Ön Asiyanın çox hissəsi dağlardan və yaylalardan ibarətdir. Yunanca Mesopotamiya adlanan qədim İkiçayarası ölkəsi Ön Asiyada yerləşir. Ön Asiyanın çox hissəsi dağlar və yaylalardır. Qafqazdan cənubda olan dağlardan başlayan Fərat və Dəclə çayları İran körfəzinə tökülür. Dəclə və Fəratın orta və aşağı axarlarında yerləşən ölkə qədim dövrlərdən məşhur və qüdrətli bir dövlət kimi tarixə düşmüşdür. Cənubi Mesopotamiya qısa sürən qışda yağışlar yağır, hər yer keçilməz gil palçıq olur, yazda isə dağlarda qar əriyir, Dəclə və Fərat çayları daşıb sahilləri basır, daşqından sonra hər yer yaşıllığa qərq olur. Hələ Paleolit dövründə Mesopotamiyada ilk insanlara təsadüf edirik. Neolit dövründə isə insanların İkiçayarası ərazilərində məskunlaşması sürətlənir, daha mütərəqqi təsərrüfat növünə keçmək zərurətini yaradır. Köçəri həyat tərzindən oturaq həyat tərzinə keçid əkinçiliyə, maldarlığa, sənətkarlığa meydan açır.
Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini “Qara torpaq” adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər, bataqlıqlardan ibarət idi. Burada çoxlu vəhşi heyvanlar, xəstəliklər yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük səhrada yaşayan insanlar tədricən Nil vadisini mənimsəməyə başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, kolluqları qırır, bəndlər düzəldir, kanallar çəkir, əkinçiliklə məşğul olurdular. Misirlilərin başlıca məşğuliyyətləri əkinçilik idi. Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə etmişdilər. Onlar torpaqları toxa və sadə xışlarla şumlayırdılar. Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz becərirdilər. Onlar mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə məşğul olurdular. Bacarıqlı dulusçu, daşyonan sənətkarlar idilər. Misir e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.