Özündən asılı olmayaraq Azərbaycan da Birinci illərində dünya müharibəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın müharibə edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədar idi. Belə ki, çox əlverişli coğrafi mövqedə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iri dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti daha qabarıq özünü göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Türkiyənin də müsəlman Qafqazına, xüsusən Azərbaycana böyük marağı var idi.
Müharibə dövründə Azərbaycanın da iqtisadiyyatı imperiyanın müharibə siyasəti tələblərinə uyğunlaşdırılmışdı. İqtisadiyyat tənəzzül etmişdi. Rusiyanın əsas duru yanacaq bazası olan Bakıda neft istehsalı geriləmişdi. Neft hasilatı 1914-cü ildəki 431,7 min puddan 1917-ci ildə 402 min puda enmişdi, 1916-cı ildə Bakıdakı 15 neft-yağ zavodundan 2-si işləyirdi. 1917-ci ildə cəbhə üçün 50 min pud partlayıcı toluol və 90 min pud benzin istehsal olunmuşdu. Neft sənayesində işçi qüvvəsi azalmışdı. 13 min işçi cəbhəyə göndərilmişdi. Gədəbəydəkt mis zavodu, mahlıc istehsalı, ipək və tütün emalı müharibə tələblərini ödəmək üçün işləməyə başlamışdılar. 1915-ci ildə H.Z.Tağıyevin toxuculuq fabriki cəbhəyə 4 milyon arşın bez və 300 min arşın parusin göndərmişdi.
Etibarsızlıq üzündən çarizm Rusiyada yaşayan müsəlmanlardan, o cümlədən azərbaycanlılardan orduya rəsmən adam çağırmırdı. Lakin onların ali silkindən könüllü olaraq çar ordusu sıralarına gedənlər də var idi. Bunlardan 200 nəfər azərbaycanlı zabiti I Dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi. Artilleriya generalları Səməd bəy Mehmandarovu, Əliağa Şıxlinskini, general Hüseynxan Naxçıvanskini, general İbrahim ağa Vəkilovu, onun oğlu polkovnik Qalib Vəkilovu, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qaibovu və b. bu qəbildən idilər. General leytenant rütbəsinə qədər yüksəlmiş Əliağa Şıxlinski müharibə illərində bir sıra məsul ali komandanlıq vəzifələrini yerinə yetirmiş, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, sonra isə onuncu ordunun komandanı olmuşdu.
General-leytenant Səməd ağa Mehmandarov I dünya müharibəsi dövründə 21-ci diviziyaya komandanlıq etmişdi. O, Lodz (Polşa) əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidliyinə görə artilleriya generalı rütbəsinə layiq görülmüşdü. 1915-ci ildə o, 2-ci Qafqaz ordu korpusunun komandanı təyin edilmişdi.
General-leytenant Hüseynxan Naxçıvanski Qərb cəbhəsində süvari diviziyaya komandanlıq etmişdi.
General İbrahim ağa Vəkilov ordu qərargahında qulluq etmişdi. Onun oğlu polkovnik Qalib Vəkilov Qərb cəbhəsində mühəndis polkunda göstərdiyi igidliyə görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Nijeqorod alayında rotmistr olan Teymur Novruzov qeyri-adi igidliyinə görə Müqəddəs Georgi ordeninin dörd dərəcəsi ilə təltif edilmişdi. Kapitan Tərlan Əliyarovbəyov da döyüşlərdə göstərdiyi rəşadətə görə, o zaman çox adama nəsib olmayan Müqəddəs Georgi ordeninin dörd dərəcəsinə layiq görülmüşdü.
İlk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qaibov müharibə dövründə «İlya Muromets -16» təyyarəsi ilə dəfələrlə döyüşlərdə iştirak etmişdi. O, Neman çayı üzərindəki körpünü dağıtmaqda böyük şücaət göstərmişdi. F.A.Qaibov 1916-cı ilin sentyabrında Vilnyus səmasında qarşılaşdığı dörd düşmən təyyarəsindən üçünü məhv etmiş və özü də qəhrəmancasına həlak olmuşdu. O, ölümündən sonra Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu.
Müharibə illərində Azərbaycanlı gənclərdən «Tatar süvari alayı» təşkil edilmişdi. Qorxmaz döyüşçülərdən ibarət olan bu alayı ruslar həqarətlə «vəhşi diviziya» adlandırmışdılar.
Müharibə Azərbaycanın kənd təsərrüfatına da zərər vurmuşdu. Əkin sahələri müharibədən əvvəlki 910 min desyatindən 1918-ci ildə 620 min desyatinə enmişdi. Taxıl istehsalı 50% azalmışdı. Pambıq əkini sahələri 1916-cı ildəki 105 min desyatindən 1917-ci ildə 37 min desyatinə enmişdi. İribuynuzlu heyvanların sayı 480 min baş, davarların sayı 500 min azalmışdı. Arxa cəbhədə yardımçı təsərrüfatlarda işləmək üçün Azərbaycandan 50 min gənc səfərbərliyə alınmışdı.
Sosial vəziyyət də pisləşmişdi. Ərzaq qıtlığı, bahalıq baş vermişdi. Müharibə dövrü ərzağın qiyməti 300 - 500 faiz yüksəlmişdi. Bakıya taxıl və digər məhsulların gətirilməsi yarıbayarı azalmışdı. Kütlələrin vəziyyəti olmazın dərəcədə pisləşmişdi.
Bütün bunlar əhali arasında sosial gərginliyi artırmışdı. Bakıda, Şəkidə, Tovuzda fəhlə tətilləri başlamışdı. 1916-cı ildə 80-dan çox tətil olmuşdu. 1915-1916-cı illərdə Lənkəran, Ərəş, Quba qəzalarında kəndli həyəcanları da baş vermişdi.