Hələlik, oğlum üçün edə biləcəyim ən yaxşı şey ona bizim dəyərlərimizi, ədaləti, empatiyanı, kübarlığı və mərdliyi öyrədən, bütün cins, irq, din və obrazlardan bəhs edən kitablar oxumaqdı. Qabyuyan maşını boşaltdığı və döşəməni sildiyi üçün başına sığal çəkə bilərəm. Bunlar onun xoşbəxt oğlan olması üçün lazımdı. Onu itimizi bəsləməsi, ağacları suvarması, incidildiyi və yaxud qorxduğu zaman bunu ifadə etməsi və sevgi ilə qucaqlaşması üçün həvəsləndirə bilərəm.
Bir mövzunuz varmı? — şirniyyat mağazasındakı konditer ustası məndən soruşdu. Beysbol, super qəhrəmanlar, yanğınsöndürən maşın?!
Oğlumun ikinci yaş gününü qeyd etməyə hazırlaşırdıq.
Maraq dairəsini şaxələndirməyə çalışsaq da, oğlumun bircə marağı vardı: Avtomobil. İlk sözü «get» oldu. İkincisi isə «maşın». Hər gecə müxtəlif oyuncaq maşınları qucaqlayıb yatır, yuxuya gedənə qədər onları yataqda şəfqətlə oynadırdı.
Nəticədə təslim oldum və «maşın mövzulu tort» kataloqunu — 50 səhifəlik bir kitabı, yük maşını, qatar, yarış avtomobili və yerqazanın antologiyasını öyrəndiyim yerdə tapdım özümü. Vanilli, qanaj kremli, üçmərtəbəli, Vosvosla (tısbağa maşın) bəzədilmiş, şokoladlı «avtomobil grossu» şəklində bir tort sifariş verdim. Oğlum heyran oldu.
2001- ci ildə Wellesley Şəhərciyinə birinci sinif şagirdi kimi ilk addımımı atanda özümlə bağlı xəyalım bu deyildi. Shafer Salonunda masamın üstündəki kompüterimin başında, qeydiyyat zamanı fənn proqramımı qadın çalışmaları ilə doldurardım. Bunlar, dünyadan baş çıxarda bilməyim üçün idi. İstiqamətimi müəyyənləşdirəcək kompasım olacaqdılar. Qərar verdim ki, təbiət yox, harda və necə yetişməyin əsasdır. Və əlbəttə ki, ictimai cinsiyyət də bir inşadır.
Məzuniyyətimdən on üç il sonra da bu prinsiplərdən imtina etməmişəm. Ancaq indi bütün bunların mənim üçün o qədər də inandırıcı olduğunu deyə bilmərəm. Bir traktor görüntüsünün oğlumda yaratdığı qarşısı alınmaz coşqu və ruh yüksəkliyi gerçəkliyini dəyişə bilmərəm. Amma qızların da traktor sürə biləcəyinə onu inandırmaq olar. Bir çox dərsi öyrətməklə yanaşı, feminist bir oğul da yetişdiməyə çalışıram. «Feminist bir oğul” deyərkən, bəhs etdiyim fərziyyələri mühakimə edən, ədalətsizliyə qarşı çıxan, „əzələlərini“ zülm və təzyiqi söküb atmaq üçün istifadə edən bir oğuldan danışıram.
Oğlumun həyatı bir çox oğlandan fərqlənir — xüsusilə ictimaiyyətdə cinsi rolları necə qavraması ilə bağlı. Evdən kənarda bütün günü işlə məşğul olan iki anası daha var. Biri həkimi — cəmiyyətin ravvini bir qadın və doktorantura rəhbəri bir böyük anası (nənəsi) var. İllər əvvəl qadınlar üçün bu cür hallar əlçatmaz və anlaşılmaz idi. Ən sevdiyi uşaq baxıcısı isə Wellesleyi bitirən qara dərili trans kişidi. Və mən onu hər səhər İspan dilli bir baxçaya aparıram. Orada merenqe rəqsini öyrənir. Kağız boşqablardan və plastik qamışlardan günəbaxan düzəldir. Körpə bayquşlar haqqında İspanca kitablar oxuyur.
Çevrəmdəki dostların və ona baxanların oğlumu feminist yetişdirmək üçün bəs edəcəyini düşünmək istəyirəm. Bəlkə də həqiqətən kifayətdir. Lakin mətbuat oğlan və kişilərin taleyi haqqında daha pessimist hekayələr danışır və bu məni qorxudur. Rebecca Solnit „Mənə ağıl öyrədən adamlar (Men Explain Things to Me) adlı sınaq kitabında “zorakılığın irqi, sinfi, dini, milliyyəti olmadığını, amma bir ictimai cinsiyyəti olduğunu» deyir. ABŞ-da hər 6,2 dəqiqədə bir təcavüz hadisəsi bildirilir. Amerikalı qadınlar arasında yaralananları varsa, buna bir nömrəli səbəb onların döyülməsi olur. ABŞ — da hər gün üçdən çox qadın əri və oğlan dostları tərəfindən öldürülür. Bu rəqəmlər qorxuncdu. Hollivuddan və ölkənin ən sivil yerlərindən belə, bu cür hallar haqda xəbərlər gəlir. İctimai cinsiyyət qəlibləri də gündəlik söhbətlərin bir hissəsi olur.
Məhəlləmizdəki kafelərdən birində bir xarici dörd aylıq oğlumun ayaqlarına baxıb «futbolçu olacaq deyəsən” dedi. „Ya da bir rəqqas” — deyə cavab verdim.
Yunan balıq bazarında bir qadın, oğlumun bənövşəyi köynəyini və kəpənəkli beretini görərək, “Nə şirin, nə zərif bir qızdı» dedi. «Təşəkkür edirəm» deyə cavab verdim, «oğlum həqiqətən şirin və zərifdi». «Ay, bağışlayın..» deyərək uşağın cinsiyyətini «səhv» anladığı üçün üzr istədi. İnsanlar tez-tez övladımın qız, yoxsa oğlan olduğunu soruşurlar. «Oğlan” deyəndə həmişə bir narahatlıq hiss edirəm. Əslində, onun ictimai cinsi hələ formalaşmaqdadı. Doğuşdan oğlan kimi təyin olunub, lakin bəlkə gələcəkdə ictimai cinsini fərqli ifadə edəcək.
Maraqlıdı: Feminizm mənim oğlumun gender təcrübəsinə necə təsir edəcək?
Digər oğlanların qızlarla necə davrandığını fərq edəcəkmi? Kişilərin fiziki, emosional və şifahi olaraq çox yer tutmasına fikir verəcəkmi? Yumşaqlıq və güc, danışma və dinləmə, hörmət və etiraz arasında sağlam bir tarazlıq quraraq, bu dünyada var olmağı necə öyrənəcək?
Bu suallar yeni deyil. Ancaq getdikcə daha çox həyatımıza toxunur.
Hələlik, oğlum üçün edə biləcəyim ən yaxşı şey ona bizim dəyərlərimizi, ədaləti, empatiyanı, kübarlığı və mərdliyi əks etdirən və bütün ictimai cinslərdən, irqlərdən, dinlərdən obrazlardan bəhs edən kitablar oxumaqdı. Ya da qabyuyan maşını boşaltdığı və yerləri sildiyi üçün başına sığal çəkə bilərəm. Bunlar onun xoşbəxt uşaq olmasını təmin edən fəaliyyətlərdi. Onu itimizi bəsləməsi, ağaclarımızı suvarması, incidildiyi və yaxud qorxduğu zaman bunu ifadə etməsi və sevgiylə qucaqlaşması üçün həvəsləndirə bilərəm.
Ən önəmlisi, onu bizim xəbər axını ilə yüklənmiş, tənha, sınıq — sökük dünyamızın sonsuza qədər belə davam etməyəcəyinə inandırmaq və müxtəlif təcrübələrlə bunu əsaslandırmaqdı. Dünyanı dəyişdirməyə başlayacaq — yavaş yavaş, dağınıq şəkildə… və başlanğıc niyyəti — oğlan uşaqlarına qızların da traktor sürə biləcəyini öyrətmək olacaq.
Jordan Namerow
Wellesley jurnalının 2018-ci il qış sayı
Tərcümə etdi: Günel Dəniz