Versal-Vaşinqton sistemi

Versal-Vaşinqton sistemi

Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətləri qaydaya salmaq üçün 1919-cu il yanvarın 18-də Parisdə sülh konfransı toplandı. Konfrans öz işini iyunun 28-ə kimi davam etdirdi. Konfransda 27 ölkənin nümayəndə heyəti iştirak etsə də, aparıcı rolu “Böyük üçlük” – ABŞ, Böyük Britaniya və Fransa oynayırdı. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət olunmamışdılar. Konfransın məqsədi Almaniya və digər məğlub ölkələrlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilələrin əsasını, hələ 1918-ci il yanvarın 8-də ABŞ prezidenti V.Vilsonun konqresə göndərdiyi “14 maddə”si təşkil edirdi.

1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. Müqavilədə Almaniya müharibəni törətməkdə təqsirkar olduğunu və onun nəticələri üçün müttəfiqləri ilə bərabər məsuliyyət daşıdığını etiraf etdi. Almaniyanın qərb əraziləri 15 il müddətinə müttəfiq qoşunlarının işğal zonası elan olundu. Ona daimi böyük ordu saxlamaq qadağan edildi. Baş qərargah buraxıldı. Ərazisindəki alman mülklərinin Yaponiyaya verilməsindən narazı qalan Çin müqaviləni imzalamadı. Millətlər cəmiyyətinə daxil olmaq istəməyən ABŞ senatı da müqaviləni ratifikasiya (paraflama) etmədi. Versal sülh müqaviləsi müttəfiqlərlə Avstriya arasında Sen-Jermen (1919 sentyabr) Bolqarıstanla Neyi (1919 noyabr), Macarıstanla Trianon (1920 iyun), Osmanlı imperiyası ilə Sevr (1920 avqust) müqavilələrinin imzalanması ilə tamamlandı. Sülh müqavilələri ümumilikdə Versal sistemini təşkil edirdi. Versal sistemdə ən ağır və alçaldıcı müqavilələrdən biri Osmanlı imperiyası ilə bağlanmış Sevr sülh müqaviləsi idi. Bu müqaviləyə görə Osmanlı imperiyası ərazisinin 4/5 hissısini itirirdi. Lakin M.K.Atatürkün başçılığı ilə başlanmış istiqlal müharibəsinin qələbəsi müqavilənin şərtlərinin tamamilə həyata keçirilməsinə imkan vermədi. Lozanna konfransında (1923) Türkiyə ilə münasibətlər tənzimləndi və bu ölkənin yeni sərhədləri beynəlxalq birlik tərəfindən tanındı. Paris konfransının ən mühüm nəticələrindən biri də Millətlər Cəmiyyəti təşkilatının yaradılması oldu. Təşkilatın başlıca vəzifəsi xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək, sülh və təhlükəsizliyi qorumaq idi.

Qalib ölkələr məğlub dövlətlərin əlindən alınmış müstəmləkə torpaqlarını Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi əsasında öz aralarında yenidən bölüşdürdülər. mandatların İngiltərəyə və onun dominoonlarına, Fransaya, Yaponiyaya və Belçikaya verilməsi müəyyən olundu. Üç mandat kateqoriyası (A, B, S) təsis edilmişdi: birinci kateqoriya keçmiş Osmanlı imperiyasının ərəb ərazilərinə tətbiq olunurdu. Ərəb ölkələri xalqlarının tezliklə müstəqillik əldə etməyə imkan verən inkişaf səviyyəsində olduqları qənaətinə gəlinmişdi. Bu məsələnin həlli mandat sahiblərinə həvalə edilirdi. İkinci kateqoriyaya Almaniyanın Mərkəzi Afrikadakı müstəmləkələri (Şərqi Almaniya Afrikası, Toqo və Kamerun) daxil idi. Onlara tezliklə müstəqillik verilməsi nəzərdə tutulmurdu. Üçüncü kateqoriyaya Almaniyanın Sakit okeanda, Cənub-Qərbi və Cənub-Şərqi Afrikadakı torpaqları daxil idi. Həmin ərazilər faktiki olaraq mandatı olan dövlətlərin – Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika İttifaqının nəzarətinə keçirdi. Paris sülh konfransında ən mübahisəli məsələlərdən biri Almaniyadan təzminat alınması idi. Qalib dövlətlər arasında ciddi fikir ayrılıqları hökm sürürdü. Ona görə də bu məsələ barədə ümumi razılığa gələ bilmədilər. 1920-ci ildə həmin məsələ ilə əlaqədar Belçikada çağırılmış xüsusi konfransda təzminantın ümumi məbləği 132 milyard qızıl marka həcmində müəyyənləşdirilirdi. Ödəniləcək təzminatın yarıdan çoxunun Fransaya verilməsi qərara alındı. Böyük Britaniya, İtaliya, Belçika, Yaponiya, Portuqaliya, Yunanıstan və Yuqoslaviyaya təzminat verilirdi. Təzminat almaqda ABŞ-ın da hüququ saxlanıldı. Versal sistemini tamamlamaq məqsədilə 1921-ci ilin sonu – 1922-ci ilin əvvəlində Vaşinqtonda beynəlxalq konfrans çağırıldı. Konfransda yeni dünya siyasətinin müəyyən olunmasından kənarda qalmaq istəməyən ABŞ daha çox fəallıq nümayiş etdiridi. Konfransda bağlanmış əvvəlki müqavilələrə yenidən baxmaq və dəqiqləşdirməklə əlaqədar bir sıra qərarlar qəbul olundu. Birləşmiş Ştatlar dörd dövlətin – ABŞ, Böyük Britaniyaya, Fransa və İtaliyanın Sakit okean adalarındakı mülklərini birgə qorumaq barədə müqavilənin bağlanmasına nail oldu. Çin üzrə doqquz dövlət müqaviləsi imzalandı. Müqaqviləyə əsasən Çinə ABŞ-ın “açıq qapı” prinsipi tətbiq olundu. Konfransda Yaponiya tərəfindən Şandun yarımadasının Çinə qaytarılması məsələsi də nəzərdən keçirildi. Paris və Vaşinqton konfranslarının qərarları Versal-Vaşinqton sisteminin əsaslarını təşkil etdi. 20-ci illərdə qalib dövlətlər Versal-Vaşinqton sistemini möhkəmləndirmək, ona düzəlişlər etmək üçün cəhdlər göstərdilər. 1924-cü ilin aprelində ABŞ bankiri Çarlz Dauesin hazırladığı plan əsasında Almaniyadan alınan təzminatın ümumi həcmini azaltmaq şərtilə illik ödənişin həcmi xeyli aşağı salınırdı. Həmin il keçirilən London konfransında Fransanın təzminat məsələsini təklikdə həll etmək təklifi rədd edildi. 1925-ci ilin oktyabrında keçirilən Lokarno (İsveçrə) konfransı beynəlxalq vəziyyətə müəyyən təsir göstərdi. Konfransda yekun aktı olaraq Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi imzalandı. Buna Reyn təminat Paktı da deyilir.

Bununla, Böyük Britaniya və Fransa dolayı yolla Versal sülh müqaviləsinin ədalətsizliyini etiraf etmiş olurdular. 1926-cı ilin sentyabrında Almaniya Millətlər Cəmiyyətinə üzv qəbul edildi. Beynəlxalq siyasi şəraitin yumşaldılmasında ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Yaponiya və b. ölkələrin nümayəndələri tərəfindən 1928-ci ilin avqustunda Parisdə imzalanmış Brian-Kelloq paktının müəyyən rolu oldu. Pakta imza atan tərəflər müharibələrdən imtina etməyi, bütün münaqişələri və mübahisəli məsələləri dinc yolla həll etməyi öhdələrinə götürmüşdülər. 1929-cu ilin fevralında SSRİ də bu pakta qoşuldu. 20-ci illərdə ABŞ beynəlxalq münasibətlərdə təcridçilik, yəni Avropa və dünya işlərindən kənarda durmaq siyasəti yeridirdi. Məhz bu xətt dünya siyasətində Böyük Britaniya və Fransanı aparıcı yerə çıxarmışdı. Versal-Vaşinqton sistemindən kənarda qalmış Sovet Rusiyası ilə münasibətləri də qaydaya salmaq cəhdləri göstərilirdi. Rusiya və Almaniyanın da iştirak etdiyi 1922-ci ilin aprel-may aylarında keçirilmiş Genuya konfransında iqtisadi münasibətləri bərpa etmək cəhdi göstərildi. Lakin bu, bir nəticə vermədi. Konfransın gedişində Rusiya Rapalloda Almaniya ilə saziş imzaladı. Bu, Rusiyanın iqtisadi blokadadan çıxması yolunda ilk mühüm addım idi. 1924-cü ildən başlayaraq, ABŞ istisna olmaqla, bir sıra Qərb ölkələri SSRİ-ni tanımağa başlasalar da, o, yenə Millətlər Cəmiyyətindən kənarda qalmışdı.

Top