Birinci dünya müharibəsi dövründə Avropa ölkələrində də başlamış ümummilli böhran ictimai-siyasi dəyişikliklərlə nəticələndi. 1918-ci il noyabrın əvvəllərində Almaniyada monarxiyaya və militarizmə qarşı etiraz çıxışları başlandı. II Vilhelmin taxtı-tacdan əl çəkdiyi elan olundu. İnqilabdan canını qurtarmaq üçün o, noyabrın 10-da Hollandiyaya qaçdı. Beləliklə, Almaniyada noyabr inqilabı qalib gəldi. Burjua demokratik xarakter daşıyan bu inqilab nəticəsində Almaniyada Veymar Respublikası yaradıldı.
İngiltərədə də azadlıq hərəkatı gücləndi. 1918-ci ilin parlament seçkilərində qələbə çalan Şinnfeyn ("biz özümüz") partiyası 1919-cu ilin əvvəllərində İrlandiyanı respublika elan etdi.
1918-ci il oktyabrın axırlarında keçmiş reyxsratın Avstriya bölgəsinin deputatlarının yığıncağı özünü müvəqqəti milli məclis elan etdi. ASDP, XSP və AMP nümayəndələrindən ibarət Dövlət Şurası yaradıldı. Sosial demokrat K.Renner dövlət kansleri seçildi. Noyabrın 12-də Avstriya respublika elan olundu. 1919-cu ilin fevralında Milli Məclisi Müəssisənə keçirilən seçkilərdən sonra Avstriyada koalision hökumət yaradıldı. Hökumətdə mühüm dövlət vəzifələri ASDP-nin liderlərinə - K.Rennerə (kansler), Y.Deyçə (hərbi nazir), O.Bauerə (xarici işlər naziri) həvalə edildi.
Umummilli böhran Macarıstanda da sosial-siyasi dəyişikliklərə gətirib çıxardı. Avstriyada inqilab olduğundan xəbər tutan silahlı fəhlə və əsgərlər Budapeştin küçələrinə çıxdılar və 1918-ci il oktyabrın 30-dan 31-nə keçən gecə paytaxtın strateji nöqtələrini zəbt etdilər. Hakimiyyət burjua və sosial-demokratiya partiyaları nümayəndələrindən təşkil olunmuş Milli Şuranın əlinə keçdi. 1918-ci il noyabrın 16-da Macarıstan respublika elan edildi. Beləliklə, Macarıstanda baş vermiş burjua demokratik inqilabı Habsburqlar monarxiyasının devrilməsi və Macarıstanın Avstriyadan ayrılması ilə nəticələndi.
1918-ci ildə Çexoslovakiyada da milli-azadlıq hərəkatı gücləndi. İyul ayında çex siyasi partiyaları, o zaman Parisdə T.Masarikin başçılığı altında fəaliyyət göstərən Çexoslovakiya Milli Şurası ilə əlaqədə olan Milli Komitə yaratdılar. Oktyabrın 30-da Slovakiya Milli Şurası onun Macarıstandan ayrılıb Çexiya ilə birləşdiyini elan etdi. Nəhayət, 1918-ci il noyabrın 14-də Çexoslovakiya müstəqil respublika elan edildi. T.Masarik onun ilk prezidenti seçildi.
Bu dövrdə Polşada da milli azadlıq hərəkatı yeni vüsət aldı. 1918-ci ilin noyabrında Polşa xalqının 120 illik istiqlal uğrunda azadlıq mübarizəsi qələbə ilə nəticələndi. Noyabrın 11-də Pilsudski başda olmaqla müstəqil Polşa Respublikası yaradıldı.
Dünya müharibəsi illərində Yuqoslaviya xalqlarının da milli-azadlıq uğrunda hərəkatı gücləndi. 1918-ci il sentyabrın axırı oktyabrın əvvəllərində ölkənin çox yerlərində milli komitələr yaradılmağa başladı. Oktyabrın 5-də Zaqrebdə (Xorvatiya) slovenlərin, xorvatların və serblərin tərkibinə Yuqoslaviyanın müxtəlif partiyalarının nümayəndələri daxil olan Xalq Veçesi yaradıldı. O, 1918-ci il oktyabrın 29-da serb-xorvat və sloven dövlətinin yaradıldığını elan etdi. Dekabrın 1-də Belqradda Xalq Veçesinin Serbiya hökuməti ilə razılığı əsasında başda Qarageorgiyevçilər sülaləsi olmaqla serb, xorvat və sloven krallığının yaradıldığı elan edildi.
1918-ci ilin payızında "Dördlər ittifaqının" iştirakçısı olan Bolqarıstanda da hökumət əleyhinə çıxışlar genişləndi. Sentyabrın 27-də üsyançılar başda A.Stamboliyski olmaqla Bolqarıstanı respublika elan etdilər. Lakin sentyabrın 30-da üsyançılar Sofiya altındakı döyüşdə məğlubiyyətə uğradılar. Xalqın mübarizəsi
"Dördlər ittifaqı" ölkələrindən birinci olaraq Bolqarıstanın müharibədən çıxmasına gətirib çıxardı. Çar Ferdinand, III Boris adı ilə çar elan edilən 24 yaşlı oğlunun nəfinə taxt-tacdan əl çəkdi və Almaniyaya qaçdı.
Müharibə nəticəsində Avstriya-Macarıstan, Almaniya, Osmanlı və Rusiya imperiyaları dağıldılar. Milli dövlətlər meydana gəldi. Müharibədən əvvəl Avropa xəritəsində 3 respublika var idisə, indi onların sayı 13-ə çatdı. Keçmiş Rusiya imperiyasının ərazisində bir sıra müstəqil milli dövlətlər meydana gəldi, o cümlədən müstəqil Azərbaycan Cumhuriyyəti yaradıldı.