“…Hörmətli tamaşaçılar, bir elanı nəzərinizə çatdırırıq: Yaşı 75-i ötmüş şəxslərin nəzərinə… Əgər həyatınızın heç olmasa bu son çağlarını rahat yaşamaq və siz dünyadan köçəndən sonra, yaxınlarınızın əziyyət çəkməməsini və ən azından sizə “rəhmət” oxumasını istəyirsinizsə, bizə müraciət edib, üç aydan bir keçirilən imtahanlarımızdan birində iştirak etməyiniz kifayətdir. İmtahanın şərtləri çox sadədir. Buyurun, gəlin! İmtahanın vaxtı…”
Televiziyada qəfildən bu elan yayımlananda, Qafar kişi namazını yenicə qılıb, otağın küncündəki qoltuqda oturaraq, dörd yaşlı nəticəsi Nihata alma soyurdu… Elan kişinin diqqətini o qədər cəlb elədi ki, bir dəqiqə sonra o, artıq şəxsiyyət vəsiqəsini axtarmaqla məşğul idi. Yazıq kişi yaşının neçə olduğunu da unutmuşdu.
…1933 rəqəmini görmək və Qafar kişinin riyazi qabiliyyəti, sanki onun bitməkdə olan ömrünə daha on il caladı. Mahiyyətini hələ tam olaraq anlamadığı bu xəbər, nədənsə onun diqqətini tamamilə özünə cəmləmişdi. Bəlkə də bu, son vaxtlar onun ölüm haqqında beynini daha çox məşğul etməsinin nəticəsi idi. Yox, o, ölümdən qorxmurdu. Yetmiş yeddi ili əsl kişi kimi yaşamışdı. Nigarançılığı o, dünyadan köçəndən sonra, baş verəcək hadisələrin necə cərəyan edəcəyində idi. Qorxurdu ki, illər öncə boğazından kəsib, təhsil verdiyi yeganə oğlu olan Mahmud, onu bu dünyadan adına layiq yola sala bilməyəcək. “Niyə naşükürlük eliyirəm?! Maşallah, mənim oğlum kimdən əksikdi?!” – deyə düşünmək istəsə də, Qafar kişi elə həmin an oğlunun müəllim işlədiyini xatırladı və tərslikdən gözü, dünən Mahmudun aldığı və indi nəticəsinin dodağını büzərək yediyi, yan-yörəsi qaralmış almaya sataşdı. “Əgər mənim yas məclisimdə də, Mahmud süfrəyə belə “alma” qoysa, vay mənim halıma… – Bu imtahan işi, ziyanlı bir şeyə oxşamasa da, görən, bunun nə kimi xeyiri var? Axı, mən xəbərə niyə sonuna kimi qulaq asmadım?!”
Qafar kişi həmin günün səhəri televizorun qarşısından kənara çəkilmədi. Əlacı olsaydı, vaxt itirməsin deyə, lap “mədəniyyət məclisini” də qonaq otağında qurardı, amma bu mümkünsüz idi. Evdəkilərdən ayıb olardı. Odur ki, “vacib işlərini” də tələm-tələsik yerinə yetirir və bu yaşına xas olmayan cəldliliklə yenidən ekran qarşısına cumurdu. Axşamçağı dostu Vidadinin “domino” çağırışına isə rədd cavabı verməsinə bir az təəssüf hissi keçirsə də, az keçmədi ki, doğru addım atdığının şahidi oldu…
“Yaxşı deyiblər e: İstədiyin yar idi, yetirdi pərvərdigar.” – xəbəri tam olaraq dinlədikdən sonra televizoru söndürməmişdən əvvəl, Qafarın ağlından keçən ilk fikir bu oldu. Son beş-altı ildə ilk dəfə idi ki, o, ölüm haqqında düşünərkən narahatçılıq keçirmirdi. “Bu imtahan lap yerinə düşdü. Ay Allah, sənə çox şükür!” – deyə, dərisi bükülərək sonradan açılmış kağız vərəqi kimi qırış-qırış olan əllərini bir-birinə sürtdü.
…Televiziyadan verilən məlumata görə, imtahan gələn həftə keçiriləcəkdi. Qafar kişi, imtahanın keçiriləcəyi ünvan kimi vacib şeyləri bir kağız parçasına qeyd etmək istəsə də, sonda onun cəhdi nəticəsiz qalmış və o, eşitdiklərini beyninə yazası olmuşdu. Yarım saat sonra isə o, dostları ilə əzəmətli bir tut ağacının altında qurulmuş “domino döyüşündə” sanki yenicə təzələnmiş “beyin məlumat kitabının” artıq qopmaq üzrə olan, saralmış səhifələrini vərəqləyirdi.
— Deyirəm ay Qafar, aləmsən e, vallah… – Qafarın az öncəki, “sizə şad xəbərim var” deyə başladığı monoloqu sonuna qədər dinləyən Ələkbərin bir gözü domino masasında idi – Sən bunu hələ indi eşidirsən? Biz də bayaqdan fikirləşirik ki, bu Qafarın evdə nə vacib işi var?!
- Hə, mən heç eşitməmişdim… – Qafar kişi incik səslə dedi – Bəs yaxşı, mən eşitməmişəm, siz niyə bunu mənə demirsiz, a vicdansızlar?
— Düzünə qalsa, biz də təzəlikcə eşitmişik, amma sənin yanında demişdik də… Yəqin fikir verməmisən. – Vidadi söhbətə qarışdı – Camaat çoxdan imtahan verirmiş. Bizdən keçən dəfə Zülfüqar getmişdi imtahana. Yaxşı da bal yığmışdı. Keçid balıdı, nədi, onu yığa bilmişdi.
— Ayə, o gün ölən Zülfüqarı deyirsən? – Qafar təəccübləndi – Təsadüfə bax e… Mən də deyirəm, bu Saleh, atasını hansı pulla “götürdü”?!
— Bəs nə… Yazıq Salehdə pul hardandı?! Fəhləliklə, kim atasını “Badamdar” qəbiristanlığında basdıra bilərdi?! Hələ yas yerində süfrəyə düzülənləri özünüz gördüz də…
— Nə yaxşı şeydi e, bu imtahan… Gələn həftə mən də gedəcəm. – Qafar kişi heç toya gedəndə belə sevinmirdi
– Sabah Mahmudla danışım, görüm nə deyir?
…Mahmud işdən evə, həmişə başağrısı ilə gəlirdi. Şagirdlərə danışdıqlarının eynisini təzədən dinləmək, təbii ki, ancaq bu nəticəni verə bilərdi. İllah da ki, o fənn tarix olsaydı… Öz peşəsini sevsə də, bəzən işi onu çox bezdirirdi və elə ona görə də, evə qayıdarkən, ancaq yatmaq haqqında fikirləşirdi. Bu gün də, həmin günlərdən biri idi… Qafar kişi oğluna məsələni dolayı yolla izah etmək haqda düşünsə də, bilmirdi ki, Mahmud öz ürəyində, bu işə çoxdan razılıq verib, sadəcə hələ ki, etiraf etmək istəmir.
Ay dədə, axı buna nə ehtiyac var? – oğul süni səslə dedi – İmtahan-zad nədi
— Niyə elə deyirsən a bala? – Qafar etiraz etdi – Onsuz da mənim bir ayağım o tərəfdədi. Sabah mənə bir şey olsa, sən mənim yas məclisimə pulu hardan tapacaqsan? Müəllim adamsan
— Dədə, gəl bu söhbəti bağlayaq…- ürəyində sevincindən göylərə uçan oğul, əslində atasının israr etməsini arzulayırdı.
— Sözümü kəsmə! Mən sənə görə deyirəm. O de, yazıq Zülfüqar elə bil, bilirmiş ki, öləcək, gedib imtahan verib, yaxşı da bal yığıb. Nəyi pis oldu?! Saleh əlini cibinə də salmadı, apardı atasını “Badamdar” qəbiristanlığında basdırdı. Heç bilirsən, orda 1 kvadrat metr torpağın qiyməti neçəyədi? Sənin pulun hardandı?! Həm də, sənin nəyin Salehdən əksikdi? – Qafar kişi elə bil dilotu yemişdi – Mən imtahanı daha yaxşı verəcəm. Deyirlər ən çox bal yığana “Qurd qapısı” qəbiristanlığında yer verirlər. Bacardığım qədər çalışacam ki, ora düşüm. Bəd ayaqda “Hövsan” da pis deyil. Yenə 600-700 manatın cibində qalar. Hələ sonrasını demirəm… Yasda süfrəyə banandan tutmuş, adı da yadımdan çıxıb, o tüklü kartofa kimi hər şey qoyurlar.
— Kivini deyirsən?
— Hə, nə bilim, dəyən o idi… Yəni sözümün canı odu ki, mən mütləq o imtahana getməliyəm.
Mahmud onsuz da dünəndən razı idi, sadəcə bir övlad kimi “vicdanını” nümayiş etdirirdi. Dildə atasına etiraz etsə da, ürəyində, “kaş, dədəm yaxşı bal yığa…” – deyə fikirləşirdi. O yaxşı bilirdi ki, sabah onun atasının yas məclisinə gələnlər, onu Salehlə müqayisə edəcəklər.
— Yaxşı ay dədə, nə deyirəm?! – deyib, ayağa qalxdı – Xeyirli olsun…
Qafar kişi bayaqdan oğlunu razı salmaq istəsə də, indi Mahmudun birdən-birə “ Ay dədə, xeyirli olsun” deməsi, onu çox incitdi. Axı o, bütün bu canfəşanlığı, qapını döyməkdə olan əcəli üçün edirdi. Amma Mahmudun nə günahı var idi?! Qafar özü bu şəraiti yaratmışdı. Yox, günah Qafar kişidə də deyildi. Üzüqara zəmanə idi, hər şeyin səbəbkarı
…Ertəsi gün, Mahmud olanları iş yoldaşı Nizamiyə danışanda, dostu ona çox da təəccüblənmədi.
- Mənim qaynımın qaynatası da o imtahana getmişdi, amma o qədər də yaxşı nəticə göstərə bilmədi deyə, ona “Qaraçuxur” qəbiristanlığında yer verdilər. Hələ üstəlik, kişi öləndən sonra qəbirqazanların və yuyatxanayla məscidin xərcini də, qaynımgil özləri ödədi. – bu məsələdən çoxdan agah olan Nizami dedi – Çox yaxşı şeydi e, bu imtahan… İndi heyfslənirəm ki, kaş atam altı-yeddi il də dözə biləydi. Onu mütləq göndərmişdim bu imtahana. Heç nədən onun yasına o qədər xərc çəkdim. Borcunu da hələ təzə qurtarmışam. Bədbəxt oğlu elə bil dalınca düşən var idi…
— Mən dədəmi göndərmirəm ki… – Mahmud süni şəkildə etiraz etdi – Kişi özü getmək istəyir.
— Ağıllı adamdı da… Gül kimi şərait yaradıblar, gərək bacardığın qədər istifadə edəsən. Allah eləməmiş, kişi sabah ölsə, sən neyləyəcəksən? Aparıb, “kimsəsizlər” qəbiristanlığında basdırası deyilsən ki?! Qoy getsin, imtahanını versin, sən də kişi öləcək deyə narahatçılıq keçirmə, arxayın yaşa da… Keçid balını yığsa, ona ən azından ya “Hövsan”, ya da “Biləcəri” qəbiristanlığında yer verəcəklər.
— Mənim dədəm bacarıqlı kişidi. Deyir, imtahanı yaxşı verib, “Qurd qapısı”na düşəcəm.
— “Yasamal” da pis deyil. Ən azı 5000-6500 qabağa düşərsən. Amma ordan yer almaq zarafat deyil. Gərək çox bal yığasan. – Nizami təəssüf hissi ilə dedi – Hələ keçən ay, 620 bal yığmışdı deyə, qonşumuzun bibisinə, “Biləcəri” də yarım sot “ailəvi məzarlıq” yeri verdilər. Bu da əlavə problemdi e… Qəbiristanlıqlarda yerlərin sayı məhdudlaşır. Ona görə, kişiyə mane olma, qoy getsin, imtahanını versin. Mənim adımdan ona uğurlar arzula!
Mahmud yoldaşının bu son “arzusunu” rahatlıqla həzm edib, evə qayıdarkən onun söylədiklərini, sevincək halda bir-bir atasına danışdı.
— Dədə, vəziyyət sən fikirləşdiyindən də yaxşıdı. – oğul daha atasından çəkinmirdi – Nizami deyir, lap yüksək bal yığana, “Biləcəri” qəbiristanlığı kimi yerlərdə, yarım sotluq “ailəvi məzarlıq” deyilən torpaq sahəsi verirlər. Üstəlik, ölü yiyəsi, mərhumu qəbiristanlığa aparmaq üçün məsafədən asılı olmayan maşın, yuyatxana və qəbirqazan haqqı kimi bütün xərclərdən azad olur. O dünyada dostların üzünə necə baxaram?! Məni ələ salarlar e… – deyə, Qafar kişi bu “paradoksuna” özü də təəccübləndi– Mahmud sevindiyindən az qala uçurdu – Hələ istəsən, lap video çəkilişini də təşkil etmək olar, amma o, istəyə bağlıdı, qalanları isə mütləqdi.
Qafar kişi oğlunu diqqətlə dinləyirdi. Mahmudun hər bitən cümləsi, sanki onun ömründən bir ili də özü ilə çəkib aparırdı. Kişi artıq mövqeyini dəyişmişdi, nədi, bir qədər kefsiz görünürdü.
— Dədə, sən Allah imtahana yaxşı hazırlaş. – Mahmud son zərbələrini vurmaqda idi – Deyirəm, çox bal yığıb, “ailəvi məzarlıq” yerini qazansan, nə yaxşı olardı… Mənim də “yerimi” rahatlayardın, bu imtahan işindən də canım qurtarardı.
Qafar kişi son günlərini də, Mahmudun bu cür “gərəkli” məlumatlarını eşitməklə keçirdi. Təbii ki, oğulun bu cür sözləri, atanın yarasına duz səpməyə bilməzdi. Odur ki, Qafar kişi gün keçdikcə, fikrinin dəyişdiyini hiss edirdi. “Mən oğlumun bu işə, sadəcə razı olmasını istəyirdim, sevinməsini yox… – deyə Qafar, təəssüflə düşünürdü – Amma onu da qınaya bilmirəm. Axı o, əvvəlcə razılaşmırdı, mən onu güclə yola gətirdim. Ona görə də, indi hər eşitdiyimə dözməliyəm.”
…İmtahana bir gün qalmış, Qafar kişi gecəni yata bilmədi. Tərəddüd, sanki onun bitməkdə olan ömrünü yeməkdən, ləzzət alırdı. Yox, Qafarın yuxusuzluğunun səbəbi, həyəcan deyildi. Mahmud növbəti dəfə atasının kefinə soğan doğramışdı: “Bu gün iş yolaşım Zərifə də qohumunun imtahan verməsindən danışırdı. Deyir ki, ona “Xırdalan” qəbiristanlığında yer veriblər. Ay dədə, bu imtahanı yaxşıca verə bilsəydin, bir dərdim qalmazdı e…” – deyə, oğul arsız-arsız gülümsəmişdi. Qafar kişi də indi oğlunun bu gülüşünü göz önündən ata bilməyib, siqareti siqaret dalınca calayırdı…
Həmin günün axşamı, Qafar həyətdən evə gəlmədi. Noyabr ayının özünəməxsus kifayət qədər soyuq bir gecəsi idi. Əynindəki nazik köynəklə üç-dörd saat, nar ağacının altında oturdu. Kişinin başı siqaretə elə qarışmışdı ki, saatın neçə olduğunu da unutmuşdu. Axşamçağı dostu Vidadinin ona dediklərini isə, heç yadından çıxara bilmirdi: “Oğluma nə qədər deyirəm, razılaşmır. – Vidadi əslində fəxr hissi ilə demişdi – Deyir ki, ata, ancaq mən səndən qabaq ölsəm, onda gedərsən o imtahana.” Bu sözlər, Qafarın yetmiş yeddi illik həyatında üzünə dəyən ən sərt şillə olmuşdu. Vidadinin oğlu haqlı idi. Mahmud atasının yaxınlaşmaqda olan ölüm yox, onun ertəsi gününün dərdini çəkirdi. “Niyə mən Mahmudu Vidadinin oğlu ilə deyil, Salehlə müqayisə edirəm?! Mahmud qarşımda dayanmaqdan, hələ bir məndən “ailəvi məzarlıq” yeri tələb eliyir. Yox, mən o imtahana getməyəcəm.” – deyə, Qafar kişi fikrini konkretləşdirəndə, qəfildən siqareti dodağına aparan əlinin titrədiyini gördü və bərk üşüdüyünü hiss etdi. Siqareti ağaca sıxaraq söndürüb, həyətə tulladıqdan sonra, evə girdi. Artıq səhər açılmaq üzrə idi. Qafar otağına keçib, yatağa uzanaraq, yorğanı başına çəkərkən isə, “Onsuz da səhər imtahana getmirəm. Doyunca yataram.” – deyə düşündü.
…Səhər tanış bir səs onu yuxudan oyadanda, Qafar kişi bəlkə də heç iki saat deyildi ki, yatmışdı. Atasının ayılmadığını görən Mahmud, onun çiyinlərindən tutub, silkələməyə başladı.
— Ay dədə, vaxtdı e, dur! – deyə Mahmud səs tonunu qaldırıb, az qala qışqırırdı – Eşitmirsən? İmtahana gecikəcəksən, tez ol, qalx!
Qafar kişinin gözlərini elə bil kəlbətinlə açırdılar.
— A bala, gecəni yatmamışam. – deyə, Qafar xırıltılı səslə dedi – Yaman üşüyürəm. Boğazım da ağrıyır. Dəyən, hələ qızdırmam da var.
— Yaxşı, naz eləmə, qalx gedək, cəld ol! – oğul istehza ilə qeyd etdi – Yoxsa məni dolamısan? Zarafat eliyirsən?
— Nə zarafat ay oğul? – Qafar güclə danışırdı – Əlini alnıma vur, bax da. Görmürsən, qızdırmanın içindəyəm?! Gözlərim də alışıb-yanır. Mən heç yana gedə bilməyəcəm.
Mahmud əlini atasının alnına toxundurdu. Hərarətölçənə ehtiyac yox idi. Kişinin temperaturu, ən azı 38 ya 39 dərəcə olardı. Mahmudu soyuq tər basdı. “Birdən Allah eləməsin, kişi imtahana getməmiş ona bir şey olsa, mən neyləyəcəm?! – deyə, təşvişlə düşündü – Yox, mən belə riskə gedə bilmərəm.”
— Qalx, ay dədə, sən möhkəm kişisən. – oğul son cəhdlərini edirdi – Mənimlə oyun oynama. Özün deyildinmi bu imtahana getmək istəyən?! Dur gedək… Cəld ol!
— A bala, heç vaxt getməyəcəm, demirəm ki… – Qafar yalan danışmağa məcbur oldu – Bu imtahan olmasın, o biri olsun. Üç ay sonra gedərəm.
Mahmud artıq əsəbiləşməyə başlayırdı.
— Dur deyirəm sənə… – deyib, sözün əsl mənasında qışqırdı – Mən bu qədər müddət səbr eləyə bilmərəm. Üç aya “çox şey” ola bilər. – Mahmud atasının üzərindəki adyalı götürüb, əsəbi halda kənara atdı – Qalx, gedək! Yoxsa gecikəcəyik.
Mahmud Qafar kişinin qolundan tutub yatağından qaldıranda, xəstəlik, kişinin müqavimət göstərməsinə mane oldu və bu münasibət bütün yol boyu eyni şəkildə davam etdi.
…Ata-oğul imtahanın keçiriləcəyi ünvana gələndə, ixtiyarlarında hələ on beş dəqiqə var idi. Qafar kişi rastlaşdığı izdihamı görüb, gözlərinə inana bilmirdi. “Heç Mahmudun qəbul imtahanı vaxtı, bu qədər adam olmamışdı.” – deyə, Qafar o illəri xatırladı. Doğrudan da hər şey oxşar idi. Lakin qəribə görünən fərqlilikləri və faktları da inkar etmək mümkün deyildi. O vaxt övladlarını imtahana gətirən valideynlər, bu dəfə özləri kəsilmək qorxusundan titrəyən “abituriyent” kimi idilər. Və bu, gələcəyə qalxan pilləkənin ilk pillələrində dayanan qəbul imtahanından fərqli olaraq, insan həyatının son pillədəki son imtahanı idi.
“Zəmanə nə yaman dəyişib?! Mən elə bilirdim ki, bura gələn olmayacaq. Əvvəlcə bu işə razı olsam da, sonradan qorxdum ki, birdən təkcə mən gələrəm, eşidib-bilən hamı da məni ələ salar. Ancaq görün, insanlar hansı vəziyyətə düşüblər ki, bu həyatdan köçəndən sonra, yaxınlarına əziyyət verməmək və yas mərasimlərinin “təmtəraq yarışında” övladlarının heç kimdən geridə qalmaması xatirinə, öz əlləri ilə qəbirlərini qazırlar.” – deyə Qafar, ətrafında saymaqla bitməsi mümkünsüz olan həmyaşıdlarına ürək ağrısı ilə baxaraq fikirləşirdi. Amma qəfildən onun düşüncəsi yarıda kəsildi. Bir anda hamı az öncə açılan qapıya tərəf cumdu və bu, izdihamda qarma-qarışıqlığın yaranmasına gətirib çıxardı. Xəstə atasını qabağa itələyən Mahmud da çox keçmədi ki, kütləyə qoşuldu və Qafarı sərbəst buraxandan sonra, qapı bağlanana kimi onu izlədi.
Hər şey üç saata həll olunmalı idi. Hamı valideyninin imtahandan çıxmasını həyəcanla gözləyirdi. Elə Mahmudun da bir gözü qol saatının əqrəbini dartırdı. Var-gəl etməklə bir qutu siqareti boşaldan Mahmud, imtahanın bitməsinə az qalmış, başqalarından da siqaret istəməyə məcbur oldu. Artıq “abituriyent”lər yavaş-yavaş gözə dəyirdilər. Hər dəfə qapı açılanda dədəsini görəcək deyə, Mahmud başını qaldırıb, tez-tez məlum istiqamətə baxırdı. Az keçmədi ki, axın gücləndi və Mahmud nəhayət ki, uzaqdan dədəsi Qafarın simasını görə bildi. Cəld şəkildə qabağına yüyürüb, onu sıxlığın içərisindən çəkib, çıxardı.
— Necə oldu, ay dədə? – Mahmud atasının səhhətindən əvvəl imtahanla maraqlanaraq, gözlərini bərəldib soruşdu.
— Deyəsən pis vermədim. – qızdırmadan gözünün içi alışıb-yanan Qafar, ancaq bunu deməklə kifayətləndi və bu, demək olar ki, Mahmudun sonrakı günlərdə eşitdiyi son söz oldu.
…İmtahanın nəticələrinin açıqlanacağı günün gecəsi, Mahmudla Qafarın ikisinin də gözünə yuxu getmədi. Həyəcandan dodaqları quruyan və artıq səhhətində heç bir problem hiss etməyən Qafar kişi, tez-tez su içməyə qalxanda, oğlunun da yuxusuz olduğunu görürdü. Baxışları rastlaşsa da, hər ikisi bir kəlmə də kəsmirdi. Qafar sanki, həyatından küsmüşdü. Çox vaxt təkliyə çəkilərək, hətta bu son günlərdə dostları ilə də görüşməyi məsləhət bilmirdi. Atasının bu halını görən Mahmud isə bunu, Qafarın imtahanda pis nəticə göstərdiyini bilib, gizlətməsi ilə əlaqələndirir və buna görə də onunla yaxşı rəftar etmirdi. Ancaq xəbərlərdə elan yayımlananda, hər şey tamamilə dəyişdi. Qafar kişi imtahanı uğurla verib, keçid balını yığa bilmişdi. Mahmud bunu eşitcək, üz cizgiləri qəfildən dəyişdi və sevincli bir halda yerindən sıçradı.
— Deyirəm ay dədə, anam beşcə il dözə bilmədi e… – deyib, dədəsini bərk-bərk qucaqladı.
Qafar kişi imtahanda 600-dən çox bal toplayaraq, “Xırdalan” qəbiristanlığında “ailəvi məzarlıq” yeri qazanmışdı və üstəlik, Mahmud bütün yas xərclərindən də azad olmuşdu. Ertəsi gün bu məlumatı “Son İmtahan” jurnalında oxuyanda, Mahmud sevincindən gün ərzində özünə yer tapa bilmədi. Və onun bu halı sonrakı günlərdə də davam etdi.
Mahmud artıq atasının nə vaxtsa öləcəyini düşünəndə, buna görə narahatçılıq hissi keçirmirdi. Hətta bəzən gecələr yatanda da, dədəsinin hələ baş tutmamış dəbdəbəli yas mərasimini, süfrəyə düzüləcək naz-nemətləri və qonşuların onu Salehlə müqayisə edəndə, Salehə yox, məhz ona daha çox üstünlük verəcəklərini gözləri önünə gətirib, yuxuya gedirdi və maraqlıdır ki, o, bu xəyallarının tezliklə reallaşmasını belə, çəkinmədən düşünürdü. Yas mərasimindən sonra qohum-qardaşın hər birinin hələ uzun müddət bu cür əsrarəngiz məclisdən söhbət açacağını düşünmək isə, Mahmuda ayrı bir ləzzət verirdi. Bir sözlə, kobud dil ilə desək, Mahmud tez bir zamanda bu məclisin baş tutmasını və hər kəsin bir “oğul” kimi ondan bəhs etməsini arzulayırdı, amma…
…İllər bir-birini əvəz etməkdə idi. Mahmud artıq bu haqda düşünməkdən yorulmuşdu. Hər səhər yuxudan oyananda Qafarı süfrə başında görmək isə, onu qıcıqlandırırdı. “Daha bu kişi imtahana nəyə getmişdi?!” – deyə Mahmud, hər dəfə atasının gümrah halını görəndə, əsəbi halda düşünürdü. Mahmud daha səbr etməkdən də bezmişdi və daha xəyal da qurmurdu, çünki atası sanki hər ötən gün onun gözünə daha sağlam görünürdü. Arzuları gerçəkləşməyən Mahmud, indi bunun fikrini çəkirdi və hətta əsəbilik, onun saçlarını da tamamilə ağartmışdı. Mahmud əlacsız vəziyyətdə idi. Arzularını reallaşdırmaq üçün, dədəsini öldürəsi deyildi ki… Ona görə də çarəsizliklə, o “möhtəşəm” günün həsrətini çəkməyə məhkum idi.Qafarın da elə bil tərsliyi tutmuşdu. Zalım oğlu ölmək bilmirdi ki, bilmirdi…
Müəllif : Kamil İsayev