Müharibə bütün siyasi qüvvələri sınağa çəkdi. Onlardan bəziləri vətən uğrunda xalqı, milləti birliyə çağırır, digərləri müharibədən öz mənafeləri üçün istifadə etməyə çalışır, üçüncülər, "nə qələbə, nə məğlubiyyət şüarı altında" barışdırıcı, bitərəf mövqe tutur, dördüncülər isə sülh naminə hər cür müharibənin əleyhinə çıxırdılar.
Burjua partiyaları müxtəlif dəlillərlə müharibəyə haqq qazandırır, ölkəni birləşməyə, daxili çəkişmələrə və qarşıdurmalara son qoymağa çağırırdılar. Məsələn, Rusiyada müxalifətdə olan Kadetlər və Oktyabristlər partiyaları müxalifətdən əl çəkərək hökümətləri ilə həmrəy olduqlarını elan etmişdilər. Onlar bildirirdilər ki, "hazırda nə sağ, nə sol, nə hökümət və nə də cəmiyyət var, ancaq vahid rus xalqı və onun ordusu var. Vəzifə vətəni qoruyub saxlamaqdan ibarətdir." Hətta, onlar müharibə vaxtı yaratdıqları "Mütərəqqi blok" adlanan təşkilatın proqramında "daxili əmin-amanlığı saxlamaq, millətlər və siniflər arasında ədavəti aradan qaldırmaq, vətəndaşlıq sülhü bərqərar etməyi təmin etmək kimi» vəzifələr irəli sürmüşdülər.
Sosialist, sosial-demokratik və milli partiyalara gəldikdə, onların müharibəyə münasibətləri bir mənalı deyildi. Bu məsələdə də onlar arasında fikir ayrılığı var idi. Hələ müharibə başlamamışdan II İnternasionalda birləşmiş sosialist və sosial-demokratiya partiyaları müharibə əleyhinə çıxmışdılar. Hətta onlar II Internasionalın Ştutqart (1907-ci il), Kopenhagen (1910-ci il) və Bazel (1912-ci il) konqreslərində müharibə əleyhinə qətnamələr qəbul etmişdilər. Lakin müharibə başlanandan sonra bolşeviklər, İtaliya, Serbiya sosialistləri, Almaniya və Hollandiyada "sol" qruplar, Amerikada N.Debe, Ç.Rutenberq başda olmaqla sosialist partiyası, Bolqarıstanda "Tesnyaklar, İsveçrədə "gənc sosialistlər, İsveçdə sosialist internasionalçılar istisna olunmaqla əksər sosialist partiyaları milli birlik, vətəni müdafiəyə naminə müharibəyə tərəfdar çıxmışdılar. Onların çoxu öz parlamentlərində hökümətin hərbi kreditlər buraxılması təklifinə səs vermişdilər. Antanta blokuna daxil olan ölkələrin sosialistləri, o cümlədən eserlər, menşeviklər 1915-ci ildə Londonda çağrılmış konfransda, üçlük ittifaqının tərkibindəki dövlətlərin sosialist partiyaları isə Vyana konfransında Vətəni müdafiə xəttini bəyənmişdilər. Hətta Almaniyada, Fransada, İngiltərədə, Belçikada onların nümayəndələri öz hökumətlərinin tərkibinə daxil olmuşdular. Almaniyada sosialist Şeydeman, Fransada J.Ged, M.Samba. A.Toma, İngiltərədə A.Henderson, Belçikada E.Vandervalde, Rusiyada A.Kerenski belə addım atmışdılar. Bolşeviklər, əksər sosialist partiyalarının milli birlik, vətəni müdafiə naminə öz ölkələrinin müharibə siyasətinə tərəfdar çıxmalarını xəyanət və II İnternasionalın siyasi və təşkilatı cəhətdən iflas etməsi kimi qiymətləndirmişdilər,
Beləliklə, birinci dünya müharibəsi dövründə müharibəyə münasibət məsələsinə görə beynəlxalq sosialist hərəkatı sağ, sol və mərkəz qütblərinə parçalanmışdı, Sağlar müharibəyə tərəfdar, sollar onun əleyhinə çıxır, mərkəzçilər (sentrizm) isə barışdırıcı siyasət yürüdürdülər. Siyasi qüvvələr arasında pasifistlər deyilən qrup da formalaşmışdı, Onlar hər cür müharibənin əleyhinə çıxırdılar.
Sağlar cəbhəsinə Bernşteyn, Vandervalde başda olmaqla II İnternasionalın Avropa və Amerikadan olan əksər sosialist partiyaları, sollar qrupuna isə Rusiyadan bolşeviklər, sol eserlər. Almaniyadan başda K.Libknext, R.Lyuksenburq olmaqla "Spartak"çılar, Bremenin "sol radikal" və "sosialist beynəlmiləlçilər" qrupu, Bolqarıstandan D. Blaqoyev, G. Kirkov, V.Kolarov başda olmaqla "Tesnyaklar", İsveçrədən Z.Hellunda başda olmaqla "Gənc sosialistlər", Serbiyadan Katsleroviç, Fillipoviç, Popoviç başda olmaqla sol qrup. Hollandiyadan D.Vaynkop başda ohnaqla sollar, İngiltərədən Britaniya sosialist partiyası, Sosialist fəhlə partiyası və onun liderləri A.İnklin, F.Rotşteyn, R.Bella, İtaliyadan "Avanti" qəzeti ətrafında toplaşan sollar, İsveçdən F.Platton başda olmaqla sosialist beynəlmiləlçilər, N.Debe, Ç.Rutenberq başda olmaqla Amerikanın sosialist partiyası daxil idilər.
K.Kautski, Maqdonald, Roland-Helts, L.Trotski və s. başda olmaqla sosialistlərin mərkəzçi qrupu dünya müharibəsində vətəni müdafiə şüarına tərəfdar çıxmaqla yanaşı, hərbi kreditlərə səs verməkdə bitərəf qalmaq siyasətini təbliğ edirdilər. Onlar müharibəyə münasibətdə sosialist hərəkatındakı sağlarla solları, hökümətlə zəhmətkeşləri barışdırmaq mövqeyindən çıxış edirdilər. Vətəni müdafiə, bitərəfik, "nə qələbə, nə məğlubiyyət!" müharibəyə münasibət məsələsində mərkəzçilərin başlıca şüarları idi.
Müharibəyə münasibətdə V.Lenin başda olmaqla bolşeviklərin özünə məxsus taktikası var idi. Onlar "İmperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək", "Müharibədə öz hökumətlərinin məğlubiyyətinə çalışmaq" şüarlarını irəli sürürdülər. Bunlarla onlar millətin, xalqın birliyini parçalayır vətəndaş qarşıdurması şəraiti yaradırdılar. Onların bu taktikası əslində milli birlikdən, vətəndaş sülhündən imtina etmək siyasəti idi.Bu şüarlarla çıxış etməklə V.Lenin, bolşeviklər Rusiyada hakimiyyətə yiyələnmək, onu ələ almaq məqsədini güdürdülər. Hətta bunun üçün sosialist inqilabının yeni nəzəriyyəsini, Lenin nəzəriyyəsini yaratmışdılar.
Məlumdur ki, Marks, Engels sosialist inqilabının bütün qabaqcıl kapitalist ölkələrində və ya onların əksəriyyətində eyni zamanda qələbə çalacağı müddəasını irəli sürmüşdülər. V.Lenin 1915-cı ildə kapitalizmin inkişafının yeni mərhələsində bu müddəanın tələblərə cavab vermədiyi fikrini irəli sürdü. O, göstərdi ki, sosializm Avropanın qabaqcıl ölkələrində eyni zamanda qalib gələ bilməz, onun əvvəlcə ayrılıqda götürülmüş bir və ya bir neçə ölkədə qələbəsi mümkündür. Marks və Engelsdən, II İnternasional liderlərindən və onların həmfikirlərindən fərqli olaraq V.Lenin belə nəticəyə gəldi ki, sosializm təkcə ən çox inkişaf etmiş kapitalizm ölkəsində deyil, kapitalizmin inkişaf səviyyəsi aşağı olan Rusiyada da qələbə çala bilər.
Artıq Rusiyada və digər sosialist ölkələrində sosializmin uğursuzluqları bu müddəaların əsassızlığını sübut etmişdir.Birinci dünya müharibəsi dövründə V.Lenin başda olmaqla bolşeviklər II İnternasionalla tamamilə əlaqəni kəsmək taktiki şüarını da irəli sürmüşdülər. Hətta 1916-cı ildə II İnternasionalda Simmvervald solları adlanan qrupu yaratmışdılar. Bu müharibə dövründə dünya sosialist hərəkatının siyasi, ideoloji və təşkilati cəhətdən parçalanmasına gətirib çıxarmışdı. Bu da siyasi partiyaların əməkdaşlığı və birliyinə möhkəm zərər vurmuşdu.Bolşeviklər, V.Lenin II İnternasionalı sinfi mübarizə işinə xəyanətdə, opportunizmə və sosial şovinizmə yuvarlanmaqda təqsirləndirirdilər.
Əslində II Internasional partiyaları müharibə dövründə vətəndaş həmrəyliyinin, vətəndaş əməkdaşlığının mümkünlüyü nümunəsi göstərmişdilər. XX əsrin 90-cı illərində gedən tarixi proseslər, sosialist inqilabının Lenin nəzəriyyəsinin uğursuzluqları II İnternasional liderlərinin "Vətəndaş sülhü yaratmaq, ictimai inkişafın təkamül və islahatlar yolu ilə getməsi" barədə ideyalarının həyatiliyini sübuta yetirmişdir.
Milli burjua və sosialist partiyaları da müharibəyə öz münasibətlərini bildirmişdilər. Onların əksəriyyəti "Vahid Rusiya" naminə müharibəyə tərəfdar çıxır, "Vətəni müdafiə" şüarı altında öz hökumətlərinin müharibədə qələbəsini təbliğ edirdilər. Məsələn, başda S.Petlyura olmaqla Ukrayna sosial-demokratları və başda N.Jordaniya olmaqla gürcü menşevikləri Rusiyanın müharibə siyasətinə tərəfdar çıxmışdılar. Rus imperiyasına nökərçilik edən və ona öz xilaskarı kimi baxan erməni "Daşnaksütyun" partiyası da müharibədən "Böyük Ermənistan" uğrunda mübarizə üçün istifadə etmək məqsədini güdürdü. Daşnaklar Qafqaz cəbhəsində Rusiyaya arxalanaraq türklərə qarşı təxribat, xəyanətliklər təşkil etmişdilər.
Hələ müharibənin başlanğıcında erməni milli burosu çarizm ilə könüllü erməni dəstələri yaratmaq barədə razılığa gəlmişdi. Cənubi Qafqaz canişini Voronsov-Daşkovun Tiflisdə doktor Zafriyan, yepiskop Mesrop, S.Arutyunov və A.Xatisovla apardığı danışıqlar zamanı türklərə qarşı hərəsi 400 nəfərdən ibarət 4 könüllü erməni drujinası yaratmaq razılaşdırılmışdı. 1915-ci ilin yanvarında isə Vardanın və Avçaryanın başçılığı ilə əlavə 2 yeni drujina təşkil edilmişdi. 1914-cü ilin payızından 1915-ci ilin sonuna kimi "Daşnaksütyun" partiyası tərəfindən 10 min nəfərdən çox könüllü səfərbər edilərək türklərə qarşı müharibəyə göndərilmişdi. Ermənilər 1915-ci ilin əvvəllərində Zeytun, Diyarbəkir, Ərzincan, Bitlis, Van, Muş və Samsun bölgələrində minlərlə şəhər və kəndi dağıdıb yandırmış, əhalisinin isə vəhşicəsinə qətlə yetirilmişdilər. 1915-ci ilin aprelində Vanda Türkiyə təbəəli erməniləf qiyam təşkil etmişdilər. Hətta, qiyamçılar rusların himayəsi altında erməni hökuməti təşkil etmişdilər. Tezliklə erməni qiyamları bütün Şərqi Anadolunu bürümüşdü. Yüz minlərlə türk əhalisi vəhşicəsinə əzabla məhv edilmişdi.
Bunlara cavab olaraq Osmanlı hökuməti tədbirlər görməyə ermənilərin hərbi xidmətə cəlb etməməyə, erməni komitə mərkəzlərini ləğv etməyə, onların başçılarını həbs etməyə başladı. 1915-ci il aprelin 24-də İstanbulda 2345 nəfər erməni həbs olundu. İndi ermənilər bu günü - 24 apreli qondarma erməni soyqırımı kimi qeyd edirlər və bunun digər ölkələr tərəfindən tanınması üçün dəri və qabıqdan çıxırlar.
Erməni təxribat və qətllərinin qarşısını almaq məqsədilə Türkiyə dövləti onları (erməniləri) cənub-qərb vilayətlərinə, Mesopotamiyaya köçürməyə başladı. Ermənilərin təqsiri üzündən həyata keçirilən köçürülmə zamanı hesablamalara görə, bir neçə yüz min (300min) erməni tələf olmuşdu. Bu rəqəm indi ermənilər tərəfindən iki milyona çatdırılmışdır.
Rusiya imperiyasının tərkibində olan türk mənşəli müsəlman burjuaziyası da müharibə siyasətinə tərəfdar çıxmışdı. O, 1914-cü » avqustun 21-də qəbul etdiyi "Rusiya müsəlmanlarına müraciətində "rus əhalisi ilə birlikdə Rusiyanın birliyi naminə tələfata, ölümə hazır ol!" şüarını irəli sürmüşdü.
Milli partiyalardan ancaq "Müsavat" dünya müharibəsi əleyhinə olmuş, müharibədə Rusiyanın məğlubiyyətinə tərəfdar çıxmışdı. Onun lideri M.Ə.Rəsulzadə bildirmişdi ki, çarizm Rusiyada yaşayan qeyri-rus xalqları üçün jandarm rolunu oynayır. O, müharibədə ölümə məhkumdur.