Finikiyalılar Aralıq dənizinin şərq sahilində məskunlaşmışdılar. Ölkənin təsərrüfatında bağçılıq geniş yer tuturdu. Kəndlilər, əsasən, üzüm, xurma və zeytun becərirdilər. Onlar üzümdən çəkdikləri şərabı və zeytun yağını qonşu ölkələrdə taxıla dəyişirdilər.
Sahilboyu dağlar sidr və palıd meşələri ilə örtülmüşdü. Qiymətli tikinti materialı olan sidr ağacı Misirə və başqa ölkələrə göndərilirdi. Sidr ağacı müqəddəs hesab edilirdi.
Şəffaf şüşə Finikiyada icad olunmuşdu.
Finikiyalıların dənizilbizi şirəsindən hazırladıqları tünd-qırmızı boyaq (purpur) qonşu ölkələrdə çox yüksək qiymətləndirilirdi. Finikiyanın adı da bu məşhur boyaqla bağlı idi. Qədim yunanlar Finikiyanı Foinike adlandırırdılar. Bu da «purpur (tünd-qırmızı boyaq) ölkəsi» deməkdir.
Finikiya şəhərləri və dəniz səyyahları.
Finikiyada yaşayış məskənlərinin mövqeyi olduqca əlverişli idi. Cənubi Mesopotamiyadan, Misirdən gələn yollar burada birləşirdi. Burada Bibi, Sidon, Tir və başqa bu kimi şəhərlər yaranmışdı. Finikiyalı dəniz quldurları sahil kəndlərini qarət edir, adamları oğurlayır sonra qul kimi satırdılar.
Tacirlər. Yunanıstandan və başqa ölkələrdən Finikiya şəhərlərinə çoxlu tacirlər gəlirdi. Finikiya tacirləri dəniz yolu ilə ticarət aparır, Finikiya, Misir və Babil mallarını Yunanıstanda, yunan mallarını isə Şərqdə satırdılar.
Finikiyalılar Aralıq dənizi sahillərində və adalarında özlərinin daimi məskənlərini —
koloniyalarını yaratmağa başlamışdılar. E.ə. XVI əsrdə İspaniyada, Şimali Afrikada, habelə Kipr, Siciliya, Sardiniya adalarında və başqa ərazilərdə Finikiyanın koloniyaları yarandı. Finikiyanın Tir şəhərinin əhalisi tərəfindən Afrikanın şimalında Karfagen koloniyası salındı.
Sənətkarlıq. Finikiya şəhərlərində sənətkarlar müxtəlif qablar, metal alət və məmulatlar hazırlayırdılar. Finikiyada torpaqlar məhsuldar idi. Sahil şəhərlərində yaşayan əhali sənətkarlıq, ticarət və dənizçiliklə məşğul olurdu. Şəhərlər qala divarları ilə müdafiə olunurdu.
Mənbə: ÜMUMİ TARİX (Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün dərslik)
Müəlliflər:
Vəli Hüseyn oğlu Əliyev
İlyas Atababa oğlu Babayev
Aidə Əkbər qızı Məmmədova