İslamda evlilik həzz və ləzzət üçün deyil, ailənin təşəkkülü, millətin uzunömürlülüyü, fərdi duyğu və düşüncələrin dağınıqlıqdan qurtulması və cismani arzuları cilovlanması üçündür. Evlilikdə həzz və ləzzət isə insan təbiətinə yerləşdirilmiş və evliliyə təşviqedici faktordur.
Fiqh elmində (İslam hüququ) evliliyə ilk addım sayılan nişanlanma müstəqil mövzu kimi ələ alınmır. Lakin bu İslamda nişanlılıqla əlaqəli hökmlərin olmaması mənasına gəlməz.
Nişanlanma
Dilimizdə nişan nişanlanma mərasimi, evlilik üçün sözləşmə, üzük taxma mərasimi kimi mənalara gəlir. Nişanlı, barmağına üzük kimi bir əlamət taxılan evliliyə namizəd olan şəxsdir. Nişanlanma termini bir qadınla bir kişinin gələcəkdə evliliyə dair vedikləri sözdür. Nişanlılıq isə nişanlanma ilə başlayan və evliliyə qədər olan mərhələnin adıdır.
Ərəb dilində qız istəmə və nişanlanma mənasına gələn “hıtbə” sözü Qurani-Kərimin “Bəqərə” surəsinin 235-ci ayəsində və “Əhzab” surəsinin 49-cu ayəsində də keçir.
Hədislərdə Peyğəmbər Əfəndimizin (s.ə.s.) özünün və qızlarının nişanından bəhs olunur.
Nişanlanma ilə bağlı fiqhin hökmləri aşağıdakılardır:
Nişan evlilik vədidir;
Nişan məhrəmiyyəti qaldırmaz;
Nişan mehrə haqq qazandırmaz;
Nişan hədiyyələri hibə hökmündədir.
Nişan evlilik vədidir
Dörd məzhəbə görə nişanlanma evlənmək üçün kəsilən kəbin (əqd) deyil, sadəcə evlilik vədidir (evlilik sözüdür). Yəni nişanlanma hüquqi bir sözləşmə (əqd) deyil, əxlaqən qarşılıqlı söz vermədir (vəd). Çünki hüquq baxımından nişan nikah deyil, nikahın bir şərti də deyil. Üstəlik nişan hüquqən doğurduğu nəticələri doğurmaz (Bilmlen Kamus, 2/12). Nişanlanma sonrasında nişanlılar arasında qohumluq, nəfəqə (qadını talağını verib boşayandan sonra onun yaşaması üçün ərindən alınan vəsait), miras kimi hökmlər keçərli deyil. Nişanın ən əsas xüsusiyyəti isə tərəfləri hüquqi olaraq evlənməyə məcbur etməsidir.
Hər nə qədər nişanlanma hüquqi olaraq evliliyə məcburiyyət olmasa da, dini və əxlaqi yöndən məsələyə fərqli yanaşmaq lazımdır. Nişanlanmaya dini, əxlaqi və ənənəvi yanaşma tərəflərə sədaqət və evlilik mükəlləfiyyətini verir. Qurani-Kərim: “Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir.” (İsra, 17/34) buyurur. Həmçinin müsəlmanlar belə təsvir edilir: “O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər)”. Ayədə keçən əhdlə həm tərəflər arasındakı əhd, həm də Allaha verilən əhd nəzərdə tutulur. Yenə də: “əhd edəndə əhdinə sadiq olanlar” (Bəqərə, 2/177) kimi ayələrdə möminlərin dini və əxlaqi məsuliyyətləri bildirilir.
Düzü, evlilik kimi çöx əhəmiyyətli bir müəssisənin başlanğıcı olan nişanlanma adi bir hadisə deyil. Evliliyə bir mane yoxsa, nişanla verilən vəd yerinə yetirilməlidir. Hər nə qədər nişanlanma bir söz vermə hadisəsi olsa da, mömin sözünü tutan insandır və sözü onun sənədidir. Dolayısilə, tərəflərin bir-birini tanıması, xarakterlərini öyrənməsi nişanlanmadan əvvəl tamamlanmalıdır. Bu mərhələdə ictimayi-hüquqi bir əsas olan bərabərlik (uyğunluq) məsələsi də unudulmamlıdır.
Nişan məhrəmiyyəti qaldırmaz
İslam hüququ nişanlanmış tərəflərə ər-arvad statusunu, dinin evliliyə verdiyi birlikdə yaşama haqq və hüququnu vermir. Dolayısilə, nişanlılar məhrəmiyyət nöqteyi-nəzərində iki yad insan kimidirlər. Burada əsas məsələ məhrəmiyyət sərhədini aşmamaq, baş-başa, xəlvət qalmamaq və İslam ədəbinə uymaqdır. Əlbəttə ki, qız və ya oğlanın yaxınları olması şərti ilə görüşlər xəlvətiliyə daxil deyil. Bunlar dini hökmlərdir. Dini hökmlər isə ictimayi şərtlərin dəyişməsi ilə dəyişməz, sabitdir. Nişanlılıq dövründə bu əsaslara riayət etməyənlər dünyəvi və üxrəvi (axirətə aid) vəbalı göz önünə almalıdırlar.
Cəmiyyətdə zaman-zaman nişanlılıq dövründə daha çox tərəflər arasında məhrəmiyyəti aradan qaldırmaq üçün dini nikah kəsilir. Bildiyimiz kimi, nikah bir çox dini və hüquqi hökmləri olan bir sözləşmədir (əqd). Bəli, nikahla məhrəmiyyət aradan qalxır. Lakin bununla yanaşı, nikaha mehir haqqı da daxildir. Həmçinin qohumluq, nəfəqə, miras, talaq və s. kimi dini və hüquqi hökmlər də nikahdan sonra keçərlidir. Bu dini və hüquqi hökmlər bölünməz bir bütövdür. Bunu da xatırladaq ki, İslam hüququna görə, nikahdan sonra tərəflərin artıq nişanlı qəbul edilməsi qeyri-mümkündür (Bilmen, Kamus, 2/12). Nəticə etibarilə, bizim cəmiyyətimizdə rəsmi nikahdan əvvəl dini nikah arzuolunmazdır. Məsləhətlisi əvvəla rəsmi nikah ardınca da dini nikahın kəsilməsidir.
Nişan mehrə haqq qazandırmaz
Nişan ümumiyyətlə evlilikər sona yetir. Ölüm də nişanın sonuna ayrı bir səbəbdir. Bəzən tərəflərin razılığı ilə, çox vaxt da bir tərəfin istəyi ilə nişan pozula bilir. Bu zaman mehir və hədiyyələrin qaytarılması məsələsi ortaya çıxır.
İslam ailə hüququnda mehir evlilikdə kişinin qadına verdiyi və ya verməyə əhd etdiyi pul və maldır. Mehir qadının öz malıdır və kişinin qadına borcudur. Nikah əsnasında mehir miqdarının müəyyən edilib edilməməsi hökmü dəyişdirməz.
İslam hüququna görə nişan qadına mehir haqqı qazandırmaz. Buna görə də, nişan pozulanda nişan dövründə qadına ödənmiş mehrin misli maldırsa (işlənən mal) mislən, eyni maldırsa (qızıl, gümüş və s.) eynən və ya onun dəyərində pul geri alına biləcəyi dörd məzhəbə görə haqdır. Çünki mehir evliliyin hüquqi nəticəsində ortaya çıxır və qadın buna ancaq evlilikdən sonra haqq qazana bilər.
Nişan hədiyyələri hibə hökmündədir
Adət-ənəmizdə nişan dövrü müxtəlif hədiyyələşmələrlə keçir. Bu hədiyyələşmələr tərəflər arasında yaxınlığı, mehribançılığı artırmaq məqsədi daşıyır. Ancaq nişanın iki tərəfli və ya bir tərəfli pozulması ilə hədiyyələrin hüquqi hökmləri bilinməlidir. İslam hüququna görə nişanlılıq dövründə mehir xaric verilən hər şey hədiyyə hökmündədir.
İslam hüquqşünasları bu fikirdə ikiyə bölünür. Hənəfi məzhəbinə görə, hədiyyələr hibədir (bağışlanan şey). Bu məsələyə əxlaqi yöndən yanaşsaq, hədiyyələr geri alınmaz. Ancaq hüquqa görə, verilən hədiyyələr qarşı tərəfdə eynən durursa, yəni istifadə edilməmiş, başqasına verilməmişsə və ya dəyişikliyə məruz qalmamışsa, geri alına bilər. Sadəcə geri qaytarılması mümkün olmayacaq qədər hökmən və vəsfən dəyişikliyə məruz qalıbsa hədiyyələr geri alınmaz. Şafi məzhəbinə görə, hədiyyələr hər şəraitdə geri alına bilər. Hədiyyə olunan əşya eynən durursa eyni ilə, işlənibsə, miqdarı ilə geri istənilə bilər. Maliki məzhəbinə görə nişanı kimin pozduğuna baxılaraq hökm verilir. Əgər nişanı pozan kişidirsə, qadından heç nə tələb edilə bilməz. Nişanı pozan qadındırsa, kişi verdiyi hədiyyələri geri ala bilər. Hətta istifadə edilibsə, o miqdar dəyərində pul ala bilər.
Nəticə
Dörd məzhəbə görə də nişanlanma evlilik sözləşməsi (əqd) deyil, sadəcə evlənməyə söz vermədən ibarətdir. Başqa sözlə, nişanlanma hüquqi anlaşma, sözləşmə (əqd) deyil, əxlaqi mənada tərəflər arasında söz vermədir. Bu xüsusiyyətinə bağlı olaraq nişanlılıq tərəflərə hüquqi evlilik məcburiyyəti vermir. Bununla yanaşı, tərəflərin əxlaqi və dini məsuliyyətini də qaldırmaz. Nişanlılıq dövründə məhrəmiyyətin aradan qaldırmaq üçün kəsilən nikah isə arzuolunmazdır.
İslam hüququna görə nişan nikah deyildir. Mehir isə nikahla əlaqəli hökmdür. Buna görə də nişan qadına mehir haqqı verməz.
Üstəlik nişan pozulanda alınıb verilən hədiyyələr hüquqi olaraq hibə hökmündədir. İşlənmiş hədiyyələrin qaytarılması lazım deyil, hədiyyə verənin hədiyyələri geri istəməsi dini olaraq xoş qarşılanmayan durum olmaqla yanaşı, tələb edilən məqamda hədiyyələrin geri verilməsi hüquqi baxımından zərurətdir.
Professor Əhmət Günəş
Atatürk universiteti İlahiyyat fakulteti müəllimi