-ci ildə isə Fred Karnonun truppasında aktyor kimi fəaliyyət göstərdiyi illərdə oxuduğu kitabların rolu çox böyük olur. O Şopenqauer, Nitşe, Dikkens, Şekspir, Uilyam Bleyk və Yunq, tibbi biliklər və polis iqtisadiyyatı ilə maraqlanırdı. Çaplini anarxist ideyalı adlandırırdılar. Lakin utancaq, kasıb və aclıqla böyüyən Çaplini tənhalıq heç vaxt tərk etmirdi.
“Mən parkları çox kədərli hesab edirəm, onlar insana təkliyini xatırladırlar. Hər cür tənhalıq hər zaman kədərlidir. Park mənim üçün kədər simvoludur. Amma yenə də Kenninqton-park məni öz əsirinə çevirir, mən orada tənha olmağa da razıyam…”, Ç.Çaplin
Çarlinin doğumu
“Çaplini mən kəşf etdim. “Kistoun” firmasının ulduzu Meybl Normanla Nyu-Yorkda idik. Çaplin o vaxtlar Karnonun pantomimasında çıxış edirdi. Biz onun oyununa baxanda o qədər güldük ki, fasilədə onun yanına gedib bizimlə müqavilə bağlamasını istədik. Amma o imtina etdi. İkinci təklifimizi isə qəbul edib,”Kistoun”a gəldi”, Mak-Sennet
“Kistoun” aktyorları obraz üçün kostyum, qrim və rekvizitləri özləri seçirdilər. Çaplin Karnonun tamaşalarında bir çox obrazlar yaratmışdı. Film üçün personajı çox düşündükdən sonra nəhayət ki, Çarlz “balaca adam” obrazı üzərində dayanır. Hiylə ilə çətiri ələ keçirən, sonra isə tamaşaçılara arxasını çevirərək, ördək yerişi ilə uzaqlaşan balaca adamı görənlər əminliklə deyirdilər ki: “Biz Çarlinin doğuluşunu gördük”. Çaplini bu obrazı yatarmağa Maks Linder ruhlandırmışdı. Maks alicənab, Çaplin isə onun tam əksi səfil idi. O özünü mədəni və alicənab göstərməyə çalışan yazıq dilənçidir. Məşhur yerişinə gəldikdə isə, bu barədə mübahisələr çoxdur. Bəziləri Çaplinin bu yerişi Karnonun teatrında öyrəndiyini deyir. Amma Çaplin isə bu yerişi məhəllələrindəki qoca mehtərdən öyrəndiyini iddia edirdi. 1914-cü ildə 35 komediyada rol alan Çaplin bu təlxəklər, zərbələr, təqiblər dolu dünyanı tərk etməli, təlxək kloundan insan Çarlini yaratmalı idi.
Dramatik Çarli
“Mənim ancaq bir arzum var idi, – 1916-ci ildə Çaplin yazırdı, – məni sevən tamaşaçıların xoşuna gəlmək. Bunun üçün onları güldürmək lazım idi. Amma “Yanğın” filmindən sonra aldığım bir məktub fikirlərimi dəyişdi: “Mən qorxuram ki, siz tamaşaçılarınızın quluna çevrilirsiniz. Amma tamaşaçı sizin qulunuz olmalıdır. Çarlz, tamaşaçı kölə olmağı sevir… Bunu unutmayın”. Bu məktubdan sonra mən tamaşaçının tələbindən qaçdım. Ancaq özümü dinlədim”
Bu illərdə təlxək kloun yavaş-yavaş dramatik pafoslu aktyora çevrilirdi. Onun filmlərini Pablo Pikasso, Giyom Appoliner, Maks Jakob, Fernan Leje, Eli For, Lui Araqon kimi insanlar izləyib, gülürdülər. Bir il sonra Çaplin ən məşhur, ən varlı artistlərdən biri idi. O, dünyanın hər yerindən maddi yardım istəyən insanlardan çoxlu məktublar alırdı. Çarlz, öz uşaqlığını yaxşı xatırladığı üçün köməyini heç kəsdən əsirgəməməyə çalışırdı. Amma bunların arasında anonim imzalı təhqiramiz məktublar da var idi. Məktublarda “qorxaq və vətənini qorumaqdan boyun qaçıran milyoner”, “İngiltərə müharibə günlərini yaşadığı müddətdə Çaplin filmlər çəkir”, deyə ittihamlar yazılırdı. Bundan xəbər tutan mətbuat dərhal bu yazıları ön səhifəyə çıxardı. Bu olanlara Çaplin filmləri ilə cavab verir. Çaplin qəsdən və sistematik şəkildə “möhtərəm xüsusları” – dolu bəzəkli qadınları, kök silindrli cənabları, polisləri, hakimləri, ikiüzlü keşişləri – alçaltmağa başlayır. Digər tərəfdən də, yazıq və kasıb insanlara qarşı – işsizlərə, emmiqrantlara, fəhlələrə, dərzilərə, əsgərlərə – hörmət tələb edirdi. Beləliklə, Çaplin öz kasıb uşaqlığının ona xəlvətcə diktə etdiyi yolu tutur.
“Çarli! Səni sevirik, Çarli!”
“Adi bir aktyor üçün bu qədər səs-küy… Kaş ki, onlar üçün bir qəhrəmanlıq göstərib minnətdarlığımı bildirə biləydim. Məsələn, işsizlik problemini həll edə biləydim. Amma təəssüf… ”,Ç.Çaplin
Budur, “Olimpik” okean gəmisi Sautqenpton limanına lövbər salır. Nə vaxtsa bu limandan mal-qara və bədbəxt emmiqrantlar ilə birlikdə böyük ümidlərinin arxasında gedən Çarlz indi məşhur, varlı və azad insan kimi qayıdırdı. Hər yerdən: “Çarli! Çarli! Allah səni qorusun! Səni sevirik, Çarli!” – səsləri eşidilirdi. Xalq Çaplini nə qədər sevsə də, hakim dairələr və mətbuat ona qarşı tez-tez əks çıxışlar edirdi. 1918-ci ildə Rusiya inqilabına müsbət münasibətini bildirən Çaplini, “bolşevizm”də günahlandırırlar. Çarlz bunların qarşısını almağa çalışsa da, mətbuat onun şəxsi həyatını gündəmə gətirərək Çaplini gözdən salmağa çalışırdı. Bu illərdə Çaplin birinci həyat yoldaşı Mildred Harrislə boşanırdı. Əxlaqi təhqirlər haqqında səs-küy qalxsa da, Mildredi ancaq pul maraqlandırırdı. Çaplinin vəkili ona külli miqdarda pul təklif edən kimi şəxsi qalmaqal yatışdı, lakin siyasi söhbətlər isə hələ də davam edirdi. “Siz bolşeviksiniz?” – sualı Çarliyə daha tez-tez verilməyə başlamışdı. O isə cavabında deyirdi:
“Mən siyası xadim deyiləm, sadəcə artistəm”. “Mən komik və gülməli epizodlar altında ironiya və satira gizləyən, insanlarda mərhəmət hissi oyadacaq ciddi filmlər yaratmaq niyyətindəyəm”,Ç.Çaplin
Və bu niyyətin başlanğıcı “Uşaq” filmi olur. Beləliklə, dünya kinosunun şedevr obrazı əlahəzrət “balaca adam Çarli” yaranır.
“Çirkli yəhudi balası”
1927-ci il. Vətəndaşlığı qəbul etməyən ingiltərəli yəhudinın Amerikadan qovulmağını tələb edənlərin sayı get-gedə çoxalırdı. İkinci arvadı aktrisa Lita Qreylə boşanma xəbərləri isə Çaplinə qarşı aksiyanı daha da gücləndirirdi. 6 ştatda onun filmlərinin nümayişinə qadağa qoyulmuşdu. Bu vaxtı digər ştatlarda nümayiş olunan “Parisli xanım” filmi tamaşaçılar tərəfindən soyuq qarşılandı. Mətbuatda “çirkli yəhudi balası” adlandırılan Çarlzın Amerikanı tərk etmə tələblərinin ardı-arası kəsilmirdi. Çaplin isə heç nəyə əhəmiyyət verməyərək öz şedevri hesab etdiyi “Qızıl hərisliyi” filmini çəkirdi. Lakin Çarlzı qarşıda daha böyük sınaqlar gözləyirdi – 1929-cu il böhranı və səsli kinonun meydana gəlməsi.
Şöhrətin zirvəsində
“Mən “danışan filmlərə” nifrət edirəm. O, dünyanın ən qədim sənətini – pantomimanın, susqunluğun gözəlliyini məhv etmək üçün yaranıb. “Böyük şəhərin işıqları”nda mən sözdən istifadə etməyəcəm”, Ç.Çaplin
“Böyük şəhərin işıqları” filmində işsiz gəzən Çarli obrazı ekranlara çıxanda Amerikada işsizlərin sayı 10 milyona çatırdı. Böhran öncəliklə Birləşmiş Ştatlarda, İngiltərədə, Almaniyada özünü göstərdi. Çarlz 1928-ci ilin payızında ssenarini bitirib artıq filmin quruluşuna başlamışdı. Bu zaman ərzində “Jazz ifaçısı” filminin uğuru kinosənətində və kinosənayedə əsl çevriliş etdi – kinoda səs meydana gəldi. Bütün Amerika səsli kinonun (talkies) əsirinə çevrildi. Ancaq 40 yaşlı Çaplin səssiz filmlər çəkirdi. Çaplin bu mövqeyində yalnız deyildi. “Səssiz kino”nun ustadları da onunla həmfikir idilər. Çünki kinoda səsin meydana gəlməyi bir çox səssiz film ulduzlarını işsiz qoydu. Bu aqibət Çarlzı da gözləyirdi. O isə bütün var-dövlətini “Böyük şəhərin işıqları” filmə qoymuşdu. Filmin London, Berlin, Vena, Budapeşt, Moskva və s. şəhərlərdə təntənəli şəkildə nümayişləri keçirilirdi. Bu onun sonuncu səssiz filmi idi. Xarici ölkələrə səfərdən Hollivuda qayıdan Çaplin gördükləri əsasında 1932-ci ildə sosial məsələlərə dair məqalələr çap etdirməyi düşünürdü. Lakin ona qarşı yuxarı dairələrdə və mətbuatda yaranan mənfi rəyləri nəzərə alaraq fikrindən daşınır və fikirlərini kino vasitəsi ilə bildirməyi düşünərək “Yeni zamanlar” filminin ssenarisini yazmağa başlayır.
“Böyük diktator” və ya azadlıq uğrunda mübarizə
“Diktatorlar gülməlidir. Mənim məqsədim onları insanlara güldürməkdir”, Ç.Çaplin
Əgər “Böyük diktator” filmi öncədən nəzərdə tutulduğu kimi Napoleon haqqında olsaydı, hakim dairələr və mətbuat da gülərdi, lakin Çarlzın hədəfi Adolf Hitler idi. 1939-1941-ci illərdə Avropadakı hərbi fəaliyyətdən bəhs edən heç bir amerika filmi böyük ekranlara buraxılmırdı. Bir tək Çaplin öz filmində Hitlerə hücum etmək qərarına gəlir. Çaplin “Böyük diktator” filmindən razı qalsa da, hakimiyyətin rəsmi təmsilçiləri Çaplinə təzyiq göstərirdi. Çaplin təhdidlər dolu – basqın və qətllə hədələnən məktublar almağa başladı. Mətbuatda anti-Çarli kampaniyasına baxmayaraq, “Böyük diktator” tamaşaçılar arasında böyük uğur qazandı. Lakin bu cəsarət ona baha başa gələcəkdi.
“Mən Hollivuda müharibə elan edirəm!”
Nyu-Yorkda “Mösyö Verdu” filminin nümayişi zamanı mətbuat qarşısına çıxarkən, yenidən kommunizm və irqçiliklə bağlı ünvanlanan suallara jurnalistlər, Çaplindən bu cavabı aldılar: “Düşünmürəm ki, insanları siyasi görüşlərinə görə qruplara ayırmaq lazımdır. Bu faşizmə gətirib çıxaracaq.“Mösyö Verdu” – kütləvi qatildir. Bu psixoloji hadisənin timsalında, bizim müasir sivilizasiyamız hamımızı kütləvi qatilə çevirə biləcəyini göstərməyə çalışdım”. 5 ilə ərsəyə gələn “Mösyö Verdu” cinəyəti müdafiə edən film kimi elan olundu və 32 ildə ilk dəfə idi ki, Çaplini müvəffəqiyyətsizliklə üz-üzə qoydu. Bu çətin günlərində Çaplinə ailəsi dəstək durdu
O illərdə Çarlzın 54 yaşı, gənc xanımı Uno O`Neylın isə 18 yaşı vardı. Unonun atası, Nobel mükafatı laureatı Yucin O`Neyl bu evliliyə qarşı olsa da Uno sevgisinə görə atasına qarşı çıxıb Çarlz ilə evlənmişdi. Çarlzın düşmənləri isə hələ də onu rahat buraxmırdılar.
“Əgər Rusiya müharibədə məğlub olsa, geniş və zəngin Asiya qitəsi faşistlərin hökmranlığı altına düşəcək. O zaman sizcə, bizim Hitler üzərində qələbəmizə ümid yarana bilərmi? Rusiya məğlub olsa biz çıxılmaz vəziyyətə düşəcəyik”– Çaplinin Hollivud radiosundan verilən çıxışından. Səhəri gün bu çıxış bütün amerika qəzetlərində yazıldı və böyük mübahisəyə səbəb oldu. Çaplinə zərbə vurmağın əsl zamanı olduğunu düşünən nasist təşkilatları aktrisa Coan Berrini ona qarşı istifadə etdilər.1942-ci ilin oktyabrında əlində tapança Çaplinin evinə girən Berri əvvəl onu öldürəcəyini sonra da özünə qəsd edəcəyini deyir. 8 ay sonra isə Çarlzdan hamilə olduğunu bəyan edir. Lakin uşağın atası Çaplin olmadığı ortaya çıxır. Bütün bu siyasi və şəxsi hadisələr ona qarşı mənfi fikirləri daha da gücləndirir. Holivudun sönməz ulduzu indi cəbhədə tək-tənha idi. “Mən Hollivuda müharibə elan etmək qərarına gəldim. Mən tənqidçiləri sevmirəm. Məncə, onlar özündənrazı və boş insanlardılar. Madam ki, Hollivuda və Amerika kinematoqrafiyasına inamım heç qalmadı, mən ABŞ-ı tərk etmək qərarındayam. Həyatımı başa vuracağım başqa bir ölkədə, mənim də hamı kimi insan olduğumu və hamı kimi hörmətə layiq olduğumu xatırlamağa çalışacağam”,bu çıxışdan sonra Çaplin öz daxilində qapanır, onu indi ancaq studiyası və ailəsi maraqlandırırdı.
“Qürubun möhtəşəm melanxoliyası”
“Əgər məndən soruşsalar ki “Niyə bizi əzəb çəkdirib, ağladırsınız?” Mən cavab verərdim: “Kədərdə də gözəllik var”,Ç.Çaplin
“Ramp işıqları” filmi böyük ekranlara çıxanda Amerika qəzetləri yenə də Çarliyə qarşı ayağa qalxmışdı. Onlar “yarım əsr ərzində öz filmləri ilə Amerikanın əxlaqı dayağının bünövrəsini qazıyan” Çaplinin birdəfəlik Amerikadan qovulmasını tələb edirdilər. Çarlz Spenser Çaplin ailəsi ilə birlikdə həmişəlik İsveçrəyə köçür. Ancaq bir müddət sonra balaca, səliqəli geyimli alicənab insan Lozannadakı ABŞ səfirinin yanına gələrək, xoşagəlimli təbəssümlə deyir: “Mənim adım Çarlz Çaplindir. Mən ABŞ-da 40 il yaşamışam və ötən ilin sentyabrında oradan köçmüşəm. İndi mənə yenidən qayıtmaq icazəsi verilir. Mən bu sənədi sizə verib xahiş edirəm ki, onu öz hökumətinizə göndərəsiniz. Mənim Birləşmiş Ştatlara geri dönmək niyyətim yoxdur. Sizi salamlayıram, cənab səfir”. Bununla da Çaplinin Amerika ilə bütün əlaqələri kəsilir. Hollivud “Uşaq”, “Böyük diktator”, “Böyük şəhərin işıqları” və s. şedevrlər çəkilən studiyanı muzeyə çevirmək haqqında heç düşünmür belə. 1954-cü ildə 65 yaşını öz ailə üzvləri ilə birlikdə qeyd edən Çarlza yarım il sonra Ümumdünya Sülh Şurası Berlində, beynəlxalq sülh mükafatını təqdim edir. Bunun ardınca Çaplin Sülh Mükafatının fəxri diplomunu alır.
“
Möhtəşəm Çarli, pis Çaplin”
“Kinoteatr qarşısında 8 saat 20 dəqiqə davam edən “Çarli! Çarli!” qışqırıqları Çarlz və onun həyat yoldaşını qarşılayan insanların həyəcanını ifadə edirdi”. (mətbuatdan)
“Honkonqdan olan qrafinya” filmindən kadr
Yaradıcılığı boyu çox tərif, tənqid, təhqir və təhdidlər eşidən Çaplini xalq yenə də sevirdi, yenə də onun 81-ci filmi “Nyu-Yorkda kral”ın premyerasına yığışmışdılar. Anti-Çaplinçilər isə onun ünvanına “möhtəşəm Çarli, pis Çaplin” kimi şüarlar səsləndirirdilər. Onun 82-ci, yeganə rəngli və son filmi baş rollarını Sofi Loren və Marlon Brando ifa etdiyi “Honkonqdan olan qrafinya” filmi oldu. 1929 və 1972-ci illərdə müsabiqədənkənar, 1973-cü ildə isə müsabiqədaxili Amerika Kinoakademiyasının “Oskar” mükafatını əldə edən, 1975-ci ildə isə II Yelizavetanın təqdimatında “cəngavər” titulu ilə təltif olunan dünya kinosunun əfsanəsi Çarlz Çaplin 25 dekabr 1977-ci ildə yuxuda ikən dünyasını dəyişir. Çaplinin xatirəsinə Çenevrə gölü sahilində abidə ucaldılıb. 1978-ci il 1 mart tarixində Çaplinin tabutu qəbirdən çıxarılaraq oğurlanır, əvəzində pul tələb edilir. Polis oğruları tutur və Çaplinin cəsədi həmin ilin 17 may tarixində Korse-Syur-Vevedə Meruz məzarlığında yenidən torpağa tapşırılır. Tabutun üzərinə 1,8 m.-lik beton tökülür ki, bu cür oğurluq halları yenidən təkrarlanmasın. Çaplin bu gün də yaradıcı gücə malik və yeni filmlərin yaranmağına təkan verən unudulmaz aktyor, rejissor, ssenarist, bəstəkardır. Kino tarixi bu günə kimi az populyar aktyoru dəfn etməyib. Amma 40 il hər cür müharibəyə qarşı mübarizə aparan bu nəhəng “balaca adam” qarşısında zaman da diz çökür.
Müəllif: Aysel Əsgrova