Qədim Misirin mədəniyyəti

Qədim Misirin mədəniyyəti

Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini “Qara torpaq” adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər, bataqlıqlardan ibarət idi. Burada çoxlu vəhşi heyvanlar, xəstəliklər yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük səhrada yaşayan insanlar tədricən Nil vadisini mənimsəməyə başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, kolluqları qırır, bəndlər düzəldir, kanallar çəkir, əkinçiliklə məşğul olurdular. Misirlilərin başlıca məşğuliyyətləri əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə etmişdilər. Onlar torpaqları toxa və sadə xışlarla şumlayırdılar. Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz becərirdilər. Onlar mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə məşğul olurdular. Bacarıqlı dulusçu, daşyonan sənətkarlar idilər. Misir e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.

qədim Misir mədəniyyətiQədim Misirdə e.ə. IV minillikdə quldarlıq cəmiyyəti meydana gəldi. Tayfa başçıları, adlı-sanlı əyanlar qəbilə üzvlərinin əməyini istismar etməyə başladılar. Qədim Misirdə əhalinin bir hissəsini kəndlilər təşkil edirdi. Misir dövlətlərinin padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqlar, sular fironun ixtiyarında idi. Firon öləndən sonra  onun oğlu, yaxud yaxın qohumu firon olurdu. Onlar işğalçılıq müharibələri aparır, cənubda Nubiyaya, şərqdə Sinay yarımadasına hücumlar təşkil edirdilər.

Misir fironları özləri üçün ehramlar (piramidalar) tikdirmişlər. Ehramların inşası “tarixin atası” Herodotun “Tarix” əsərində geniş təsvir edilmişdir. Fironlar öldükdən sonra həmin ehramlarda dəfn edilirdilər. Yüz minlərlə qula nəhəng daşlardan ehramlar tikdirirdilər. Bu möhtəşəm ehramlar bir tərəfdən axirət dünyasına inam yaratmalı, digər tərəfdən isə fironların əzəmətini nümayiş etdirməli idi. Qədim Misirdə fironun sərdabəsinə o dünyada ona xidmət etmək üçün «uşebti» adlanan insan fiqurları qoyurdular. Ən möhtəşəm ehram e.ə. XXVII əsrdə Memfis yaxınlığında firon Xeopsun (Xufunun) şərəfinə tikilmişdir.

Ehramların yaxınlığında bütöv qaya parçasından insan başlı aslan bədənli nəhəng heykəl — sfinks yonulmuşdur. Bu nəhəng heykəl çox vahiməli olduğu üçün “dəhşətlər atası” adlandırılmışdır. Bəlkə də, sfinks ehramların qoruyucusu məqsədi ilə qoyulmuşdur.

Misirdə işarə-şəkillər heroqliflərdən istifadə edilirdi. 750 heroqlif var idi. Yazı üçün papirusdan istifadə edilirdi. Qədim Misir yazılarını 1801-ci ildə fransız alimi Şampaliyon oxumuşdur. Misirlilər bənd, binalar tikmək üçün hesablamalar aparırdılar. Hesab və həndəsə elmi yarandı. Misirlilər daşqın zamanı həmişə ulduzların eyni nöqtədə olduğunu müşahidə edirdilər. Misirlilər ulduzları müşahidə etmələri nəticəsində astronomiya elmini yaratmışdılar. Onlar astronomiya elmi sahəsindəki biliklərinə əsasən təqvim tərtib etdilər. İl 12 aya bölünürdü. İldə 365 gün var idi. Misirdə tibb elmi inkişaf etmişdi, onlar cərrahiyyə işlərini bacarırdılar.

Misirdə dövlət idarələrində və məbədlərdə məktəblər açılırdı. Bu məktəblərdə oğlanlar oxuyurdular. Kiçik məktəblilər qab-qaçaq qırıntıları, böyük məktəblilər isə papirus üzərində yazırdılar. Məktəblərdə varlıların balaları oxuyurdu.

Qədim Misirdə musiqi və rəqs sənəti yüksək inkişaf etmişdi. Nəfəs, zərb və simli musiqi alətləri mövcud idi. Rəqqasələr bəzən döyüş səhnələrini təsvir edən pantomimlər ifa edir, məbədlərdə dini mərasimləri səhnələşdirirdilər.

Qədim Misirdə allahları heyvan başlı insan şəklində təsvir edirdilər. Bu da ovçuluqla bağlı idi. Misirlilərin etiqadına görə, ölən adamın cəsədi saxlansa, onun ruhu vaxtaşırı oraya qayıdar. Elə buna görə də misirlilər ölüləri mumiyalayırdılar. Misirlilərə görə kinli allah Set bitki və əkin himayəçisi Osirisi öldürür. Osiris dirilir, axirətdə padşah və hakim olur. O, ölənlərin ruhunu mühakimə edir. Məbədlərə kahinlər rəhbərlik edirdilər. Məbəd allahın evi sayılırdı. Kahinlər qul sahibi idilər. Fiva şəhərindəki məbədin 80 min qulu var idi. Misirdə Amon Ra (Günəş allahı) baş allah sayılırdı. Qədim Misirdə adlı-sanlı kübarlar zümrəsinə dayaqlanan kahinlər təbəqəsi böyük nüfuza malik idi. Bəzən belə durum firon təkhakimiyyətliliyi ilə ziddiyyət yaradırdı. Məsələn, IV Amenxotepin (1372-1354) dövründə kəskin qarşıdurma baş verir. Ehnaton adını qəbul etmiş IV Amenxotep dini islahat keçirir, Misirə Aton Ra allahına sitayişi zorla qəbul etdirir. Lakin Ehnatonun vəfatından sonra hər şey köhnə axarına qayıdır.

 

IV Amenxotepin arvadı Nefertiti minilliklər ərzində gözəllik təcəssümü sayılıb. Misir Yaxın Şərqin zəngin dövlətlərindən birinə çevrilmişdi. Uğurlu müharibələr ölkənin maddi ehtiyatlarını artırmışdı. Misirin təsərrüfatında yüksəliş gözə çarpırdı. Müharibələrdən əsir gətirilmiş əhali təsərrüfatda qul kimi işlədilirdi. Təcavüzkar xarici siyasətdən imtina etmiş III Amenxotep Misirin daxili vəziyyətinə diqqəti artırdı. Onun fəaliyyəti geniş tikinti işləri ilə bağlı idi. Misir fironları Nilin qərb sahilində Amon allahın şərəfinə inşaat işləri aparmış və  onun adına məbəd tikdirmişdilər. Burada Misirin mərkəzi şəhərlərindən olan Fiv yerləşirdi. Bu şəhər Yeni səltənət dövründə ölkənin paytaxtı mövqeyini saxlayırdı. Müasir Karnak yaxınlığında Fiv şəhərinin xarabalığı qalmışdır. III Amenxotep də Fiv şəhərində Amonun şərəfinə tikinti işləri görmüşdü. O,  Amon  məbədinin giriş hissəsinin hər iki tərəfindən kəsik ehram şəklində darvaza ucaltdırmışdı. Özünəməxsus xeyrat məbədlərdən birini Amona həsr etmişdi. Amon məbədi önündəki darvaza qızılla işlənmişdi. Luksor məbədlərinin divarlarına qızıl təbəqəsi, döşəməyə isə gümüş vurulmuşdu. Məbədlərə gedən yollar lövhə ilə döşənmişdi. Amon məbədinə gedən yolun kənarında qoyun heykəlləri düzülmüşdü. Qoyun Amon məbədinin müqəddəs heyvanı hesab edilirdi. Hökmdarın xeyrat məbədi yolu kənarına itəbənzər heykəllər qoyulmuşdu. Məbədlərdə fironun əzəmətli və hündür heykəlləri də ucaldılırdı.

III Amenxotepin vəfatından sonra oğlu IV Amenxotep (e.ə. 1365-1348-cü illər) hakimiyyətə gəldi. O, Misirin Asiya vilayətlərindəki siyasi vəziyyətə məhəl qoymadı, öz fəaliyyətini büsbütün daxili ixtilafların aradan qaldırılmasına həsr etdi. Köhnə hakim quldar təbəqəsi ilə yeni yaranan əyanlar təbəqəsi arasında kəskin mübarizə gedirdi. Köhnə hakim sinif nümayəndələri kahinlər ətrafında cəmləşmişdi. Əvvəlki illərin uzun sürən müharibələri, ölkəyə axan qənimət və insan qüvvəsi məbədləri və onlara qulluq edən kahinləri varlandırmışdı. Misirin baş və ən nüfuzlu allahlarına həsr olunmuş məbədlərinin xeyli mal-qarası var idi. Məbəd xəzinəsi dolu idi. Xüsusilə Amon məbədi (Fiv şəhəri) fərqlənirdi. Ölkədə Amon allahına ibadət geniş yayılmışdı. Ona bol qurbanlar kəsilir və nəzirlər verilirdi. Adətən quş və heyvan, taxıl və meyvə, içki (şərab və pivə), ətriyyat və sair nəzir kimi məbədə gətirilirdi. Məbəddə ərzaq qıtlığı olmurdu, əksinə, həmişə bolluq olur, kahinlər və məbəd xidmətçiləri, habelə məbədətrafı yetim-yesir ərzaqla təmin edilirdi.

Firon IV Amenxotepin ətrafına yeni əyanlar təbəqəsinin nümayəndələri cəmləşmişdi.  Onların içərisində yoxsulluqdan çıxmış və az-çox varlanmış xidmət adamları da vardı. Bu sosial təbəqə nemxu — «yetim, kasıb, yetim-yesir» adlanırdı. Yeni əyanların tərkibində nemxu, yəni yetim-yesir anlayışı artıq məcazi mənada işlədilirdi, eyni zamanda da belə adamların aşağı təbəqədən çıxdığını bildirirdi.

XVIII sülalənin son dövrlərində «yetim-yesir» (nemxu) təbəqəsinə mənsub olan, lakin artıq varlanmış adamlar Misirin inzibati və təsərrüfat idarələrində, ordu və firon sarayında qulluq edirdilər. Belə varlı və vəzifəli «yetim-yesirlər» yazılarında firon IV Amenxotep sayəsində ad-sana çatdıqlarını və əyan səviyyəsinə qədər ucaldıqlarını qeyd edirdilər. Varlı, adlı-sanlı və idarələrdə çalışan «yetim-yesirlər» fironun dayağına çevrilmişdilər. Fironun əhatəsində adlı-sanlı əyanlar da vardı. IV Amenxotep yeni əyanlar təbəqəsinə etimad göstərirdi. Yazılarında fironu onları yaradan kimi qələmə verirdilər.

 

Amon ümum  Misir allahı hesab olunurdu. Ona  həsr olunmuş məbədlər hər yerdə inşa edilmişdi. Amon məbədlərinin xeyli gəliri olurdu. Amon kahinləri fironun daxili və xarici siyasətinə istiqamət verən əsas qüvvəyə çevrilmişdi. III Amenxotepin dövründə bu allah Amon-Ra, yəni «Amon-günəş» adlandırılırdı. Günəş allahına (Raya) Misirin müxtəlif şəhərlərində sitayiş edirdilər. Fironlar özlərini «Günəşin (Ranın) oğlu» adlandırırdılar. IV Amenxotep hakimiyyətə gələndə bir müddət bu Misir dini ənənəsini dəyişdirmədi. Günəşə sitayiş tədricən fironun başlıca ideoloji mənsəbinə çevrildi. Əvvəllər günəş, üstündə dairəsi olan şahin başlı insan kimi təsvir olunurdu. IV Amenxotep dini islahat həyata keçirtdi. O, «görünən Günəşə» (Aton) sitayişi bərqərar etdi. Günəş şüalı şəkildə təsvir olunurdu, günəş dairəsindən şüalar insan əli şəklində uzanırdı. IV Amenxotepin şüa saçan günəşə öz ailəsi ilə birlikdə sitayişini təsvir edən abidə bizə gəlib çatmışdır. Ffironun islahatı günəş Allahı Atonun ibadətini müəyyən etdi. Bu islahatın siyasi və iqtisadi nəticələri tezliklə özünü büruzə verdi. Bir müddət Aton və Amon allahlarına ibadət yanaşı aparılırdı. Lakin Aton məbədində taxıl adi ölçülərlə yox, dolu ölçülərlə buraxılırdı. Digər Qədim Şərq ölkələrində olduğu kimi, Misirdə də müxtəlif həcmli çəki ölçüsü (əndazə) mövcud idi. Aton məbədinin təsərrüfatı yarandı. Məbəddə qoyulmuş çoxlu qurbangahlar boş qalmırdı. Məbədin zəngin mal və ərzaq anbarları vardı. «Günəş evi» adlanan Aton məbədi zənginliyi ilə fərqlənirdi. Aton məbədlərinin gəliri də artırdı.

 

Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili (təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi yaratdı. O, Amon məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin orta hissəsində (indiki əl-Amarna) Nilin sağ sahilində yeni paytaxt saldırdı. Adını yeni ibadətin şərəfinə Axetaton, yəni «Günəş üfüqü» qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim dövrlərdən guya günəşin məskəni olmuşdur. Şəhər ətrafı əhalisi, torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan edildi. Eyni zamanda, firon Amenxotep (yəni «Amon məmnundur») adını dəyişdirib Exnaton («Günəşə sərfəli») qoydu. Digər şəxsi adlarda Amon Aton ilə əvəz edildi. Exnatonun ailə üzvləri, onu əhatə edən əyanlar buna uyğun olaraq adlarını dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı. Exnatonun dini islahatı təkallahlığa doğru atılmış ilk addım idi. Exnaton ömrünün son ilini Axetatonda yaşadı. Axetaton bağlı- bağatlı böyük şəhərə çevrilmişdi. Atonun şərəfinə böyük məbəd tikilmişdi. Firon sarayları öz əzəməti ilə fərqlənirdi. Ən böyük saray ağ daşdan hörülmüşdü. Saray divarları naxışla bəzənmiş, qiymətli daşlarla doldurulmuş, yaxud qızıldan üz çəkilmişdi. Günəş allahına sadiq olan yeni əynlar da Axetatonda ev tikdirmişdilər. Onlar Axetatonda sərdabələr tikdirir, divarlarını müxtəlif rəsmlərlə bəzəyirdilər. Rəsmlərin əksəriyyəti Exnatona həsr olunmuş, onun gündəlik işini təsvir edirdi. Məqbərə yazılarında əyanların firona minnətdarlığı bildirilirdi. Ev və sərdabə divarlarında Günəşin və onun oğlu hesab edilən Exnatonun və arvadının ünvanına dua-müraciət mətnləri həkk edilmişdi. Onlar firon və firon arvadından yaxşı gün-güzəranlıq və öləndən sonra nemətlər diləyirdilər.

Exnatonun dini-siyasi islahatı geniş xalq kütlələrinin maddi vəziyyətini yaxşılaşdırmadı. Atonun şərəfinə yazdığı himn sadə adamların güzəranından bir kəlmə də olsun bəhs etmir. Burada ancaq Günəş allahının qüdrəti təsvir olunur: «Sən (yəni Aton) səmanın üfüqündə qəşəng parıldayırsan, həyatın başlanğıcını qoymuş diri Günəş dairəsi! Sən şərq üfüqündə çıxırsan və bütün yeri öz gözəlliyinlə doldurursan. Sən qəşəngsən, böyüksən, nursaçansan və yer üzündə yüksəkdəsən! Sənin şüaların sənin yaratdığın bütün ölkələrin sərhədlərini bürüyür! Sən zülməti qovursan öz şüalarını saçanda. Hər iki torpaq şadlıq edir. Onlar (insanlar) oyanır, ayağa durur, qalxır sənə görə. Bədənlərini yuyurlar və geyimlərini götürürlər. Onların əlləri sənin parıltını vəsf edir, onlar işə girişirlər. Mal-qara otlayır. Ağac və ot göyərir. Quşlar yuvasından uçur. Bütün heyvanlar ayaq üstə hoppanırlar. Gəmilər şimala üzür, həm də cənuba və bütün yollar sən nur saçanda açılır. Çayda balıqlar sənin görüşünə çıxırlar. Sənin şüaların dənizə cumur. Sənin şüaların hər bir əkinə qida verir. Sən çıxanda o canlanır və göyərir sənə görə… Sən uzaq səmanı yaratdın ki, oradan doğasan və özün yaratdığına baxasan… Sən mənim ürəyimdəsən, elə birisi yoxdur ki, sənin oğlun Neferxepruradan (Exnatonun adıdır) başqa səni dərk etsin...» Exnaton ancaq günəşin yer kürəsinə bəxş etdiyi işıq və şüanın müsbət nəticələrinə dini don geyindirmiş və onun şərəfinə mədh demişdi. Yəqin ki, Exnaton sadə adamların müəyyən hissəsinə əl tuturdu, «yetim-yesir» təbəqəsindən əyanlığa qəbul edirdi, lakin başlıca olaraq yeni quldar əyanların mənafeyini qoruyurdu. Yeni dini təlimin sosial və ictimai-iqtisadi bünövrəsi yox idi. Əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmürdü. Atona sitayiş ancaq Amon kahinlərinin imtiyazlarını ləğv etmək məqsədinin güdürdü. Amona ibadət Misir əhalisi arasında dərin köklərə malik idi. Amon məbədlərinin var-dövləti əsrlər boyu yığılmışdı, bu da onun kahinlərini iqtisadi cəhətdən möhkəmləndirirdi. Aton məbədinin nə belə maddi bünövrəsi, nə də ibadətinin tarixi ənənəsi var idi. Bu ibadətin ömrü Exnatonun varlığı ilə ölçülürdü. Hər halda Exnaton vəfat etdikdən sonra Amon kahinlərinin və dindarlarının əl-qolu açıldı. Hadisələr göstərdi ki, Aton ibadəti Misirdə dərin kök sala bilməmişdi. Exnatonun 17 illik hakimiyyəti buna imkan vermədi.

Exnatonun varisləri Atona ibadətin mövqeyini qoruyub saxlaya bilmədilər. Hakimiyyətə gəlmiş firon Semnexkara Exnatonun Nefertitidən olan qızına evlənmişdi. Nefertiti dövrünün ən gözəl və incə qadınlarından idi. Nefertitinin Exnatondan altı qızı var idi. Nefertiti və kürəkəni Semnexkara müəyyən müddət Axetaton ənənəsini saxlaya bildilər. Atona ibadətə sadiq qaldılar. Lakin bununla yanaşı, Fiva Amon allahına ibadəti dirçəltməyə başladı. Cəmi üç il fironluq etmiş Semnexkara Amonun yenidən dirçəlməsinin qarşısını ala bilmədi, bəlkə də ona sitayişi bərpa etmişdi. Hakimiyyətə doqquz yaşlı Tutanxaton («Günəş həyatına yaraşan») gəldi. Exnatonun digər qızı Anxesenpaaton («O, Günəş üçün yaşayır») Tutanxatonun arvadı elan edilmişdi. Onlar Aton ilə yanaşı, başqa allahlara da sitayiş edirdilər. Gənc firon Amon ideologiyasının təzyiqinə məruz qaldı. Bir müddət sonra o, adını dəyişdirib Tutanxamon, yəni «Amon həyatına yaraşan» qoydu. Arvadı isə Anexesenpaamon adını qəbul etdi. Eyni zamanda, Axetaton əyanları ilə birlikdə Memfis şəhərinə köçdü. Vaxtaşırı Fiv ziyafətlərində iştirak edirdi.

Tutanxamon Efiopiyada və Asiyada müharibələr aparmışdı. Ehtimal ki, əldən gedən Asiya vilayətlərində Misir hakimiyyətini bərpa edə bilmişdi. Yəqin ki, hərbi əməliyyatlarda sərkərdə Xoremxeb də iştirak edirdi. Amona ibadətin tam bərpa edilməsində Xoremxeb böyük səylə fəaliyyət göstərmişdi. Az-çox Atona sitayişi qoruyub saxlayanlardan biri isə əyan Eye olmuşdu. Ehtimal edilir ki, Eye gənc Tutanxamonun adından Misiri idarə edirdi. Tutanxamon Amon məbədinin hüquqlarını qəti olaraq bərpa etdi. Tutanxamonun hakimiyyəti uzun sürmədi. O, təxminən on doqquz yaşında vəfat etdi. Tutanxamon böyük dəbdəbə ilə yeraltı sərdabədə dəfn olundu. Onun sərdabəsi Fiva yaxınlığında «hökmdarlar dərəsi»ndə tikilmişdi. Fiva kahinləri Tutanxamonun bütün saray əmlakını, əşyalarını, qiymətli bəzək-düzəklərini, oyun lövhələrini, onun surətini əks etdirən qızıl dəbilqəsini, müxtəlif heykəllərini və s. sərdabədə yerləşdirmişdilər. Tutanxamonun sərdabəsi hələ qədimdə qarətdən qorunmuşdu, halbuki əksər firon sərdabələri hələ o zaman talan edilmişdi. Sərdabə qarətçilərini tutub məhkəməyə verirdilər. Talan olunmamış Exnaton və Nefertiti sərdabələrinin qalanı XIX əsr qarətçiləri Atona (Günəşə) ibadət tərəfindən təmizlənmişdi. Hovard Karter 1922-ci ildə Tutanxamonun sərdabəsini aşkar etmişdi. Məlum oldu ki, Tutanxamonun da sərdabəsinə girmişlər, lakin elə bir şey apara bilməmişlər. Sonralar isə burada XVI Ramzesin sərdabəsi tikilərkən, Tutanxamonun yeraltı sərdabəsinin girişi torpaq və çınqılla dolmuş, oğrular sərdabəyə giriş yolunu itirmişdilər.

Tutanxamonun qısa müddətli hakimiyyəti illərində Misir qüdrətli dövlətə çevrildi. Tutanxamonun övladı olmadığından hakimiyyət onun arvadı dul Anxesenapamona keçdi. Misir mənbələri onun fəaliyyəti haqqında heç bir məlumat vermir. Lakin Het mənbələrindən məlum olur ki, o, Het hökmdarı Suppiluliuma müraciətnamə göndəribmiş. Müraciətnamədə deyilirdi: «Mənim ərim vəfat etmişdir. Eşitmişəm ki, sənin həddi-buluğa çatmış oğulların vardır: onlardan birini mənə göndər. Mən ona ərə gedərəm, o da Misirin hökmdarı olar». Het hökmdarı III Murşil tərəfindən tərtib edilmiş bu salnamədə qeyd edilir ki, Suppilulium belə qeyri-adi müraciətə təəccüb edir. Hadisənin düzgün olub- olmamağını yoxlamaq üçün o, Misirə elçi göndərir. Misir fironəsi yenidən Het hökmdarına müraciət edib yazır: «Sən nə üçün deyirsən ki, onlar məni aldatmaq istəyirlər. Əgər hökmranlıq etmək üçün oğlum olsaydı, mən yadelli ölkəyə müraciət etməzdim,   çünki   bu   mənim   üçün   və   mənim   ölkəm   üçün həqarətdir… Mənim ərim vəfat etmiş və mənim övladım yoxdur. Məgər mən öz nökərimi götürüb özümə ər etməliyəm? Mən heç bir ölkəyə müraciət etməmişəm, mən ancaq sizə yazmışam. Deyirlər ki, sənin çoxlu övladın vardır. Onlardan birini mənə ver; o, mənim ərim və Misir torpağının fironu olar».

Tutanxamonun dul  arvadının  məqsədi  tam aydın deyildi. Lakin belə bir nəticə çıxartmaq olar ki, o, Het dövləti ilə yaxınlaşmaqla Aralıq dənizi ərazisində Misirin təsirini bərpa etmək və daxildə aparacağı siyasətdə müəyyən müxalifət qruplarının müqavimətini qırmaq istəyirdi. Lakin Misir əyanları, xüsusilə hakimiyyətə göz dikən dövlət xadimləri və Amon kahinləri yadellinin Misirdə ağalığını qəbul edə bilməzdilər. Buna görə Misirə yola düşən Het şahzadəsi Zanaazu Suriyada öldürüldü. Ehtimala görə, Het şahzadəsinin öldürülməsini Misir sərkərdəsi Xoremxeb təşkil etmişdi, çünki o, dul fıronəyə evlənmək istəyirdi. Lakin Anxesenpaamon qohumu olan qoca Eyeyə ərə getdi.

Eye hələ Exnatonun dövründə yüksək vəzifəli şəxs idi və Aton məbədinin pərəstişkarlarından biri olmuşdu. O, Nefertitinin dayəsi Teyeyə evlənmişdi. Eye «Allahın atası» rütbəsini daşıyırdı. Bu zaman Exnaton ilahiləşdirilmişdi və ona «Allah» kimi sitayiş edirdilər. Beləliklə, Eye rəsmən fironun «atası» elan edilmişdi. Tutanxamonun hakimiyyəti dövründə Eye vəzir vəzifəsinə kimi yüksəlmişdi. Ola bilsin ki, Eye gənc  Tutanxamonun  qəyyumu kimi ölkəni idarə edirdi. Eye cəmi dörd il hakimiyyət başında oldu.

Exnatonun islahatlarının qəti ləğvi Xoremxebin (e.ə. 1334- 1306-ci illər) adı ilə bağlıdır. O, yerli hakimlərdən idi. Xoremxeb ali kahin dairələri ilə möhkəm əlaqədə idi, müxtəlif inzibati və hərbi vəzifələrdə olmuşdu. Xoremxeb Tutanxamonun sərkərdəsi idi. Fiva şəhərinin köməyinə arxalanan Xoremxeb dövlət çevrilişi etdi və hakimiyyəti əlinə keçirtdi. Öz hakimiyyətini qanunlaşdırmaq üçün o, Exnatonun arvadı Nefertitinin bacısına evləndi. O, yazılarında hakimiyyətə qanuni sahib olduğunu, allahın arzusunu yerinə yetirdiyini qeyd edir. O, III Tutmosu "öz atalarının atası" adlandırırdı.

Hakimiyyətə gəldikdən sonra Xoremxeb Amon allahına ibadəti tamamilə bərpa etdi. O, Aton ibadətini qəti ləğv etmək üçün tədbirlər gördü. Axetaton şəhərini boşaltdırdı, dəbdəbəli saray və malikanələri, məbədləri dağıtdı. Xoremxeb «Axetatonlu cinayətkar» adlandırdığı Exnatonun adını bütün  abidələrdən sildirib onun yerinə öz adını yazdırdı, illərini öz hakimiyyətinə caladı. Tutanxamon və Eyenin də adları onun göstərişi ilə abidələrdən silindi. O, özünü bilavasitə III Amenxotepin varisi elan etdi. Xoremxeb hakimiyyətdə olmuş fironların siyahısından Exnatonun və hətta Tutanxamonun və Eyenin adlarını sildirdi.

 

Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Qədim Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk qüdrətli imperiya olmuşdur. Bu dövlət xalqını tam itaətə gətirmiş güclü dövlət idi. Misir ali hakimiyyətinin əsas prinsipləri- sarsılmazlığı və ağlasığmazlığı ilə seçilmişdir.

Qədim Misir mədəniyyətinin mühüm cizgilərı — misirlilərin özlərinin «qeyri-normallıq» hesab etdikləri «ölümə qarşı etiraz» olmuşdur. Ölməzliyə olan güclü meyl misirlilərin bütün dünyagörüşünü müəyyən etmiş, Misirin bütün dini fikrinə daxil olmuş və qədim Misir mədəniyyətini formalaşdırmışdır. Heç bır dünya sivilizasiyasında ölümə qarşı etiraz Misirdəki kimi bu qədər konkret, parlaq, bitkin ifadəyə malik olmamışdır. Ölməzliyə cəhd ölülər kultunun yaranmasına gətirib çıxarmışdır. Bu isə Misirin həm dini, həm də mədəni həyatında mühüm rol oynamışdır. Bunu Misirin iqtisadi, siyasi və hərbi həyatına aid etsək onda həmin kultun necə əhəmiyyət daşıdığı bir daha məlum olur. Misirlilərin ölümlə razılaşmamağı belə bir dini etiqadı yaratmışdır ki, ölüm heç də son demək deyildir. Yerdə gözəl əbədi həyat uzana bilər. Ölən adam özünün dirilməsini gözləməlidir. Bunun üçün ölənin ölməz ruhlarından biri onun bədəni ilə təzədən birləşməli və həyat yenidən başlamalıdır. Ona görə də canlılar ölənlərin bədənlərinin qayğısına qalmalıdır. Bu qayğı üçün əsas vasitə mumiyalama idi. Mumiya hazırlamaq sənəti Misirdə ən hörmətli sənət olmuşdur. Bununla yanaşı ölənin bədəninin saxlanılması üçün xüsusi məqbərələr yaradılırdı. Bu məqsədlə ehramlar tikilirdi.

Lakin ehramlar yalnız Misir hökmdarları — fironlar və əyanlar üçün tikilirdi. Ancaq Misir kahinlərinin dini təliminə görə təkcə hökmdarlar və əyanlar deyil, hər bir adam əbədi həyat qüvvəsi olan «Ka»- ya malik idi. Bunun üçün dəfn adətinə ciddi əməl olunmalı idi. Bütün bunlara baxmayaraq mərhumun mumiyasının düzəldilməsi baha başa gəldiyinə görə kasıb adamların cəsədləri sadəcə olaraq həsirə bükülür, qəbiristanlığın kənarındakı yarğanlarda basdırılırdı. Ehramlar qədim Misirdə adamların bərabərsizliyinin əyani sübutu kimi zəmanəmizə qədər gəlib çatmışdır.

E.ə. III-II minilliklərdə ehramlar və allahlar üçün məbədlər tikilməyə başlanmışdır. Ehram tikintiləri xalqa çox ağır başa gəlirdi. Ən qədim Misir ehramı firon Coserin şərəfinə tikilmişdir. Bu tikili 5 min il bundan əvvəl tikilmişdir. Lakin ən məşhur və nəhəng ehram Xeopsun şərəfinə ucaldılan ehramdır, 20 ilə 100 minlərlə adamın əməyi ilə tikilmiş ehramın hündürlüyü 147 metr (hazırda 137 metr), meydanı 55000 m2-dir. Ehram tikintisində işlədilən daşların hər birinin çəkisi 2-3 tondur. Alimlərin hesablamasına görə bu tikilidə 2.300000 ədəd həmin çəkidə daşlardan istifadə olunmuşdur. Sonralar, yəni 2 min il bundan əvvəl ehramları daşdan yox, kərpicdən tikməyə başladılar. Bu isə nisbətən ucuz başa gəlirdi.

E.ə. I minilliyin əvvəlində ehram tikintisi dayandırılmışdır. Fironların qəbri gözdən-könüldən uzaq yerlərdə gizlədilirdi. Lakin ehram kimi bu gizli yerləri də çapıb talayırdılar. Fironların qəbirləri Qədim Misir tarixinin bütün dövrlərində talanmışdır. Qədim misirlilərin öz hökmdarlarını ilahiləşdirib ondan qorxmalarına baxmayaraq qəbirlərin talan edilməsi zaman-zaman davam etdirilmişdir.

Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir öz inkişafının zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə Misirdə elm və mədəniyyət inkişaf etməyə başlamışdı. İşarə- şəkillər-heroqliflər yarandı.  Papiruslarda yazılar  yazılırdı.  O vaxtdan bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut edirdi:

Müdrik mirzələr özlərinə ehram tikmirdilər. Tunc baş daşı da qoymurdular, Onların ehramı kitablar idi Onların övladı qamış qələm idi. Buna görə də kitabda yazılan Haqqında xatirə əbədidir.

Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və insanların həyatını allahlar idarə edir. Misirlilər allahları adətən insan, lakin heyvan başlı insan şəklində təsəvvürlərinə gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq dövrlərindən qalması şübhəsizdir. Qədim misirlilərdə axirət dünyasına inam mühüm yer tutduğundan meyitləri mumiyalamaq geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində hər şey boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin ruhunu Oziris mühakimə edir. O, allahın iradəsi əleyhinə gedənlərə qarşı çox böyük amansızlıq göstərir. Elələrinin ruhunu müdhiş, yırtıcı heyvanlar yeyir. Qədim Misirdə fironlar ilahiləşdirilirdi.  Ona  görə  də  qədim  dini  kitabədə  yazılırdı:

«Allahlar itaət edənləri sevir, itaət etməyənlərə isə nifrət edir». Bu ölkədə din fironlara danışıqsız itaət etməyi tələb edirdi.  Əmri pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə, öləndən sonra isə Oziris mühakiməsi ilə hədələnirdi.

Qədim insanlara elə gəlirdi ki, fironların ixtiyarında olan qeyri-məhdud hakimiyyəti insanlar yox, allahlar müəyyən etmişlər. Təsadüfi deyildir ki, fironu «allahın oğlu» və «böyük allah» adlandırırdılar.  Misirdə allahlara dualarla müraciət  edir, onlara qurban verirdilər. Məbədlər allahların evləri hesab olunurdu.   Orada   allahların   bütləri   qoyulurdu.   Məbədlərdə «allahların xidmətçiləri» — kahinlər olurdular. Hesab edilirdi ki, kahinlər allahları yedizdirirdilər-onlar bütlərin qabağına yemək qoyurdular. Qırğı baş olan Günəş allahı Ra, allahların padşahı hər gün qızıl qayıqda göydə gəzir və qərbdə yerə enir. Uzaq cənubda Nil allahı ilanların qoruduğu mağarada küpələrdən su tökür. Nə qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan əlavə vəbanı göndərən aslan başlı qəzəbli müharibə ilahəsi də olduqca təhlükəli idi.

 

Nil çayı misirlilər üçün həyat demək idi. Təsadüfi deyildir ki, qədim bədii yaradıcılıqda, həm də digər sahələrdə, o cümlədən xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur. Məsələn, Nil çayını tərənnüm edən himndən bir parça verməklə görərik ki, misirlilər Nili canlı varlıq və allah hesab edirdilər:

Misir torpağına həyat gətirən Nil çayı daim yaşa, var ol sən,
Sən bir az geciksən tükənər həyat,
Əgər qəzəblənib çıxsan özündən.
\Şən yaxşı gələndə şənlənir həyat
\Ölkə fərəhlənər, ölkə şad olar.
Alqış deyər gənclər, körpələr sənə,
Düşürlər sənin şad qədəmlərinə.

Misirlilərin etiqadına görə, ruh heykəldə yaşaya bilərdi. Öləni əzəmətli pozada təsvir edirdilər. O, həyatda kimi idisə, ölümündən sonra da həmin adam, yəni firon və ya əyan olaraq qalmalı idi.

Misirin tarixi, mədəniyyəti, incəsənəti, özünü bu və ya digər şəkildə Misir mifologiyasında göstərmişdir. Günəş allahı eləcə də insanların və allahların padşahı Ra qocaldıqdan sonra öyrənir ki, Nilin yuxarı hissəsində və səhrada adamlar onun əleyhinə nə isə fikirləşirlər. O zaman Ra kişi allahları Şu, Geb və Nunu, eləcə də qadın allahları Tefnut, Nut və Okonu Ranın daxil olduğu allahlar şurasını çağırdı. Bu şura insanlardan gizlin olaraq çağırılmışdı. Allahların məsləhəti ilə Ra Okonu Xatxor ilahəsi simasında bəşəriyyəti məhv etməyə göndərdi. İlahə işinin bir hissəsini sevinclə yerinə yetirdikdən sonra Ranın hüzuruna qayıdarkən Ra peşman olaraq hələ məhv edilməyən insanların günahından keçməyə qərar verdi. Onun əmri ilə gecə sahələrə qırmızı pivə tökdülər. Səhər qaniçən ilahə yoluna davam edərkən pivəni gördü və içməyə başladı. Xatxor sərxoş oldu və adamları görə bilmədi. Xatxor bayramına məstedici içkilər hazırlanması adəti belə yaranmışdır.

Misirdə günəş allahı kultu Şumer və Akkad mərasimlərinə nisbətən daha mühüm rol oynamışdır. Şamaş ədalət qoruyucusu olsa da, onun adı heç vaxt allahlar üçlüyünə daxil olmamışdı və o yaranma mifi ilə əlaqədar göstərilməmişdir. Misirdə isə Ra ənənəyə əsasən Misirin birinci padşahı olmuş Atum  kimi dünyanın yaradıcısı hesab olunurdu. Heliopol şəhəri Ra kultunun əsas mərkəzi olmuşdur və yəqin ki, qədim padşahlıq dövründə elə həmin şəhərdə Oziris kultu ilə günəş allahı kultunun birləşməsi baş vermişdir.

Elə həmin zamandan başlayaraq fironların allah Ranın oğlu olması mərasimi keçirilirdi. Firon Xafranın heykəlində onun başının qoruyucusu Qor, şahin Qor və Ranın eyniliyini və padşah hakimiyyətinin Ra ilə əlaqəsini göstərir. Oziris-Qor mifologiyası Ra kultu ilə birlikdə fironun taxta gəlməsi və tac qoyması qaydasını müəyyən edirdi. III Tutmosun ölümü və  II Amenxotepin taxta gətirilməsi belə təsvir olunurdu:

Padşah Tutmos səmaya yollandı,
O günəş diski ilə birləşdi.
Allahın bədəni onun yaratdığı ilə birləşdi.
Ertəsi gün Günəş şəfəq saçdı,
Səma işıqlandı.

Amenxotep atasının taxtına əyləşdirildi. Ölən padşah Ozirisə çevrildi və sonra gətirilən mətndə o, həm də Ra ilə birləşdi. Məlum olur ki, Ra və Oziris haqqında miflər tamamilə bir-birinin içərisində əriyərək birləşir. Doğrudur, Qədim Misirdə

«Günəş» mifologiyasının elə elementləri vardır ki, onlar Oziris haqqında mifdən köklü surətdə fərqlənir. Lakin Günəş allahı Ra yerdə insanlarla birlikdə olmaqdan yoruldu. Qədim allahlardan biri Nunu (onun adının mənası «ilkin okean» deməkdir) Raya məsləhət görür ki, Nut adlı inəyin çiynində otursun. Sübh açılarkən adamlar bir-birinə ox atmağa başlayan anda çiynində Ranın oturduğu inək Nut yüksəkliyə qalxıb səma oldu. Ra razı qaldı və arzu etdi ki, səmada yaşıllıq olsun. Yalnız bundan sonra

«Məmnunluq sahəsi» və «Qarğı (qamış) sahəsi» meydana gəldi, səma gölü təsəvvürü yarandı. Sonralar həmin mifin kontekstində əkinçilərin ideal-axirət dünyasında əkmək üçün torpağın olması ifadə edilirdi. Lakin daha yüksəklikdə inəyin başı hərlənməyə başladı və o titrədi. Bu zaman günəş allahı Ra dedi: «Əgər mən Xex (milyon ilahə nəzərdə tutulurdu) olsaydım, inəyi səmada saxlaya bilərdim». Bu sözlərlə o 8 Xex ilahəsini yaratdı və onlar səma inəyinin ayaqlarını saxladılar. Nəhayət, Ra allah Şuya əmr etdi ki, inəyi saxlamaq və 8 Xex ilahələrini qorumaq üçün aşağıda yerləşsin.

Hekayə onu ancaq inək rəsmi önündə oxumağı məsləhət verən göstərişlə başa çatır. Bunu isə yeni doğulmuş uşağını başı üzərində tutmuş ata etməli idi.

Hekayətin birinci hissəsi qədim mifoloji baxışların əks edilməsi ilə əlaqədar idi. Günəş allahı Ra allahların və insanların padşahı rolunda ilkin allah Atumla eyniləşdirildiyindən öz təbiətinə görə ulu qocadır. Məlum olduğu kimi, insanların Atuma qarşı günah işlətməsi hələ e.ə. 2000-ci ildən xatırlanırdı.

Günəş allahının yaranması haqqında Misirdə bir sıra əfsanələr mövcuddur. Onlar bəzən bir-birini tamamlayır, bəzən də bir-birindən köklü surətdə fərqlənir. Onların bəzisinə  görə, günəşin, onunla birlikdə dünyanın yaradıcısı ana ilahədir. Ana ilahə heç bir kişi olmadan günəş oğlunu doğmuşdur. İkinci əfsanəyə görə isə allah-ata ilk iki allahı qadınsız yarada bilmişdir. Əldə edilən materialların əksəriyyətində səma ilahəsindən doğulduğu qeyd olunur. O, günəşi tək doğur, yəni burada nə kişi allah, nə də heyvan iştirak etmir. O, bəzən qadın, bəzən inək obrazında təzahür edir. Hər gün sübhdən işıqlı disk onun bətnindən çıxır, axşamlar o günəşi təzədən udur ki, səhər onu yenidən doğsun.

Bütün ibtidai cəmiyyətlərdə olduğu kimi Qədim Misirdə də uşağın doğulması haqqında aydın təsəvvür yox idi. Yeni tarixə qədərki Misirdə uşağın doğulması bu və ya digər predmetin udulması ilə əlaqələndirilirdi. Misir folkloru belə baxışlar haqqında geniş məlumat verir. Misirdə «uşağa qalmaq» «nə isə udmaq» kimi başa düşülürdü. Bu barədə fikir Ehram mətnlərində və dini mərasimlərdə uzun müddət yaşamışdır.

«Udmaq» mövzusu matriarxat xarakter daşıyırdı. Qədim Misirdə ana-allahlar mühüm rol oynayırdı.

 

Əsrlər keçdikcə dünyanın yaranması və allahların yaranması haqqında təsəvvürlər də zənginləşmişdir. Müxtəlif sahələrdə öz funksiyalarını yerinə yetirən allahlar xarakterinə görə insanlara da bənzəyirdilər.

Öz təbiətinə görə yumşaq olan Xatxor inək şəklində təzahür edəndən sonra qaniçən Okoya çevrilir. Bəlkə də bunlar Xatxor bayramında artıq içib sərxoş olmamaq üçün uydurulmuşdur. Xatxonrun rolunu məhəbbət hamisi kimi təhlil etməyə meyl də mövcud idi.

Mifin ikinci hissəsi Ranın bəşəriyyətdən yorulması motivi ilə əlaqədardır. Ra inəyin çiynində oturduğu halda olsa da, özünün iki qayığı ilə üzdüyü şəkildə təsvir olunmuşdur. Bu kosmoqonik nəqletmə səmanın yaranmasını izah edir. Bundan əlavə səma sahələrinin və inəyin ayaqlarmı tutan 8 ilahənin mövcudluğu söz oyunu kimi də təsvir olunur. Misir mifologiyasında söz oyunu geniş yer almışdı. Söz oyunu himnlərdə və mərasimlərdə yaradılırdı. Hər şeydən əvvəl, səma inəyi və yaxud bəzi mənbələrdə qeyd edildiyi kimi, inək-səma haqqındakı təsəvvürlər tarixəqədərki dövrə gedib çıxır. Qədim mətnlərə əsasən inəyin hüdudsuz okeandan qalxaraq səmaya çevrilməsi barədə təsəvvürlər həmin mifə qədər mövcud olmuşdur. İkincisi, günəşin il qayığının səmanı su kimi ifadə edən konsepsiyaya görə, səma həm gecə, həm gündüz qayıqlarında üzməkdədir. Həmin səma suları yer okeanlarına müvafiqdir. Təəccüblü deyildir ki, səma inəyi də yer inəyinə oxşayır. Bu sular Nilə bənzəmir, çünki qədim misirlilər bilirdilər ki, Nil cənubdan şimala axır. Günəş isə Şərqdən Qərbə hərəkət edirdi. Üçüncüsü, öz qızı Nutu səmaya qardaşı və əri Kebinyerin üzərinə qaldıran allah-kişi inəyin qarnından tutmuşdur. Nutun onu qaldıran allahların qayıqlarını apardığını, sonra onların duzlara çevrildiyi haqqında təsəvvürlər hələ çox qədimlərdən məlum idi. Allahların, ulduzların və günəş allahının qayıqlarda üzməsi haqqında təsəvvürlərin əsası var idi. Qayıq Nil çayında təbii və rahat nəqliyyat növü idi. Geniş yayılmış əks olunan səma haqqında dördüncü konsepsiya nisbətən rasionalist xarakter daşıyır. Səma allahlar tərəfindən qorunan və dörd  dayaqla  saxlanılan  üst  qatdır.  İnəyin  dörd  ayağı  burada səmanın dörd dayağını əvəz edib. Dayaqları qoruyan 8 Xex ilahə dünyanın dörd tərəfini təmsil edən allahlar cərgəsinə daxildir. Dünyanın dörd tərəfinin göstəricisi olan say-rəqəm misirlilərdə həmişə müqəddəs olmuşdur.

Misirlilərin səma haqqında dörd müxtəlif təsəvvürləri olmuşdur. İnək, okean, qadın Nut və yerin üstü səma həmin dörd rəqəminə daxildir.

Qədim Misir miflərində dünyanın və insanların yaradılması əfsanələri mühüm yer tutur. İlk baxışda bu əfsanələr özlərinin ziddiyyətli rəngarəngliyi ilə adamları çaş-baş sala bilər.

Allahların, insanların və kainatın yaradıcısı rolunda gah heyvanlar, gah allahlar, gah da ilahələr çıxış edir. Bir əfsanəyə görə Günəş səma inəyindən doğulur, digərinə görə bitkilərdən, üçüncü qrupa görə isə qaz yumurtasından doğulur. Yaradılma üsulu və yaradıcılar da müxtəlif olur. Bütün miflər üçün ümumi olan cəhət budur ki, ibtidai xaosdan bu və ya digər allahlar meydana gələrək bu və ya digər şəkildə dünyanı yaradırlar.

Dünyanın yaranması haqqında miflərin əksəriyyəti ən qədim zamanlarda qəbilə-tayfa münasibətlərinin hökm sürdüyü Nil vadisində yaranmışdır. Sonralar isə ictimai münasibətlərin inkişaf etməsi, qədim misirlilərin dünyanı anlama üsullarının təkmilləşməsi ilə əlaqədar olaraq həmin miflər də bir sıra köklü dəyişikliklərə uğramışdır. Nəticədə dünyanın yaranması haqqında mif bir növ «işlənmiş» şəkildə gəlib çatmışdır. Dünyanın yaranması haqqında miflərin əksəriyyəti bizə tam şəkildə gəlib çatmamışdır. Misir mifləri zəngin olduğu qədər, həm mürəkkəb, həm də ziddiyyətli xarakterdədir.

Səma-inək haqqında mifə əsaslanaraq Misir mifologiyasının xarakteri haqqında bəzi fikirlər demək mümkündür. Hər bir hadisə üçün çoxsaylı mifoloji müddəalar mövcud ola bilər. Mifoloji müddəalara münasibətdə səxavətlilik Misir üçün səciyyəvi bir haldır. Ehkamlar olmadığından təriqətlər haqqında da təsəvvürlər olmamışdır. Dini dözülməzlik və fanatizm yalnız ölkənin tənəzzülə uğradığı dövrlərdə təzahür etmişdir. Fanatizm yalnız II minillikdə, təqribən e.ə. 1370-ci ildə Ehnatonun Misir dinini zorla mifologiyadan  azad  etmək  cəhdi  zamanı  meydana  çıxmışdır.

Ehnatona qədər magiya və fetişizm daha geniş yayılmışdı.

Misirlilər özləri üçün insana adi görünən anlayışlarla obrazları, hadisələri, obrazlar qrupunu, yaxud bir sıra hadisələri izah etməyə cəhd edirdilər. Onlara görə həmin hadisə, obraz və anlayışlar «allahlar dünyasına» mənsub idi. «Allahlar dünyası» ifadəsi mövcud olan kimi təsəvvür edilməsinə baxmayaraq bilavasitə insan əqli və hissi ilə əldə edilə bilməyən nə varsa, onu özünə daxil edir, «simvol» vasitəsilə ifadə edilirdi. «Simvol» insanın allahlar dünyasındakı bəzi ünsürləri bəşəri kateqoriyalar, daha dəqiq desək, məntiq və hissi qavrayış kateqoriyaları ilə vermək cəhdidir. Doğrudur, elə də olur ki, onların əksəriyyətini təbiət qanunları ilə uyğunlaşdırmaq o qədər də zəruri olmur. Hələ e.ə. III minillikdə Misirin müdrik adamları bu barədə özlərinə həmin məsələni aydınlaşdıraraq qeyd edirdilər ki, simvolu onun əks etdirdiyi predmetin əsli kimi qəbul etmək olmaz. Bu mənada Misir simvolu ya predmet forması, ya hərəkət, ya da söz forması kimi qəbul edilə bilərdi. Həmin dövrdə hər bir simvol mifoloji anlayış olmadığı halda, hər bir mifoloji anlayış allahlar dünyasının predmetinin simvolik inikası idi. Şübhəsiz, zəka simvolun həqiqiliyini yoxlamaq imkanına malik deyildi. Mifoloji anlayış yalnız o halda həqiqidir ki, o allahlar dünyasının hər hansı bir hadisəsini insana aydın ola bilən kateqoriyalarla ifadə edə bilirdi və insan tərəfindən etiqad kimi qəbul olunurdu.

Misir  mifologiyası  bütün  mifoloji  anlayışların  cəmidir. «Mif» ifadəsini Misir mifologiyasının müəyyən tərkib hissəsini göstərmək üçün istifadə etmək olar. «Misir dini» bu mənada qədim misirlilərin mifoloji anlayışlardan ümumi istifadəyə sakit razılıq verməsinin təzahürüdür. «Misir teologiyası» bu mənada Misir teoloqları tərəfindən mifologiyanın konstruktiv və şərhçilik aspektlərindən təfsiridir.

Misir kahinləri öz təbliğatlarında miflərdən geniş şəkildə istifadə edirdilər. Çoxlarına məlum olan miflər qədim dini himnlərdə təkrar olunurdu. Amon-Ra allahların, insanların, heyvanların və bitkilərin yaradıcısı kimi tərənnüm edilirdi. Onun əbədi düşməni olan əjdaha-ilan üzərində qələbəsi qeyd edilirdi. Həmin  təbliğatda  yaradıcı  allah  kimsəsizlərin  və  əzabkeşlərin müdafiəçisi kimi göstərilirdi. Digər tərəfdən, müxtəlif dini-fəlsəfi sistemlərin inkişafı ilə əlaqədar olaraq Misir dini mətnlərində daha tez-tez dünyanın yaradıcısı-allahın əsas cizgiləri-əbədiliyi, hər şeyə qadirliyi tərənnüm edilirdi. Allah biliklərin hakimi və bütün kəşflərin səbəbkarı elan olunurdu. Sonralar bunun inkişafı yalnız kahin mühiti ilə məhdudlaşır, dini-fəlsəfi təlimlərin mücərrəd ilahiyyatçı quramaları ilə təsvir olunurdu. Mətnlər allahların surətləri və epitetləri ilə doldurulur, onlar bir sıra predmet, hadisə və anlayışlarla səsləşir. Bu mətnlər isə sonralar müxtəlif ibadət və mürəkkəb mərasimlərin geni yayılmasına güclü zəmin olurdu. Sonrakı dini-fəlsəfi traktatlar, mərasim nəğmələri və dünyanın yaranması haqqında Misir təsəvvürləri Ellin və Roma dövrünə qədər yaşayaraq, Misirin hüdudlarından kənara çıxır.

Misir mifoloji anlayışları sözlərdə (himnlər, dualar, hekayələr, ayin mətnləri), hərəkətlərdə (dramatik  tamaşalar, ayinlər və s. mərasimlər), predmetlərdə və rəsmlərdə, şəkillərdə (təsvirlər, bitkilər və göy cisimləri), yaxud canlı varlıqlarda (padşah və heyvanlar) ifadə oluna bilərdi. Bu ifadələrdən hər biri mənəvi təcrübəni təmsil edir, yaddaşda bir sıra dini əhval-ruhiyyə yaradırdı. Əksər mifoloji anlayışları bu müxtəlif ifadə formalarında hiss olaraq qavramaq olar.

Oziris və Xor haqqında mif padşahların dəfn mərasimlərini təsvir edir. Bu mif olmuş hadisələr haqqında bir hekayə formasında hələ II minilliyin əvvəllərində əzbər şəkildə dildən- dilə, eldən-elə keçmişdi.

Misir mifologiyasının xarakterik cəhətlərindən biri müxtəlif tipli təsəvvürlərin bədii şəkildə birləşdirilməsidir. Səma inəyi haqqında mif kosmik, kosmoqonik hadisə, yaxud dini adət kimi təsvir olunur, ondan sehrbazlıq vasitəsi kimi istifadə edilirdi.

«Allahlar dünyası» adlandırdığımız yeganə mahiyyət eyni teoloqlarda müxtəlif, bir-birinə zidd anlayışlarla ifadə oluna bilərdi. Hər hansı ilahi qüvvə, yaxud allah çox asanlıqla digəri ilə eyniləşdirilə bilərdi. Səma inəyi haqqında hekayədə Ra bir yerdə Atum kimi, digər yerdə isə günəş diski kimi çıxış edir. Oko digər şəraitdə ilanla eyniləşdirilir. Ureyem Xatxor kimi çıxış edir. Xatxor inəyə xas olan yumşaq təbiətdən fərqli olaraq amansız kimi təqdim olunur. Bu isə Misir mifologiyasının əsas prinsipini- eyni zamanda dəyişmək, ənənəni saxlamaq meylini bir daha əks etdirir. Misir dininin dəyişkən forması və azad ruhu mühafizəkarlıqla bərabərləşdirilir. Beləki, nə vaxt isə lazım olan mifoloji konsepsiyalar faktiki olaraq heç vaxt atılmırdı. Bu səbəbdən Misir mifologiyasının mühafizəkar xüsusiyyəti e.ə. XIX əsrdə Misir dinini parçalamaqdan xilas etmiş, Misir dininin daimiliyini və uzunmüddətli mövcudluğunu təmin etmişdir.

Misir və Şumer mifologiyaları arasında məlum oxşarlığı inkar etmək qeyri-mümkündür. Lakin onların fərqi daha çox nəzərə çarpır. Bu iki sivilizasiyanı yaradan mühitlərin oxşarlığı da hər iki mifologiyanın oxşarlığında mühüm rol oynamışdır. Hər iki ölkə çay vadilərində yerləşirdi ki, bu da şübhəsiz, onların əhalisinin həyat tərzinə həlledici təsir göstərmişdir. Lakin Nil çayı ilə Dəclə və Fərat çayları arasında fərq çoxdur. Nil Misiri iki hissəyə — düzənliyə və deltaya bölür. Fransız alimi More demişdir:

«Təbiət Aralıq dənizi Misirini və Afrika Misirini belə yaratmışdır. Misirlilərin çox vaxt xüsusi vurğuladığı bu «iki torpaq» arasındakı fərq ölkənin mifoloji və bəşəri tarixinə əhəmiyyətli dərəcədə təsir göstərmək üçün kifayət qədər böyükdür».

Qədim Misir yazısı e.ə. IV minilliyin sonunda meydana gəlmişdi. Bu yazı sisteminin ilkin nümunələri artıq Erkən səltənət dövründə tətbiq olunurdu. İlk Misir yazı növü piktoqrafiya, yəni şəkli yazı adlandırılır. Ən qədim Misir yazısı sadə naxış və müxtəlif anlayışları bildirən şəkillərdən ibarət olmuşdur. Şəkli işarələr vasitəsilə ayrı-ayrı sözlərin, anlayış və məfhumların mənası verilirdi. Ay, günəş, ev, su və s. müvafiq oxşar şəkillərlə ifadə olunurdu.

Misir təsərrüfatı genişləndikcə, dövlət idarə sistemi mürəkkəbləşdikcə yazı gündəlik həyatda tez-tez tətbiq olunmağa başladı. Bu, şəkli yazıların sadələşdirilməsinə gətirib çıxartdı. İşarələr artıq əvvəlki mənası ilə yanaşı səs birləşmələrini, hecaları bildirməyə başladı. Məsələn, «ulduz» işarəsi oba kimi tələffüz olunurdu, o eyni zamanda heca kimi də işlədilirdi. Yaxud «kanal» işarəsi mer kimi səslənirdi, mer eyni zamanda hecanı bildirirdi. Heca bildirən işarələr vasitəsilə cümlələr tərtib olunurdu. Bunun nəticəsində müxtəlif anlayışları və hadisələri ifadə etmək imkanı yaranırdı. Bu yazı işarələri hələ qədimdə heroqlif, yəni «müqəddəs işarələr» adlandırılmışdı. İlk zamanlar heroqliflərin sayı çox imiş. Ən çox işlədilən işarələrin sayı yeddi yüzə çatırdı. Adətən heroqliflər daş, ağac, dəri üzərində yazılırdı. Belə hallarda heroqliflərin şəkli dəyişilmirdi. Qədim misirlilər eyni zamanda, bitkisinin gövdəsini  lazım olan ölçüdə doğrayır, sonra özəyini uzununa çox nazik təbəqəyə ayırıb, xüsusi üsulla bir-birinə yapışdıraraq «kağız» kimi istifadə edirdilər. Böyük mətnləri yazmaq üçün papirus vərəqlərini uzununa bir-birinə calayırdılar və lülə halında bükürdülər. Onların bəzilərinin uzunluğu qırx beş metrə çatırdı. Heroqliflər papirus üzərində də yazılırdı. Belə halda heroqliflərin ilkin şəkli xeyli dəyişilirdi. Bu yazı heroqlifikadan fərqli olaraq heratika adını almışdı. E.ə. VIII əsrdən etibarən yazı sistemində dəyişiklik baş vermişdi. Əvvəllər ayrı yazılan işarələr indi bir işarədə birləşdirilirdi. Bu yazı demotika, yəni xalq yazısı adını daşıyırdı. Bu yazı növü dövlət idarələri, ədəbi və dini mətnlərin tərtibində işlədilirdi. Heratika vasitəsilə təsərrüfat sənədləri, eləcə də ədəbi və elmi əsərlər yazılırdı.

Misir yazı sistemində əlifba işarələri də peyda olmuşdu. Bunlar 21 işarədən ibarət idi, hər birisi müəyyən samiti bildirirdi. Əlifba işarələri heroqliflərin ayrılmaz tərkib hissəsini təşkil edir və müstəqil işlənmirdi.

Misir yazı sistemi dəyişildiyi və təkmilləşdiyi kimi onun dil quruluşu da minilliklər ərzində eyni şəkildə qalmırdı. Qədim, orta və yeni Misir dili bölgüsü təklif olunmuşdur. Erkən orta əsrlərdə (III-IV əsrlər) qədim Misir dili artıq ölü dillər cərgəsinə daxil olmuşdu. Bu zaman gipti dili işlənirdi. VII əsrdən etibarən ərəb dili yayılmağa başladı. Hal-hazırda Misirdə dörd  milyon  yerli gipti yaşayır. Onlar xristian olmaqla ərəb dilində danışır, lakin dini ibadətlərini gipti dilində aparır, qədim ənənələri qoruyub saxlayırlar.

Qədim misirlilərin şifahi xalq yaradıcılığı bədii ədəbiyyat əsərlərinin əsasını təşkil edir. Ən qədim əsərlər e.ə. IV minillikdə yaradılmışdır. Üç min il ərzində qədim misirlilər zəngin bədii ədəbiyyat,  onun  müxtəlif  janrlarını  yaratmışdılar.  Şifahi  xalq yaradıcılığının təsiri altında nağıllar da meydana gəlmişdi. Adətən nağıllar əkinçi əhalinin məişətini, həyatını və dünyagörüşünü əks etdirirdi. Bunlardan "İki qardaş haqqında nağıl", «Cadulanmış şahzadə», «Düz və əyri haqqında nağıl», «Gəmi qəzasına uğramış barədə nağıl», «Firon Xufu və cadugərlər» və s. göstərmək olar. Qədim misirlilər nağıl vasitəsilə xeyirxahlığı, müdrikliyi tərənnüm edirdilər, sadə adamın fərasətini, ədalətini və cəsarətini açıqlayırdılar. Nağıllarda allah və fironların qüdrətinin sarsılmaz olması ideyası əks olunmuşdur, əyanların zalımlığı və qəddarlığı təsvir edilmişdir.

Birinci nağılda əhvalat iki qardaş — Bata və Anubis ətrafında baş verir. Hər iki qardaş birgə işləyir, böyük qardaş Anubis, kiçik qardaşı Bataya atalıq edir. Bir gün çöldə səpin üçün taxıl azlıq edir, Anubis Batanı evə taxıl gətirməyə göndərir. Bata evə gələndə Anubisin arvadı onu yoldan çıxarmağa cəhd edir, lakin Bata nifrətlə onu rədd edir, taxılı götürüb çölə qayıdır. Axşam Anubisin arvadı ərinin qulağını doldurub Bataya şər atır. Anubis qardaşını öldürmək niyyətinə düşür. O, pəyədə gizlənir və Batanı gözləyir. Bata mal-qaranı evə gətirərkən inəklərdən biri Bataya qardaşının niyyətini açır. Bata qaçır, Anubis onu təqib edir. Allahlar Bataya kömək edir, qardaşlar arasında keçilməz çay yaranır. Ertəsi gün Bata qardaşına günahsız olduğunu sübut edir və uzaq ölkəyə yaşamağa gedəcəyini bildirir. Əgər Batanın başına iş gələrsə, qardaşı bunu qabdan içdiyi suyun köpüklənməsindən biləcəkdi. Böyük qardaş qayıdır və arvadını öldürür.

Bata uzaq ölkədə (Sidr ağacı dərəsində) evlənir. Ovçuluqla məşğul olur. Arvadına tövsiyə edir ki, dəniz kənarına getməsin, çünki dəniz onu uda bilər. Arvad ərinin nəsihətini yaddan çıxararaq dəniz sahilinə gedir. Dəniz coşur və onu təqib edir. O, çətinliklə xilas olur, lakin onun saçından bir tük dənizə düşür və su onu Misir sahilinə gətirir. Dəniz zülfünün xoş ətir iyini firon Narmerə çatdırır. Ətir iyi fironun dəniz kənarında yuyulan pal- paltarına keçir. Firon aqilləri toplayır və xoş iyin səbəbini soruşur. Firona izah edirlər ki, xoş iy sidr dərəsində yaşayan ilahə qadının zülfündən gəlir. Firon uzaq ölkəyə qoşun göndərir, ilahə arvadı tapdırır.  Arvad  Batanın  həyat  sirrini  onlara  acır  və  içərisində Batanın canı olan sidr ağacını kəsdirir. Bata vəfat edir.

Anubis Sidr dərəsinə gəlir, sidr ağacının gülləri içərisində Batanın ürəyini  tapır və onu  həyata  qaytarır. Hər  ikisi  Misirə qayıdır. Bata arvadını tapıb cəzalandırır, çünki o, Batanın canını saxlayan sidr ağacını kəsməyi məsləhət görmüşdü. Firon öləndən sonra Bata hökmdar olur. Nağıl xeyrin şər üzərində qələbəsi ilə qurtarır. Burada ölən və dirilən allah mövzusu da öz əksini tapmışdır.

«Düz və əyri barədə» nağılın da qəhrəmanları iki qardaşdır. Kiçik qardaş böyük qardaşın paxıllığını çəkir. Qardaşlar arasında mübahisə başlayır. Kiçik qardaş şərt kəsir ki, əgər mübahisəni udsa, böyük qardaşın gözlərini çıxaracaqdır. Kiçik qardaş mübahisəni udur, qardaşının gözlərini çıxarır və əmlakına sahib olur. Bir müddət sonra qardaşının iki quluna əmr edir ki, koru aparıb öldürsünlər. Onu səhraya aparırlar. Yazıqları gəlir, orada qoyub qayıdırlar. Bir neçə ovçu nnu səhrada görür, evdə həmin korun gözəlliyi barədə bacılarına danışırlar. Bacı koru görmək istəyir, onu gətirirlər. Qız ona vurulur. Onu dalandar vəzifəsinə təyin edir. Sonra gizlicə ona arvad olur. Onların oğlu olur, böyüyür. Yoldaşlarından müdrikliyi və biliyi ilə fərqlənir. Yaşıdları onun paxıllığını çəkirlər. Sataşmaq məqsədilə onun atasının kim olduğunu soruşurlar. Uşaq bunu anasından bilmək istəyir. Oğul atasının başına gələn hadisəni öyrənir və uzun əhvalatlardan sonra əmisini cəzalandıraraq atasının əmlakını qaytarır.

Bu nağıl mövzuları şərq xalqları ədəbiyyatında indi də yaşayır. Qədim Misir nağılları «Min bir gecə» nağıl silsiləsinin yaranmasına təsir göstərmişdi.

Qədim misirlilər təbiətdə və insan həyatında baş verən hadisələri dini ideologiya əsasında izah edirdilər. Bunların içərisində «Osiris haqqında» əfsanə geniş yayılmışdı. Osiris ölən və dirilən təbiət allahı hesab olunurdu. Qardaşı Set onu qəddarcasına öldürür. Osirisin arvadı İsida və bacısı Neftida allahlardan kömək diləyirlər, Osirisi tapıb dirildirlər. İsidanın oğlu olur. Adını Qor qoyurlar. Qor Setdən atasının intiqamını alır, allahlar hakimiyyəti ona verirlər.

Misirdə də dünyanın əmələ gəlməsi haqda əfsanə vardı. Günəş allahı Ra dünyanı xəlq edən hesab edilirdi. O, səmanı, yeri, bitkiləri, heyvanları, quş və balıqları sudan yaratmışdı. Bu təsəvvürlərin bəziləri qədim yəhudilərin dini dünyagörüşünə də təsir göstərmişdi.

Misirin qonşu ölkələr ilə iqtisadi və mədəni əlaqələri bədii ədəbiyyatın yeni janrında — səyahətlərin təsvirində öz əksini tapmışdı. Bu səpkidən “Gəmi qəzasına uğramış barədə nağıl” rəvayətini misal göstərmək olar. Firon öz məmurunu Punta göndərir. Gəmi qəzaya uğrayır və dənizçi sirli adaya düşür. Adanın hökmdarı xeyirxah ilan surətində ona qonaqpərvərlik göstərir, var-dövlətindən ona hədiyyələr verir, Misirə yola salır.

“Misirli Sinuxet haqqında” hekayətdə qorxusundan Suriyaya qaçmış adlı-sanlı saray əyanından bəhs edilir. Əsərdə Sinuxetin yolda çəkdiyi əzab-əziyyətdən, Suriyada varlanmasından, vətən həsrətindən əzab çəkməsindən danışılır. Uzun müddət Suriyada yüksək vəzifə tutmasına və yaşamasına baxmayaraq, Sinuxet vətən həsrəti ilə yanırdı, doğma yurduna qayıtmağa fürsət axtarırdı. Sonralar yeni fironun dəvəti ilə o, Misirə qayıdır.

Nəsihət xüsusiyyətli əsərlər əsasən Orta və Yeni səltənət dövründə yaranır. Nəsihətlər mövcud olan dövlət və ictimai quruluşu müdafiə edirdi. Burada sosial ziddiyyətlər, aşağı təbəqələrə münasibət, dövlət idarəetmə qaydaları, mirzəlik sənətinin üstünlüyü, xalq üsyanlarının acı nəticələri və s. əks olunmuşdur. Nəsihət səpkili əsərlərdən «Ptaxotepin nəsihəti», «Herakliopol hökmdarı Axtoyun oğlu Merikara nəsihəti», «I Amenexetin nəsihəti», «Duauf oğlu Axtoyun nəsihəti», "İpuserin nəsihəti", «Nefertitinin nəsihəti»ni göstərmək olar.

Axtoyun oğlu Merikara nəsihəti aşağı təbəqələrə, yoxsullara və onların sırasından çıxan fərasətli və müdrik adamlara münasibət qaydasından bəhs edir. Hökmdar belə adamlardan uzaq olmağı, fərasətliləri əzməyi oğluna tövsiyə edir. Burada dövlətin idarə olunması qaydaları da əks olunmuşdur. Duauf oğlu Axtoyun nəsihətində bir çox peşələrin ağır zəhmət tələb etməsi sadalanır və mirzəlik  peşəsinin  daha  üstün  və  şərəfli  olması  qeyd  olunur.

 

«Ptaxotepin nəsihəti» əsərində əxlaq qaydalarından, yaxşı davranışdan bəhs edilir, «xırda adamı» öz taleyi ilə razılaşmağa çağırır. Onu inandırmağa çalışır ki, allah ancaq adlı-sanlı adamı yüksəldir. Bu nəsihətə görə, xırda adamlar itaətkar olmalı, öz ictimai mənşəyini heç zaman  yaddan çıxarmamalı, vəzifəli adamlara itaət etməlidirlər. Nəsihət mövcud olan quruluşun möhkəmləndirilməsini tövsiyə edir.

"İpuserin kəlamı" və «Nefertitinin nəsihətləri» yoxsulların və qulların Orta səltənətin sonunda baş vermiş üsyanını bədii şəkildə şərh edir.

«Natiq kəndli» hekayəti kəndlinin əmlakının (iki eşşəyinin) əlindən alınmasından, onun şikayətindən, saraya gəlməsindən, hökmdarı öz natiqliyi ilə valeh etməsindən danışır.

«Miskin adamın öz ruhu ilə söhbəti» hekayəti dialoq şəklində verilmiş və burada mövcud olan həyat qaydalarına etiraz əks olunmuşdur. Əsərdə miskin adamın bədbinliyi, əzab-əziyyətli həyatı, ölüm arzusu ilə yaşaması təsvir olunur. Əsərdə axirət dünyasının və əbədi həyatın olmasına şübhə ilə yanaşılır, dini dünyagörüşləri şübhə altına alınır.

Sinfi cəmiyyətdə incəsənət firon hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edirdi.

Qədim Misir memarlığı dini ibadətin güclü təsiri altında olmuşdu. Məhz buna görə allahların və ilahi mənşəli hesab edilən fironun şərəfinə əzəmətli məbədlər, saraylar, ehram və heykəllər yaradılırdı. Artıq qədim səltənət dövründə Misir memarlığını fərqləndirən əzəmətlilik əlaməti meydana gəlmişdi. Firon ehramları buna misal ola bilər.

Ehramın ən qədim nümunəsi Sakkarada təmsil olunmuşdur. Firon Coserin şərəfinə burada pilləli ehram tikilmişdi. IV sülalə fironları Xufu, Menkaura, Xafra əzəmətli ehramlar tikdirmişdilər. Ehramın yanında, sonralar isə (XVIII sülalə dövründən etibarən) kənarda axirət məbədləri (axirət dünyası ilə bağlı dini mərasimləri icra etmək üçün) tikilirdi. Məbədlərin divarında ilahiləşdirilmiş fironun həyatı və şücaətləri təsvir olunurdu. Bundan başqa, misirlilərin gündəlik həyatını əks etdirən səhnələr də vardı: burada dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn mərasimində iştirak edən əkinçilər, balıqçılar, çobanlar, ağı tutanlar təsvir olunmuşdu.

Yeni Səltənət dövründə incəsənət və memarlıq yüksək inkişaf səviyyəsinə qalxır. Bu dövrdə qayanı kəsib yeraltı dəfn sərdabələri inşa edirdilər. I Setinin yeraltı dəfn sərdabəsinin yüzlərlə otaqları vardı. Burada minlərlə heykəllər qoyulmuşdu. Xəzinəsində saysız-hesabsız varidat saxlanılırdı. Ən möhtəşəm memarlıq dəsti Fivadakı (Karnak və Lüksorda) Amon məbədi hesab olunur. Məbəd dəstinin yüzdən çox otağı, geniş həyət sahələri, keçidləri, nəhəng heykəlləri, sfinksləri, sütun abidələri varmış. Onun təkcə böyük salonu 16 cərgədə ucalan 134 sütundan ibarət    imiş.    Böyük    salonun    12  mərkəz    sütunu    21 m hündürlüyündə imiş. Salonun sahəsi 5 min m2-dən artıq imiş.

Əzəmətli tikintilərdən Deyr əl-Bəhridə Xatşepsutun xeyrat məbədini və Mədinət-Abuda III Ramzesin böyük məbədini göstərmək olar. III Ramzesin məbədi dördbucaq şəklində tikilmişdi. Buraya kanal çəkilmişdi.

Qaya məbədləri əzəmətli və dəbdəbəli idi. Abu-Simbeldə II Ramzesin məbədi qaya içərisində inşa edilmişdi. Qayanın içərisində çoxlu otaq, sütun və heykəllər tapılmışdı. Firon sarayları burada böyük bir zövqlə tikilir, otaqlara nəfis və zərif bəzəklər vurulurdu.

Heykəltəraşlıq memarlığın mühüm sahəsini təşkil  edirdi. Hər bir məbəd və saray ehram və sərdabə heykəllərlə dolu olurdu. Bunlar həm nəhəng, həm də nisbətən xırda şəkildə yonulurdu. Heykəltəraşlar Misir allahlarını və fironlarının surətini yaradırdılar. Əyan və sadə adamlara həsr olunmuş heykəllər də düzəldilirdi. Divar təsviri geniş təmsil olunmuşdu. Təsviri sənət vasitəsilə müxtəlif səhnələr əks etdirilir, zəngin bədii surətlər yaradılırdı. Təsviri sənət müharibə səhnələri, firon ailəsi, əkinçilik və balıqçılıqla məşğul olma səhnələri, qurbankəsmə və dəfn mərasimləri, hədiyyələr gətirilməsi və ov səhnələri kimi geniş mövzuları əhatə edirdi.

Dini təsəvvürlər qədim Misir cəmiyyətinin bütün sahələrində özünü təzahür etdirirdi, mədəniyyətin hər bir sahəsində müəyyən iz buraxırdı. Din qədim misirlilərin ideologiyasını təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları, yəni heyvanlara, əşyalara və əcdadlara ibadət Misir tarixinin bütün dövrlərində mövcud olmuşdur. Fetişizm (əşyalara ibadət) və totemizm (totem heyvanlara ibadət) sadə dini təsəvvürlər idi. Qədim misirlilər təbiət qüvvələrini ilahiləşdirmişdilər. Onlar günəşə, aya, suya, Nil çayına, vəhşi və ev heyvanlarına və s. sitayiş edirdilər. Misir dini sistemi tədricən yaranırdı və Yeni səltənət dövründə bitkin şəklə düşmüşdü. Misirdə xeyli sayda allahlara ibadət olunurdu. II Ramzesin Het hökmdarı ilə müqaviləsində min Misir allahı və ilahəsi şahid kimi yad edilir. Bu allah və ilahələrin hamısının adları məlum deyildir. Misirin hər guşəsində dini ibadət mövcud idi. Allahlar haqda təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai hadisələrin təcəssümü kimi meydana gəlmişdi. Dini təsəvvürlər nəticəsində yerli, vilayət (nom) və ümum Misir ibadətləri möhkəmlənirdi. Adətən mərkəz şəhərlərin allahları bu və ya digər siyasi şəraitdən asılı olaraq ümum Misir allahına çevrilirdi.

Misir panteonunda Amon allah ali mövqe tutmuşdu. O, allahların hökmdarı və fironun havadarı hesab olunurdu. Onun məskəni Fiva şəhəri sayılırdı. Misir panteonunun nüfuzlu allahlarından biri Ra idi. O, Günəş allahı kimi məlum idi. Onu gündüz üfüqündə səma gəmisində təsəvvür edirdilər. Günəş allahına sitayiş Heliopol şəhərində  yayılmışdı. Yeni Səltənətin əvvəlində Ra-Günəş allahı Amon allahı ilə birləşdirildi və Amon- Ra ibadəti yarandı. Amon-Ra dünyanın yaradıcısı kimi qələmə verilirdi. Exnatonun dövründə Aton («Günəş üfüqü») allahına sitayiş bərqərar oldu. Memfis şəhərində allah Ptax məskən salmışdı. Guya Ptax allahları və dünyanı yaratmışdı. Misir panteonunda Osiris, onun bacısı və arvadı İsida, oğlu Qor şərəfli yer tuturdular. Osiris firon hakimiyyətinin havadarı olmaqla yanaşı, axirət dünyasının allahı kimi təsəvvür edilirdi. O, ölən və dirilən təbiəti təcəssüm edirdi. Təbiətdə qış və yaz fəsillərinin gəlməsi onun adı ilə bağlanırdı. O, ər-arvad məhəbbətinin və analığın himayəçisi idi.

Qor səma və işıq allahı idi. İlk Misir fironları Qoru firon hakimiyyətinin havadarı kimi təsəvvür edirdilər. Qədim misirlilər Nil   çayına   sitayiş   edirdilər,   onu   Hapi   adlandırırdılar.   Tot müdriklik və hesab allahı, Xatxor səma, məhəbbət və şadlıq ilahəsi hesab edilirdi. Maat (ədalət ilahəsi), Soxmet (qüdrət ilahəsi) və başqaları Misir panteonuna daxil idilər.

Misirlilər allahları müxtəlif heyvan görkəmində təsvir edirdilər. Bu, ən qədim təsəvvürlərin əksi idi. Öküzə sitayiş geniş yayılmışdı. Allah Apis öküzü təmsil edirdi. Öküz Ptax, Osiris, Ra və s. allahları əks edə bilirdi. Amona qoyun, Soxmetə şir, Tota əntər, Sebekə timsah görkəmi verilirdi. Dini təsəvvürlərin təkmilləşməsi allahların totem ibadətini dəyişdirdi. Allahlar artıq heyvan, yaxud quş başlı adam görkəmində təsvir olunurdular. Ra, Qor şahin başlı adam, Anum, Xnum qoyun başlı adam, ilahə Xatxor inək başlı adam görkəminə salınmışdı.

Qədim Misirdə ilk allahlar haqda da təsəvvürlər müəyyən sistem şəklinə salınmışdı. Əvvəl guya qarmaqarışıq su aləmi olmuş və onu Nun təmsil etmişdi. Sonra Atum su aləmindən təpə şəklində bünövrə yaratmışdı. Sonralar Atumu Ra təmsil edirdi. Atum-Ra qoşa allah (hava) və arvadı Tefnutu (nəmişlik) törətmişdi. Yer allahı Heb və səma ilahəsi Nut onların törəməsi olmaqla Osiris, İsida, Set və Neftidunu yaratmışdılar. Beləliklə, allahların ailəsi təsəvvürü yaradılmışdı. Nəticədə allah-ata, allah- ana və allah-oğul dini anlayışı meydana gəlmişdi. Bu dini ehkam sonrakı dinlərə, xüsusilə xristianlığa təsir göstərmişdi.

Misirin ən qədim dövründə əcdadlara və onunla bağlı olan mərhumlara ibadət mövcud idi. Misirlilərə görə ölüm insanın varlığını məhv etmir, onu sadəcə olaraq başqa aləmə, həyatın guya davam etdiyi axirət dünyasına aparır. Odur ki, misirlilər ölünü başqa aləmdə əbədi həyatla təmin etməyə cəhd edirdilər. Mərhumu dəriyə, həsirə, yaxud parçaya büküb basdırırdılar, yanına yemək, silah, heyvan və insan heykəlcikləri (uşebtu) qoyurdular. Qədim səltənət dövründə varlı məmurları və adlı-sanlı kahinləri kürsü (mastab) şəkilli sərdabələrdə dəfn edirdilər. Meyiti süni surətdə saxlamaq üçün onun içalatı çıxarılırdı və xüsusi qablara qoyulurdu. Meyitin bədəninə duzlu maddələr və qatranlı məhlullar sürtməklə mumiyalayırdılar. Meyiti (mumiyanı) bir çox kətan parçalara büküb dəfn edirdilər.

Orta  səltənət  dövründə  yeni  varlı  təbəqələr  yaranmışdı. Bununla bağlı mərhuma ibadət nisbətən dəyişilir. Əgər əvvəllər dini-cadu xüsusiyyəti daşıyan yazılar ancaq hökmdarlar və əyanların sərdabəsinə həkk olunurdusa, indi belə yazılar orta təbəqəyə mənsub adamların daş tabutu (sərdabə) üzərində də həkk olunurdu. Belə cadu xüsusiyyətli yazılar əsasında "Ölülər kitabı", «Dirilmə kitabı» tərtib olunmuşdu. Kitabda sehr, himn, dua və allah şərəfinə mədhlər vardı. Kitabın çox hissəsi cadu xüsusiyyətli sehrlərdən ibarətdir. Belə sehrlər guya mərhumu axirət dünyasının dəhşətindən qorumalı və onu o dünyanın səadəti ilə təmin etməli idi. Mərhum axirət dünyasının məhkəməsində Osirisin qarşısında hesabat verirdi. Mərhum üzərində məhkəmə qurulurdu, onun ürəyi çəkilirdi və 42 əsas günah şərh edilirdi. Mərhum günahsız olduğunu sübut etməli idi. Fironlar da axirət dünyası məhkəməsi qarşısında cavab verirdilər. Günah sahibi əjdahaya yem olurdu. Günahsız isə o dünyada əbədi həyat qazanırdı. Artıq o dövrdə günahsız və mömin həyat sürmüş insanların axirət dünyasında əbədi səadətə qovuşması barədə təsəvvür formalaşır.

Qədim Misirdə fironun şəxsiyyəti ilahiləşdirilmişdi. Əvvəllər onu allah oğlu, sonra allah adlandırırdılar. Ona yer üzünün allahı kimi sitayiş və itaət edirdilər. Hər bir ictimai etiraz, hökmdara qarşı qiyam dini baxımdan cinayət hesab olunurdu.

İncəsənətdə hökmdarın allah oğlu olması müddəası təbliğ edilirdi. Məbədlərdə firona ibadət xüsusi otaqlarda  keçirilirdi. Belə otaq «böyük ev» (pir-a) adlanırdı. Bu sözdən də «firon» rütbəsi yaranmışdı. XVIII sülalə dövründə «firon» anlayışı artıq hökmdar mənasında işlədilirdi. Otağın divarlarında fironun həyatını əks edən təsvirlər həkk olunurdu. Bu təsvirlər fironun ilahi mənşəli olmasına dəlalət edirdi. Buna baxmayaraq firon hakimiyyəti dini ehkamların güclü təsiri altında olmuşdur.

Dinin geniş təsirinə baxmayaraq, insanlarda «bilik» və onun əhəmiyyəti haqda təsəvvür yaranırdı. Əsas bilik mənbəyi məktəblər idi. Biliklər tətbiqi xüsusiyyət daşıyırdı. Riyaziyyat sahəsində biliklər praktiki tələbatdan doğurdu, yer ölçənlərin və inşaatçıların işini yüngülləşdirməli idi. Sərdabələrdə xüsusi iplə torpaq ölçən adamların şəkli çəkilirdi. Hesab və həndəsə sahəsində  sadə  biliklərə  malik  idilər.  Dəqiq  riyazi  hesablama nəticəsində ehram tikmək mümkün idi. Riyazi sahədə ən böyük nailiyyət onluq hesablama sisteminin yaradılması idi. Yazıda 1, 10, 100, 1000, 10000, 100000 bildirən işarələr tətbiq olunurdu. Hətta milyonu bildirən işarə vardı: bu təəccübdən  əllərini qaldırmış adam şəklində təsvir olunurdu.

Həndəsə sahəsində müəyyən inkişaf vardı. Misirlilər düzbucağın, yarım bucağın, xüsusilə bərabəryanlı üçbucağın, trapesiyanın və dairənin səthini müəyyənləşdirə bilirdilər. Cəbr sahəsində bir naməlum tənliyi çıxara bilirdilər. Astronomiya sahəsində müəyyən nailiyyətlər əldə edilmişdi. Planeti ulduzdan fərqləndirirdilər, ulduzların xəritəsini cıza bilirdilər. Misirlilər xüsusi təqvim yaratmışdılar. İli hər bir ayı 30 gündən ibarət 12 aya bölmüşdülər. İlin sonunda 5 gün əlavə olunurdu. İl onda 365 gündən ibarət olurdu. Misir təqvim ili tropik ildən dörddə bir sutka geriyə qalırdı. Bu fərq 120 il ərzində bir aya bərabər olurdu. Onlar gecə-gündüzü 24 saata bölürdülər. Su və günəş saatları icad etmişdilər.

Təbabət inkişaf tapmışdı. Diş, göz və başqa xəstəliklər müalicə olunurdu. Misir həkimləri insanın anatomiyasına bələd idilər. Meyitin yarılması insan orqanizminin quruluşunu öyrənməyə imkan yaradırdı. Həkim bacardığını edirdi. Həkim xəstəyə baxıb xəstəlik əlamətlərini və müalicə vasitələrini müəyyənləşdirməyi bacarmalı idi. Təbabət etikası mövcud idi. Həkim öz müalicə imkanlarını xəstəyə əvvəldən bildirməli idi və bunu belə deməli idi: «Bu xəstəliyi mən müalicə edə bilərəm, yaxud bu xəstəliyi mən bəlkə müalicə edə bildim, ya da xəstəliyi mən müalicə edə bilmərəm». Cərrahlıq geniş inkişaf tapmışdı.

Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət (sivilizasiya) mərkəzlərindən birinə çevrilmişdi. Bu sivilizasiyaya mənsub olan dövlət sistemi, iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min il ərzində öz varlığını saxlaya bilmiş, digər ölkələrə təsir göstərmişdi. Misir Qədim Şərqdə ən uzun ömürlü dövlətlərdən biri olmuşdu.

Qədim Misirdə həm bədii ədəbiyyat — nağıllar, hökmdarların öz övladlarına nəsihətləri, fəlsəfi dialoqlar, o cümlədən məşhur

«ümidi boşa çıxmışın öz ruhu ilə söhbəti» və s. geniş yayılmışdı.

Heykəllər, divar rəsmləri, daş üzərində təsvirlər Qədim Misir üçün səciyyəvi idi. E.ə.VI əsrdə Misir farslar tərəfindən işğal edilmişdir. Onların hökmranlığı e.ə. 405-ci ilə qədər davam etmişdir. E.ə. 332-ci ildə Misir İsgəndər tərəfindən işğal olundu. Onun şərəfinə tikilən İsgəndəriyyə ellin mədəniyyətinin Misirdə, Misir mədəniyyətinin Yunanıstanda yayılmasına səbəb oldu. Burada hündürlüyü 100 metrdən artıq olan, dünyanın yeddi möcüzəsindən biri sayılan İsgəndəriyyə mayakı tikilmişdir.

 

Mənbə: QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ dərsliyi. Bakı, 2009
ISBN 978-9952-8087-1-2

Müəlliflər:  Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Tətbiqi kulturologiya” kafedrasının müdiri, kulturologiya elmləri doktoru İlqar Həsrət oğlu Hüseynov və kulturologiya elmləri doktoru Nigar Timuçin qızı Əfəndiyeva tərəfindən hazırlanmışdır.

 

Top