III Olimpiya oyunları 1 iyul — 23 noyabr (5 aya yaxın) 1904-cü ildə ABŞ-ın Sent-Luis şəhərində keçirildi. Burada 12 ölkənin 625 idmançısı, o cümlədən 8 qadın iştirak edirdi. Sent-Luis şəhərində olimpiyaçılar 17 idman növündə 103 medal dəsti uğrunda mübarizə aparmışlar.
Maraqlıdır ki, iştirakçiların 533 nəfəri ABŞ nümayəndələri olmuşdur. III Yay Olimpiya oyunlarını bir növ, amerikanların Olimpiadası da adlandırmaq olar. Təşkilat komitəsi təsadüfdənmi, qəsdənmi ümumdünya sərgisini olimpiya günlərinə saldıqları üçün oyunların keçirilmə müddəti yenə uzandı.
Olimpiadaların dirçəlişində Pyer de Kubertenin xidmətləri şərəfinə oyunlar 1900-cü ildə Fransanın paytaxtı Parisdə keçirilmişdir. Yarışlarda (20 may — 28 oktyabr) 20 ölkənin 1066 idmançısı proqramın 15 növü üzrə 65 dəst medal uğrunda mübarizə aparmışlar.
Paris Olimpiadası Afinadakına nisbətən bir qədər sönük keçmişdir. II Olimpiya oyunları ilə eyni vaxtda Fransanın paytaxtında ümumdünya ticarət sərgisi də keçirilmişdir. Olimpiya oyunlarının təşkilatçıları elə zənn edirdilər ki, sərgi oyunlara şan-şöhrət gətirəcəkdir. Əksinə, sərgi Olimpiadanı kölgədə qoymuşdur.
1896-cı il aprelin 6-da Afinanın Mərmər stadionunda 80 min tamaşaçı qarşısında dünyanın 13 ölkəsindən gəlmiş 311 idmançı qaçış cığırına çıxmışlar. Olimpiya oyunlarında Avstraliya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, ABŞ, Fransa, Çili, İsveçrə, İsveç və Yunanıstandan gəlmiş idmançılar iştirak edirdilər.
IV Olimpiya oyunları 1908-ci il aprelin 27-dən oktyabrın 31-nə kimi İngiltərənin paytaxtı London şəhərində keçirilmişdir. Bu mötəbər yarışa 22 ölkənin 2059 nümayəndəsi 24 idman növü üzrə 106 dəst medal uğrunda mübarizə aparmışlar. Bu oyunlarda 36 qadın idmançı iştirak etmişdir. Yarışlar üçün xüsusi olaraq 100 min nəfərlik «UaytSiti» stadionu tikilib istifadəyə verilmişdi. Türkiyə, Rusiya, İslandiya və Yeni Zelandiya ilk dəfə Olimpiadada iştirak edirdilər.
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya hərəkatı məsələləri üzrə nizamnamə və sənədlər toplusu (əsas məqsədləri, prinsipləri, əsasnaməsi, Olimpiya oyunlarının təşkili və keçirilməsi qaydaları və s.) Pyer de Kuberten tərəfindən təklif olunmuş, Olimpiya xartiyasının əsasları 1894-cü ilin iyununda Parisdə keçirilmiş Beynəlxalq İdman Konqresində təsdiq edilmiş və müasir Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Sonralar Olimpiya xartiyasına bir sıra əlavələr edilmiş, izahlar və təlimatlar tərtib olunmuşdur, lakin Kubertenin işləyib hazırladığı Əsasnamədə bu günə qədər əsaslı dəyişiklik edilməmişdir.
Olimpiya xartiyası 5 bölmədən ibarətdir.