Uşaqlar naminə həyat | Yanuş Korçak

Uşaqlar naminə həyat | Yanuş Korçak

Görkəmli polşalı pedaqoq, yazıçı, həkim və ictimai xadim Yanuş Korçak (Erş Henrik Qoldşmit) 1878-ci ildə Varşava şəhərində yəhudi ailəsində anadan olub. Henrik 11 yaşında ikən atası bərk xəstələnir və ailənin bütün qazancı onun müalicəsinə sərf olunurdu. Yaxşı təhsil alan oğlan 15 yaşında repetitor işləyir.

Az sonra onun pedaqoq kimi bacarığı üzə çıxır. Henrik nağıllarla, maraqlı söhbətlərlə darıxdırıcı məktəb fənlərini sanki dünyada bundan maraqlı bir iş yoxmuş kimi təqdim etməyi bacarır.

Artıq 18 yaşında o, pedaqogikanın problemlərinə həsr olunan “Qordi düyünü” adlı ilk məqaləsini dərc etdirir. Bu məqalədə gənc pedaqoq uşaqların təhsil və tərbiyəsindəki problemləri tam ciddiyyətlə ortaya qoyur. Məqalənin dərc olunduğu həftəlik qəzetin redaktoru ona əməkdaşlıq təklif etsə də, Henrik atasının ölümündən sonra ailəsini saxlamaq üçün tibblə məşğul olmaq qərarına gəlir və Varşava universitetinin tibb fakültəsinə daxil olur. Eyni zamanda, məqalə yazmağa davam edir.

Gənc istedad hər üç sahədə — pedaqogika, yazıçılıq və tibbdə uğur qazanır. Ədəbi əsərlərini Yanuş Korçak təxəllüsü ilə yazır, həkim kimi isə əsl adı — Henrik Qoldşmit kimi məşhurlaşır. 1905-ci ildə Henriki hərbi həkim kimi Rus-Yapon müharibəsinə çağırırlar. O, cəbhədə nəinki yaralıları müalicə edir, həmçinin əsgərlərə müharibənin dəhşətini unutmağa kömək göstərir.

Bir ildən sonra Henrik Qoldşmit tibb sahəsini tərk edərək yəhudilər üçün nəzərdə tutulan “Yetimlər evinin” direktoru olur. Məşhurluğu və populyarlığı sayəsində Korçak xeyriyyəçiləri “Yetimlər evi” üçün binanın tikintisinə cəlb etməyi bacarır.

1912-ci ildə uşaqların ehtiyacları, tərbiyəsi və təhsili üçün bütün şəraitin yaradıldığı dörd mərtəbəli unikal bina tikilir.

Cəbhədə olarkən Korçak özünün “Uşağı necə sevməli” adlı əsas kitabını yazır. Sonradan yalnız uşaqların müxbir olduğu qəzeti təsis edir. Yazmağı bacarmayan uşaqlar da redaksiyaya gələrək onları narahat edən məsələlər və problemlər barədə danışardılar.

30-cu illərin əvvəllərində Yanuş Korçakın pedaqogikaya aid kitabları dünya şöhrəti qazanır. Lakin İkinci Dünya müharibəsinin başlaması bütün ümidlərin və planların üstündən xətt çəkir.

Alman faşistləri Polşanı işğal edir və “Yetimlər evinin” sakinləri üçün sağ qalmaq uğrunda mübarizə başlayır.

Dözülməz və ağır şəraitdə belə dahi pedaqoq ruhdan düşmür, daim öz şagirdlərinin yanında olur, onların müalicəsi, təhsil və tərbiyəsi ilə məşğul olur.

1942-ci il avqustun 6-da “Yetimlər evinin” 192 şagirdi Treblinka “ölüm düşərgəsinə” göndərilir. Yanuş Korçakın pedaqoq kimi nüfuzu o qədər güclü idi ki, uşaqlar vaqonlara mindirilən zaman alman zabitlərindən biri ona həyatının bağışlandığı barədə kağız təqdim edir.

Qoca Həkim isə uşaqların həyatının ən dəhşətli anında onları tək buraxmır.

Bir neçə gündən sonra o, Treblinka düşərgəsində “Yetimlər evindəki” uşaqlarla birgə qaz kamerasına daxil olur. Ölümə gedən yolda iki ən kiçik uşağın əlindən tutan pedaqoq heç nədən xəbəri olmayan körpələrə nağıl danışır.

Yanuş Korçak və onun bütün şagirdləri Treblinka “ölüm düşərgəsində” əzabkeş ölümü qəbul edir. Yanuş

Korçakın uşaqların tərbiyəsinə dair 10 prinsipi
1. Uşağın sənin kimi və ya sənin istədiyin kimi olacağını gözləmə. Ona sənin kimi yox, özü kimi olmağa kömək et.

2. Uşaqdan onun üçün etdiyin hər şeyə görə əvəz gözləmə. Həyat verdiyin sənə necə təşəkkür edə bilər? O, digərinə, digəri isə 3-cüyə həyat verəcək. Bu, Allahın dəyişilməz qanunudur.

3. Qoca vaxtı cavabını almayasan deyə, öz acığını uşağın üstünə tökmə. Nə əkərsən, onu da biçərsən.

4. Onun problemlərinə təkəbbürlə baxma. Allah hər kəsə daşıya biləcəyi qədər yük verir, əmin ol ki, onun yükü ən azı sənin qədər və bəlkə səndən də ağırdır.

5. Onu alçaltma.

6. Unutma ki, insanın ən vacib görüşləri – onun uşaqları ilə görüşüdür. Onlara daha çox vaxt ayır – biz heç vaxt bilmirik ki, uşaqda nəyi qarşılayırıq.

7. Öz uşağına nəyisə edə bilməyəndə, özünü qınama. Sadəcə yadda saxla ki, uşaq üçün mümkün olanlar edilməyibsə, deməli, ən vacib olanlar edilməyib.

8. Uşaq sənin bütün həyatını mənimsəyən tiran deyil. O, Allahın qorumaq və inkişaf etdirmək üçün sənə bəxş etdiyi qiymətli varlıqdır. Bu, atanın və ananın azad sevgisidir.

9. Başqasının uşağını sevməyi bacar. Heç vaxt özgə uşağa özününkünə arzu etmədiyin münasibəti göstərmə.

10. Öz uşağını bütün halı ilə — bəxtsiz, istedadsız, böyük yaşda belə sev. Onunla birgə sevin. Uşaq hələ ki, səninlə olan bir bayramdır.

azertag.az
Top