Kimmer, İskit, sak tayfaları. Qara dənizin şimalında və Krım yarımadasında türk mənşəli kimmer, iskit və sak tayfaları yaşayırdılar. E.ə. VII əsrin əvvəllərində bu tayfalar yaşadıqları ərazilərdən köç etməyə başladılar. Onlar Cənubi Qafqazda və Ön Asiyanın müxtəlif yerlərində məskunlaşdılar. E.ə. VII əsrin ortalarında Van gölü ilə Urmiya gölü arasındakı ərazilərdə Kimmer-lskit-Sak padşahlığı yarandı. Bu dövlətin ən qüdrətli hökmdarı Tuqdamme olmuşdur.
Kimmer, iskit və sakların bir qismi qədim Azərbaycan torpaqlarında məskunlaşmış, burada yaranmış Manna dövləti ilə ittifaq yaratmışdılar. Onların gəlişi Aşşur dövlətinin bu bölgədəki nüfuzuna böyük zərbə vurdu. Manna Aşşur ilə ittifaqı pozdu.
Manna dövləti kimi, onun qonşuluğunda olan midiyalılar da kimmer, iskit və sak tayfalarına arxalandılar və Aşşura qarşı çıxdılar.
Lakin sonralar iskitlər midiyalılara yox, Aşşur dövlətinə yardım etdilər. Nəticədə Midiya iskitlərin hakimiyyəti altına düşdü. İskit tayfaları Midiyada bir müddət ağalıq etdilər. E.ə. VI əsrin əvvəllərində Midiya hökmdarı onları Ön Asiyadan çıxartdı və Kimmer—İskit—Sak padşahlığı süqut etdi.
İskit dövləti. E.ə. IV əsrin ortalarında iskitlər yeni bir padşahlıq yaratdılar. Bu dövlət Şərqi Avropada Don çayından Dunay çayına qədər ərazidə yerləşirdi. Neapol şəhəri bu dövlətin paytaxtı oldu. İskitlər öz ərazilərini qərbə doğru genişləndirməyə çalışırdılar. Qərbdə onlar Makedoniya çarı II Filiplə üz-üzə gəldilər. E.ə. 339-cu ildə baş verən döyüşdə İskit padşahı Atey həlak oldu. Lakin 8 il sonra iskitlər ölkənin qərb torpaqlarını işğal etmiş Makedoniya ordularını darmadağın etdilər. E.ə. II əsr İskit dövlətinin çiçəklənmə dövrüdür. Qonşuluqdakı yunan şəhər-dövlətlərinin bir qismini tabe edən iskitlər həm də bu ərazilərdən keçən beynəlxalq taxıl ticarətini ələ keçirməyə çalışırdılar. İşğalçı müharibələr və yadelli basqınları İskit dövlətini zəiflətdi. III əsrin 2-ci yarısında qot tayfalarının hücumu nəticəsində İskit dövləti süqut etdi.
Sağ qalan iskitlər azadlıqları ilə yanaşı, dillərini və adətlərini itirib, bir xalq kimi tarix səhnəsindən silindilər və digər türk tayfaları ilə qaynayıb-qarışdılar.
İskitlərin təsərrüfat həyatı. Yazılı mənbələr və arxeoloji materiallar iskitlərin həyatını öyrənməyə imkan verir.
İskitlər əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. Əkinçi iskitlər, əsasən, dənli bitkilər becərmiş, istehsal etdikləri taxılın bir hissəsini yunanlara satmışlar. Maldar iskitlər qoyun, keçi, qaramaldan başqa, cins atlar da bəsləyirdilər. İskitlərin məskən saldığı yerlərdə iskit kurqanları öyrənilmişdir. Kurqanaltı qəbirlərdən çoxlu miqdarda müxtəlif sənətkarlıq məmulatları, mis, gümüş və qızıl qablar, silahlar tapılmışdır.
İskit mədəniyyəti. Qara dəniz sahillərində yaşayan iskitlərin mədəniyyətinə yunan mədəniyyətinin təsiri olmuşdur. İskitlər gözəl incəsənət nümunələri yaratmışlar. İskit abidələrindən çoxlu zoomorf formalı (heyvani üslublu) fiqurlar və daşdan yonulmuş kiçik insan heykəlləri tapılmışdır.
Kimmer, iskit və sakların mədəniyyəti, dəfn adətləri, dini inamları ümumi cəhətdən bir-birinə yaxındır. İskitlər çoxtanrılı dinə etiqad edirdilər. İskitlərdə oda, suya və s. inam geniş yayılmışdı.
Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova