4-cü Olimpiya oyunları

4-cü Olimpiya oyunları

IV Olimpiya oyunları 1908-ci il aprelin 27-dən oktyabrın 31-nə kimi İngiltərənin paytaxtı London şəhərində keçirilmişdir. Bu mötəbər yarışa 22 ölkənin 2059 nümayəndəsi 24 idman növü üzrə 106 dəst medal uğrunda mübarizə aparmışlar. Bu oyunlarda 36 qadın idmançı iştirak etmişdir. Yarışlar üçün xüsusi olaraq 100 min nəfərlik «UaytSiti» stadionu tikilib istifadəyə verilmişdi. Türkiyə, Rusiya, İslandiya və Yeni Zelandiya ilk dəfə Olimpiadada iştirak edirdilər.

London Olimpiadasında ilk dəfə idi ki, idmançılar öz milli bayrağı ilə parada çıxmışdılar.

Yarışların proqramına atletika, sərbəst və yunan-roma güləşi, boks, qılıncoynatma, oxatma, velosiped idmanı, akademik avarçəkmə, yelkənli qayıqsürmə, futbol, reqbi, tennis, ot üzərində xokkey, su-motor idmanı, fiqurlu konkisürmə daxil edilmişdi.

Maraqlıdır ki, qadınlar tennis, oxatma və fiqurlu konkisürmədə yarışırdılar.

Çar Rusiyası maliyyə xərcinə görə bu Olimpiya oyunlarına cəmi 5 idmançı (yunan-roma güləşi üzrə Nikolay Orlov və Andrey Petrov, fiqurlu konkisürən Nikolay Panin-Kolomenkin, Yevgeni Zamotin və Qriqori Demin) göndərmişdi. Vətənə hər iki güləşçi gümüş, Nikolay Panin-Kolomenkin isə ilk qızıl medal qazandırmışdılar.

Atletika yarışlarında ABŞ idmançıları yenə də misli görünməmiş nəticələr göstərdilər. Frens Ayrons uzununa tullanmaqda (7 m 48 sm), Ralf Rouz yadro itələməkdə (14 m 21 sm), Malvin Şeppard 800 m və 1500 m məsafələrdə qızıl medalların sahibi oldular.

Bundan əvvəlki Olimpiadalarda 6 qızıl medalın sahibi olan Rey Yuri London oyunlarında daha 2 qızıl medal əldə etmişdir. İki amerikalı A.Cilbert və E.Keyn şüvüllə hündürlüyə tullanmaqda eyni nəticə göstərərək (3 m 71sm) qalib gəlmişlər. Yeri gəlmişkən, Cilbert atletika tarixində birinci olaraq bambuk şüvüllə tullanmışdır. Bu idman növündə, başqa ölkələrin nümayəndələri də qızıl medalların sahibi olmuşlar.

Güləşmə. Burada həm sərbəst, həm də yunan-roma güləşi üzrə 15 ölkənin 115 güləşçisi 9 çəki dərəcəsində mübarizə aparmışlar. Sərbəst üsulla güləşən İngiltərə pəhləvanı Corc Relviskov yüngül çəkidə, yunan-roma güləşində isə yarımorta çəkidə italiyalı Enriko Porro, orta çəkidə Fritof Mortensson (İspaniya), yarımağır çəkidə Verner Vekman (Finlandiya) və ağır çəkidə Rixard Veys (Macarıstan) qalib gəlmişlər.

Boks. Bu növdən bütün medalları ingilislər öz aralarında bölüşdürmüşlər. Yalnız Avstriya nümayəndəsi Redjinald 1 gümüş medal qazandı.

Qılıncoynatma. Şpaqaçıların yarışında Fransa idmançıları, espadronçuların birinciliyində isə Macarıstan atletləri həm şəxsi, həm də komanda birinciliyinin qalibi olmuşlar.

Güllə atıcılığında isveçrəli Oskar Svan və onun oğlu Alfred «qaçan marala» atəş açmaqda qalib gəlmişlər.

Kiçik çaplı tüfəngdən atəş açmaqda 5 ölkənin 19 idmançısı mübarizə aparmışdır. 9 növdə ingilislər qalib gəlmişlər.

Futbol London Olimpiadasında ilk dəfə olaraq bu idman növü yarış proqramına daxil edilmişdir. Əvvəlki Olimpiadada yalnız nümunəvi görüşlər olmuşdur. Turnirdə 7 ölkənin 8 komandası (ikisi Fransadan) çıxış edirdi.

Finalda ingilislər danimarkalılara 2:0 hesabı ilə qalib gəlib Olimpiya çempionu oldular.

 

IV OLİMPİYA OYUNLARININ YEKUN CƏDVƏLİ

Yerlər

Ölkələr

MEDALLAR

Cəmi

Qızıl

Gümüş

Bürünc

 

 

I

Böyük Britaniya

56

51

35

142

II

ABŞ

23

12

12

47

III

İsveç

8

6

11

25

 

Mənbə Akif Əliyev Bədən Tərbiyəsi Və İdman Tarixi kitabı

 

Top