İnvestisiyaların hazırlanmasında ilk addım ölkə daxili və xarici bazarların analiz edilməsidir. Bu analiz mərhələsi böyük bir vaxt tələb edir. Qurulacaq müəssisənin böyük və kiçikliyi nəzərə alınaraq, müxtəlif müddətli bazar analizi aparılır. Əlində müəyyən bir kapitala sahib olan şəxs, hər hansı bir məqsədlə investisiyaya getmək istəyirsə (xüsusilə uzunmüddətli investisiya) planlı və diqqətli bir şəkildə bazar mühitini araşdırmalıdır. Çünki, müasir dövr dinamik və böyük təsirə malik olan bir dövrdür. Siyasi amillərin ön planda olması hər bir fəaliyyətə ciddi yanaşmağı tələb edir.
1. ALICI (MÜŞTƏRİ) ANALİZİ
Kapital qoyuluşunda hazırlanmış layihələrdə əsas məqsəd alıcıya sahib olmaqdır. Alıcı hazırlanacaq layihənin əsas hərəkət nöqtəsidir. Deyildiyi kimi, alıcı «Kraldır». Bütün bunları nəzərə alaraq, istər sözlü istərsə də anketlə olsun, alıcıya görə analizin aparılması lazımdır:
a) ALICI EHTİYACLARI
Bazar analizində əsas məqsəd, alıcı ehtiyaclarının müəyyən edilməsidir. İstehsal ediləcək məhsulun potensial saydakı alıcısı dəqiqləşdirilməlidir. Bunun üçün ilk növbədə məhsulun ortaya çıxaracağı ehtiyac səviyyəsi bəlli olmalıdır. «Alıcı nə üçün məhsulumuzu alacaq?» və ya «Məhsulumuz alıcının hansı ehtiyacını təmin edəcək?» suallarına cavab tapılmalıdır. Məhsula olan ehtiyaclar fizioloji, sosioloji və psixoloji amillərdən asılıdır. Bu amillər alıcıda məhsula olan ehtiyacların yaranmasına səbəb olur. Ehtiyaclar gizli də ola bilər. Bunun üçün bu ehtiyacları üzə çıxaran fərqli təsiredici amillərin olması lazımdır. Ehtiyacların bəlli olmasından sonra, bu ehtiyacların bazar tərəfindən təmin edilməsi lazımdır. Bazar analizində birinci ehtiyaclar müəyyənləşdirilməli ikinci isə bazarın təminatı analiz edilməlidir.
b) BAZARIN BÖLÜMLƏNDİRİLMƏSİ
Bazarın yeri (bazarın yeni və ya köhnə olması aydınlaşdırılmalıdır), istehsal ediləcək məhsulun hansı alıcılar tərəfindən istifadə ediləcəyi (dövlət, özəl müəssisələr, cəmiyyətin hansı təbəqələri), yerli və xarici vətəndaşlara məxsus olan bazarlar, bazara təsir edən amillər (ekoloji, sosial, iqtisadi, demoqrafik və s.) müəyyənləşdirilməlidir.
c) SATIN ALMA PROSESİ
Alıcılar istehsal ediləcək məhsulu, nə zaman, harada, necə və nə cür alacaqlar. Ölkə daxili və xarici alıcıların analizi geniş bir şəkildə aparılmalıdır. Məhsulu alan şəxslər ilə müəssisələrin satın alma gücləri, maliyyə vəziyyətləri, şəxslərin hansı təbəqəyə aid olmaları kimi məsələlər keçmiş, indiki və gələcəyə görə analiz edilməlidir.
2. RƏQABƏT ŞƏRAİTİNİN ANALİZİ
Bazarın idarə edilməsindəki vəziyyət (monopol, oliqapol), rəqabətin əsas şərtləri (qiymət, keyfiyyət, məhsul növünün çoxluğu, marka, reklam fəaliyyəti və s.), topdançı, pərakəndəçi və müştəriyə olan servis, məhsulun ömrü nəzərə alınmalıdır. «Rəqabətlə bağlı problemlərin tədqiqi zamanı yalnız real mövcud olan rəqibləri deyil, potensial rəqibləri də üzə çıxarmaq, onların istehsal və maliyyə imkanları, əks reaksiya vermək bacarıqları, satış, qiymət və kommunikasiya strategiyaları haqqında sistemləşdirilmiş məlumatlan əldə etmək tələb olunur.
3. BAZAR BOYÜKLÜYÜNÜN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
»Bazarda məhsula olan tələbatın təxmin edilməsi üçün bir çox metodlar mövcuddur və bunlar makro və mikro iqtisadi baxımdan, aşağıdakı mərhələlərə bölünürlər:
Makro iqtisadi:
a) Ekonometrik modellər,
b) Barometrik (indeks) metod,
c) Şifahi metod,
d) Giriş-Çıxış (input-output) modeli
Mikro iqtisadi:
a) xammal və məhsula görə,
b) iş-gücü ehtiyatına görə,
c) texnoloji amillərə görə
Həm makro həm də mikro iqtisadi baxımdan istifadə edilən metodlarda aşağıdakı hesablamadan istifadə edilir:
a) Təcrübə və düşüncə xarakterli tələb təxmini (DELPHİ metodu, Ortaq fikir mübadiləsi, idarəçi fikri),
b) Sadə riyazi-şifahi modellər (Box-Jenkins metodu, Parçalara ayırma),
c) Riyazi modellər (Sadə və mürəkkəb Reqressiya metodu, Korrelyasiya hesablaması),
d) Zamana görə tələb təxmini (Zaman aralığı, Trend analizi, Hərəkətli ortalama, Trend nisbəti, Mövsümi dalğalanmalar).
4. PLANIN HAZIRLANMASI
Plan müəyyən edilərkən, qəbul edilmiş bazar strategiyası göstərilməli, qiymətqoyma siyasəti ilə məhsulun dizaynı, paylanması, yerinin müəyyənləşdirilməsi, alıcıya çatdırılması, satışın həvəsləndirilməsi və kommunikasiya prosesinin həyata keçirilməsi üzrə tədbirlər göstərilməlidir.
Bütün informasiyalar sənəd şəklində toplanaraq, sistemli bir şəkildə yenidən qiymətləndirilməli və növbəti mərhələyə keçilməlidir.
Aşağıda bazar analizinə aid bəzi şərtlər verilir;
a) Bazar analizi böyük diqqət və vaxt tələb edir. Analizi uzun müddətə başa gələ bilər. Analiz vaxtının qısa və ya uzun olması investisiya həcminin böyüklüyünə, fəaliyyət növünə və qarşıya qoyulan məqsədə bağlıdır. Analizdəki müvəffəqiyyət, cəlb edilən mütəxəssislərdən və onların peşəkarlığından çox asılıdır.
b) Bazar analizində yuxarıdakı 8 mərhələnin hər biri müsbət nəticə verməlidir. Onların birində problem olarsa, o zaman analiz dayandırılır və növbəti mərhələyə keçilmir. Problem həll olmayınca heç bir qərar qəbul edilmir. Çünki, yanlış qərar böyük ziyana səbəb ola bilər.
Bazar analizi, ölkə daxili və xarici bazarlara görə də aparılmalıdır. İstehsal ediləcək məhsulun, xarici bazarlara çıxmasından dolayı (uzun müddətli investisiya qoyuluşunda xarici bazarlar mütləq analiz edilməlidir) xarici ölkə bazarları da araşdırılmalıdır.
Müəllif İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi
Müəllif Ayhan Erdal, Yaşar Kərimov