Müharibə hər iki hərbi bloka daxil olan ölkələrin hərbi və maddi ehtiyyatlarını tükəndirmişdi. Daxili ziddiyyətlər kəskinləşmiş və inqilabi hərəkat genişlənmişdi. Sülh danışıqlarına başlamaq cəhdləri də heç bir nəticə vermədi. 1917-ci ilin əvvəlindən etibarən Rusiyanı dərin iqtisadi böhran bürümüşdü. Rusiya hərbi məğlubiyyətləri və təsərrüfat dağınıqlığı müxalif qüvvələrin fəaliyyətini canlandırmışdı. 1917-ci ilin fevralında Rusiyada baş vermiş burjua-demokratik inqilabı nəticəsində mütləqiyyət devrilmiş və Müvəqqəti hökumət təşkil edilmişdi. Ferval inqilabı ABŞ-ın hakim dairələrini də narahat edirdi. Ona görə ABŞ 1917-ci ilin aprelində Almaniyaya qarşı müharibəyə girdi. ABŞ bu addımda müharibənin uğurlarından faydalanmaq imkanları əldə edirdi. Yaxınlaşmaqda olan qələbənin bəhrələrini başqası ilə bölüşmək istəməyən Fransa və İngiltərənin hakim dairələri ABŞ qoşunları Avropaya gələnə qədər Almaniyanı məğlubiyyətə uğratmaq istəyirdilər. Lakin Almaniya və Avstriya-Macarıstan qoşunları 1917-ci ilin oktyabrında Kaporetta yaxınlığında İtaliya ordusunun xeyli hissəsini məhv etdilər. 1918-ci ilin martında Brest-Litovskidə Rusiya ilə Almaniya və onun müttəfiqləri (“Dördlər ittifaqı”) arasında sülh müqaviləsi imzalandı. Brest-Litovski sülhünə görə Rusiya cəbhə xəttinə qədərki əraziləri itirirdi, Qars, Ərdəhan və Batum Osmanlı dövlətinə qaytarılırdı. Həmçinin Rusiya Ukrayna Mərkəzi Radasının müstəqilliyini tanımağa məcbur oldu. Rusiyanın müharibədən çıxması Almaniyanın vəziyyətini müəyyən qədər yüngülləşdirdi.
Dünyada kapitalizmin inkişafı iri dövlətlər arasında ziddiyyətləri daha da gücləndirmişdi. Bu, dünya müharibəsinin başlanması üçün maddi-siyasi zəmin yaratmışdı. Müharibədə başlıca məqsəd dünyanın geosiyasi vəziyyətini yenidən dəyişmək yolu ilə yeni ərazilər tutmaq, təzə bazarlar və nüfuz dairələri əldə etməkdən ibarət idi. Müharibənin başlanması təşəbbüsçüləri isə Almaniya və Avstriya-Macarıstan imperiyaları olmuşdu. XX əsrin əvvəllərində Almaniya ilə İngiltərə-Fransa-Rusiya arasında ziddiyyətlər daha da dərinləşmişdi. Müharibədə Almaniya İngiltərəni zəiflətmək, Fransanı parçalamaq, onun əsas metallurgiya bazarlarını ələ keçirmək, Rusiyanı zəiflətmək üçün Ukraynanı, Belarusiyanı, Polşanı və Baltikyanı ölkələri tutmaq və Rusiyanın Baltik dənizi ilə əlaqəsini kəsmək istəyirdi. Müharibə üçün bəhanə də tapıldı.
Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətləri qaydaya salmaq üçün 1919-cu il yanvarın 18-də Parisdə sülh konfransı toplandı. Konfrans öz işini iyunun 28-ə kimi davam etdirdi. Konfransda 27 ölkənin nümayəndə heyəti iştirak etsə də, aparıcı rolu “Böyük üçlük” – ABŞ, Böyük Britaniya və Fransa oynayırdı. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət olunmamışdılar. Konfransın məqsədi Almaniya və digər məğlub ölkələrlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilələrin əsasını, hələ 1918-ci il yanvarın 8-də ABŞ prezidenti V.Vilsonun konqresə göndərdiyi “14 maddə”si təşkil edirdi.
Şimali Azərbaycan birbaşa hərbi əməliyyatlar meydanına çevrilməsə də, Rusiyanın qoşulduğu müharibə ölkəmizin iqtisadiyyatına mənfı təsir göstərmişdi. Neft sənayesində mövcud olan durğunluq müharibə nəticəsində böhranla əvəz olmuşdu. Qazma işləri 1914-cü ildəki 52 min sajendən 1917-ci ildə 24 min sajenə düşmüşdü. Odur ki, hökumət və iri neft şirkətləri «neft aclığını» aradan qaldırmaq üçün bütün qüvvələrini səfərbər etməli olmuşdular. Bakıda 1913-cü ildə 468 milyon pud neft çıxarılmışdısa, 1914-cü ildə bu rəqəm 431 milyon puda enmiş, müəyyən artım hesabına 1915-ci ildə 451 milyon puda, 1916-cı ildə 470 milyon puda qalxsa da, 1917-ci ildə yenidən aşağı — 402 milyon puda düşmüşdü.
Versal-Vaşinqton sisteminin yaradılması Birinci dünya müharibəsinin ən önəmli nəticələrindən biri də Versal-Vaşinqton sisteminin yaradılması idi. Almaniya və digər məğlub ölkələrlə sülh müqavilələri hazırlamaq məqsədi ilə 1919-cu il yanvarın 18-də Paris konfransı açıldı. Konfrans 1919-cu il iyunun 28-nə kimi davam etdi. Konfransda 27 dövlətin nümayəndələri iştirak edirdi. Məğlub ölkələr və Rusiya konfransa dəvət edilməmişdilər. 1919-cu il iyunun 28-də Parisin Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. O, tarixə Versal sülhü kimi daxil olmuşdur. Versal sülhünün ana xəttini ABŞ prezidenti V.Vilsonun «14 maddəsi» təşkil edirdi. Onun başlıca məzmununu gizli diplomatiyadan əl çəkilməsi, azad ticarətin olması, silahlanmanın azalması, bütün müstəmləkə məsələlərinin qərəzsiz həll edilməsi və s. məsələlər təşkil edirdi. Versal-Vaşinqton sisteminin əsasını Versal (iyun 1919), Sen-Jermen (sentyabr 1919), Neyi (noyabr 1919), Trianon (noyabr 1919), Sevr (avqust 1920) sülh müqavilələri və Vaşinqton (noyabr 1921-fevral 1922) konfransının qərarları təşkil edirdi.
Birinci dünya müharibəsi nəticəsində təqribən 10 milyon insan tələf olmuşdu, 20 milyon adam yaralanmışdı. Müharibə aparan ölkələrin təsərrüfatı olmazın dərəcədə dağılmışdı. ABŞ istisna olmaqla müharibə aparan ölkələrin milli sərvətinin orta hesabla 1/3 hissəsi tələf olmuşdu.
Birinci dünya müharibəsi XX əsr tarixinə öz mahiyyət və nəticələrinə görə dərin iz qoyan hadisə kimi daxil olmuşdur. O, ictimai-siyasi əhəmiyyət və nəticələrinə görə Böyük Fransa Inqilabına (XVIII əsr) bərabər hadisə idi. O, dünyanın inkişafına çox güclü təsir göstərmişdi. Dünyada köklü dəyişikliklər baş vermişdi.
Müharibə bütün siyasi qüvvələri sınağa çəkdi. Onlardan bəziləri vətən uğrunda xalqı, milləti birliyə çağırır, digərləri müharibədən öz mənafeləri üçün istifadə etməyə çalışır, üçüncülər, «nə qələbə, nə məğlubiyyət şüarı altında» barışdırıcı, bitərəf mövqe tutur, dördüncülər isə sülh naminə hər cür müharibənin əleyhinə çıxırdılar.
Burjua partiyaları müxtəlif dəlillərlə müharibəyə haqq qazandırır, ölkəni birləşməyə, daxili çəkişmələrə və qarşıdurmalara son qoymağa çağırırdılar. Məsələn, Rusiyada müxalifətdə olan Kadetlər və Oktyabristlər partiyaları müxalifətdən əl çəkərək hökümətləri ilə həmrəy olduqlarını elan etmişdilər. Onlar bildirirdilər ki, «hazırda nə sağ, nə sol, nə hökümət və nə də cəmiyyət var, ancaq vahid rus xalqı və onun ordusu var. Vəzifə vətəni qoruyub saxlamaqdan ibarətdir.» Hətta, onlar müharibə vaxtı yaratdıqları «Mütərəqqi blok» adlanan təşkilatın proqramında «daxili əmin-amanlığı saxlamaq, millətlər və siniflər arasında ədavəti aradan qaldırmaq, vətəndaşlıq sülhü bərqərar etməyi təmin etmək kimi» vəzifələr irəli sürmüşdülər.