Sahibkarlıqla məşğul olmaq qərarına gələn xanım!
İlk növbədə, dərindən fikirləş və yoxla, gör sahibkar olmaq üçün səndə bütün məlumatlar, imkanlar və keyfiyyətlər varmı?
Bil ki, məsələnin həllini başqalarının üzərinə qoymağı, onlara həvalə etməyi sevən, məsuliyyətdən , riskdən qorxan , yalnız yuxarının əmrilə fəallıq göstərən şəxsin biznesdə müvəffəqiyyətə nail olması çətindir. Bilməlisən ki,sahibkarın tipik əlamətləri bunlardır:
Dinamiklik, çeviklik, fəallıq, özünə inam, riskə hazır olmaq, işgüzarlıq,əzimlik, məqsədə nail olmaqda israrlılıq, digərləri ilə təmas qurmaq, böyük iş yükünün öhdəsindən gəlmək, həmin sahədə geniş biliyə sahib olmaq, hadisələrə olduqca tez reaksiya verməyi bacarmaq…
Sən aşağıdakı suallar vasitəsilə özünün şəxsi keyfiyyətlərini yoxla, nəticələr çıxar, lehinə və əleyhinə onları müəyyənləşdir:
• On iki saatdan çox iş gününə tab gətirmək üçün fiziki cəhətdən kifayət qədər möhkəmsənmi?
• Eyni vaxtda müxtəlif problemlərlə üzləşdikdə özünü itirməmək, çaşıb qalmamaq üçün mənəvi gücün çatacaqmı?
• Gündəlik işinlə yanaşı öz ixtisasın üzrə ədəbiyyat oxumağı, ixtisas artırma tədbirlərində iştirak etməyi,daim öyrənməyi bacararsanmı?
• Müxtəlif xarakterli adamlarla tez təmas qurmağı bacaracaqsanmı?
• Çox ağır, böhran vəziyyətində belə əməkdaşları cəlb etmək,onları arxanca aparmaq gücün varmı?
• Sən əməkdaşlarla, müşdərilərlə, mal göndərənlərlə, rəqiblərlə münasibətlərdə öz məqsədinə nail olacağına əminsənmi?
• Lazım gəldikdə, dərhal düzgün qərar qəbul etmək, məsələnin həlli yolunu müəyyənləşdirmək imkanına maliksənmi?
• Müvəffəqiyətsizliyə, uğursuzluğa tab gətirməyi bacarırsanmı?
• Yaradılan firmaya pul qoymağa və asudə vaxtını, əsəblərini, gücünü sərf etməyə hazırsanmı?
• Sənin ailən, ətrafındakılar səni müdafiə etməyə hazırdırlarmı?
Sahibkar olmaq üçün lazım olan ilk şərtlər:
• Rəqabətə tab gətirmək üçün həmin peşə üzrə kifayət qədər biliyə malik olmaq lazımdır;
• Maliyyə və müəssisənin (firmanın) idarə edilməsi sahəsində də müəyyən qədər biliklərə malik olmalısan;
• Bazarda yeni şansları vaxtında müəyyən edib öyrənmək üçün bu sahə haqqında kifayət qədər məlumatın olmalıdır;
• Bilik və məlumatların lazımınca olmadıqda tərəfdaş – mütəxəssislərlə (texniklə, hüquqşünaslar, iqtisadçı – mühasiblə, aqranomla və s.) əməkdaşlıq etməyə hazır olmalısan;
Yüksək mənfəət götürmək planı təklif edilərsə, ehtiyatlı olun, heç kəsə inanmayın. İnandırıcı tərzdə şərh olunmuş təntənəli vədlərə, cəzbedici təkliflərə uymayın. Təklifi diqqətlə araşdırın, daha yaxşı olar ki, həmin sahənin eksperti ilə məsləhətləşin.