Yunanıstanda 1832-ci və 1858-ci illərdə də belə cəhdlər göstərilmişdir. Yunan ordusunun mayoru böyük enerjiyə malik E.Tsappas (1800-1859) Olimpiya oyunlarının bərpası ideyasını yunan Kralına təklif edir. O öz hesabına «Olimpiya» fondu yaradır. Kralın qərarı ilə təşkilat komitəsi yaradılır və 1859-cu ildə Afinada «Panellin Olimpiadası keçirilir.
Olimpiya ideyalarının təbliğatçılarından A.Kuper, arxeoloq Ernest Kursius, alman B.Bazedov, K.Zaltsman, Q.Spenser, Q.Fitt, F.Yan, ingilis C.Lokk, Q.Kinqls, T.Arnold, fransiz J.J.Russo, D.Amoros, Q.Domen, isveç P.Linq, çex mütəxəssisi M.Tırş və başqaları bu sahədə böyük iş aparmışlar.
XIX əsrin axırlarında fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin öyrənilməsinin qərara almışlar. Məhz bu işi 1889-cu ildə P.Kubertenə tapşırırlar. O, bütün ölkələri gəzir, universitetlərdə, kolleclərdə, liseylərdə olur və xarici ölkələrdəki həmkarlarına məktublar yazır. O, əsasən, yunanların 1859-1889-cu illərdə keçirdikləri oyunları dərindən öyrənir. 1892-ci il noyabrın 25-də Fransaya qayıdır və Sorbon Universitetində özünün məşhur «Olimpiya renessans» adlı mühazirəsini oxuyur.
Yalnız XIX əsrin sonunda müasir Olimpiya hərəkatı salnaməsinə ilk sətirlər yazıldı. Bir çox ölkələrdə idman təşkilatları və klublar, beynəlxalq idman birlikləri yaradılması Fransanın ictimai xadimi Pyer dö Kubertenə Olimpiya oyunlarını canlandırmaq ideyasını həyata keçirməyə imkan verdi.
1894-cü ilin iyun ayında Sorbon Universitetinin akt salonunda Pyer de Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması layihəsi ilə çıxış etdi. Təsis konqresi Kubertenin təklifini bəyəndi. Olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Onun tərkibinə konqresdə iştirak edən ölkələrin (13 ölkənin) nümayəndələrindən fransız, yunan, ingilis, rus, isveç, amerikan, ispan və macarlar BOK-un yaradılmasına səs verdilər.
Təsis konqresi Kubertenin Olimpiya oyunlarının əsas prinsipləri, qayda və müddəalarının xartiyasını bəyəndi. Konqres Olimpiya oyunlarını antik ənənələr üzrə - dörd ildə bir dəfə keçirməyi qərara aldı. Kuberten müasir dövrün birinci Olimpiya oyunlarını 1900-cü ildə Parisdə keçirməyi təklif etdi. Hamı buna səs verdi. Lakin Yunanıstan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas Olimpiadanı altı il gözləməyərək ilk oyunları 1896-cı ildə keçirməyi təklif etdi. «Qoy Paris oyunları 1900-cü ildə keçirsin. Məgər ellinlər torpağı, antik Olimpiadalar beşiyi Olimpiya oyunlarını bundan dörd il əvvəl keçirməyə layiq deyildirmi?» Təklif qəbul olundu.
BOK-un ilk prezidenti D.Vikelas, baş katib isə Pyer de Kuberten seçildi. O, həm də 1896-cı ildən 1925-ci ilədək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmuşdur.
Beləliklə, I Olimpiya Xartiyası təsdiq olundu və I Olimpiya oyunlarının müddəti və keçirilmə yeri müəyyən edildi: 1896-cı il, Yunanıstanın paytaxtı Afina şəhəri.
23 iyun 1896-cı ildə konqresin axırıncı iş günü BOK-un II sessiyasında nümayəndələrə təqdim olundu ki, BOK-un I prezidenti, məşhur yunan şairi və ictimai xadimi Demetrios Vikelos öz səlahiyyətlərini bütünlüklə Olimpiya hərəkatının bərpasında daha böyük xidmətləri olan P.Kubertenə verir.
Mənbə Bədən Tərbiyəsi Və İdman Tarixi kitabı
Müəllif Akif Əliyev