Qədim Aşşur

Qədim Aşşur

Aşşur (Assur) dövlətinin yaranması. Babildən şimalda, Dəclə çayının yuxarı axarında Aşşur dövləti yaranmışdı. E.ə. IX-VIII əsrlərdə Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu. Onun ilk paytaxtı baş tanrının şərəfinə Aşşur adlandırılmışdı. Sonralar Aşşur hökmdarlarından biri paytaxtı Dəclə sahilindəki Ninevaya köçürdü.
Aşşur hökmdarları güclü ordu yaratmışdılar. Ordu piyada, süvari, köməkçi hərbi hissə, cəng arabası döyüşçüləri və kəşfiyyat dəstələrinə bölünürdü. Piyadalar qılınc və döyüş baltaları, süvarilər isə uzun nizə, yay-oxla silahlanırdılar.
 
Aşşur işğalları. E.ə. VIII-VII əsrlərdə Aşşur hökmdarları Babili, Suriyanı, Fələstini işğal etdilər. Urartu və Misiri ağır məğlubiyyətə uğratdılar. 

Aşşurun paytaxtı Ninevanı «Aslanlar yuvası» və «Qan şəhəri» adlandırırdılar. Aşşur dəfələrlə Azərbaycanın cənub torpaqlarında yaranmış qədim Manna dövlətinin ərazisinə hərbi yürüş etmişdi. Lakin Manna Aşşur hakimiyyətinə tam tabe olmamışdır. Aşşur həm də, əsasən, Urartuya qarşı Manna dövlətinin müttəfiqi olmuşdur.
 
Aşşur mədəniyyəti. Aşşur dövləti inkişaf etmiş mədəniyyətə malik olmuşdur. Aşşurlar gözəl şəhərlər salırdılar. Aşşur hökmdarlarının sarayında divarlar Aşşur ordusunun qələbələrini əks etdirən şəkillərlə bəzədilirdi. Aşşur memarlarının inşa etdikləri möhtəşəm saraylar, divar şəkilləri, sənətkarların hazırladıqları şirli qablar və gözəl əşyalar bu xalqın yüksək mədəniyyətini əks etdirir.
 
Aşşur mədəniyyətinin izlərinə Azərbaycanda da rast gəlinir. Naxçıvanda Aşşur tipli qalaların tikintisi, Qarabağda Aşşura aid şirli qabın, Aşşur hökmdarı Adadnirarinin adı həkk olunmuş muncuğun tapılması Azərbaycan—Aşşur əlaqələrindən xəbər verir.
 
Gil kitabələr kitabxanası. Aşşur hökmdarı Aşşurbanipal yaxşı təhsil almışdı. O, Şumer, Babil və Aşşur ədəbiyyatını çox sevirdi. Aşşurbanipal gil kitabələri toplayıb onların üzünü köçürmək haqqında əmr vermişdi. On minlərlə kitabənin üzü köçürüldü və Aşşurbanipalın sarayına gətirildi. Dünyanın ən qədim kitabxanalarından olan Nineva kitabxanası («Aşşurbanipalın kitabxanası») belə yarandı. Burada Aşşur və Babil əsatirləri, dastanlar, salnamələr, müxtəlif elm sahələrinə aid kitablar toplanmışdı.
 
Aşşur dövlətinin süqutu. Aşşura qarşı Midiya—Babil ittifaqı yarandı. Manna Aşşur dövlətinə hərbi yardım etsə də, e.ə. 612-ci ildə «Aslanlar yuvası» Nineva müttəfiqlər tərəfindən tutulub dağıdıldı. Əzəmətli hökmdar sarayına od vuruldu. Rəvayətə görə, sonuncu Aşşur hökmdarı əsir düşməmək üçün özünü oda atmışdı. E.ə. 605-ci ildə Aşşur dövləti süqut etdi. Onun torpaqları Midiya və Babil arasında bölüşdürüldü. 
Top