Dəclə çayı sahilində Aşşur (indiki Kilat-Şerkət) şəhəri salınmışdır. Bu şəhər dini mərkəz və paytaxt hesab olunurdu. Aşşur allah adı və Assuriya ölkə adı bu şəhərin adından əmələ gəlmişdir. Assuriya əvvəlcə Cənubi Mesopotamiyadan asılı idi, e.ə. XX əsrdə müstəqil Assuriya dövləti yarandı. I minilliyin başlanğıcında Ön Asiyada dəmirdən istifadə təsərrüfatla yanaşı, hərbi sənətin inkişafında mühüm rol oynamışdır. Assuriyalılar bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük nailiyyətlər qazanmışlar. E.ə. VIII-VI əsrlərdə Assuriya Ön Asiyada ən qüdrətli hərbi dövlətə çevrildi.
Assuriya qoşunlarının sayı 120 min nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş arabalarından ibarət idi. Assur çarlarını mühafizə edən daimi "çar cangüdənlər dəstəsi" var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla silahlanırdılar. Dağları aşmaq üçün kəndir, çaylardan keçmək üçün heyvan dərisindən hazırlanmış və içərisinə hava doldurulmuş tuluqlardan istifadə olunurdu. Assur çarları ordunun təliminə xüsusi diqqət yetirirdilər. Hərbi parad üçün xüsusi meydançalar var idi. Onların ordusunda xüsusi "mühəndislər" dəstəsi fəaliyyət göstərirdi. Onlar hərbi istehkamlar qurur, hərbi yollar çəkir, çaylar üzərindən körpülər salırdılar. Assur ordusu xüsusi daşatan (mancanaq), qala uçuran qurğulardan istifadə edirdi. Assuriyanın Paytaxtı Nineviya idi. Bu şəhər "Aslanlar yuvası" adlanırdı. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi. E.ə. VII əsrdə Assuriyanın düşmənləri olan Babil və Midiya ona qarşı birləşdilər. Onlar e.ə. 612-ci ildə Ninveiya şəhərini tutub dağıtdılar, e.ə. 605-ci ildə Karxemiş qalasını ələ keçirdilər. Assuriyanın varlığına son qoyuldu. Onun ərazisi Midiya və Babil padşahlıqları arasında bölüşdürüldü. Qədim Assuriyanın ərazisində icmalar mövcud olmuşdur. Bunlardan ən irisi Aşşur şəhər icması idi. Aşşur icmasının əhalisi əkinçilik və maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş ticarət aparırdı, Anadoludakı Kaniş beynəlxalq ticarət mərkəzi ilə əlaqə saxlayırdı. Aşşur icmasında ticarətin inkişafı ilə bağlı olaraq sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Aşşur icması sənətkarlıq əşyaları və müxtəlif metallardan ibarət xammal ilə alış-veriş edirdi. Aşşurdan qərbə ticarət yolu keçirdi və yolun son məntəqəsi Kaniş ticarət məntəqəsi idi. Burada Aşşura tabe olan ticarət məhəllələri vardı. Aşşur icması şərqə gedən ticarət yolunun əsas məntəqəsi idi. Bu şəhərdə müxtəlif mənşəli əhali mal mübadiləsi və alış-veriş edirdi. Aşşur şimala və şərqə gedən ticarət yollarını da nəzarətdə saxlayırdı. Assuriya ərazisində ixtisaslaşmış ticarət icmaları mövcud idi. Aşşurdan başqa, Arrapha şəhər icmasında da ticarət icması mövqe qazanmışdı. İcmalar arasında əmək bölgüsü vardı. Dəmirçi, dülgər, toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış ticarət icmaları fəaliyyət göstərirdi. İxtisaslaşmış ticarət icmaları bilavasitə bazarla bağlı idi. Lakin mövcud olan ev icmaları bazar ticarət münasibətlərinin inkişafını ləngidirdi. Ev icmalarının varlığı torpaqla bağlı idi. Arrapha icmasında torpaq alınıb-satılırdı. Bunun nəticəsində varlı və yoxsul ailələr meydana gəlmişdi. Arrapha icmasındakı ailə kollektivi qullara malik idi. Əsas qul mənbəyi uğurlu müharibələr idi. Lakin qədim və orta Assur dövründə borc köləliyi də geniş yayılmışdı, çünki bu zaman müharibələr Assuriyanın dövlət, məbəd və fərdi təsərrüfatlarını qul əməyi ilə təmin edə bilmirdi. Məhz yeni Assur dövründə uzun müddətli qələbələr ölkəni hərbi əsirlərlə doldurdu. Bununla yanaşı işğal olunmuş ərazinin əhalisinin Assuriyaya köçürülməsi ölkənin işçi qüvvəsini artırırdı. Nəticədə qul əməyinə tələbat azalırdı. Yeni Assur dövründə qul ucuz qiymətə satılırdı. Fərdi təsərrüfata, yəni ev icmasına məxsus olan qul müəyyən müstəqilliyə malik olmuşdu. Qula ailə saxlamaq ixtiyarı verilmişdi. Müstəqil becərmək üçün ona torpaq sahəsi ayrılırdı. Məhsulun çox hissəsi quldara təhvil verilirdi. Qul, onun ailəsi və əmlakı ağanın mülkiyyəti hesab olunurdu. Ağa qulu ailəsi ilə birlikdə sata bilərdi. Lakin assur qanunları borc əsarətinə düşmüş adamla qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti assuriyada geniş tətbiq olunurdu. Borclu borcunu vaxtında qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında işləməli və borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi onu qul kimi sata bilməzdi. Sənədlərdə 10-20 quldan ibarət ailələrin satılması qeyd olunmuşdur. Qullar becərdikləri torpaq sahəsi ilə birlikdə də satılırdılar. Orta dövr assur qanunları ev köləliyi və qadının mövqeyi haqda xüsusi maddələr nəzərdə tutmuşdular. Ev sahibəsinin qul və kəniz ilə münasibəti maddələrin birində belə əks olunmuşdur: "Əgər qul, yaxud kəniz azad adamın əlindən bir şey qəbul edərsə, onda həmin qul və kənizin burnu və qulağı kəsilməli, oğurlanmış şey isə qaytarılmalıdır; adam öz arvadının da qulağını kəsə bilər. Əgər o, arvadına cəza verməzsə və onun qulağını kəsməzsə, onda qul və kənizin qulağı həmçinin kəsilməməli və onlar oğurlanmış şeyi qaytarmamalıdırlar». Assur qanunlarından belə nəticə əldə etmək olur ki, ailədə qadına müstəqillik verilmirdi. Onun bütün hərəkətləri kişinin nəzarəti altında idi. Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev əşyası verə bilməzdi, yəni heç kəsə əl tutmamalı idi. Ailə əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam hüquqa malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş əşya oğurluq malı hesab edilirdi. Müvafiq maddədə bu haqda belə deyilir: "Əgər azad adam xəstədirsə, yaxud vəfat edibsə, onun arvadı isə evdən bir şey oğurlayıb qadınamı, kişiyəmi, yaxud hər hansı bir kəsəmi veribsə, (onda) həmin adamın arvadı və ev şeyini qəbul edənlər öldürülməlidirlər. Əgər azad adamın arvadı əri sağ olarkən ər evindən nə isə oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı bir kəsəmi vermişsə, onda həmin adam and vasitəsilə öz arvadını təqsirləndirə bilər və ona cəza verə bilər, (oğurluq malını) adamın arvadından qəbul etmiş şəxs isə malı qaytarmalıdır. Ər arvadına verdiyi cəzanı (oğurluq malını qəbul etmiş) şəxsə də tətbiq etməlidir". Assuriyada qadın ləyaqətinə yüksək qiymət verilirdi. Qadının şəxsiyyətini və namusunu qoruyan maddələr orta Assur qanunvericiliyinə salınmışdı. Məsələn, qanunların birində qeyd olunur: "Əgər azad adam ərli qadına barmağını silkələsə və onunla uşaq kimi rəftar etsə və bu iş üzrə onu təqsirləndirib ifşa etsələr, onda onun barmağı kəsilməlidir. Əgər o, qadını öpübsə, onda onun aşağı dodağını baltanın tiyəsinə çəkib kəsmək lazımdır". Assuriyada levirat, yəni dul qadının vəfat etmiş ərinin qardaşı ilə nikahı mövcud idi. Belə hallarda ailə icmasının bütövlüyünü saxlamaq məqsədi güdülürdü. Bəzi hallarda, əgər təqsir ərdə olardısa, qadın ər evini tərk edib ata evinə qayıtmaq hüququna da malik idi. Adətən ər vəfat etdikdən sonra qadın onun borcunu ödəmək üçün sələmçinin təsərrüfatında işləməli idi. Bəzən müəyyən şərait nəzərə alınırdı və qadın borcu ödəməkdən azad olunurdu. Ailədə atanın hakimiyyəti qeyri-məhdud idi, buna görə də qadın ləyaqəti və hüququ əksər hallarda tapdanırdı. Kişi qadını çox asanlıqla boşaya bilərdi. Lakin ərinə xəyanət etmiş, yaxud ərindən ayrılmaq istəyən qadını suya atırdılar. Assuriyada kəskin mülki bərabərsizlik mövcud olmuşdu. Bunun nəticəsində quldarlar cəmiyyətin hakim sinfi kimi formalaşırdılar. Mülki bərabərsizlik icma təşkilatlarına da toxunmuşdu. İcmanın birliyi dağılırdı, icma üzvləri müflisləşir, sələmçilərdən asılı vəziyyətə düşürdülər. Torpaqdan məhrum olmuş icmaçılar öz övladlarını kənara satmağa məcbur olurdular. Onlar məcburi əməklə məşğul olanlar dəstəsinə mənsub idilər. Qullar və məcburi əmək adamları istismar olunan sinfi təşkil edirdilər. Dövlət, məbəd və böyük fərdi təsərrüfatlarda qul əməyi geniş tətbiq olunurdu. Dövlət təsərrüfatı işğallar nəticəsində genişlənirdi. Hökmdar dövlətə yaxın olan adamları torpaq sahələri ilə təmin edirdi. Belə adamlar yeni qulluq əyanları təbəqəsini təşkil edir, hökmdarın dayağına və böyük torpaq sahibkarlarına çevrilirdilər. Onların mülkündə işləyən qulların sayı 30-50 nəfərə çatırdı. Xırda torpaq sahibkarlığı da mövcud idi. Burada işləyən qulların sayı nisbətən az idi. Assuriyada məbədlər də böyük torpaq sahələrinə malik idilər. Məbəd təsərrüfatında qullarla yanaşı məcburi əmək adamları da işləyirdilər.